525.Az

Cümhuriyyət qurucuları: Azərbaycan Parlamentinin sədr müavini Həsən bəy Ağayev


 

Cümhuriyyət qurucuları: <b style="color:red">Azərbaycan Parlamentinin sədr müavini Həsən bəy Ağayev</b>

Azərbaycanın demokratik və hüquqi bir dövlət olaraq formalaşmasında tanınmış dövlət xadimi Həsən bəy Ağayevin böyük xidmətləri olub.
 
Parlamentin sədri vəzifəsinə Ə.M.Topçubaşovun seçilməsinə baxmayaraq onun Fransada Azərbaycanı dünyaya tanıtmağa görə qalması səbəbindən H.Ağayev bütün ağırlığı öz üzərinə götürmüş və sədrlik vəzifəsini  icra etmişdi. Müzakirəyə çıxarılan 270-ə qədər qanun layihəsindən çoxu onun parlamentə rəhbərlik etdiyi vaxtda qəbul edildi. Azərbaycan Parlamentinin ən ağır və çətin iş günlərində H.Ağayev böyük məsuliyyətlə çalışdı. 1920-ci ilin fevralın 2-də vəzifəsindən gedərkən bütün parlament üzvlərinin imzası ilə ona təşəkkürnamə verildi. Sonradan isə bolşeviklər Azərbaycanı işğal edərkən o, Gürcüstana - Tiflisə getdi. Tiflisdə qalmaqda (əslində, o, burada idi və tədbirdə iştiraka görə qalmışdı) məqsədi milli müqavimət hərəkatı təşkil edib, Azərbaycanı bolşevizmdən qurtarmaq, işğaldan azad etmək idi. Təəssüflər ki, o, bu işi axıradək apara bilmədi. 1920-ci ilin iyulun 19-da  muzdlu erməni qatilləri tərəfindən Tiflisdə qətlə yetirildi.

Həsən bəy Ağayev 1875-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Moskva Universitetinin tibb fakultəsinə daxil olaraq, 1901-ci ildə ali təhsilini başa vurmuşdur.

H.Ağayev Moskvada təhsilini başa çatdırdıqdan sonra Bakıya qayıtmış, əvvəlcə H.Z.Tağıyevin Toxuculuq fabrikində və Qızlar məktəbində həkimlik etmişdir. Eyni zamanda, o, "Kömürçü" meydanında sonradan onun adı ilə məşhurlaşan "Seyid xəstəxanası"nda çalışmışdır.

O, ilk siyasi fəaliyyəti dövründə sosial-demokratlara bağlı olduğundan bu təşkilatla yaxından təmasda olmuş və Hümmət təşkilatının üzvü kimi də ciddi çalışmışdı.

H.Ağayev jurnalistlik fəaliyyəti ilə də məşğul olmuşdur. Onun "Həyat" (1905-1906), "İrşad" (1905-1907), "Yoldaş" (1907), "Tərəqqi" (1908-1909), "Həqiqət" (1909-1910), "Günəş" (1910-1911), "Azərbaycan" (1918-1920) qəzetlərində, "Dəbistan" (1906-1908) jurnalında yazıları çap edilmişdir. Onun mətbuatdakı imzaları aşağıdakı kimidir: "Təbib H.A", "Təbib H.Ağayev", "Təbib Həsən Ağayev", "Təbib Həsən Ağayev Gəncəli" və s.

H.Ağayev Gəncədə ilk Tibb Cəmiyyətini də yaradanlardan biri idi. Mənbələrdə göstərilir ki, H.Ağayev və X.Rəfibəyov 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyətini yaradıblar.

H.Ağayev əslən Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki  Sadıq Əbdürrəhmanovun Peterburqda Nücabə Qızlar İnstitutunda pedaqoji ixtisas almış qızı Xədicə xanımla ailə həyatı qurmuşdur.

1917-ci ildən başlayaraq H.Ağayev siyasi fəaliyyətə daha çox önəm verdi. Xüsusən, 1917-ci ilin Fevral-burjua inqilabından sonra N.Yusifbəylinin Gəncədə yaratdığı Türk-Ədəmi-Mərkəziyyət Partiyasının xalq arasında böyük nüfuz qazanmasında H.Ağayevin əvəzsiz xidmətləri olmuşdur.

1918-ci ilin mayın 27-də Zaqafqaziya  Seyminin buraxılması ilə bağlı bura daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirilmiş və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şurasını elan etmiş, M.Ə.Rəsulzadə isə Milli Şuranın Sədri seçilmişdi. H.Ağayev və M.Seyidov isə Milli Şura sədrinin müavinləri seçilmişdilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradılmış, F.X.Xoyski İcraiyyə Orqanının sədri seçilmişdi.

1918-ci ilin mayın 28-də H.Ağayevin rəhbərliyi ilə Milli Şuranın ilk iclası keçirildi. İclasda bu məsələlər müzakirə edildi: 1) H.Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 2) M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi teleqramın və məktubun oxunması; 3) Seymin buraxılması və Gürcüstanın müstəqilliyinin elanı ilə əlaqədar Azərbaycanın vəziyyəti.

Məhz üçüncü məsələnin müzakirəsində "İstiqlal bəyannaməsi" qəbul edildi. Müzakirədə iştirak edənlərdən bəziləri istiqlal elanını bir qədər uzatmağı fikir olaraq irəli sürsələr də, 6 maddəlik  İstiqlal bəyannaməsinin (həm "Əqdnamə", həm də "Misaqi-milli" adlandırılır) qəbulu vacib sayıldı. Belə bir mövqenin ortalığa qoyulmasında H.Ağayevin xidməti az olmadı.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra H.Ağayev Azərbaycan Dəmir Yolu İdarəsinin Baş həkimi vəzifəsində çalışdı.

1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu. M.Ə.Rəsulzadə açılış nitqinin sonunda parlamentə bir sədr və bir baş müavin seçmək təklifi ilə çıxış etdi. Ayrılan 5 dəqiqəlik tənəffüsdən sonra Müsavat və bitərəflər adından Şəfi bəy Rüstəmbəyli Ə.M.Topçubaşovun sədrliyə, Həsən bəy Ağayevin isə müavinliyə namizədliyini irəli sürdü və təklif hamı tərəfindən qəbul edildi.

H.Ağayev bu çıxışında parlamentin katibi vəzifəsinə ən cavan məbusun seçilməsi təklifini edərək Rəhim Vəkilovun namizədliyini irəli sürdü və  təklif qəbul olundu.

1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması münasibəti ilə yanvarın 14-də Bakıda bayram tədbirləri keçirildi. Həmin gün gündüz saat 2-nin yarısında parlamentin təntənəli iclası oldu. İlk söz Xarici İşlər naziri F.X.Xoyskiyə verildi.

F.X.Xoyskinin çıxışından sonra H.Ağayev bu fikirləri söylədi: "İndiyə qədər bizim bir neçə təntənəli iclasımız olmuşdur. Lakin bu gün xariqüladə bir gündür. 19 ay yarım çəkdiyimiz zəhmət və məşəqqətlər nəticəsi olaraq bu gün istiqlaliyyətimiz təsdiq edilmişdir. Necə ki, Fətəli Xan Xoyski cənabları buyurdular ki, bu gün tək bizim bayramımız olmayıb, ümumislam aləmi bayramıdır. Bu gündən etibarən hökumətlər sırasında yeni, müstəqil bir islam hökuməti də vücuda gəlmişdir. Bu gündən etibarən bizi tanıdılar. Lakin tanınmaq üçün özünü tanıtdırmaq lazımdır. İndiyə kimi nəzərə vəhşi verilmiş olan biz Azərbaycan türkləri bu bir il yarımın müddətində özümüzün vəhşi olmayıb da özümüzün mədəni və müstəqil yaşamağa qabil və layiq olduğumuzu bütün aləmə bildirdik. Bunun üçün biz böyük imtahanlar verdik, böylə ki, dəfaətlə məmləkətimizə və paytaxtımıza gələn Avropa nümayəndələri bizim belə bir yüksək məqama ləyaqətli olmağımızı təsdiq etdilər. Biz bu səadətə və xoşbəxtliyə nail olmağımız üçün az qurbanlar verməmişik, buna təxrib edilmiş şəhər və kəndlərimiz, yüz minlərlə qaçqınlarımız və vətən uğrunda canlarından keçən şəhidlərimiz sübutdur. Bu gün o şəhidin ruhu şaddır. Onların ruhu bu gün bizə deyir ki, biz sizin üçün əziz və möhtərəm bir nemət qoymuşuq, o neməti möhkəm saxlayınız. Çünki əldən versəniz daha, ala bilməzsiniz. Mən əminəm ki, biz onu fədakarlıqla müdafiə edəcəyik. Yalnız istiqlalı almaq kifayət deyildir. Onu davam etdirmək lazımdır. Bunun üçün də Məclisi-Müəssisan seçkisi lazım gəlir və əminəm ki, bu xüsusda biz artıq ciddiyyət göstərib, vətənimizin ən səmimi oğullarını bu  Məclisi-Müəssisana seçəcəyik".

Azərbaycan Parlamenti H.Ağayevin sədrliyi müddətində böyük fəaliyyət göstərdi. Bununla əlaqədar "Azərbaycan" qəzetində çap olunmuş "Azərbaycan Parlamentinin birinci illiyi" məqaləsində  geniş məlumatlar vardır. Məlum olur ki, bir il müddətində parlamentin 104 iclası keçirilmiş, 120-yə yaxın əsaslı və mühüm qanunlar qəbul edilmişdir. Bir il müddətində ən çox maliyyə nəzarətindən parlamentə 82 qanun daxil olmuş, 55-i qəbul edilmişdir. Həmin qanunlardan 19-u hazırda komissiyalarda müzakirə olunmuş, 5-i Parlamentdə müzakirədədir, 3-ü isə qəbul edilməyib.

H.Ağayevin Parlamentə sədrlik etdiyi bir il müddətində Ədliyyə nazirliyindən  31 qanun layihəsi təqdim olunmuş, bunlardan 14-ü qəbul edilmiş, 6-sının müzakirə prosesində, 10-unun komissiyalarda olduğu, 1-nin isə geri qaytarıldığı qeyd olunmuşdur.

Bu müddətdə Daxiliyyə nəzarətindən 24 qanun layihəsi daxil olmuş, bunlardan 14-ü qəbul edilmiş, 1-i müzakirə olunmuş, 6-sının komissiyalarda olduğu, 3-ünün geri qaytarıldığı bildirilmişdir.

H.Ağayevin başçılıq etdiyi Azərbaycan Parlamenti xalqın çox ağır günlərində önəmli rol oynadı, onu fəlakətlərdən xilas etdi: "Bir tərəfdən ingilis komandanlığının qeyri-müəyyən siyasəti, digər tərəfdən Biçeraxov alaylarının qeyri-qabil təhəmmül  sərkeşliyi və bunlardan hasil olan ruh düşkünlüyü ancaq bir sığınacaq yeri və pənah tapırdı ki, o da Azərbaycan Parlamenti, Azərbaycan millətinin o məbədi-istiqbal və ümidi idi. Hər millətin elə dövrləri vardır ki, ani və fövqəladə bir surətdə vicdan təzahüratını meydana çıxarır...

... Parlament, həqiqətən, Azərbaycan istiqlaliyyəti tarixində böyük bir mövqe tutdu. Oradan çıxan qərarlar, oradan söylənilən əsaslı fikirlər, möhlik  və xatırlama zamanlarda yüksələn etirazlar, həyəcanlar hər bütün millətin vicdan və məfkureyi ümumiyyəsinin bir mərkəzi idi".

H.Ağayevin böyük nüfuzunun olması, ona dövlət idarəçiliyində yaranan müəyyən problemləri həll etməyə imkan yaradırdı.

1918-ci ilin dekabrında Baş Nazir F.X.Xoyski istefa verdikdə H.Ağayev ona çox məzmunlu bir müraciət etmişdi.

F.X.Xoyskinin etirazından sonra H.Ağayev dekabrın 18-də ikinci müraciətini etmiş və bu müraciətdən sonra F.X.Xoyski növbəti hökumət kabinəsi yaratmağa razılaşmışdı.

H.Ağayev yalnız parlament iclaslarında sədrlik etmirdi. O, eyni zamanda, qanunların hazırlanmasına dəstək olur, müzakirələrdə fəallıq göstərirdi. O, səhhəti ilə bağlı  parlament sədrinin müavini vəzifəsindən uzaqlaşsa da, fəaliyyətini davam etdirirdi.

1920-ci ilin fevralın 23-də Azərbaycan Parlamentinin növbəti iclası keçirilir. İclasa sədrliyi M.Y.Cəfərov edir (o, həm də 1920-ci ilin fevralın 2-dən Parlament sədrinin müavini vəzifəsində H.Ağayevi rəsmi olaraq əvəz edir). İclasın gündəliyində səkkiz məsələnin müzakirəsi planlaşdırılıb. İclasda müzakirəsi nəzərdə tutulan 5-ci və 8-ci məsələlərlə bağlı qanun layihələrini H.Ağayev hazırlayıb müzakirəyə təqdim edir.

Parlament iclasının gündəliyindəki yeddinci məsələ belə adlanırdı: "Xəstəliklərlə mübarizə üçün səhhəti-ümumiyyə nəzarətinə 3 milyon 275 min rubl buraxılması haqqında qanun layihəsi". Bu qanun layihəsinin məruzəçisi H.Ağayev idi.

H.Ağayev çıxışında bir məqama da toxunurdu: "Son zamanlarda Azərbaycana bir çox müxtəlif yerlərdən qaçqınlar mühacirət etmişlərdir. Bununla bir tərəfdən əhalinin sayı artmış, digər tərəfdən qaçqınlar ruhca düşkün olduqlarından daha tez xəstələnirlər. Bununla bərabər qaçqınlar arasında müsri (yoluxucu) xəstəliklər də var. Bunların müəyyən yerləri olmadıqları üçün əksərən bir yerdə iqamət etməyib, Azərbaycanın müxtəlif nöqtələrini gəzdiklərindən müsri xəstəliyi də xalq arasında yayırlar. Bunları nəzərə alaraq, səhiyyə nəzarəti bir layihə tərtib etmişdir. Bu layihəyə görə nəzarət tərəfindən Azərbaycanın bir çox nöqtələrində xəstəxanalar açılacaqdır. Bu qanun layihəsi bu günlərdə parlamentə gələcəkdir. İndilik isə nəzarət istəyir ki, 10 dənə səyyar səhiyyə dəstəsi təşkil etsin. Hazırda belə səyyar səhiyyə dəstələrinə ehtiyac çoxdur. Bunun üçün də nəzarət 3 milyon 275 min manat pul istəyir".

Sonra məruzəçi bu pulun həkim və feldşerlərin maaşına, yol xərclərinə, dərman ehtiyaclarına sərf ediləcəyini qeyd edirdi. H.Ağayev səyyar səhiyyə dəstəsinin gedəcəyi Azərbaycan bölgələrinin siyahısını da təqdim edirdi: Göyçay, Xaçmaz, Şamaxı, Gəncə, Gədəbəy, Qazax, Dondarlı, Zəngilan, Cəbrayıl, Ağdaş.

H.Ağayevin hazırladığı bu qanun layihəsi də 3-cü oxunuşdan sonra sədr tərəfindən səsə qoyularaq parlamentdə qəbul olundu.

Parlamentdə müzakirə edilən 8-ci məsələ - "Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında əvvəlinci bir maarif təsis haqqında" qanun layihəsi idi. Bu məsələ ilə bağlı əsas məruzəni  yenə H.Ağayev etmişdir.

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdə, H.Ağayev Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələnən Əskəran - Qarabağ müharibəsi nəticəsində Tiflisdə açılan Azərbaycan-Ermənistan konfransında səlahiyyətli nümayəndə olaraq iştirak edirdi. O konfransdan sonra bir müddət orada qalmışdı.

Bu işğaldan sonra H.Ağayev əvvəl Gəncədə, buranın təhlükəli olduğunu gördükdə Tiflisdə qalır. Eyni zamanda, o, bu şəhərdə bolşevik işğalına qarşı mübarizəni davam etdirirdi. O, burada bir gürcü dostunun evində yaşayırdı.

Bir məlumatda isə onun Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəyi qeyd olunurdu.

H.Ağayev 1920-ci il iyulun 19-da axşam, dostlarının toplaşdığı evə görüşə gedərkən, Tiflisdə məşhur "Kazyonnı teatr"ın  yan küçələrinin birində erməni terrorçuları tərəfindən qətlə yetirildi (bəzi faktlarda bu qətldə bolşeviklərin əlinin olduğu qeyd edilməkdədir).

H.Ağayev Tiflisdə müsəlman qəbiristanlığında - M.F.Axundovun və bir ay əvvəl qətl edilmiş F.X.Xoyskinin məzarlarının yanında dəfn edildi.

H.Ağayevin ölümündən xəbər tutan həyat yoldaşı Xədicə xanım təcili Tiflisə gedib, onun yas mərasimində iştirak etdi.

H.Ağayevin qızı professor Nəzakət Ağazadə isə sonradan 1946-cı ildə Tiflisə atasının qəbrini ziyarətə getdikdə, bolşeviklərin H.Ağayevin və F.X.Xoyskinin qəbirlərini dağıtdıqlarını, yerlə-yeksan etdiklərini görmüşdü.

 





11.07.2018    çap et  çap et