525.Az

Şahin Musaoğlu əlli beş yaşda


 

“İGİD ƏSGƏR, MÖHKƏM DAYAN!” MAHNISININ MÜƏLLİFİ ŞAHİN MUSAOĞLUNA

Şahin Musaoğlu əlli beş yaşda <b style="color:red"></b>

Hər bir vətəndaşın öz ölkəsində yaşamaq haqqı olduğu kimi, Vətənini, millətini sevmək haqqının olmasını başa düşməsi də vacibdir. İnsan həyatında  ən çətin və şərəfli məqam xalqın problemləri ilə yaşamaq istəyindən başlayır. 

Hər hansı bir fərd adi bir mövcudluq mərtəbəsindən şəxsiyyət mərtəbəsinə də bu yöndəki çalışmaları ilə ucala bilir. Elə əsl fədakarlıq da odur ki, millətini sevib, bütün əxlaq və əqidənlə onu çətinliklərdən xilas etməyə çalışasan.

Böyük M.Ə.Rəsulzadə hələ 24 yaşlarında qələmə aldığı “Mütaliələrimdən” adlı yazısında qeyd edirdi: “Ah... nə vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınamaz. Fəda ol! Qədr gör!”

Böyük alim İsaak Nyuton isə inteqral hesablamaların kəşfi ilə bağlı məhkəmədə (o, alman alimi Leypsiqlə bu kəşfi eyni zamanda, lakin bir-birindən xəbərsiz etmişdilər)  iddia qaldırmışdı ki, Leypsiq bu kəşfi ondan hansı yollasa əldə edib. Məhkəmə prosesində qalib gələ bilmədikdə jurnalistlər ondan nə üçün bu addımı atdığının səbəbini soruşmuşdular. O, belə cavab vermişdi: “Mən bunu özüm üçün etmədim. Mən bunu İngiltərə və gələcək ingilislər üçün etdim. Düşündüm ki, qoy onlar fəxr etsinlər ki, bu kəşfin də Vətəni İngiltərə olub və ingilislər edib!”

İndi gözlərim önündə 55 yaşı tamam olan bir dostumun ömür yaşantıları canlanır. Bu əlli beş ilin otuz  ilinə yaxın bir dövrünün şahidi həm də özüməm (onunla başlanan dostluq tariximizi nəzərdə tuturam). Odur ki, bu yazını  rahat, həm də sıxıntı keçirmədən, ürəklə yazıram.

Qızılağacda Musa müəllimin məktəbi. Şahin Masallının Qızılağac bölgəsində dünyaya göz açıb. Amma burada orta məktəb təhsili ilə yanaşı, atası Musa müəllimin zəngin həyat və elm dərslərini də öyrənib. El-obanın hörmətli ziyalısı olan, orta məktəbdə müəllim işləyən Musa müəllimlə mən də görüşmüşdüm. Və elə ilk söhbətimizdən Şahində olan vətənpərvərlik duyğularının haradan qaynaqlandığı mənə aydın olmuşdu.

Həkim Şahin Musaoğlu. 1987-ci ildə Bakıdakı Tibb Universitetini bitirdikdən sonra, 1987-1991-ci illərdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında Təcili Yardım həkimi və şöbə müdiri vəzifəsində çalışıb, 1991-2010-cu illərdə Mərkəzi Dənizçilər Xəstəxanasının həkimi, 2010-cu ildən isə “Medservis” özəl Tibb Mərkəzinin  şöbə müdiri vəzifəsində çalışır.

1992-1994-cü illərdə könüllü olaraq Qarabağ savaşında, Ağdam-Ağdərə döyüş bölgələrində həkim-jurnalist kimi fəaliyyət göstərib, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tibb İdarələrini əməkdaşı olub, Hərbi Hava Qüvvələri, Hava Qüvvələri və Hava Hücumundan Mühafizə xidmətlərinin poliklinikalarında həkim-diaqnostik kimi fəaliyyət göstərib.

1992-1993-cü illərdə Ş.Musaoğlu Operativ Müstəqil Tibbi Qərargahın yaradılmasına nail olur. O zaman müxtəlif döyüş bölgələrində yaralanan əsgərlərin yaxınları onları tapmaqda, hansı xəstəxanada olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Məhz bu işi təşkil edən, sistemləşdirən Şahin oldu.  O zamanlar Şahinin xəstəxanaları bir-bir gəzib, xəstələrin adlarını qeyd etdiyi jurnalı biz dostları indi də xatırlayırıq. Bu jurnalın bir əhəmiyyəti də onda idi ki, burada əsgərlərin nədən və necə yaralandığı, xəsarət aldığı ayrıca qeyd olunurdu.

Həmin illərdə ordu sıralarında idim və “Azərbaycan ordusu” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərirdim. Qəzetimizlə əməkdaşlığa başlayan Şahin üçün “Əsgərlərə ilk tibbi yardım” rubrikası açdıq və o, burada özünün ilk həkim məsləhətlərini verməyə başladı. Yadımdadır, redaksiyamıza gələn məktublarda zabit və əsgərlər bu məsləhətlərin böyük faydası olduğunu yazırdılar.

Hərbi mahnıların müəllifi, bəstəkar. Bu gün çoxlarının hərbi diktor Şəmistan Əlizamanlının ifasında sevərək dinlədiyi mahnıların çoxunun müəllifi Şahin Musaoğludur. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr edilmiş mahnı ilə hərbi və vətənpərvərlik mövzusu tarixində yeni mərhələ başlandı (əlbəttə, bəstəkar Cavanşir Quliyevin “Əsgər” marşı istisnadır. Lakin bu mövzunu sistem halında  inkişaf etdirən Şahin Musaoğlu olub). İndi həmin mahnının yarandığı tarixdən 25 ildən çox zaman keçir. Bu mahnı yazılanda isə Vətən torpağı uğrunda qanlı savaş gedirdi. Həmin o Azərbaycan vətəndaşı həqiqətən igid əsgər idi və torpağının bir qarışının da işğal altında qalması ilə barışmaq istəmirdi. Elə həmin o döyüş əzmindən və ruhundan da bu sözlər axıb gəlirdi:

Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!

Şahin bir vətəndaş sevgisi ilə çalışırdı, əsgərlərimizi ruhlandırır, öz şeirləri və mahnıları ilə onlara güc-qüvvət verirdi. “Çağırır Vətən” şeirində oxuyuruq:

Çağırır Vətən,
Çağırır Ana.
Mənfur düşməndən
Qisas almağa.

Onun yazdığı şeirlər və mahnılar həm də hərb tariximizin canlı salnaməsidir. Əsgərlərin sevərək oxuduqları “Birinci batalyon” isə xüsusi ilə seçilir. “Birinci batalyon” Azərbaycan əsgərinin döyüş əzmini, güc və bacarığını nümayiş etdirirdi. Həm də bu əsgərlərin adları əbədi olaraq tarixə yazılmışdı. Şahin Musaoğlu isə bu gerçəkliyi kədərlə, matəmlə yox, coşğunluq hissi ilə yaddaşlara köçürürdü:

Fəxr edir sizinlə yurdumuz, yurdumuz,
Alacaq qisası ordumuz, ordumuz.
Yazılıb tarixə qanımızla, canımızla,
Birinci batalyon - adımız, adımız.

Onun ən unudulmaz bir hərbi mahnısı isə belə adlanır: “Cənab leytenant!” Bu şeirin sözləri də, musiqisi də necə xoş, ovqatlı idi:

Hay ver, mənə, cənab leytenant!
Hay ver mənə, leytenant!
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə, leytenant!

Şahinin Milli Təhlükəsizlik Nazirliyinin 80 illiyi münasibəti ilə yazdığı “Öncə Vətəndir!” marşı da məzmunludur. Müəllif xoş və təsirli misraları ilə uzun illər boyu qapalı bir qurum olaraq ölüm  qoxumuş, günahsız insanların ölüm düşərgəsinə çevrilmiş bir təşkilatın sanki qapılarını açır, onu bizim edir, ona qorxu və dəhşət yox, sevgi və səmimiyyət ünvanı kimi baxır:

Adımız andımızdı,
Ana yurd - ünvanımız.
Yolumuz Millət yolu,
Vətəndir vüqarımız.
Savaş - millət savaşı,
Savaş - Vətən savaşı.

Ş.Musaoğlu həm də “Səfərbərlik” və “Çağırışçı” marşlarının müəllifidir.

Şahinin həm şair, həm də bəstəkar kimi fəaliyyətini araşdırdıqca, nədənsə uzun illərdir tədqiq etdiyim Azərbaycan Xalq Cümhuriyyəti dövrünü (1918-1920) və o dövrün böyük tərənnümçüsü Əhməd Cavadı xatırlayıram. Böyük İstiqlal şairi olan Əhməd Cavad ilk müstəqil Cümhuriyyətimizə, onun torpaqlarının azad edilməsində böyük fədakarlıqlar yapmış türk əsgərlərinə necə gözəl şeirlər həsr etmişdi. Və bu şeirlərə, marşlara böyük Üzeyir Hacıbəyli əvəzsiz musiqilər bəstələmişdi.

Düşündüm ki, tarix yenə təkrar olunur. Bu dəfə isə bu şərəfli işi görmək məsuliyyəti Şahin Musaoğlunun üzərinə düşür. Və Şahin sələfini unutmayaraq Ə.Cavadın məşhur “Bismillah” şeirinə də musiqi bəstələyir:

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli, əsgər, Bismillah!
O Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizlərdən zəfər, Bismillah!

Şahinin bəstəkarlıq fəaliyyəti yalnız bu mövzuyla bitmir. O, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin, Rüstəm Behrudinin şeirlərinə də təsirli musiqilər bəstələyib.

Həzin düşüncələr şair Şahin Musaoğlunun şeirlərini oxuduqca insanın həm də ruhu dincəlir və bir sakitlik tapırsan. Qışqırtılardan, pafoslardan, hay-küydən uzaq bir poeziya ilə qarşı-qarşıya qalırsan:

İndi özümün-özümlə
Sonuncu davam çatışmır.
İçimdə dərd nəfəs alır,
Çölümdə havam çatışmır.

Bir şeirində “Fırlanır hamı vaxtın vaxtsızlığında” deyən şair “Alın yazım”da oxucunu belə düşündürür:

Zülmət oldun, səhər oldun,
Şərbət oldun, zəhər oldun.
Mömin oldun, kafər oldun,
Səni tanıya bilmədim,
Alın yazım.

Şairin bu misraları da təsirlidir:

Ürək axan qana qədər,
Nəfəs çıxan cana qədər.
Yollar - qəbristana qədər,
Torpağa - toza bükülü.

Yenə şairin təsirli və düşündürücü fikirləri qulağımızda səslənir:

Daş ürəkli zamana bel bağlayan,
Həsrətilə yeri-göyü dağlayan,
Gecə-gündüz Vətən deyib ağlayan
Qərib bilər, şirin nədi, acı nə?

Şahinin poeziyasında sevgi, məhəbbət duyğulu misralar da az deyil. Bu sevgi misraları yeni və təkrarsızdır:

Sənsiz dedim, bəs görəsən,
Sən necə, mənsizmisən?
Söylə, doğmalar içində,
Məntək kimsəsizmisən?

Ş.Musaoğlu  son illər həm yaradıcılıq sahəsində, həm də ictimai işlərdə böyük fəallıq göstərir. 2014-cü ildə onun Küveytdə ərəb dilində “İgid əsgər, möhkəm dayan” şeirlər kitabı nəşr edilib. Ş.Musaoğlunun  2017-ci ildə çap olunmuş “Ağ ümid”  adlı şeirlər kitabında isə müəllif   haqqında  müxtəlif məqalələr də yer alıb. Onun 2016-cı ildə nəşr edilmiş “Yaşamaq gözəldir, yaşatmaq sonsuz” sənədli povesti dünyaca məşhur türk həkimi, Türkiyənin Başkənd Universitetinin qurucusu, bir sıra nüfuzlu elm ocaqlarının professoru, doktor Mehmet Haberala həsr olunub.

Ş.Musaoğlunun son illərdəki ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənvərlik komissiyasına rəhbərlik edir. Onun komissiyanın nəzdində yaratdığı  “Cənab leytenant” patriot  klubu  məktəb yaşlı uşaqlarda hərbi vətənpərvərlik duyğusunun oyadılmasında  mühüm  rol oynayır.

Bu illər ərzində göstərdiyi  xidmətlərə görə Ş. Musaoğlu “Fədai”, “Həzi Aslanov” medalları ilə mükafatlandırılıb.

Bir neçə gün sonra - iyulun 11-də həm həkim, həm də şair-bəstəkar, çoxlarının sevimlisinə çevrilmiş dostum Şahin Musaoğlunun 55 yaşı tamam olur. Bu münasibətlə əziz dostumu ürəkdən təbrik edir, yaradıcılığında və fəaliyyətində ona bol-bol uğurlar arzulayıram.

 





09.07.2018    çap et  çap et