525.Az

Tələbatdan yaranmış fenomen: tərcümə mədəniyyətimizin bariz göstəricisi


 

Tələbatdan yaranmış fenomen: <b style="color:red">tərcümə mədəniyyətimizin bariz göstəricisi </b>

Lüğət, öncə, dil faktları üzərində müşahidə aparmaq və qazanılmış təcrübəni ümumiləşdirməkdir. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin ümumi mənzərəsini, dil vahidlərinin rəngarəngliyini, məna parametrlərini tərcümə lüğətləri vasitəsilə də öyrənmək mümkündür.

Tərcümə vasitəsilə iki və daha artıq dilin vahidləri arasında semantik uyğunluq ortaya çıxarılır. Daha doğrusu, həmin prosesdə mətnin məzmunu başqa dilin vasitələri ilə ifadə olunur.

Bu gün tərcüməşünaslığın bir sıra problemləri ilə qarşılaşmaq olur: tərcümələrin tipologiyası: bədii, sahə ədəbiyyatının tərcüməsi, insan və maşın tərcüməsi, filoloji tərcümə, ekvivalentli tərcümə (mədəni, tarixi və linqvistik).

Əsərdə tərcümə üçün ümumi olan və onun keyfiyyətini təmin edən əsas mexanizm dərindən müəyyənləşdirilmişdir. Ənənəvi metodlar, tərcüməçinin qarşılaşdığı çətinliklər, tərcümənin pillələri, tədrisdə müəllimin tərcümə sənətinə yiyələnən tələbələrlə işbirliyi, tərcümənin təhlil aspektləri, tərcümə mətnləri üzərində "əməliyyat", mətndəki informasiyanın nəzərə alınması, tərcümənin nəticələrinin təhlili, modelləşdirmə metodikası, lüğətlərdən istifadə, mətn janrlarının mənimsənilməsi, müxtəlif çeşidli mətnlərlə tərcümə işi və s. məsələlər burada elmi-nəzəri cəhətdən yerli-yataqlı təhlil olunmuşdur.

Praktik tərcüməçiləri uyğun biliklərlə silahlandırmağı öncədə qarşıya məqsəd qoyan məqalə müəllifləri tərcüməçinin mətnseçmə ilə bağlı bir sıra məqamlara diqqət yönəltməsinin zərurətini vurğulamaqla, bunların sırasında tərcümə zamanı yazıya alma metodu, mətnin seqmentasiya metodu, statistik oppozisiya metodu, transformasiya metodu və s. məsələləri dərindən təhlil edərək oxucu və mütəxəssislərə təqdim etməyə müvəffəq olmuşlar.

Tərcümənin Azərbaycan mədəniyyəti tarixində uzun ənənəsi vardır. Tərcümə iki və daha çox dilin dil vahidləri arasında müqayisəyə gələn semantik uyğunluğu, bərabərliyi, müvafiqliyi axtarıb tapmaq, adətən ikidilli leksikoqrafik, tutuşdurma üçün meydana çıxan semantik tədqiqatdır. Buraya informasiya başqa dil vasitələrinin köməyilə ötürülür. Bunun üçün başqa dilin ifadə vasitələri axtarılaraq tapılır, nəinki müxtəlif cür informasiyalar verilir, eləcə də nitq əsərlərinin yeni mətndə öncə forma (daxili və xarici) variantları müəyyənləşdirilir.

Bədii əsərin tərcüməsi müəlliflə oxucu arasında üçüncü şəxsin vasitəçilik rolunu gerçəkləşdirir. Əlbəttə, tərcüməçi öncə oxucu funksiyasını yerinə yetirir. O, tərcümədən qabaq əsəri tam dərk etməlidir. Bu isə tərcüməçinin eksplikativ fəaliyyətinə zəmin yaradır.

Tərcümənin hərfi, interverbal, intersemiotik, intralinqvistik, maşın, sərbəst və s. növləri mövcuddur ki, bunlar da xalqların mədəniyyətlərarası inkişafında mühüm rol oynayır.

Bizim fikrimizcə, tərcümə öz müstəqil leksik mənalarına əsaslanmaqla həyata keçirilə bilər. Burada başlıca problem, onların konkretləşdirmə, ümumiləşdirmə, eyni zamanda, antonimik və metonimik tərcümə məsələlərinə xüsusi diqqət yetirməkdən ibarətdir.

Həll olunmamış problemlərdən biri Azərbaycanda tərcümə ensiklopediyasının olmaması idi. Lüğətin bir növü müxtəlif və ən zəruri informasiyaları ötürmək, xalqın dərketmə bacarığını inkişaf etdirmək gücünə malikdir. Belə lüğətlər tərcümə sənətinin incəliklərini, onun hərtərəfli xüsusiyyətlərini yayan və əks etdirən bir qaynaq kimi xalqın yüzilliklər boyu gördüyü işləri, fəaliyyətləri, həmçinin də azərbaycanca ünsiyyət quranların xarakterik cəhətlərini özündə birləşdirir.

Müxtəlif epoxalarda tərcümə sənəti insan fəaliyyətinin, onun digər mədəniyyətləri, ədəbiyyatları öyrənməyə canatım ehtirasının nəticəsi olaraq meydana çıxmışdır. Deməli, tərcümə sənəti ehtiyacdan, tələbatdan yaranmış bir fenomendir. Onun tarixi cəmiyyətin tarixi ilə yaşıddı. Tərcümə işi bizim xalqın bədii, elmi, kütləvi irsinə orlan marağından yaranıb, təkmilləşə-təkmilləşə, dürüstləşə-dürüstləşə inkişaf edərək formalaşmışdır.

Respublikamızda ilk dəfə "Azərbaycan tərcümə ensiklopediyası" (Bakı: Azərbaycan Dillər Universiteti, 2018, 584 s.) kitabının nəşri sevindirici mədəni hadisə kimi ölkəmiz, elmimiz, mədəniyyətimiz, ədəbiyyatımız üçün son dərəcə faydalı bir iş sayıla bilər.

Deyildiyi kimi, layihənin, ideyanın həyata keçirilməsində Azərbaycan Dillər Universitetin rektoru, akademik Kamal Abdullanın əmək və fəaliyyətini məxsusi qiymətləndirmək olar. Kamal Abdulla əsərin baş redaktorudur. Redaksiya heyəti Anar, L.Əliyeva, R.Əliyev, R.Hacıyev, İ.Həbibbəyli, M.İmanov, T.Kərimli, A.Məsud, A.Mustafazadə, M.Nağısoylu, T.Nağıyev.

Rəyçilər: C.Nağıyev, A.Ələkbərov, L.Qranovskaya, E.Əliyevdir.

Kitab bir neçə hissədən ibarətdir: 1) tərcümədən bəhs edən dövlətin sərəncam və sənədləri; 2) tərcümə elm sahəsi kimi; nəzəri və praktik bilgilər; 3) personalilər, tərcümə ilə məşğul olan Azərbaycanın şair və yazıçılarının fəaliyyətinin əksi.

 Bəli, indi "Azərbaycan tərcümə ensiklopediyası" adlı monumental və fundamental əsər oxucu və mütəxəssislərin ixtiyarındadır. Tərcümə barədə biliyin bütün yaxud ayrı-ayrı sahələrinə dair lüğət biçimində sistemə salınmış məlumat kitabı. Həmin kitab Azərbaycanda tərcümə sənətini geniş və hərtərəfli şəkildə əks etdirir.

Canlı ensiklopediya! Bu obrazlı ifadə hər şeydən bilgi verə bilən, hər şey haqqında müraciət edilə bilər insan haqqında deyirlər. Biz bu ifadəni sözügedən işin, layihənin başçısı olan Kamal Abdulla haqqında da deyirik. Hörmətli akademikimiz Kamal Abdullanın və digər müəlliflərin birgə əməyinin məhsulu olan bu qiymətli əsərdə tərcümə işinin, tərcüməşünaslığın xeyli aktual problemləri həmin elmin uzun illər qazanılan uğurlarının, nailiyyətlərinin fonda işıqlandırılaraq oxucu və mütəxəssislərə təqdim edilmişdidir. Bu mənbədə tərcümə fikrinin və fəaliyyətinin tarixi və metodologiyasından tutmuş tərcümənin ümumi nəzəriyyəsi və əsas prinsipləri, tərcümənin başlıca üsulları, tərcümənin ümdə xüsusiyyətləri, tərcümə prosesinin istiqamətləri, tərcümə metodikası, tərcümə mexanizmi, tərcümə faliyyətinin sosial tərəfləri və modelləri, tərcümə tipləri və növləri, tərcümədə prinsipial önəmli məsələlər, tərcümə informasiyasının ümumi müddəaları, tərcümənin səviyyələri və s. kimi tərcüməşünaslığın ən mühüm problemləri öz əhatəsini tapır.

Azərbaycanın çoxsaylı mətbuatı Kamal Abdullanın 13 il əvvəl başladığı bu mühüm işin məntiqi sonluğa çatdığını yazır. Onun rəhbərliyi ilə başa çatan əsər "Azərbaycan tərcüməşünaslığı haqqında mükəmməlliyin ötəsində informasiyanı özündə ehtiva edir. Əsər bəşəriyyətin tarixində ən önəmli məqamı - mədəni keçidləri oxucuya təqdim edir" .

Kitabın içindəki yazılar və müəllifləri: Əsl bilik xəzinəsi ( Kamal Abdula), tərcümə elm sahəsi kimi (M.Nağısoylu, L.Əliyeva), tərcümənin nəzəri və praktik prinsipləri (R.Əliyev), tərcümənin fəlsəfi əsaslarına dair (A.Rüstəmova), tərcüməşünaslığın predmeti və problematikası (A.Ələkbərli), Azərbaycanda tərcümə ədəbiyyatı tarixi (M.Nağısoylu).

Kitabın "Baş redaktordan" hissəsində Ulu öndər Heydər Əliyevin Azərbaycan yazıçılarının VII qurultayındakı nitqindən (12 iyun 1981-ci il) bir parça verilmiş ("Qardaş ədəbiyyatların çiçəklənməsi və yaxınlaşmasının çoxcəhətli proseslərində qarşılıqlı tərcümlələr getdikcə daha böyük rol oynayır. Bu, milli mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və zənginləşməsinin böyük ictimai-siyasi əhəmiyyətə malik qüdrətli vasitəsidir...bu sahədə respublikada az iş görülməyib...Lakin bu sahədə indiyədək həll olunmamış problemlər də az deyildir. Mən ən əvvəl bu işdə kortəbii axın elementləri olduğuna diqqəti cəlb etmək istəyirəm. Nəşriyyatlarda dünya və rus klassikasının, sovet ədəbiyyatı əsərlərinin seçilib Azərbaycan dilində nəşr edilməsi üçün dərin düşünülmüş, uzun müddət qüvvədə ola bilən plan yoxdur. Azərbaycan klassik və müasir ədəbiyyatı əsərlərinin rus dilinə tərcümə edilməsi sahəsində də uzunmüddətli fəaliyyət planı tərtib olunmamışdır. Yüksəkixtisaslı tərcüməçi kadları çatmır...İndiyədək heç kəs yüksəkixtisaslı professional tərcüməçilər hazırlamaq və bunları təkmilləşdirmək işini təşkil etməyə ciddi təşəbbüs göstərməmişdir. Bizdə olan tərcüməçi qüvvələri isə hələ də pərakəndə haldadır. Bədii tərcümələrin keyfiyyəti problemi ciddi problem olaraq qalmaqdadır".

Ulu öndərin hələ o zaman haqlı qiymətləndirməsini və tənqidini diqqətə çatdıran akademik Kamal Abdulla böyük zəhmətin bəhrəsi olan bu ensiklopediyanı monumental tədqiqat əsəri adlandırır.

Kamal Abdulla ensiklopediya tərcümənin quruluşunda onun fəlsəfi əsaslarının, predmet və problemlərinin, Azərbaycanda tərcümə tarixinin mühüm nöqtələrinin, nəzəri-praktik məsələlərin və ən əsası isə pesonaliyaların yer aldığını diqqətə çatdırır.

Müəllif yazır ki, Azərbaycan tərcüməşünaslığının zəngin tarixi var. XIV əsrdə dini əsərlərin, sülalələr haqqında təzkirələrin sətiraltı, mətni, xüsusilə də, sərbəst tərcümələrindən başlayaraq daha sonralar (XIX əsrdə) püxtələşmiş ədəbi cərəyanlara aid bədii nümunələrin-şeirlərin, təmsillərin, pyeslərin, romanların tərcüməsinə qədər yaradılan nadir nümunələr, nəhayət etibarilə, tərcüməçiliyin son dərəcə maraqlı və faydalı ədəbi-bədii peşəyə çevrilməsini şərtləndirmişdir.

Kamal Abdulla tərcüməçilik anlayışını birtərəfli qəbul etməyin doğru olmadığını, Azərbaycan dilinə tərcümələrlə yanaşı, daha sonrakı epoxalarda, Azərbaycan dilindən digər dillərə edilən tərcümlələrin də əhəmiyyətli olduğunu göstərir. Təqdirolunası bir haldır ki, hər iki istiqamət üzrə həyata keçirilən fəaliyyət sözügedən fundamental "Azərbaycan Tərcümə Ensiklopediyası"nda kifayət qədər təsvir oluna bilmişdir. Əlbəttə, bu, kitaba əlahiddə bir dəyər verir.

Kitabın personalilər hissəsində əlifba sırası ilə az və çox əməyi olan tərcüməçilərin qısa həyat və fəaliyyəti, həmçinin də onların qələmindən çıxmış tərcümlərin kimə məxsus olduğu və siyahısı verilmişdir. Bu məlumatları toplamağın və sistemə salınmanın nə qədər çətin olduğu göz qabağındadır. Həmin faktlar göstərir ki, Azərbaycan mühitində söz adamları təkcə yazıb-yaratmaqla məşğul olmayıblar, onlar həmçinin də dünya ədəbiyyatının ən gözəl incilərini ana dilimizə çevirərək xalqa çatdırmışlar. Bu nümunələr bir tərəfdən xalqlararası, millətlərarası, ədəbiyyatlararası münasibətlərin qurulmasında, o biri tərəfdən isə mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın ikinci mənbə hesabına zənginləşməinə gətirib çıxarmışdır.

Həmin tərcümələr əsasən sovet dönəmində və indi də Azərbaycanın mətbu orqanlarında ("Azərbaycan", "Ulduz", "Xəzər" jurnalları, "Ədəbiyyat və incəsənət", "525-ci qəzet" və s. ) çap edilmişdir.

Ayrıca kitab şəklində olan tərcümə əsərləri də müxtəlif vaxtlarda nəşr edilmişdir.

Azərbaycanda tərcümə elminin həm tarixi, həm də müasir inkişaf yolları haqqında xeyli sayda monoqrafiyaların yazılmasında bu icmal önəmli rol oynaya bilər. Xalqlar arasında ədəbi-mədəni əlaqələrin tədqiqində bu vəsaitin rolu inkaredilməzdir. Böyük və görkəmli şair və yazıçıların tərcüməçilik işinin, fəaliyyətinin öyrənilməsində əvəzsiz mənbədir.

K.Abdulla bu əsəri doğru olaraq tərcümə mədəniyyətimizin bariz göstəricisi saymaqla, dünyanı daha yaxşı tanımağın, özünü dünyaya daha ləyaqətlə təqdim etməyin möhtəşəm üsulu olduğunu da qeyd edir. Kamal Abdulanın nöqteyi-nəzərincə, tərcümə bir mədəniyyətin təzahürü deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır, əsl multikultural gerçəklikdir. Bu cür bir multkultural gerçəklik Azərbaycanda ümumi multkultural mənzərənin ən vacib komponentlərindəndir. "Tərcümə prosesi daim təzələnən, genişlənən prosesdir". Bu prosesdə başlıca olaraq üç məna tipinə rast gəlinir: referensial, praqmatik və dildaxili; ona görə ki, onlar daim həmin mənaların daşıyıcıları kimi çıxış edir.

Tərcümə tarixi və prosesi mürəkkəb bir inkişafın nəticəsidir (akademik M.Nağısoylu). Həmin prosesdə informasiyanın ötürülməsi yolları çətin ziqzaqlardan keçir. Bununla belə, bu prosesin terminoloji vahidləri sonda verilən lüğətdə qısa şəkildə izah olunmuşdur.

"Azərbaycan tərcümə ensiklopediyası"dakı məqalələrdə nəinki tərcümə zamanı iki dil arasındakı münasibətlər, həm də dillərarası kommunikasiya, dillərarası omonimiya, situasiya, dillərarası analoqizmlər, semiotikarası tərcümə, metalinqvistika, metalinqvistik funksiya, metadil və s. məsələlər yığcam və dürüst şəkildə aydınlaşdırılmışdır.

Bütün bu və ya digər məsələlər ensiklopediyanın müvafiq yerlərində ehtiva olunmuşdur.

Tərcümə prosesində istifadə olunan üsullar (təsviri tərcümə), tərcümə zamanı yaranan çətinliklər, tərcüməni çətinləşdirən bir çox faktlar, baş verən çətinliklərin səbəbləri də məqalələrdə izah olunur.

Kitabda tərcümə növlərindən bəhs olunarkən ümumiləşdirmə, konkretləşdirmə və antonimik tərcümlərin önəmi nəzərə çatdırılır. Konkretləşdirmə - ümumiləşdirmənin riversiv tərcümə prosesidir, yəni ona əks olan tərcümədir.

Tərcümə işində linqvistik və ekstralinqvistik amillərin təsiri ilə bir sıra problemlər yaranır. Əlbəttə, yeni mənaların yaranma səbəbi əsasən ekstralinqvistik amillərlə bağlıdır. Belə ki, ekstralinqvistk amillər hər bir dilin tarixi inkişafında yaranır və vahidlərin yeni məna qazanmasına səbəb olur.

Kitabın "Sərəncamlar, sənədlər" hissəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşr edilməsi haqqında görüləcək işlər haqqında söylədiyi fikirlər çatdırılır. Prezident müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədi ilə bir sıra qərarlara imza atmışdır: "Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülmüşdür".

"Dünya ədəbiyyatı kitabxanası"na daxil olmuş əsərlərin (klassik dünya ədəbiyyatı, müasir dünya ədəbiyyatı, Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri, dünya ədəbiyyatı üzrə antologiyalar) siyahısı Prezident İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş, "Tərcümə ensiklopediyası"nda da verilmişdir. Eləcə də Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin strukturu və fəaliyyətini genişləndirmək üçün də müvafiq Fərman imzalamışdır.

"Azərbaycan Tərcümə Ensiklorpediyası" dövlətin həmin sərəncam və fərmanlarını həyata keçirilməsi sayəsində böyük dəyərə malikdir.

Tərcümə elm sahəsi kimi. "Ensiklopediya"da tərcümə, tərcüməşünaslıq müstəqil elm sahəsi kimi qəbul və təhlil olunur (müəlliflər akademik M.Z.Nağısoylu və ped.e.n.dos. L.A.Əliyeva) Son illər tərcümənin, tərcüməşünaslığın dilçilik problemləri, nəzəri məsələləri elmi şəkildə yenidən işlənmiş, ölkə miqyasında, eləcə də dünyada gedən qlobal dəyişmələr nəzərə alınmışdır.

Əsas məsələlərdən biri tərcümə prosesində buraxılan ciddi nöqsanlardır. Tədqiqatçılar bu tip nöqsanları xarakterinə görə aşağıdakı kimi qruplaşdırıblar: 1) termin seçimində, 2) sintaktik quruluşda, 3) mənbə mətnin düzgün anlaşılmamasında, 4) cümlənin uzlaşmamasında, 5) durğu işarələrinin düzgün qoyulmamasında.

Yazılarda tərcüməşünaslıq elminin respublikamızda inkişafı və onun müxtəlif problemləri araşdırılır. Bu sahədə universitetlərin, tədqiqatçı alimlərin gördüyü işlər qısa şəkildə qeyd olunur. Xüsusən də bədii, poetik tərcümənin uğurlarından söhbət açılır.

Bəlli olur ki, Azərbaycanının böyük şair və yazıçıları təkcə bədii əsərlər yazmayıblar, onlar həm də dünya ədəbiyyatı klassiklərinin, müasirlərin ən yaxşı əsərlərini tərcümə edərək Azərbaycan oxucularına çatdırıblar. Həmin sənətkarların tədrisində (həm orta, həm də ali məktəblərdə) onların tərcümə fəaliyyəti də gənclərə, məktəblilərə öyrədilir.

Yazılardan aydın olur ki, Azərbaycanda tərcümə nəzəriyyəsini formalaşdırmaqda, inkişaf etdirməkdə C.Əzimovun, F.Vəlixanovanın, H.Babayevin, C.Qəhrəmanovun, M.Nağısoylunun, R.Novruzovun, A.Hacıyevin və b. böyük xidmətləri olmuşdur.

İrəli sürülən tərcümə prinsipləri isə əsasən aşağıdakılardan ibarət olmuşdur: 1) tərcümə edilən əsərdə müəllifin haqqında söz açdığı xalqın yaşayış xüsusiyyətlərini, adət-ənənələrini, mədəni inkişaf səviyyəsini, düşüncələrini eynilə oxucuya çatdırmaq; 2) müəllifin üslubunu mümkün qədər saxlamağa çalışmaq; 3) orijinaldakı bədii ifadə vasitələrinin doğunluğu ilə verilməsinə nail olmaq, bunlarda da milli xüsusiyyətləri saxlamaq, müvafiq qarşılıqlar tapmaq, məkan və zamanı dəyişdirmək; 4) məna və məzmun dürüstlüyünə əməl etmək, orijinalın ümumi ruhu və məzmununun pozulmasına, təhrifinə əsla yol verməmək; 5) orijinaldakı personajların dilini, nitq üslubunu saxlamaq.

Bunlar çox mühüm ölçülər olub tərcümə işimizin möhkəm təməllər üzərində qurulmasını təmin edir.

Tərcümənin nəzəri və praktik prinsipləri (filol. f.d. R.R.Əliyev).

Bu hissənin müəllifi maraqlı bir məsələnin üzərində dayanır; bu, tanınmış Azərbaycan şair və yazıçılarının "Sizin üçün tərcümə nədir?" sualına verilən cavablardan ibarətdir; "Mənim üçün tərcümə-kəşfdir. Yeni hisslərin, tanımadığım koloritin, estetik özünüifadələrin ...kəşfi" (Elçin); "Mənimçün tərcümə sevgidir. Tərcümə etdiyin əsərə, çevirdiyin ana dilinə məhəbbətin yoxdursa, ortaya sevilməsi mümkün olmayan əcaib bir şey çıxacaq" (Vaqif Bayatlı); "Məncə, tərcüməçilik bir az cərrahlığa bənzəyir. Hansısa bədii əsəri bir dildən başqa dilə çevirmək hansısa bədən üzvünü bir canlı orqanizmdən başqasına köçürmək kimi bir şeydir. Cərrahın işi yalnız o zaman uğurlu sayıla bilər ki, həmin bədən üzvü başqa orqanizmdə yaşaya bilsin. Bu dediyim başqa dillərə tərcümə olunan əsərlərə də aiddir" (Ramiz Rövşən).

Tərcümə həmin kitabda toplanmış məqalələrdə fəlsəfi problem olaraq da nəzərdən keçirilir. Bu baxımdan tərcümədə ifadə edən və ifadə olunanla əlaqələrin aydınlaşdırılması mühüm önəm daşıyır (Tərcümənin fəlsəfi əsaslarına dair. (filol. e.d. A.V.Rüstəmova) Müəllif tərcümənin bir sıra modelləri (transformasion model, semantik model, informasion tərcümə modeli) üzərində dayanır və onların iki dil arasındakı funksiyalarına aydınlıq gətirir.

"Tərcüməşünaslığın predmeti və problematikası" (prof.A.Ələkbərli). O, öz hissəsində tərcümə fəaliyyətinin təbiətini açır, tərcümənin məzmun və mahiyyətini, tərcüməşünaslığın bir elm kimi predmeti və başlıca problematikasını saf-çürük edir. Müəllifin fikrincə, tərcümə bir intellektual fəaliyyət kimi tərcüməçinin vasitəçiliyi ilə reallaşan geriçevrilməz, biristiqamətli, ikifazalı (orijinal mətnin təhlili və tərcümə mətninin sintezi fazalarının mütəmadi əvəzlənmədə davamiyyəti mənasında) nitq kommunikasiyasının dillərarası və mədəniyyətlərarası prosesidir.

Azərbaycanda tərcümə ədəbiyyatı tarixi (akad.M.Nağısoylu).

"Tərcümə ensiklopediyası"nda özünə yer etmiş ən mühüm məsələlərdən biri də Azərbaycanda tərcümə ədəbiyyatı tarixidir. Bu tarixi xronoloji ardıcıllıqla öyrənməyin mürəkkəbliyi mütəxəssislərə bəllidir. Bu hissə akademik M.Nağısoylu tərəfindən uğurla qələmə alınmışdır. Müəllif hər bir xalqın ədəbiyyatının yeni-yeni məzmun və ideyalarla, müxtəlif janr və formalarla zənginləşməsində bədii tərcümənin böyük əhəmiyyətini, özünəməxsus yerini göstərməklə yanaşı, XIV- XX əsrlərə aid bədii tərcümə örnəklərini müəyyənləşdirmiş, onların türk və Avropa dillərinə tərcümə imkanlarını üzə çıxarmışdır. O, tərümə ilə orijinalın mətnlərini müqayisə etmiş, özündən əvvəl tərcümə işi ilə məşğul olan alimlərin əməyəinə yüksək qiymət vermişdir. Bu işi, fəaliyyəti yalnız inkişafda izləyən M.Nağısoylu Azərbaycan tərcümə ədəbiyyatında zaman-zaman ciddi dəyişikliklərin baş verdiyini də xatırladır. XIX əsrdən danışan müəllif yazır ki, əvvəllər yalnız klassik Şərq ədəbiyyatından dilimizə tərcümələr edilirdisə, 19-cu əsrdən başlayaraq rus dilindən və rus dili vasitəsilə Avropa ədəbiyyatından da ayrı-ayrı əsərlərin tərcümələri ortaya çıxmağa başladı. Elə bu səbəbdən də akademik həmin dövrün tərcümələrini aşağıdakı iki qrupda araşdırmağı məqsədəuyğun hesab edir: 1) Klassik Şərq ədəbiyyatından, əsasən də fars dilindən edilən tərcümələr, 2) Rus və Avropa ədəbiyyatından edilən tərcümələr (s.93).

M.Nağısoylu Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsindən başlayaraq (Z.Bünyadov, V.Məmmədov) tərcümə ənənəsi və onun növlərini tarixi aspektdə doğru-dürüst faktlara söykənərək konkretləşdirə və ümumiləşdirə bilmişdir.

Müəllif müxtəlif yüzilliklərə dair Azərbaycan türkcəsinə tərcümə edilmiş əsərlər üzərində müşahidələr aparmış, əsasən həmin dövrlərdə Azərbaycanda dini-bədii, tarixi-bədii, həmçinin də fəlsəfi məzmunlu kitabların tərcüməsinə böyük tələbat və ehtiyac olduğunu, dövrün bədii tərcümə nümunələrinin həm ədəbi əlaqələr tarixinin, həm də ədəbiyyat və dil tarixinin hərtərəfli öyrənilməsində əvəzsiz mənbə rolu oynadığını nəzərə çatdırmışdır.

Ensiklopediyanın tərcüməşünaslığın bir elm kimi məsələlərinin konkret həlli üçün nəzəri fon yaradılır. Ensiklopediyanın əhatəsi bu baxımdan genişdir: Tərcümə nəzəriyyəsi, təcrübəsi, tarixi və metodikasının müxtəlif və çoxaspektli tərəfləri izah olunur.

Kitabın sonunda "Azərbaycan tərcüməşünaslıq terminləri lüğəti" (əsas korpus) verilmişdir. Bu kiçik lüğətdə adaptə edilmiş tərcümə, adekvat tərcümə, antonimik tərcümə, bədii tərcümə, buraxılma, cümlələrin parçalanması, dəqiq tərcümə, ekvivalent tərcümə, hərfi tərcümə, xüsusi tərcümə nəzəriyyəsi, informativ tərcümə, kompensasiya və s. terminoloji termin-anlayışların mənaları izah edilmişdir.

Bu lüğətin bir mühüm cəhəti də onun tətbiqi xarakterli olması ilə əlaqədardır. Gələcəkdə bu lüğəti genişləndirməklə onun müvafiq universitetlərin tərcüməçilik fakültələrində, akademiyaların uyğun şöbələrində, kafedralarında tələbələr, magistrlər, bu sahədə tərcümə tarixçiləri, nəzəriyyəçiləri, praktik tərcümə ilə ardıcıl və sistemli məşğul olan doktorantlar, dissertantlar gərəkli mənbə, olduqca önəmli ensiklopedik vəsait kimi istifadə edə bilərlər (R.Manafoğlu, N.Tağısoy və R.Kamalın "İzahlı tərcüməşünaslıq terminləri lüğəti"nə baxmaq olar).

Arzu etmək olardı ki, ensiklopediyanın gələcək nəşrlərində şifahi tərcümə məsələlərinə də geniş yer ayrılsın. Şifahi tərcüməyə də xüsusi diqqət yetiriməlidir və belə tərcümə işlərində çətinliklər, mürəkkəbliklər aşkar olunmalıdır. Bizə elə gəlir ki, bu işdə çətinliyin əsas səbəbi mövcud iş şəraiti, avadanlığın nasazlığı, keçirilən tədbirə hazırlıq üçün zamanın məhdudluğu və ya yoxluğu, mövzu ilə tanışlığın azlığı, bəhs olunan sahənin mürəkkəbliyi, həmçinin də bu sahədəki mürəkkəb anlayışlar səbəb ola bilər.

Fikrimizcə, Azərbaycan tərcüməşünaslığının nəzəri-praktik problemlərini işıqlandıran ilk və uğurlu təşəbbüs kimi bu əsər həm tərcümə sənətinin elmi-nəzəri problemlərini öyrənmək baxımından, həm də tədris-metodiki cəhətdən çox dəyərlidir. Gələcək milli tərcümə kadrlarının hazırlanmasında, əlbəttə, bu kimi dəyərli əsərlərin ortaya çıxması sevindiricidir.

İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor

 





13.07.2018    çap et  çap et