525.Az

Telman Vəlixanlı: “50 yaş ömrün ciddi hesabat nöqtəsidir”- Müsahibə


 

Telman Vəlixanlı: “50 yaş ömrün ciddi hesabat nöqtəsidir”- <b style="color:red">Müsahibə</b>

Bugünlərdə “Mütərcim” jurnalının baş redaktoru, Bakı Slavyan Universiteti Humanitar Liseyinin direktoru, tərcüməçi, naşir, professor Telman Vəlixanlının 50 yaşı tamam olub. Bu münasibətlə onu təbrik etmək, həm də son dövrlərdəki çoxşaxəli fəaliyyəti ilə bağlı yeniliklərdən xəbərdar olmaq məqsədilə yubilyarla görüşüb söhbətləşdik.

 

– Telman müəllim, sizi yubiley yaşınız münasibətilə təbrik edirik. İlk sualımı elə bu mövzuyla bağlı ünvanlamaq istəyirəm. 50 yaş sizin üçün hansı anlamı kəsb edir?

– Təbrikinizə görə minnətdaram. Mən müəllim adamam. Həmişə də saatla işləmişəm. Bu mənada, elə bilirəm, 50 yaş ömrün ciddi hesabat nöqtəsidir. Çünki 50 ildə insan artıq özünü kifayət qədər dərk eləyir, nə qazanıbsa, nə itiribsə, nəyə nail olubsa bilir, artıq bu yaş həyatın mənasının dərk olunduğu bir məqamdır. Bu yaş həyatın demək olar ki, kuliminasiya nöqtəsidir. O mənada ki artıq bəlkə də 50 yaşdan sonra başqa bir həyat başlayır. Hər halda müdrikliyə doğru, Allaha doğru, haqqın dərkinə doğru addım atırsan. Bu yaşdan sonra insan başqa hisslərdən təmizlənərək ali məqsədlərə can atmalıdır. Təbii ki, insan maddi və mənəvi cəhətdən buna hazırdırsa.

– Bu yaşı kuliminasiya nöqtəsi kimi vurğuladınız. Amma hər halda bu kuliminasiyadan sonra eniş başlamayacaq, əksinə...

– Təbii ki, elm, ədəbiyyat içərisində olan adam üçün 50 yaşdan sonra eniş yox, dediyiniz kimi, əksinə olur. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, həm müəllim, həm naşir, həm tərcüməçi, həm alim kimi çox işlərə baş vurmuşam, amma elə hesab edirəm ki, bundan sonra artıq konkret hansı işləri görməli olduğumu müəyyənləşdirmişəm. Bu yaşdan sonra insan dərk eləyir ki, hansı dəyərlərin üstünə getməlidir, həyatda əsas nədir, ötəri olan nədir? Bu mənada hesab edirəm ki, 50 yaş insanın özünü dərk eləməsində kuliminasiya nöqtəsidir. Bu anda başa düşürsən ki, artıq geriyə dönüş yoxdur.

– Özünüz də qeyd elədiniz ki, fəaliyyətiniz çoxşaxəlidir. Ancaq söhbətimizin əvvəlində ilk olaraq müəllimliyinizi qeyd elədiniz. Belə anlaşılır ki, pedaqoji fəaliyyət ruhunuza daha yaxındır?

– Mən ali məktəbi bitirəndən sonra kənddə müəllim kimi fəaliyyətə başlamışam və sonradan bir az orta məktəbdən aralanmışdım. Amma açığını deyim, mən həmişə yuxularımda məktəbi görmüşəm. Bu da sonradan ona gətirdi ki, mən ali məktəbin nəzdində lisey yaradlıması təşəbbüsü ilə çıxış elədim və bu gün də çox sevinirəm ki, dostlarımızın dəstəyi ilə bu məktəb fəaliyyətinin davam elətdirir, artıq böyük bir kompleksə çevrilib. Məktəbdə olan hər bir uşaq mənim üçün bir məktəbdi. Məktəb doğrudan da böyük bir fəlsəfədi. Həyatın dərk olunması da buradan başlayır. Yaponlar əbəs yerə demirlər: “Tərəqqinin, inkişafın üç səbəbi var: təhsil, təhsil və yenə də təhsil”. Sokratın bir ifadəsi var: yalnız bir Tanrı var, o da bilikdir, yalnız bir şeytan var, o da nadanlıqdır. Hesab edirəm ki, keçid dövrünü üstələdiyimiz bu məqamlarda bizə təhsildən vacib heç nə yoxdur. Hesab edirəm ki, biz düzgün yoldayıq. Başqa sahələrə sərf eləyəcəyim enerjini məktəbdə sərf eləməyi özümün vəzifə borcum hesab edirəm və bununla fəxr edirəm. Aspirantlara, magistrlərə dərs desəm də orta məktəbdə işləməyi özüm üçün Allahın lütfü , xoş qisməti hesab edirəm.

–Sizin xeyli elmi-filoloji, bədii tərcümələriniz var. Amma indi Telman Vəlixanlının adı Dostoyevskinin “Karamazov qardaşları” ilə assosiasiya olunur. Maraqlıdır ki, siz niyə məhz Dostoyevskiyə müraciət etmisiniz? Bunun kökündə nə dayanır?

– Dostoyevski insan qəlbinin çırpıntılarını, insanı həyatda izləyən məşəqqətləri çox ustalıqla təsvir edir. Dostoyevskidə insan həyatının tarixçəsini öyrənmək, ona təsir eləmək, onda işıqlı nələrsə görmək var. Dostoyevski fenomenal bir hadisədir. “Karamazov qardaşları” dünya nəsrinin şah əsəridir. O əsəri mən Həştərxan Universitetində  Filologiya fakültəsinin tələbəsi olarkən oxumuşdum. Amma onda dərk eləməmişdim. Yəni o əsərin dərinliklərinə varmaq o vaxt mənə bir az çətin olmuşdu. Deyək ki, “Cinayət və cəza”, lap elə “İdiot”un özünü də qavramaq mənə asan idi. Amma “Karamazov qardaşları”nı axıra qədər dərk eləyə bilməmişdim. Bəlkə də həcmi qorxutmuşdu məni. Sonralar, 2004-cü ildə Yazıçılar Birliyinin qurultayında Anar müəllim məclisə müraciət elədi ki, bizim ədəbiyyatımızın çatışmayan cəhətlərindən biri də odur ki, dünya nəsrinin şah əsəri “Karamazov qardaşları” dilimizə tərcümə olunmayıb. Sanki bu fikir, bu təklif ağlıma, düşüncəmə təkan verdi ki, əsəri dilimizə tərcümə edim. Əslində o ideya tələbəlikdən  başımda oturmuşdu. O tərcümədə mənim sevimli müəllimim, professor Məmməd Qocayevin də zəhməti çoxdur. Çünki o da məni buna istiqamətləndirdi. Çox sevinirəm ki, biz bu tərcüməni eləyə bildik. Bu tərcümə bizim ədəbiyyatşünaslığımızda prinsipial məsələdir. Çünki indi tərcüməyə müxtəlif baxışlar mövcuddur: Hərfi tərcümə, sərbəst tərcümə, yaxud da sərbəst və hərfi tərcümənin ortaq bir nöqtəsini taparaq bədii tərcüməni həyata keçirmək mövqeyi... Dostoyevski elə bir müəllifdir ki, orada sərbəstliyə yol vermək qeyri-mümkündür. Onun öz sintaksisi, öz dili, öz intonasiyası, mətnin dinamikası, arxitektonikası var. Yəni Dostoyevskini başqa cür vermək olmaz.  Sanki onun mətnləri bir vəhy kimi Dostoyevskiyə gəlib, o mətni, onun dinamikasını dağıtmaq, onun gərginliyini başqa cür ikinci dilə ötürmək olmaz. Ona görə doğrudan da bu tərcümə çətin oldu. Ondan sonra Tolstoyu tərcümə elədim, gördüm ki, bu daha asandır. Asanlıq və çətinlik obyektə, predmetə münasibətdən, məsuliyyətdən də irəli gəlir.  Tərcümə edəndə “babam mənə kor dedi, gəlib gedənə vur dedi” deyib də yox, məsuliyyəti dərk edərək məsələyə yanaşmaq lazımdır. “Karamazov qardaşları”nı 4 il ərzində, bu məsuliyyəti dərk eləyərək tərcümə etmişəm. Düzdür, mətni sadələşdirmək də, asan dillə, qırıq cümlələrlə də vermək olardı, sintaksisi də dəyişmək olardı, amma burada qeyri-mümkün idi. Onda Dostoyevski yox, başqa müəllif alınardı. Bunu da əlavə etmək istəyirəm: Dostoyevski Azərbaycana nə üçün lazımdır? Bizim tanıdığımız Dostoyevski “Cinayət və cəza”nın, “Karamazov qardaşları”nın, “İdiot”un, “Alçaldılmış və təhqirolunmuşlar”ın, “Şeytanlar”ın müəllifi deyil təkcə. Rus nəzəriyyəçi ailmlərinin, Avrasiyaçıların mənəvi atasıdır. Burada hər şey Dostoyevskiyə söykənir. Dostoyevski sadəcə yazıçı yox, rus filosofudur, mütəfəkkiridir. Həm keçmiş, həm də indiki rus fəlsəfəsi tanınmış filosoflarının etiraf etdikləri kimi Dostoyevskidən qidalanır.

– Azərbaycanda tərcümə sahəsinin çətin, problemli dönəmində – 20 il bundan əvvəl “Mütərcim” nəşr etdiniz. Bu il jurnalın 20 yaşı tamam olur. Bu illər ərzində jurnal Azərbaycan tərcümə sferasına nə verib və gələcəkdə nə verməyi planlaşdırır?

– O vaxtlar,  90-cı illərdə həm dünya ədəbiyyatından bizim dilə, həm də Azərbaycancadan digər dillərə tərcümədə doğrudan da çətinliklər, problemlər var idi. Jurnalın təsisindən etibarən, biz “Mütərcim” olaraq hələ Azərbaycan oxucusuna məlum olmayan müəllifləri – Coysdan başlamış rus ədəbiyyatından indiyədək Azərbaycan oxucusuna məlum olmayan əsərləri, bütün “izm”ləri seçib tərcümə edirik. Ətrafımızda da çox yaxşı bir kollektiv vardı. Təbii ki, indi həmin enerji ilə bu gün davam edə bilməsək də  konkret olaraq hədəflərimizi müəyyənləşdirmişik. Jurnalımızın yönümünü daha çox rus ədəbiyyatının tərcüməsinə istiqamətləndirmişik. Məsələn, bu nömrəmizdə biz Dostoyevskinin “Yoxsul insanlar” əsərinin tərcüməsini veririk. Çünki həmin roman da Azərbaycan dilinə tərcümə olunmamışdı. Hədəflərimizə doğru irəliləyirik, gələcəkdə də bunu davam etdirəcəyik. Gələcək göstərər. Tərcümə sahəsində işlərimiz əla gedir. Latın qrafikalı nəşrlər çap olunur, Yazıçılar Birliyinin orqanlarında, elə təkcə “Azərbaycan” jurnalının hər sayında xeyli sanballı tərcümələr gedir. 150 cildlik dünya ədəbiyyatı kitabxanasından tərcümə nəşrləri davam edir. Sankt-Peterburqda dünya tərcüməçilərinin dünya simpoziumunda iştirak eləmişdim. Oraya özümlə nəşrlər aparıb təqdim elədim, nəşrlər haqqında danışanda hamı təəccübləndi ki, ola bilməz ki, Azərbaycan kimi balaca bir ölkədə yüksək səviyyədə bu qədər nəşr olunsun. Pessimistlərdən fərqli olaraq tərcümə sahəsi haqqında nikbin fikirdəyəm. Allaha şükür, artıq bizdə tərcümə işi normal səviyyədədir. 

– Sonda arzularınızı, hazırda nələr üzərində işlədiyinizi, planlarınızı bilmək istərdik.

– Təbii ki, ilk növbədə arzum cansağlığıdır. Sonra da ən böyük arzu Allahın bizə verdiyi qabiliyyətə müvafiq olaraq planlaşdırdığımız işləri həyata keçirməkdir. Yaxşı ədəbi və elmi mühit olmalıdır ətrafda, mənim işlədiyim kollektivdə – Slavyan Universitetində bu var. Bizim jurnalımız da Yazıçılar Birliyinin və Slavyan Universitetini birgə dəstəyi ilə buraxılır. O dəstəyi hiss eləyirəm. Ətrafımda yaxşı dostlar var. Azərbaycanda hər şeyi görürlər, əsl zəhməti qiymətləndirirlər, dəstək verirlər.  Çox təəssüf ki, bəzi insanlar isə sadəcə gileylənməklə məşğuldur. Giley Allah yanında da pis qəbul olunur. Giley yaxşı olan hər şeyi məhv eləməkdi, görməməzlikdən gəlməkdi. Həmişə şükür etmək lazımdır. Hazırda məşğuliyyətimə gəlincə, rus ədəbiyyatı tarixi üzərində işləyirəm, artıq birinci cildi hazırdır. Rus ədəbiyyatı tarixini Azərbaycan dilində Məmməd Cəfər yazıb. Amma indi istəyirəm ki, bu dərsliyi düşünülmüş şəkildə tamamlayım ki, Azərbaycan oxucusu rus ədəbiyyatını yeni qiyafədə, yeni məzmunda görsün. Ötən əsrin oxucusu ilə bugünkü oxucunu müqayisə eləmək olmaz. Dəyərlər, münasibət dəyişib. Görüləsi iş çoxdur. Ən ümdə vəzifəm məktəbdə fəaliyyətimi davam elətdirməkdi. Arzum budur ki, qüvvəm, enerjim olsun, hər bir şagirdimə fərdi yanaşa bilim.

Bədii tərcüməyə gəlincə, bu yaxınlarda Tolstoyun İncil motivli üç hekayəsini tərcümə elədim. Burada da ibrətamiz, sakral kitablardan gələn həqiqətlər öz əksini tapıb. O həqiqətlər ki, hər an insanlara xatırladılmalıdır. İnsanlar bilməlidirlər ki, dünyanı yaşadan dəyərlər, dünyanı üstündə saxlayan sütunlar var. Fikrimcə, bunları həmişə insanların yadına salmaq lazımdır ki, yollarından sapmasınlar, doğru yolu seçsinlər.

Sevinc MÜRVƏTQIZI

 





22.07.2013    çap et  çap et