525.Az

Ruhuma doğma olan könül dostum


 

Ruhuma doğma olan könül dostum<b style="color:red"></b>

Bir görüş mənim Məmməd Dəmirçioğlu ilə qəlbən əbədi bağlanmağıma səbəb oldu. 4-5 il bundan öncə kiçik bir məclisdə məni Xalq şairi Zəlimxan Yaqub Dəmirçioğlu ilə tanış etdi. Zəlimxan Yaqub Məmməd Dəmirçioğlunun böyük istedad sahibi olmağından, mahir fırça ustası olmaqla yanaşı, qeyri-adi şairliyindən ürəkdolusu söhbət açdı.

O vaxtdan heç özümün də xəbəri olmadan mənim qəlbimdə yer tapıb Dəmirçioğlu...Onun mətbuatda gedən şeirlərilə tanış olduqca  məndə həyatın hər üzünü görmüş bu ağır kişiyə, onun saz-söz-sənət dünyasına məhəbbət artmağa başladı ...

“Səhra gülləri” kitabının içində mənim üçün belə bir avtoqraf yazılmışdı: “Ruhuma çox doğma olan könül dostuma”. Mən də elə həmin sözləri bu yazıya başlıq vermək qərarına gəldim.

Onun mənə bağışladığı “Səhra gülləri” kitabını varaqladıqca, oradakı şeirləri oxuduqca məndə bu kitabı sona kimi oxumağa maraq daha da gücləndirdi. Elə bil ovsunlamışdı məni Dəmirçioğlunun şeirləri. Kitabın son səhifəsində “III yarpaq” şeirində bu misralara rast gəldim:

Ömrü ilmə-ilmə toxuya bildim,

Oxuya bilmədim o son nəğməni.

Dünyada hamıya salam söylədim,

Bir adam görmədim tanısın məni.

“Səhra gülləri” kitabı ilk baxışdan bir cazibə qüvvəsi ilə məni özünə çəkirdi. İstər kitabın rəssam tərtibatı, istər üz qabığında əks olunan durna qatarı, dəvə karvanı, gözlərini harasa çox uzaqlara zilləmiş müəllifin qədim türklərə bənzər siması  kitaba başqa bir məna verirdi.

Mən  Dəmirçioğlunun bu kitabında toplanmış şeirlərinin hər birini səhrada min bir əziyyətlə becərilmiş gülə, laləyə bənzədirəm.

Bəli, Dəmirçioğlunun şeirləri ucsuz-bucaqsız poeziya çöllərində bitən lalələrə, güllərə bənzəyir və bu güllər, bu lalələr şeirə dönmüş insan obrazlardır və bu obrazların hamısında Dəmirçioğlu özü dayanır. Bu şeirlər onun “Allah çağırıb üzünü göylərə tutan”, Tanrıya ünvanlanmış pıçıltıları, Allahla ünsiyyətidir:

Tanrım, eşqinlə odlanan,

Bir lalə haləsindəyəm,

Baharın gül camalında,

Payızın naləsindəyəm.

Din xofunu tərk edəli,

Sevə-sevə ərk edəli.

Tanrım səni dərk edəli,

Dindən yuxarı dindəyəm.

Mənə elə gəlir ki, Dəmirçioğlunun içində 4 vücud yaşayır. O, içində püskürən hisslərini, duyğularını biruzə vermək məqamı gələndə başını qara sazına söykəyir, sazla istəyinə çatmayanda sözlə danışır, şeirdə özünü tapa bilməyəndə fırçaya müraciət edir, sözün şəklini çəkir...

Dəmirçioğlunun dünyası sazdan başlayır. Dəmirçioğlu oğlu hələ dil bilməyəndə sazı  bilib:

...Nəm gözlərim bağlar mamır,

Qarasından ağlar damır.

Tanrım dilimi anlamır,

Göndər bir qara saz mənə.

Və təbii ki, onun şeirlərinin  yaranmasına Hacı Əfəndi ocağının təsiri olmamış deyil və bəlkə də elə əsas səbəb də budur.

Ancaq mən tamamilə tənqidçi dostumuz Rüstəm Kamala da, görkəmli filosofumuz   Səlahəddin Xəlilova da haqq qazandıraraq belə hesab edirəm ki, Məmməd Dəmirçioğlu xalq sufiliyindən təsəvvüf və irfani ideyalarından, xalq hikmətlərindən, atalar sözlərindən, bayatılardan, qımqımılardan bəhrələnərək  özünün poeziyasını yaradıb.

Dəmirçioğlu bütün yaradıcılığından “Yol”, “Durna qatarı”, “Dəvə karvanı”, “Köç” bir qırmızı xətlə keçir. Bir neçə misal gətirmək istəyirəm:

Qərib gecə ayrılığa yoldu bax,

Qara-qara saçlarını yoldu bax.

Pəncərədən durna səsi doldu bax,

Köçüb gedən qatarını say mənəm.

və ya

Min ildi sovrulur yelə səhralar,

Yenə tükənməyir,lələ, səhralar.

Səhraların sonu elə səhralar,

Oraya yol gedir dəvə karvanı.

Nədir bu yol, nədir bu durna qatarı, dəvə karvanı?

M.Dəmirçioğlu ömrünün bir hissəsinin Orta Asiyada  yaşayıb, qədim türk  ellərini, yurdlarını,  qumlu səhralarını, yovşan qoxuyan çöllərinin havasını içinə çəkib.

Şairin ana yurdu – Qazax mahalının İncə dərəsi məkan etibarı ilə durnaların köç yolunun altında yerləşir. Bunun nəticəsidir ki, Qazax mahalında dünyaya göz açmış şairlərin (Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Hüseyn Arif və b.) yaradıcılığında “durna qatarı” şeir mövzusu olub.

Bu baxımdan Dəmirçioğlu da istisna deyil, o da öz yaradıcılığında durna qatarına zaman-zaman müraciət edib. Və yəqin ki, istər kitabının tərtibatında, səhra və dəvə karvanının təsviri, istərsə də şeirlərində durna qatarının və dəvə karvanının tez-tez təkrarlanması şairin yaddaş təxəyyülünün assosasiyasıdır.

Ancaq mən nəkarəyəm ki, görkəmi tənqidçi və ədəbiyyatşünas alim Rüstəm Kamalın fikrinin əksinə gedim. İstər durna qatarında, istərsə də dəvə karvanında bir “köç” var.

Nədi bu səfərin əzəli sonu,

Sabahın gözündən dan köçhaköçdə,

Qanına bələnib karvan buludlar,

Üfüqün üzündən qan köçhaköçdə.

 

Əridim ay kimi ayda, ildə mən,

Bir damcı yaş oldum şehli güldə mən,

Özümü ovudum hansı dildə mən,

Ruh göyə tələsir, can köçhaköçdə.

 

Dualar oxudum hər gün adına,

Dedim bəlkə salar Tanrım yadına,

Uğursuz yolların düzüb badına,

Haqqa yol gedirəm mən köçhaköçdə.

Əslində durna qatarı da, dəvə karvanı da yoldur. Dəmirçioğlunun ömür yoludur, haqqa doğru gedən yoludur və bu yol o zaman başa çatacaq ki, Allaha qovuşacaq. Bundan sonra yeni bir ömür başlayacaq:

Mən piyada, sən qanadlı,

Ay, göy əbalı,göy atlı,

Bir qulunam, Məmməd adlı,

Özün ilə apar məni...

və ya

Yoldu səhralar,səmalar,

Dərviş yolundan kam alar.

Nə qədər Allah, səma var,

Hədərdi-hədərdi ölüm.

İncə dərəsindən olan şairlərin hamısı kimi, Dəmirçioğlunun da yaradıcılığında  “Qımqımlar” mühüm yer tutur. Ümumiyyətlə Dəmirçioğlu o şairlərdəndir ki,  sözdən lövhə, mənzərə çəkməyi məharətlə bacarır. Bəlkə də bu onun rəssam təxəyyülündən irəli gəlir. Bu baxımdan onun qımqımlarla yaratdığı lövhələr qeyri-adidir. Onun “Sulara qımqım”, “Ağaclara qımqım”, Könülə qımqım”, “Ruhuma qımqım”, “Tanrıya qımqım” və digər qımqımları heyrətamizdir.

Mən bu qımqımlardan birinin üzərində dayanmaq istərdim.  Onun “Vətənə qımqımı”sı öz məna dərinliyi və zənginliyi ilə insanı düşünməyə vadar edir. Əslində bu qımqımı Vətənə, elə, obaya, doğma yerlərə bağlılığın bir simfoniyasıdır.

Şair bu qımqımını Yurdunda yuvası olmayan şair dostlarına ünvanlasa da, əslində bu şeir bütün yurddaşlara, vətəndaşlara,insanlığa ünvanlanmış bir müraciətdir.

Hər yerdə qərib quşlara,

Dünyanın hər yanı Vətən.

Bir yuvalıq yerin varsa,

Mənim yerim hanı, Vətən?

    

Qəbir yeri qalarmı heç,

Köçüb elindən gedənin.

Din, imanı olarmı heç,

Haqqı əlindən gedənin.

    

Söndürmüşük ocaqları,

Ocaq yerləri sönməyir.

Qoşulardım qatarına,

Durnalar geri dönməyir.

 

Hanı başı papaqlısı,

Papağı qeyrət olanın?

Durnaları qayıdarmı,

Vətəni qürbət olanın.

Dəmirçioğlu içində bir hıçqırıq var, bir hönkürtü var və o, bu hıçqırığı heç nə  ilə ovundura bilmir və bütün həyatı boyu özü ilə yaşadır. Bu hıçqırığı yaradıcılığından bir qırmızı xətlə keçir Dəmirçioğlunun və yalnız torpağa qovuşduqdan, göylərə qalxdıqdan sonra ovuna bilər.

Allahımdan əmanətdir bir canım,

Könüllərə ziyarətdir pir canım,

Laylalarla ovunmayan kür canım,

Torpağıma qovuşmasa ovunmaz.

    

və ya

 

Ovutmayır nə möcüzə,nə ovsun,

Yuxusuna gir, yuxusu bal olsun.

Bir yalan de qoy sevinib lal olsun,

Öyüd almır içimdəki sevdalar.

Dəmirçioğlunun yaradıcılığında arı, çiçək, bal təşbehlərindən çox istifadə etməsinin bir səbəbi də onların ilahinin sirli varlıqları olmasıdır.

Aşiqin sevdalı halı,

Çiçəklərdən çəkər balı.

Adına aşiq olalı

Gah gül, gah arı gündəyəm.

Yazıya son vurarkən bir də qayıtmaq istədim  yazımın əvvəlində nümunə gətirdiyim və məni yerimdən oynadan   “III yarpaq”  şeirinə:

Kürəyimi verdin bu yer üzünə,

Üzümə açıldı göy üzü göz-göz,

Sinəmin üstündə bir ağ varaq var,

Köksümün üstündə yazılmamış söz.

Arzum budur, Məmməd Dəmirçioğlu, nə qədər ki, ömür vəfa edir, sinənin üstündəki ağ varaqlarda şırım aç, qoyma köksünün altında deyilməmiş söz qalsın.

Ramiz Göyüşov

 





22.07.2013    çap et  çap et