525.Az

“Pensiya təminatında nümunəvi xidmət başlıca şərtdir”


 

“Pensiya təminatında nümunəvi xidmət başlıca şərtdir”<b style="color:red"></b>

Bölgələrdə əhaliyə göstərilən pensiya xidmətinin təşkili vəziyyəti ilə maraqlandıq. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu Ağcabədi rayon şöbəsinə müraciət etmək qərarına gəldik. Adıçəkilən rayon şöbəsinin müdiri İlham Qənbərovun dedikləri məsələyə müəyyən aydınlıq gətirdi. İlham Qənbərovun sözlərinə görə, ölkə əhalisinin pensiya təminatının yaxşılaşdırılması, aztəminatlı ailələri sosial ehtiyaclarının ödənilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə daha ciddi addımlar atılıb. Elə bu səbəbdən də pensiya xidmətinin səviyyə və keyfiyyətcə yenidən qurulmasına zəruri ehtiyac yaranıb. Respublikanın hər yerində olduğu kimi DSMF Ağcabədi rayon şöbəsi də bu istiqamətdə fəaliyyətini genişləndirib. Adıçəkilən şöbənin fəaliyyət göstərdiyi müasir tipli yeni binada yaradılmış əlverişli iş şəraiti pensiya artımlarının hesablanmasında, yeni təyinatların aparılmasında operativliyin təmin olunması, pensiyaların bankomatlarla vaxtında ödənilməsi və sair yeniliklər bu baxımdan mühüm əhəmiyyət kəsb edib. Qeyd olunub ki, sözügedən rayon şöbəsi tərəfindən hazırda 17 min 290 nəfərə, o cümlədən 9 min 638 nəfərə yaşa, 6 min 310 nəfərə  əlilliyə, 1342 nəfərə isə ailə başçısını itrdiyinə görə pensiya xidməti göstərilir. Hər il olduğu kimi, bu il də ölkə prezidentinin sərəncamına əsasən 16 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və əlilinin hər birinə 700 manat məbləğində, 255 nəfər həlak olan döyüşçülərin dul qadınlarının və arxa cəbhə iştirakçısının hər birinə isə 300 manta məbləğində verilmiş birdəfəlik müəvinatlar sahiblərinə vaxtında çatdırılıb.

İ.Qənbərovun qənaəitinə görə, əhali arasında aparılan geniş təbliğat və izahat işi işləyən əhalinin fərdi uçotunun təşkilində mühüm rol oynayıb. Bunun nəticəsidir ki, təkcə cari ilin birinci yarısında 1550 nəfər sığorta olunan, o cümlədən 165 nəfər hüquqi, 1385 nəfər isə fiziki şəxs pensiya qeydiyyatına alınıb. Çap olunan müvafiq miqdarda sığorta şəhadətnamələri vətəndaşlara təhvil verilib. Göstərilən dövrdə DSMF-nun rayon şöbəsinə yeni pensiya təyinatı ilə əlaqədar 307 nəfər, o cümlədən 80 nəfər yaşa, 187 nəfər əlilliyə, 40 nəfər isə ailə başçısını itirdiyinə görə müraciət edib. Həmin müraciətlərə vaxtında baxılıb və müvafiq pensiya təyinatları aparılıb. Söhbət zamanı məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində görülən işlərə də toxunulub. Qeyd edilib ki, rayonda ötən il bu sahədə xeyli iş görülüb. Cari ilin birinci yarısında sözügedən rayon şöbəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz tapşırıqları 2 milyon 743.7 min manat əvəzinə 2 milyon 241.8 min manat, o cümlədən büdcə təşkilatları üzrə 2 milyon 312.9 min manat əvəzinə 2 milyon 49.2 min manat, qeyri büdcə təşkilatları üzrə 430.8 min manat əvəzinə 222.6 min manat təşkil edib.

Sığorta olunanlardan şöbənin hesabına daxil olan bütün vəsaitlər öz təyinatları üzrə xərclənib. Şöbə müdiri bildirib ki, ilin sonunadək daha yüksək nəticələrə nail olmaq üçün lazımi tədbirlər görülür. Hazırda işdə mövcud çatışmazlıqlar ətraflı araşdırılır, məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəməyən təşkilatlar barəsində ciddi ölçülər götürülür. Yaranmış müəyyən problemlərlə bağlı vətəndaşlar tərəfindən edilən müraciətlərə operativ surətdə baxılır və yol verilən nöqsanlar aradan qaldırılır. Qeyd olunub ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən rayon şöbəsinin fəaliyyətinə daim tələbkarlıqla yanaşılır, qayğı və diqqət göstərilir. Bu yaxınlarda fondun sədri Səlim Müslümovun rayona səfəri bu cəhətdən təqdirəlayiqdir. S.Müslümovun rəhbərliyi altında burada 11 DSMF rayon şöbəsinin iştiraki ilə təşkil olunan müşavirədə pensiya təminatı sahəsində görülən işlər geniş təhlil olunub, qarşıya konkret vəzifələr qoyulub. Fond sədrinin pensiya problemləri ilə əlaqədar keçirdiyi qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərə baxılıb. Qəbulun gedişi iştirakçılar tərəfindən razılıqla qarşılanıb. Sonda İ.Qənbərov prezident seçkiləri ərəfəsində kollektivin üzərinə yüksək vəzifələr düşdüyünü vurğulayaraq bildirib ki, rayon əhalisinə nümunəvi pensiya xidməti göstərmək üçün bundan sonra da bütün imkanlardan maksimum istifadə ediləcək.

Yəhya PAŞAZADƏ

 





19.07.2013    çap et  çap et