525.Az

Azərbaycanın inkişafının təməlində düşünülmüş siyasət və güclü iqtisadiyyat dayanır


 

Azərbaycanın inkişafının təməlində düşünülmüş siyasət və güclü iqtisadiyyat dayanır <b style="color:red"></b>

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən iqtisadi göstəricilərinə nəzər saldıqda görərik ki, Azərbaycan bütün makroiqtisadi göstəricilərdə artım tempini qoruyub saxlayıb.

Bu gün ölkəmizdə neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsini də diqqət mərkəzindədir. Bu məsələyə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunaraq qeyd edib ki, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bilib: "Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik".

Dövlət başçısı bu ilin göstəricilərinə əsaslanaraq deyib ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir: "Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir". Bu ilin birinci yarısının iqtisadi göstəricilərinə nəzər saldıqda görərik ki, Azərbaycan bütün makroiqtisadi göstəricilərdə artım tempini qoruyub saxladı.

İqtisadçı ekspert Vüqar Bayramov Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən  fikirlərə münasibət bildirərkən deyib ki, bu ilin birinci yarısında iqtisadi sahədəki tendensiya müsbətdir. Bütün sahələrdə artım müşahidə edilir. Diqqətçəkən əsas məqamlardan biri inkişafın daha çox qeyri-neft sektoru hesabına baş verməsidir.  "Belə ki, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artıbsa, qeyri-neft sektorunda artım 2 faiz təşkil edib. O cümlədən, sənaye istehsalı 1 faiz artıbsa, qeyri-neft sənayemiz 8,8 faiz artıb. Digər müsbət məqam ixracın, xüsusən də qeyri-neft ixracının artmasıdır. Xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən, qeyri-neft ixracı 20 faiz artıb. Bunun da nəticəsində xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar təşkil edib ki, bu da makroiqtisadi stabilliyin qorunması üçün real zəmin yaradır.

Yarım ilin ən vacib göstəricilərindən biri strateji valyuta ehtiyatlarının artım tempinin qorunub saxlanmasıdır. Bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. Azərbaycan azsaylı ölkələrdəndir ki, onnu strateji valyuta ehtiyatları ümumi iqtisadiyyatın həcmindən daha böyükdür".

Prezidentin çıxışı zamanı müsbət məqamlarla yanaşı, bir sıra çatışmazlıqları da qeyd etdiyini deyən V.Bayramov bildirib ki, çatışmazlıqlar daha çox sosial sahədə buraxılan nöqsanlarla bağlıdır. İqtisadçı ekspert bu nöqsanların aradan qaldırılması üçün dövlət başçısının tapşırıqlar verdiyini də sözlərinə əlavə edib: "Dövlət başçısının da dediyi kimi, bəzi hallarda sosial yardım ona ehtiyacı olan insanlara deyil, başqa şəxslərə verilib. Bu da qeyri-sağlam mühitin, qeyri-sağlam rəqabətin yaranması deməkdir. Eyni zamanda, şəhərin infrastrukturuna xələl gətirən qanunsuz tikintilərin aparılması və onların söküntüsü zamanı kompensasiyanın verilməsi nəticəsində dövlət büdcəsinə ziyan dəyir. Bu və digər  çatışmazlıqları və nöqsanları da qeyd edən dövlət başçısı onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi.

Prezident İlham Əliyev gömrük və vergi sistemində sağlam rəqabətin formalaşması ilə də bağlı tapşırıqlar verdi. Bu tapşırıqlar özündə sırasına prosedurların sayının azaldılması, şəffaflığın artırılması, sahibkarlarla tərəfdaşlığın möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi kimi mühüm məsələləri əhatə edir. Bu da bizə ümid verir ki, mövcud nöqsan və çatışmazlıqlar tədricən aradan qaldırılacaq və ölkəmizin iqtisadiyyatı daha sürətli templə inkişaf edəcək".

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki,  2018-ci ilin ilk altı ayında hökumətin qarşısına qoyulan bütün işlərin hamısı öz hədəflərinə çatıb: "Həmin dövrdə baş vermiş ən mühüm hadisələrdən biri prezident seçkiləri oldu. Azərbaycan xalqı bir daha ölkə başçısına öz dəstəyini ifadə elədi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin və Ordumuzun 100 illiyinin qeyd olunması da mühüm hadisələrdən oldu. Ən vacib hadisələrdən biri də dünya dövlətlərinin diqqət mərkəzində olan TANAP layihəsinin açılışının olmasıdır. Ən əsası da bu layihə Azərbaycan xalqının yüksək qiymətləndirdiyi və dəstək verdiyi bir layihədir". M.İbrahimqızının sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycan Ordusunun gücünü nümayiş etdirən hərbi paradı da xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistan iflasa uğramış bir vəziyyətdədir. Onun nə iqtisadi, nə siyasi, nə demoqrafik, nə də ordusunun gücü Azərbaycanla müqayisəolunmaz dərəcədə zəifdir: "Bunun əksinə olaraq dövlətimizin siyasi və iqtisadi gücü, eyni zamanda milli Ordumuzun qüdrəti tezliklə torpaqlarımızın işğaldan azad olunacağına inamı artırır. Təbii ki, Azərbaycan xalqı müharibə istəmir. İstəyir ki, münaqişə danışıqlar yolu ilə həll olunsun. Əks təqdirdə Azərbaycan hərbi yolla olsa belə, öz ərazi bütövlüyünü bərpa edəcək". Prezidentin mövcud problemlərlə bağlı söylədiklərinə toxunan millət vəkili bildirib ki, son illər ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində çox böyük nailiyyətlər əldə olunub: "Bu sahədə islahatlar bundan sonra da davam edəcək. Bu isə mövcud problemlərin həllini sürətləndirməklə yanaşı, ölkəmizin inkişafının bundan sonra da yüksək templə davam etməsinə zəmin yaradacaq".

PƏRVANƏ

 





13.07.2018    çap et  çap et