525.Az

Gəncə hadisələri: Milli dövlətçiliyə qəsd cəhdi


 

Gəncə hadisələri: <b style="color:red">Milli dövlətçiliyə qəsd cəhdi</b>

Azərbaycanın sürətli ikişafı, dünya arenasında tutduğu mövqe, ölkəmizdəki sabitlik beynəlxalq aləmin diqqət mərkəzindədir.

Zaman-zaman bu ikişafı, sabitliyi gözü götürməyən bəzi qüvvələr ölkəmiz əleyhinə kampaniyalara başlamış, çirkin niyyətlərinə çatmayanda isə daxildəki xainlərlə birləşib ölkəmizdə qarışığlıq yaratmağa cəhd ediblər. Lakin bütün arzuları ürəkləridə qalıb. Çünki Azərbaycan xalqı həmişə öz dövlətinin yanında olub, ona uzanan xain əlləri məhv edib. Bir neçə gün əvvəl Gəncədə baş verən hadisələr xalqımızın öz dövlətinin yanında olduğunu bir daha sübut etdi. İnsanlarımız iğtişaş törətməyə çalışanların  yanında olmadı, təxribata uymadılar. Əksinə, polisinə vurulmuş  xəncərdən hiddətləndi.

Xatırladaq ki, iyulun 10-da 150-200 nəfərdən ibarət radikal yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd edib və nəticədə 2 yüksək rütbəli polis əməkdaşı  şəhid olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovdur. Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısında durub və oğurluğa görə 1,5 il həbs cəzası alıb. İkinci şübhəli Fərrux Qasımov da kriminal aləmin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-cı ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib. Şübhəsiz ki, bu, əvvəlcədən planlaşdıran terror idi. Amma həmin xainlər, qara qüvvələr məqsədlərinə çata bilmədilər. Rəsmi məlumatlara görə, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində hüquqazidd əməllərin qarşısı alınıb, 40 nəfər tutulub, operativ tədbirlər sayəsində tez bir zamanda şəhərin mərkəzində asayiş tam təmin edilib. Hazırda cinayətin iştirakçıları və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, cinayətkarlar öz əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Təəssüf ki, bu hadisədən sonra da sosial şəbəkələrdə xaricə sığınmış bəzi antimilli ünsürlər yenə də baş verən hadisələrdən sui-istifadə etməyə, cinayətkarları "qəhrəman" obrazında insanlara sırımağa çalışırlar. Doğrudan da, sual yaranır, ictimai asayişi qoruyan şəxslərə-polis əməkdaşlarına qarşı qəddar cinayətə necə bəraət qazandırmaq olar, axı? Hazırda çox həssas vəziyyət yaranıb və sosial şəbəkələrdəki müzakirələrdən də görünür ki, cəmiyyətimiz belə olayları kəskin şəkildə qınayır. Bu həssas vəziyyətdən istifadə edib siyasi dividend qazanmaq istəyənlər, heç şübhəsiz ki, sonda peşman olacaqlar. Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyun cəhdidir, bəziləri isə bu olaylardan öz maraqları üçün istifadə etməyə çalışır. İndiki halda isə bütün cəmiyyət, xalq, vətəndaşlarımız milli dövlətçilik ətrafında daha sıx birləşib və istənilən təxribat, terror, kriminal hadisələr və onlara verilən dəstəyə həmrəyliklə cavab verməyə hazırdır. Çünki dövlətçiliyə qarşı çıxanları, polisi qətlə yetirənləri müdafiə etmək  bu xalqın, dövlətin düşmənləri olmaq deməkdir.

Ekspertlər, deputatlar iğtişaş, qarışığlıq üçün Gəncənin seçilməsinin təsadüf olmadığı qənaətidədirlər. Onlar hesab edirlər ki, Gəncədəki hadisələr bəlli ssenari üzərində cərəyan edib, amma Azərbaycan cəmiyyətinin, xalqının mütləq əksəriyyəti təxribatlara qoşulmadı.

Milli Məclisin deputatı Fəzail İbrahimli hesab edir ki, Gəncədəki hadisələr hər.bir Azərbaycan insanı, dövlət və dövlətçiliyimiz üçün narahatçılıq doğuran məsələdir. Amma hər zaman olduğu kimi vətəndaşlarımız bu gün də əzmkarlıq nümayiş etdirib, baş verən prosesləri düzgün təhlil edir, dünyada gedən proseslərin Azərbaycana sirayət etməməsinə dair mübarizə aparır. O bildirib ki, Gəncə Azərbaycanın tarixində mühüm rol oynayan bir şəhərdir: "Şərəfli tarixi olan, düşmənə boyun əyməyən Gəncə adını daim qoruyan və xarici təcavüzkarlara qarşı mərdliklə döyüşən şəhər olub. Tarixə nəzər yetirsək görərik ki, Gəncə bütün varlığı ilə daim müstəqilliyi uğrunda mübarizə aparıb, qurbanlar, şəhidlər versə də, heç zaman qürurunu əyməyib. Vaxtilə Cavad xan ailəsi ilə birgə tikə-tikə doğransa da, düşmənə boyun əymədi. O, özünü müstəqillik, başqasının bayrağının altına girməmək naminə ölümü itaətdən üstün tutdu. Gəncə Cavadxan kimilərin vətənidir. 1920-ci ildə Azərbaycan işğal olunduqda rus işğalına qarşı üsyan da məhz Gəncədə baş verib. O dövrdə 12 min insan qurban oldu. Bütün bunlar Azərbaycanın istiqalı naminə baş verdi. Bütün bunlara nəzər salsaq görərik ki, Gəncə tarixən böyük sınaqlardan keçib. Bir neçə gün öncə baş verənlər də bu sınaqlardan biri idi. Azərbaycanın uğuruna kölgə salmaq istəyənlər tərəfindən iğtişaş yaratmaq cəhdinə qarşı həmvətənlərimiz öz mübarizə əzmini nümayiş etdirdilər". Hadisələr nəticəsində iki polis əməkdaşının qətlə yetirildiyini kədər hissi ilə anan deputat söyləyib ki, bu hadisələri törədənlər tezliklə cəzalarını alacaqlar: "Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz. Çünki dövlətimiz bu sabitliyi əldə etmək üçün çox böyük sınaqlardan keçib. Xalqımız müstəqil Azərbaycanda mövcud olan bu dəyərlərin qorunması naminə o qədər güclü birləşib ki, bu birliyi heç bir vəchlə ayırmaq mümkün deyil".

Politoloq Ramiz Alıyev bildirib ki, belə bir hadisənin baş verməsinə görə hər bir vətəndaşımız olduqca böyük bir sarsıntı keçirdi: "Ölkəmizdə xalq ilə hakimiyyətin birliyi mövcuddur. Lakin bəzi adamların bir arzu və istəyi var, o da ölkəmizi xaosa çevirmək, dövlətimizi hansısa güclər qarşısında asılı vəziyyətə salmaq. Ancaq o cür cılız "siyasətçi"lər anlamırlar ki, xalqımız öz seçib dəstəklədiyi rəhbərinin yanındadır və nə olursa olsun, öz liderinə sadiqdir. Azərbaycan xalqı artıq bu cür provokasiyalara getmir və kimsə xalqımızı çirkin oyunların iştirakçısı edə bilməz".  Ramiz Alıyev qeyd etdi ki, Gəncədə son baş verənlər dövlətimizə və xalqımıza qarşı atılan çirkin addımlardır: "Məqsəd dövlətçiliyimizə zərbə vurmaq və insanlarımızın xəsarət alması, düşmənlərimizin istəklərini rahat formada ölkəmizdə tətbiq etməkdir. Ancaq mən, xüsusən, qeyd etməliyəm ki, Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları bir daha xalqımızı və dövlətimizi qorumağa qadir olduqlarını və heç bir qüvvəyə xalq ilə dövlətimizin birliyini pozmağa imkan verməyəcəyini göstərmiş oldu. Azərbaycan polisi xalqımızın keşiyində möhkəm dayanıb, dövlətimizin zərər görməsinə heç bir zaman imkan verməyəcək. Şəhid olan polis zabitlərimizə bütün xalqımız üzüldü və hər kəs bu itkini özündə hiss etdi. Polis əməkdaşlarımızı şəhid edən o cinayətkarların ən ağır formada öz cəzalarını alacaqlarına əminik və bunu daxilində insanlığı ölməmiş hər kəs istəyir. İllərdir ölkəmiz və dövlətimiz üçün çalışan, xalqımızın keşiyində duran bu cür polis zabitləri şəhid etməyə heç kimin haqqı yoxdur".

Politoloq İlqar Vəlizadə isə deyib ki, Gəncədəki hadisələri törədənlər çalışırdılar ki, bunu ictimailəşdirsinlər və müxtəlif qrupların nümayəndələrini bu hadisəyə cəlb etsinlər. O bildirib ki, əslində, baş verənlər terror xarakteri daşıyır: "Hər hansı məmura qarşı silahlı hücum təşkil olunursa, yaxud dövlət nümayəndəsinə basqın edilirsə, bu, terror hadisəsi sayılır. Terror hadisəsi ilə digər maraqlı qrupların da diqqətini cəlb edirlər. Bütün hallarda qarışıq vəziyyətdən istifadə edən dairələr və qruplar çoxdur. Ona görə də bu məsələnin kökündə duran problemlər araşdırılmalıdır. Bunun üçün kompleks tədbirlər görülməlidir. Burada tək üzdə olan yox, digər pərdə arxasında qalan problemlərin də həllindən söhbət gedir". Politoloq qeyd edib ki, son hadisələrdə kriminal qrupların nümayəndələrinin iştirakı da gözə çarpır: "Bu o deməkdir ki, hadisədə eyni zamanda, kriminal qruplar da maraqlıdır. Onların fəallığı da ondan irəli gəlir ki, bu kriminal qruplar kifayət qədər burada təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər. Buna da göz yuma bilmərik. İctimaiyyətdə də yetəri qədər bununla bağlı suallar ortaya çıxır. Düşünürəm ki, hüquq-mühafizə orqanları buna da xüsusi diqqət yetirməlidir. Bütün hallarda əsas məsələ sabitliyin qorunmasıdır. Görülən tədbirlər əgər həqiqətən də burada xarici qüvvələrin iştirakı mövcuddursa onların imkanlarını daraldır və öz ssenarilərini həyata keçirtməyə şərait yaratmır".

Millət vəkili Çingiz Qənizadə düşünür ki, baş verən hadisələr heç də təsadüf və yaxud sosial problemlərlə bağlı deyildi. Onun sözlərinə görə, bu qabaqcadan xaricdə ssenarisi cızılmış özümüzdən olan bir qrup ünsürlər vasitəsilə həyata keçirilməyə cəhd olunan iğtişaşdır: "Burada da məqsəd Azərbaycan dövlətinin suverenliyini, Azərbaycan dövlətinin özünün varlığına yönələn bir qəsddir. Eyni zamanda, ölkədə ictimai-siyasi prosesləri pozmaqla ölkədə siyasi hakimiyyətin dəyişməsinə və islam təmayüllü insanların hakimiyyətə gəlməsinə xidmət edən bir təxribat idi. Çox təəssüf edirəm ki, bu zaman bizim iki polis zabitimiz şəhid oldu. Allah onlara rəhmət eləsin. Bütün bunlarla nəylə qaynaqlanır? Azərbaycanın bugünkü inkişafı, qüdrəti və xüsusilə qeyd edərdim ki, 26 iyunda Azərbaycan ordusunun gücünü göstərən hərbi parad və s. Azərbaycanın dünyada söz sahibi olması qonşularımızı, ayrı-ayrı ünsürləri, şəxsləri qane etmir. Prezident İlham Əliyevin də müstəqil siyasət yürütməsi, milli və dövlət maraqlarına xidmət edən siyasətdən bir addım da kənara çəkilməməsi görünür başqalarını qane etmir. Ona görə də bu ölkədə ictimai-siyasi prosesləri pozmaqla ölkədə gedən inkişafa, Azərbaycanın uğurlu gələcəyinə gedən yola əngəllər törətmək istəyirlər. Şübhəsiz ki, bunların hamısı əbəs yerədir. Çünki 11 aprel prezident seçkiləri bir daha göstərdi ki, xalq prezidentin yanındadır. Xalqla-hakimiyyət arasında o qədər möhkəm bağlılıq var ki, bu cür ünsürlər, yaramazlar Azərbaycandakı stabilliyi heç cür poza bilməzlər. Bu bir xain hərəkət idi. Hesab edirəm ki, hüquq-mühafizə orqanları onların layiqli cəzalarını verəcək".

PƏNVANƏ

 





13.07.2018    çap et  çap et