525.Az

Ölümünə inanmıram


 

Ölümünə inanmıram<b style="color:red"></b>

Ömrümdə ilk dəfədir ki, əlimə qələm alıb insanlar və insanlıq üçün nümunə olan böyük alim, əməlləri ilə nurlu sifətinin vəhdət təşkil etdiyi büllur qəlbli bir həkim, bir ana haqqında  xatirə yazıram, amma nə qədər fikirləşsəm də, anam qədər doğma, bacım qədər yaxın olan bir insan haqqında yazmağa söz tapa bilmirəm. Necə ki, ilk dəfə görüb tanıyanda, ona necə müraciət edəcəyimi günlərlə fikirləşdiyim kimi, indi də elə o cür çətinə düşmüşəm... O, bütün tələbələri adı ilə çağırardı. Amma gözlənilmədən əlini çiynimə qoyub: –qızım, bəlkə sən cavab verəsən-dedi. (xurmayı saçlı bu qadın, bir qayda olaraq, dərslərində əvvəlki mühazirələrində dedikləri bəzi vacib məqamları tələbələrdən soruşub əlavə izahatlar verirdi). Qəribədir, orta məktəbdə də müəllimlərimin çoxu mənə “qızım” deyirdi. Amma bu müəllimimin işlətdiyi “qızım” ifadəsinin istiliyi ürəyimə qəribə bir sərinlik gətirdi. Ayağa qalxdım, sualının cavabını dərhal tapsam da, ona müraciət formasını nəinki həmin an, lap sonralar da uzun müddət tapa bilmədim. İstədim professor deyim, demədim. Onun əlinin istiliyi, “qızım” sözündəki səmimiyyətə sanki bir soyuqluq  gətirirdi, müəllim deməyə də ürək etmədim...

Bilmirəm, neçə vaxtdan bəri valideynlərimdən uzaq düşdüyümə görəmi, yoxsa nəyə görəsə, şüşə kimi şax ağ xalatlı, gülər üzlü bu qadına az vaxtda elə bağlanmışdım ki, bircə gün görməyəndə darıxırdım. Bunu o da hiss edirdi. Bir dəfə elə dəhlizdə məni görüb söhbətə tutdu. Xeyli sorğu-sualdan sonra: –mənim üç qızım var, sən də dördüncüsü oldun- dedi.

Münasibətlərimiz getdikcə istiləşirdi. Son kurslarda oxuyanda tez-tez onun işlədiyi kafedraya gedirdim. Evlərindəki əksər məclislərdə, bayramlarda məni dördüncü qızı kimi qəbul edirdi, qızlarla da doğmalaşmışdım.

...İnstitutu bitirib təyinatımı rayona almışdım. Xudahafizləşəndə bir müddət nə o danışdı, nə də mən. Qucaqlaşıb ikimiz də ağladıq, amma niyə ağladığımı indi də bilmirəm. Sonra Sayalı xanım mənə xeyli nəsihət etdi, bu nəsihət,bu söhbət əvvəlkilərdən çox-çox fərqli idi. Onun nəsihətləri müəllimin tələbəyə nəsihəti yox,  ananın balaya nəsihəti idi, həyat dərsi idi.

İş elə gətirdi ki, sonralar uzun illər o vaxtkı  Semaşko adına xəstəxanada Sayalı  xanımla bir yerdə işlədik. Mən xəstəxananın həkimi, o isə Tibb Universitetinin professoru idi. Xəstəxananın baş həkimi məni şöbəyə təqdim edəndə elə dəhlizdə Sayalı xanımla qucaqlaşdıq. Rəhmətlik Siyab müəllim Siz... Sayalı xanım onun sözünü ağzında qoydu: –qızımdır-dedi və baş həkimin təəccübünü görüb, əlavə etdi: –doğma qızım olmasa da, qızlarım qədər istədiyim tələbəmdir.

O illərdə Sayalı xanımın sayəsində Tibb Universitetinin professor, müəllim heyəti ilə xəstəxananın həkimləri arasında olduqca səmimi, xoş bir ünsiyyət yaranmışdı. O, həmişə insanlar arasında münasibətlərin səmimiliyinə, hamının biri-birinə, eləcə də xəstəyə doğma baxmasına çalışırdı, həm də bunların hamısını öz münasibətində bizlərə nümunə göstərirdi. O vaxt ən ağır xəstələrin müalicəsini Sayalı xanım mənə tapşırırdı. Xəstənin diaqnozunun dəqiqləşdirilməsindən tutmuş, müalicəsinə qədər, hər işdə də köməyini, məsləhətini əsirgəmirdi.

Tibb elmləri doktoru, professor Sayalı Tağıyeva ilə uzun müddət birgə işlədiyimiz illərdə ondan çox şey öyrəndim. O, təkcə tibb elminin professoru deyil, insanlığın da, qohumluğun da əvəzsiz nümunəsi idi. Əsl azərbaycanlıya məxsus zərif qəlbli, xanım-xatın bir ana idi. Azərbaycanın ictimai-siyasi xadimləri, ziyalıları arasında dərin hörməti olan  ləyaqətli bir şəxsiyyət idi. O, sanki anadan həkim doğulmuşdu. Nurlu sifəti, həmişə parlaq və qaynar gözləri xəstələrə inam bəxş edirdi. Sayalı xanımın tibb sahəsində öz məktəbi var idi. O məktəb, hər şeydən əvvəl, xəstə üçün acı dərmandan da irəli olan şirin dili, inandırıcı, məntiqli nəvazişi, qayğıkeşliyi idi.

Deyirlər, Allah sevdiyi insanlara hər şeyi versə də, haradasa,  nəyi isə kəsir. Görünür, Sayalı xanım Allahın sevdiklərinin də sevimlisi olub. Bəlkə də Allah onu bu dünyaya nümunə üçün göndərmişdi. Tanrı ondan heç nəyi əsirgəməmişdi. Sayalı xanım gözəllər üçün gözəllik nümunəsi, elm adamları üçün bilik dəryası, xeyirxahlıq üçün etalon idi. Gəncliyi gənclər üçün, ahıllığı ahıllar üçün nümunə idi.

Sayalı xanım olduqca təvazökar bir alim idi. O, başqalarının adi uğurunu lazım olduğundan da artıq qiymətləndirir, özü haqqında danışmağı sevmirdi. Heç vaxt yadımdan çıxmaz, 1976-cı ilin ortalarında Moskvada, o vaxt mənim işlədiyim Myasnikov adına Kardiologiya İnstitutunda ürək xəstəliklərinin müalicəsinə dair Beynəlxalq konfrans keçirilirdi. Konfransa Azərbaycandan iki nəfər dəvət olunmuşdu. Onlardan biri də Sayalı xanım idi. O illərdə həmin institutda elmi konfranslar tez-tez keçirilirdi. Hər dəfə də konfransdan sonra institutun direktoru, SSRİ Tibb Elmləri Akademiyasının akademiki Y.İ.Çazov konfransın yekunları barədə kollektivə məlumat verir, bir alim kimi razı qaldığı elmi yeniliklərdən istifadə etməyi bizlərə məsləhət görürdü. Yevgeni İvanoviç almaniyalı alimin və Amerikadan gəlmiş mütəxəssisin fikirləri haqqında sözlərini yekunlaşdırıb SSRİ-dən olan alim kimi, professor Sayalı Tağıyevanın adını çəkdi. Konfransdakı məruzəsinin ayrı-ayrı müddəalarına öz müsbət münasibətini bildirdi. İşlədiyim şöbənin müdiri  ayağa qalxıb: – konfransdan bir gün əvvəl bizim şöbəyə gəlmişdi. Tələbəsinin işləri ilə maraqlanırdı- dedi.

Özüm də hiss etmədən ayağa qalxdım. Akademik Sayalı xanımın böyük alim olduğunu, elmi axtarışlarının əsaslı xeyir verəcəyini bildirdi. Sayalı xanımın konfransdakı məruzəsinin ayrı-ayrı müddəalarını aydınlaşdırıb istifadə etməyi institutun alimlərinə tövsiyə etdi .

Bu adi hadisəni xatırlamaqla onu demək istəyirəm ki, Sayalı xanım respublikamızdan kənarda da böyük hörmət sahibi idi. O, insanlar və insanlıq üçün ləyaqət simvolu idi, o kamil insan idi, böyük Nəiminin dediyi kimi, kamil insan Günəşdən, Aydan, ulduzlardan da əzəmətlidir. Sayalı xanım mənim üçün həm Ay idi, həm də Günəş. Hər yerdə, həmişə, onu tanıdığım gündən mənim həyat yoluma O, Günəştək işıq saçıb, ulu məsləhətçim olub.

Onun xəmiri insanlara, insanlığa xidmətdən yoğrulmuşdu. O, öz məntiqli danışığı, dəqiq ifadələri, inandırıcı misalları ilə hamını əfsunlayırdı. Onun mühazirələrində təkcə tələbələr deyil, institutun müəllimləri də, xəstəxananın həkimləri də həvəslə iştirak edirdilər. Hamı da onun dediklərini kəlmə-kəlmə yazardı. Bu böyük alimin mühazirələri həmişə məsləhətçim olub. Moskvada işləyəndə müəyyən xəstəliklər və onların müalicəsi barədə müzakirələr açılanda Sayalı xanımın mühazirələri köməyimə çatardı. Onun mühazirələrini yazdığım dəftərləri indi də saxlayıram. Mühazirə dəftərinin hər sətirində sanki Sayalı xanımın həlim səsini eşidirəm, məsləhətlərini dinləyirəm.Tibb elmindəki yeniliklər haqqında təzə bir xəbər oxuyanda Sayalı xanımın o vaxtki mühazirələrində və ümidsiz xəstələrə “darıxmayın, elm inkişaf edir, xəstəliyinizin çarəsi tezliklə tapılacaq, müalicə olacaqsınız” deyə verdiyi təskinlikləri yada salıram. Miokard infarktı haqqındakı mühazirəsində ürəyin xəstə damarlarının, lap elə ürəyin özünün dəyişdirilməsinin mümkünlüyünü elə aydın izah edirdi ki, az qala ayağa qalxıb, bunu nə vaxt edəcəksiniz, bəs niyə bu işə başlamırsınız deyə soruşmaq istəyirdik.

Nisgilli Qarabağımızın dilbər guşəsində doğulan Sayalı xanımın sifətində həmişə Şuşanın güllü-çiçəkli yaylaqlarının təravəti, varlığında Şuşa dağlarının qüruru, xasiyyətində İsa bulağının həlimliyi özünü göstərirdi. Onun insanlara xeyirxahlığı tükənmək bilməzdi. Sayalı xanım respublikamızın şöhrəti üstünə şöhrət gətirən görkəmli bir elm xadimi olmaqla yanaşı, həm də elini-obasını sevən vətənpərvər və olduqca qeyrətli bir ziyalı idi. Şuşanın işğalını eşidəndə gecə ilə bizə gəlmişdi. Elə hey Şuşadan, Şuşalı xatirələrindən danışır, göz yaşlarını saxlaya bilmirdi. Sanki bircə gündə neçə il qocalmışdı, bir də Şuşanı görə biləcəyəmmi deyə hey soruşurdu.

Təəssüf, min təəssüf ki, Sayalı xanım canından da çox sevdiyi Şuşanı bir daha görə bilmədi, bu dünyadan Şuşa həsrəti ilə köçdü. Onu çox yaxından tanıyan, onun dilinə gətirib demədiklərini hiss edən bir həkim kimi deyirəm ki, Sayalı xanımı Şuşanın işğalı sarsıtdı, onun ömrünü Şuşa dərdi qısaltdı.

Keçən ilin yayında uzaq səfərə çıxırdıq, Sayalı xanıma zəng etdim. Səfərimizin məqsədini bildirdim, görüşünə getmək istədiyimi dedim. Bir an tərəddüd etdikdən sonra yol üstündəsən, əziyyət çəkmə qayıdanda gələrsiniz –dedi. Qayıtdım, amma görüşə bilmədik. O daha uzağa, –qayıdışı mümkün olmayan başqa bir dünyaya köçmüşdü. Son günlərdə yanında olanların hamısı, Sayalı xanımın adına layiq böyütdüyü professor qızı Minarə də, tanınmış bəstəkar Elnarə də öz sənətinin layiqli davamçısı Gülnarə də deyir ki, son nəfəsinədək məni soruşub, məni gözləyib, axtarın, tapın deyib. Özüm üçün həm müəllim, həm rəfiqə, həm də ana hesab etdiyim o böyük insanı son anda görə bilmədiyimə, şəfalı əllərini sığallayıb, saçlarını tumarlamadığıma, dördüncü qızı kimi başının üstündə dayanıb işıqlı gözlərinə, nurlu sifətinə baxa bilmədiyimə görə, özümü bağışlamıram.

Amma taleyin bu qismətindən də bir təskinlik tapıram.Nə yaxşı ki, bu böyük insanın ölümünü görməmişəm, onun ölümünə inanmıram.

Hürriyyət Quliyeva
Mərkəzi Kliniki Xəstəxananın
Ali dərəcəli həkimi

 





19.07.2013    çap et  çap et