525.Az

Vəfa Mürsəlqızının şeirləri


 

Vəfa Mürsəlqızının <b style="color:red">şeirləri</b>

Hazırlaş unudulmağa

 

Bir gözü şüşədən, biri düymədən,

Köhnə gəlinciyə bənzəyirəm mən,

Gözündə bir damla sevgi tapmaqçün,

Sənə boylanıram hansısa rəfdən.

 

Bizim görüşümüz təsadüfmüdür?

Kimsə bu həyata boşuna gəlmir,

Təzə oyuncağın necədir gülüm?

Bilirəm köhnəsi xoşuna gəlmir.

 

Dəyişir bu dünya saatbasaat,

Bu gün şah, sabahsa mat olacaqsan,

Səni də bir zaman unudacaqlar,

Mən boylanan rəfdən boylanacaqsan.

 

Mən çox dözümlüyəm, düzünə baxsan,

Ehtiyacım yoxdur ovudulmağa,

Az qalıb əzizim, az qalıb inan,

Get, sən də hazırlaş unudulmağa.

 

Ürəyim eşq məbədidir

 

Korun-korun ocaq yanır,

Alov qalır köz içində,

Ürəyim eşq məbədidir,

Dizin-dizin gəz içində.

 

Yuxuları yozmaq olmur,

Yazılanı pozmaq olmur,

Bu şəhərdə azmaq olmur,

Adam azır öz içində.

 

Ev tikib qala yapmadım,

Düz gəldim yolu sapmadım,

Sənə layiqin tapmadım,

İtib batdım söz içində.

 

Ürək eşqdən doya bilmir,

İllər ötür saya gəlmir,

Göz yaşım da yuya bilmir,

Xatirələr toz içində.

 

Söz elədin sözlərimi,

Dərdin bükdü dizlərimi,

Gizlədirəm gözlərimi,

Əksin qalıb göz içində.

 

lll

 

Bu xoşbəxtlikdirsə, niyə yasaqdır?

Bu məhəbbətdirsə, niyə yazıqdır?

Bu yazın havası yaman sazaqdır,

Dərdini üstümə sər, üşüyürəm!

 

Ürəyim buz tutmuş qar qalaçası,

Bağlı qapısını yoxmu açası?

Ay alov dilimi, ay od parçası,

Dur gəl ürəyimə gir, üşüyürəm!

 

Bu yazın göz yaşı, selindən olsun,

Könlümün xəncəri dilindən olsun,

Razıyam ölümüm əlindən olsun,

Mən qar çiçəyiyəm dər, üşüyürəm!

 

Bu eşqin üzündən astarı baha,

Əl açdım, ümidim qalıb Allaha,

Mən çıxıb gedəcəm göylərə daha,

Yamanca soyuqdur yer, üşüyürəm! —

 

Adamlar

 

Gündə bir yuva isidir,

Bu köçəri quş adamlar,

Gözləri nifrətlə dolu,

Bu sinəsi boş adamlar.

 

Tikana bürünmüş güldür,

Gözümə çəkilmiş mildir,

Saçımda ağappaq teldir,

Gözlərimdə yaş adamlar.

 

Yalanı üzünə tutar,

Tutar, doğrunu unudar,

Ayağı başını dartar,

Bu ayağı baş adamlar.

 

Məni yaman yaraladı,

Mənzilimi yarıladı,

Ürəyimi paraladı,

Bu ürəyi daş adamlar.

Göydən üç alma düşdü

 

Daha çilik –çilik arzularımı,

Yığıb saxlamağa,ürəyim yoxdur.

Nə mənim ağ atlı igidim qalıb,

Nə sənin gül üzlü, mələyin yoxdur.

 

Daha aldatmayaq bir-birimizi,

Nədir bu dünyada əbədi olan?

Dolaşıq salamyaq taleyimizi,

Məcnun da yalanmış, Leyla da yalan.

 

İxtisar olunan kəsrlər kimi,

Cümlələr bir az da sadələşəcək,

Səninçün ecaskar görünən biri,

Bir səhər sadəcə adiləşəcək.

 

Daha səngiyibdir sübh görüşləri,

Cümlələr sözlərlə əvəz olacaq,

Hərdən kefimi də xəbər almazsan,

Sadəcə, sadəcə unudulacaq.

 

Sonra da maraqlar dəyişər tamam,

Günahı qürurun boynuna düşər,

Sonra da başqası gələr ömrünə,

Sonra o, səninçün ilahiləşər.

 

Mən çoxdan bilirdim, nə vaxtsa bir gün,

Belə soyuyacaq, dəyişəcəksən,

Göylərdən ovcuna düşən kimi mən,

Gözümdən bir damla sən düşəcəksən.

 

Bizim nağılımız harda başladı?

Bir yer göstər, onu bitirim, gedim,

Hərəyə axırda bir alma düşür,

Dur almamı gətir, götürüm gedim.

 

Başdaşı

 

Dərdimi desəm ovutmaz,

Bu daşın dili nə gəzir?

Saçlarım tumara həsrət,

Bu daşın əli nə gəzir?

 

Bu daş sənə heç bənzəmir,

Ana, bu daş sənin deyil,

Dur qayıdaq evimizə,

Bura sənin yerin deyil.

 

Bu daş bacım, qardaşımmı?

Mənə qoşulub ağlamaz,

Axı sənin zərif sinən,

Bu boyda yükü saxlamaz.

 

Adamda daş deyərmi heç,

Doğmasına, əzizinə,

Balalarım necə öpsün?

Daşı sənin əvəzinə.

 

Sinəsinə baş qoyacam,

Başımın yerin saxlayın,

Bu daşın ayaq ucunda,

Daşımın yerin saxlayın.....

 

Sənin həsrətin

 

İşə tələsirəm, evə gedirəm,

Adi bir həyatdır, yaşayıram mən,

Səhərlər, axşamlar, çantamla birgə,

Sənin həsrətini daşıyıram mən.

 

Arada qəddimi əyir, dururam,

Baxıram ətrafa yoxmu bir kimsə?

Nədir ayağımdan asılan belə,

Əgər ki, həsrətin ürəyimdəsə?

 

Mən dözə bilmirəm sənsizliyimə,

Bütün varlığımdan , yoxluğun ağır,

Əzizim, iradəm zəifləyəndə,

Yorğun gözlərimdən yoxluğun yağır.

 

Gülərüz, mülayim ev sahibi tək,

Üzümə qapını açır həsrətin,

İçəri girirəm, balamla birgə,

Yüyürüb üstümə qaçır həsrətin.

 

Biri-birimizi qoymuruq gözdən,

Mən onda azıram, o məndə azır,

Bax, yenə sarılıb barmaqlarıma,

Həsrətin səninçün şeirlər yazır.

 

Deyəsən mən ona yaman üz verdim,

Mənimlə bərabər açdı səhəri,

Qorxuram axırda dəli həsrətin,

Qova evimizdən evdəkiləri.

 

lll

 

Şəhərə yaz gəlib, ay üzü dönük,

Bəs mən içimdəki qışı neyləyim,

Mənə bircə ovuc təbəssüm göndər,

Söylə, gözümdəki yaşı neyləyim?

 

Dərdinə dözürəm gör nə zamandır,

Sevən həm yandıran, həm də yanandır,

Mən elə bilirdim sevmək asandır,

Eh, naşı sevmişəm, naşı neyləyim?

 

Daha umacağım qalmayıb səndən,

Axan həsrətindir gözümdən dən-dən,

Bu oğlan eşq umur deyəsən məndən,

Mən bu sinəmdəki daşı neyləyim?

 

 





22.07.2013    çap et  çap et