525.Az

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib


 

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib<b style="color:red"></b>

 İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonuna gedib.

 APA-nın xəbərinə görə, dövlət başçısı əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verib ki, Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Burada rayon sakinləri, eləcə də qonaqların istirahətini mənalı təşkil etmək üçün hər cür şərait var.
 
Prezident İlham Əliyev Quba-Xaçmaz Regional Mərkəzinin açılışında iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev deyib ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılıb, 2013-cü ilin iyulunda başa çatdırılıb. Ümumi ərazisi 1,5 hektar olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq və abadlıq işləri görülüb. Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanacaq. Burada rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər də təşkil olunacaq. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi, sərgiyə çıxarılması və satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.
 
Qeyd olunub ki, mərkəzin ən mühüm istiqamətlərindən biri sahibkarlıq fəaliyyətinə başlayan gənclər və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir. Bildirilib ki, 2003-2013-cü illər ərzində bu iqtisadi rayon üzrə 122 təhsil müəssisəsi tikilib, 28-i isə əsaslı təmir olunub. Bu müddət ərzində səhiyyə və sosial müdafiə sahələri də inkişaf edib. Ötən dövrdə 32 səhiyyə müəssisəsi tikilib, 14-ü isə əsaslı təmir olunub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 33 yaşayış binası inşa edilib. Bu illər ərzində turizm sahəsi də xeyli inkişaf edib. Hazırda Quba-Xaçmaz iqtisadi rayonunda 100-dən çox mehmanxana və bu tipli obyekt fəaliyyət göstərir. Gənclərin sağlam böyüməsi də ən vacib məsələlərdəndir. Son 10 ildə 14 gənclər evi və idman müəssisəsi tikilib istifadəyə verilib. Bu dövrdə 9 su anbarı tikilib, 175 kilometr su, 120 kilometr isə kanalizasiya xətləri çəkilib. Ötən 10 ildə Quba-Xaçmaz iqtisadi rayonunda yol və nəqliyyat infrastrukturu xeyli yaxşılaşdırılıb. 150 kilometr yeni yol çəkilib, 450 kilometr isə əsaslı təmir olunub. Bu müddətdə 22 körpü və tunel tikilib.
 
Quba və Xaçmaz şəhərlərində yeni avtovağzal binaları da inşa olunub. Kənd təsərrüfatı məhsulları istehsalında da artım müşahidə edilib. Meyvə 1,4, ət istehsalı 2, süd istehsalı 1,2, yumurta istehsalı isə 1,7 dəfə artıb. Son illər bu iqtisadi rayon üzrə 1321 sahibkara 109,7 milyon manat güzəştli kredit verilib. Bunun nəticəsində 8,4 min yeni iş yeri yaradılıb.
 
Prezident İlham Əliyevə Biznes-İnkubator barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına əsasən biznes-inkubatorlar yaradılıb. Əsas məqsəd gənclər tərəfindən yeni biznes subyektlərinin qısa zamanda rəqabət qabiliyyətliliyinin və inkişafının təmin edilməsi, kiçik sahibkarlıq subyektlərinə olan dəstəyin nümayiş etdirilməsi vasitəsilə investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu proqram vasitəsilə gənc mütəxəssislərin potensialından səmərəli istifadə olunacaq, innovativ və perspektivli biznes sahələrinin inkişafı təmin ediləcək.
 
Biznes-inkubator bölməsi ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, layihədə iştirakçıların sayı 15 nəfərdir. Layihənin 24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. Bu müddətin birinci və ikinci mərhələlər üzrə müvafiq olaraq 3 ayı təlimlərin, 8 ayı inkubasiya prosesi, 1 ayı isə monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi üçün nəzərdə tutulub.
 
İnkubator bölməsində gənc sahibkarların fəaliyyəti üçün hər cür imkan yaradılıb. Mərkəzdə kiçik konfrans zalı və tədris otağı da fəaliyyət göstərəcək.
 
Görülən işlərdən razılığını bildirən prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

 





19.07.2013    çap et  çap et