525.Az

Görkəmli alim, nəcib həkim, qayğıkeş insan


 

Görkəmli alim, nəcib həkim, qayğıkeş insan<b style="color:red"></b>

Əhliman ƏMİRASLANOV
Akademik, SSRİ Dövlət mükafatı
laureatı, Milli Məclisin deputatı 

İnsanlar və insanlıq üçün nümunə 

Külək kimi gəlib keçən həyatımızda bizə qalan ancaq xatirələrdir. Xatirələr də müxtəlif olur, xoş xatirələr, birdə ki... Haqqında söhbət açacağımız insan düz bir il bundan əvvəl 2012-ci il iyulun 21-də 92 yaşında dünyasını dəyişən görkəmli elm xadimi, Azərbaycan Tibb Universitetinin professoru Sayalı xanım Tağıyevadır. O, 1920-ci il mayın 2-də Qarabağın dilbər güşəsi olan Şuşada dünyaya göz açıb. İkinci Dünya müharibəsinin odlu-alovlu günlərində Azərbaycan Tibb İnstitutunu  bitirən Sayalı xanım bir müddət Bakıdakı 3 saylı poliklinikada həkim işləmiş, bir il sonra isə ömrünü əbədi olaraq Azərbaycan Tibb Universitetinə bağlamışdır. Namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə edən Sayalı Tağıyeva 70 ilədək həmin institutda çalışmış adi ordinatorluqdan professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. 150-yə qədər elmi əsərin, sanballı monoqrafiya, dərslik və dərs vəsaitinin,məqalə və tezislərin müəllifi olan S.Tağıyevanın rəhbərliyi və yaxından köməyi ilə ona qədər tibb mütəxəssisi doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir.Tibb Universitetində uzun müddət kafedra müdiri işləyən Sayalı xanım elmi şuraların və dissertasiya şurasının üzvü olmuşdur, Tibb elminə həsr olunmuş bir sıra beynəlxalq qurultaylarda simpozium, konfrans və konqreslərdə respublikamızı ləyaqətlə təmsil etmiş, maraqlı elmi çıxışları ilə fərqlənmişdir. Sayalı Tağıyeva ölümündən bir az əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Billur kimi təmiz qəlbli insan, görkəmli alim, qayğıkeş həkim, olduqca nəcib və ləyaqətli müəllim və ana olan Sayalı xanım haqqında 70 il fəaliyyət göstərdiyi universitetin rəhbərləri də, boya-başa çatdırdığı tələbələri də onun xeyirxahlıqları, insani keyfiyyətləri, haqqındakı xatirələri maraqlıdır.   
Azərbaycanın, bütövlükdə isə Qafqazın musiqi beşiyi kimi tanınan,İsveçrə ilə müqayisə edilərək təbii gözəllikdə onu da üstələyən ecazkar kurort şəhəri kimi şöhrət qazanmış bir şəhərdə – özü kimi insanları da dupduru çeşmə kimi çağlayan, lakin təəssüf ki, indi əlimiz çatmayan Şuşa şəhərində dünyaya göz açan  görkəmli alim, nəcib həkim, qayğıkeş müəllim Sayalı Abdulla qızı Tağıyeva 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirdikdən sonra müharibə şəraitinə uyğun olaraq bir müddət Bakıdakı məşhur 3 N-li poliklinikada ordinator vəzifəsində çalışıb və 1942-ci ildə artıq Azərbaycan Dövlət Tibb İnstitutunun hospital terapiyası klinikasının ordinatoru vəzifəsinə keçirilib. Sayalı xanımın bundan sonrakı 70 illik şərəfli ömür yolu, bütövlükdə, həyatının sonuna qədər Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Dövlət Tibb Universiteti) ilə birbaşa bağlı olub.

Azərbaycan Tibb Universitetinin sayılıb-seçilən müəllimləri, alimləri sırasında öncül yerlərdən birini tutan professor Sayalı xanım Tağıyeva universitetin divarları arasında ordinator aspirant və asistentlikdən tibb elmləri namizədi və tibb elmləri doktoru elmi dərəcələrinə, dosent və professor elmi adlarına, əməkdar elm xadimi fəxri adına layiq görülmüş, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.

Professor S.A.Tağıyevanın Azərbaycan şəraitində revmatizmin etiopatogenezinə və klinikasına həsr etdiyi elmi-tədqiqat  işləri həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda vacib əhəmiyyət kəsb edən bir tədqiqat işi kimi yüksək qiymətləndirilmişdir. O, elmi-tədqiqat işlərinin  nəticələrini  tibb müəssisələrində uğurla tətbiq etmiş, ona müraciət edən yüzlərlə, minlərlə xəstənin şəfa tapmasına qayğı ilə yanaşmış,onlara böyük bir həkim ürəyi, böyük bir ana ürəyi ilə yaxından köməkliklər göstərmişdir.

Dəfələrlə ölkəmizdə və ölkədən kənarda keçirilən elmi qurultay, simpozium, konfrans və konqreslərdə iştirak edən, elmi məcmuələrdə dəyərli elmi işlər çap etdirən Sayalı xanımın 150-yə yaxın elmi əsərlərin, o cümlədən, sanballı monoqrafiya, dərslik və dərs vəsaitlərin, məqalə və tezislərin müəllifi olması, onun rəhbərliyi altında ondan çox tibb mütəxəssisinin doktorluq və namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcələrə, elmi adlara layiq görülmələri alimin öz işinə böyük məsuliyyətlə yanaşmasının, doğma vətənə sədaqətlə xidmət etməsinin bariz göstəricilərindəndir.

Professor S.A.Tağıyeva 12 il (1980-1992-ci illərdə) ərzində Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışaraq bu ali tibb təhsili ocağında yüksək ixtisaslı tibb kadrlarının, ölkəmiz üçün bacarıqlı səhiyyə mütəxəssislərinin hazırlanmasında böyük xidmətlər göstərməsi də ona layiqli nüfuz, hörmət və rəğbət qazandırmışdır.

Görkəmli alimin uzun illər Azərbaycan Tibb Universitetinin  və onun nəzdində fəaliyyət  göstərən pediatriya fakültəsinin elmi şuralarının, ATU-nun və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dissertasiya şuralarının, Mərkəzi Pediatrik Şuranın üzvü olması, Sayalı xanımın təkcə universitetimizin  deyil, Bakıdan və Azərbaycanın rayonlarından digər elm, təhsil və müalicə-profilaktika ocaqlarında da səhiyyə işinin təşkilində yüksək səviyyədə keçirilməsində fəallıq göstərməsini sübut edən amillərdəndir.

Sayalı xanımın şərəfli ömrünün Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının professoru vəzifəsində keçən son 20 illik fəaliyyəti mənim gözlərim önündə olub. Mən onu büllur kimi mənəvi təmizliyə  malik nümunəvi bir müəllim, yüksək elmi dəyərlərə söykənən alim, öz sahəsini mükəmməl şəkildə dərindən bilən bacarıqlı həkim-mütəxəssis, gənc elmi kadrların boy artımına ürək yanğısı ilə yanaşaraq elmin və həkimlik sənətinin çətin yollarında onlara dayaq olan işgüzar və məntiqli bir elmi rəhbər kimi tanıyırdım. Onun danışığında, insanlara, müəllim və tələbələrə, müalicə etdiyi xəstələrə münasibətində həmişə alicənablıq, yüksək mədəniyyət, kübarlıq səviyyəsi qabarıq şəkildə özünü büruzə verirdi. Bu da, görünür, alimin tərbiyə aldığı ailədən, onu əhatə edən sağlam ictimai mühitin təsirindən irəli gəlirdi. O, heç vaxt həm yaşca, həm də vəzifəcə özündən kiçiklərə yuxarıdan-aşağı baxmazdı, səsinin tonunu yüksəltməzdi, ədalətli tələbkarlığı da etik normalar çərçivəsində edərdi. Ona görə də həm universitetimizin rəhbərliyi, həm tələbələri, həm müəllimləri, həm də bütün əməkdaşları Sayalı xanıma həmişə hüsn-rəğbətlə yanaşar, ona dərin hörmət, izzət göstərərdilər.

2010-cu il sentyabr ayının 20-də Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi ərəfəsindəvə alimin özünün 90 illiyində professor  S.A.Tağıyevanın universitetimizdəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycan tibb təhsilinin və tibb elminin inkişafındakı xidmətlərinə görə  ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdi.  Professor S.A.Tağıyeva həmçinin “Səhiyyə əlaçısı” döş nişanına , “Əmək veteranı” və “Sosializm yarışının qalibi” nişanına, dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin Fəxri Fərmanlarına, təşəkkür və mükafatlarına layiq görülmüş, ATU-nun  “Sevil Qadınlar Cəmiyyəti”nin  üzvü olmuşdur.

Professor S.A.Tağıyeva böyüdüb boya-başa çatdırdığı və uğurları ilə fəxr etdiyi 3 qız övladına göstərdiyi analıq qayğısını dərs dediyi bütün tələbələrinə də eyni dərəcədə göstərir, onların da sevincinə sevinirdi.

Çox mülayim, həlim və qayğıkeş insan olan əməkdar elm xadimi, Tibb elmləri doktoru, professor Sayalı Abdulla qızı Tağıyeva Azərbaycan Tibb Universiteti kollektivinin, onu yaxından tanıyanların qəlbində daim yaşayır və yaşayacaqdır.

Bu imkanlardan istifadə edərək Azərbaycan Tibb Universitetinin professor-müəllim heyyəti və tələbələri adından görkəmli alim, müəllim, həkim kimi ürəklərdə yaşayan, həmkarlarının, tələbələrinin qəlbində dərin iz qoyan Sayalı xanımın ruhu şad olsun deyir, Allahdan ona bir daha rəhmət diləyirəm.

 





19.07.2013    çap et  çap et