525.Az

Azərbaycan Əxzi-əsgər təşkilatının yaradılmasının 100 illiyi ilə bağlı tədbir


 

Azərbaycan Əxzi-əsgər təşkilatının yaradılmasının 100 illiyi ilə bağlı tədbir <b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti Hökumətinin 1894-1899-cu illərdə anadan olmuş vətəndaşların orduya çağrılması və Azərbaycan Əxzi-əsgər təşkilatının yaradılması haqqında qərarları ilə bağlı tədbir keçirilib.
 
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və Xidmətin Aparatının şəxsi heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxışında Cümhuriyyət dövründə dövlətçilik prinsiplərindən danışıb: "Beynəlxalq münasibətlərin son dərəcə gərgin olduğu bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə müasir dövlətçilik prinsiplərinə əsaslanan idarəetmə sisteminin əsası qoyulmuş, cəmiyyətin bütün sahələrində inkişafın təməlləri atılmışdır. Əksər dövlət strukturlarının formalaşması məhz Xalq Cümhuriyyəti dövründə baş verib".

Z.Abdullayev 11 iyul 1918-ci ildə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin "Mükəlləfiyyət əsgəriyyə ifasına dəvət haqqında qərar" qəbul etdiyini və bu qərarla Azərbaycan Xalq Cümhuriyyətinin 1894-1899-cu il təvəllüdlü bütün müsəlman vətəndaşların Azərbaycan ordusuna çağırıldıqlarını bildirib.  Qeyd olunub ki, həmin tarixdə verilmiş 55 saylı qərarla isə Gəncə Əxzi-əsgər dairəsi Azərbaycan Əxzi-əsgər şöbəsi adlandırılıb, ölkədə hərbi xidmətə çağırış və səfərbərlik işinin təşkili mərkəzləşdirilib. Z.Abdullayev qeyd olunan sahələr üzrə müasir dövrdə ciddi nailiyyətlərin qazanıldığını vurğulayıb: "Cümhuriyyətin və Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində yaratdıqları ənənələri uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2012-ci il fevralın 13-də Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin yaradılması haqqında Fərman imzalayıb".   Tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı fakt və sənədlərin araşdırılmasının nəticəsi olaraq Cümhuriyyət dövründə çağırış və səfərbərlik sisteminin yaradılmasının 1918-ci ilin 11 iyulundan başladığını bildirib. A.Aşırlı çıxışında Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin fəaliyyətindən, Xalq Cümhuriyyəti dövründə hərbi xidmətə çağırışın təşkili qaydaları və digər məsələlərdən danışıb.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli mürəkkəb hərbi-siyasi vəziyyət hökm sürdüyü zaman hərbi xidmətə ilk çağırışın həyata keçirilməsinin vacib məsələ olduğunu nəzərə çatdırıb. E.Həsənli qeyd edib ki, Xalq Cümhuriyyətinin dəyərli mirası olan səfərbərlik və hərbi çağırış sistemi 100 ildə şərəfli yol keçərək zəngin təcrübə və ənənələrlə bu günümüzə gəlib çatıb.

 





13.07.2018    çap et  çap et