525.Az

“Azərbaycandakı tolerantlıq mühiti dini dözümlülüyə əsaslanan uğurlu siyasətin nəticəsidir”- davamı


 

“Azərbaycandakı tolerantlıq mühiti dini dözümlülüyə əsaslanan uğurlu siyasətin nəticəsidir”- <b style="color:red">davamı</b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Aydın Əlizadədir. 

– Sizin fikrinizcə, Azərbaycanda dini konsepsiyaların və milli ideologiyaların tərtib olunması zamanı nələr nəzərə alınmalıdır?

–  Bu zaman cəmiyyətdə dini dünyagörüşünün bir neçə səviyyədən ibarət olması nəzərə alınmalıdır. Birincisi, fərdi səviyyə – dini ideyaların fərdlər tərəfindən mənəvi saflığ məqamına çatmaq üçün qəbul edilməsidir. Bu proses müsbət xarakter daşıyır. Dinin ardıcılları fərdi şəkildə özlərini dini dəyərlər ruhunda tərbiyələndirir. Bunun nəticəsində iNsanlar arasında saf və səmimi münasibətlər yarana bilər. Bundan başqa, Vətənə sevgi, vətənpərvərlik, xarici təcavüzlə mübarizə, cinayət tərkibli işlərdə iştirak etməkdən çəkinmə, xeyriyyəçilik, ümumi mədəniyyət kimi müsbət hisslər inkişaf edə bilər. Bu cür vətəndaşların çoxalması dövlət maraqlarına uyğundur, çünki çox yüksək mədəniyyətli və təmiz qəlbli insanlarla nəhəng problemlərin həll olunması işi asanlaşır. Dinlərin bu cür potensialından Azərbaycançılıq ideologiyasının yaradılmasında istifadə etmək zəruridir. Sadəcə, milli ideoloqlar onu dövlətçiliyimizin maraqlarına uyğun şəkildə tətbiq olunmasını təmin etməlidirlər.

İkincisi, dini dünyagörüşün ictimai səviyyəsi də dövlət quruculuğu və milli ideyaların formalaşdırılmasında pozitiv rol oynaya bilər. Dini icmalar cəmiyyətin mədəniyyətinə və əxlaqına müsbət təsir göstərə bilər. Onların dini qardaşlıq əsasında qurulan iqtisadi və ticarət fəaliyyətləri cəmiyyət üçün xeyirli ola bilər. Yüksək əxlaq prinsipləri əsasın da qurulan iqtisadi qurumlar dövlətin ümumi iqtisadi siyasətinin tərkib hissəsi ola bilər.

Üçüncüsü, dini dünyagörüşün siyasi səviyyəsinə gəldikdə isə, yuxarıda qeyd olunduğu kimi, burada müəyyən problemlər mövcuddur. Bir tərəfdən, dinin siyasiləşdirilməsi çoxlu problemlər yarada bilər. Lakin digər tərəfdən dindarlar ölkənin bərabərhüquqlu vətəndaşları kimi, dövlət qurumlarının hər bir orqanında təmsil oluna bilər. Qeyd etmək lazımdır ki, saf dini əxlaqın ölkədaxili və xarici siyasətin hansısa məqamlarında istifadə oluna bilər və bunun xeyri də ola bilər. Məsələn, dini dəyərlər əsasında cəmiyyətdə müəyyən ixtilaflı vəziyyətləri tənzimləmək olar. Lakin bu proses ölkə qanunlarına və Konstitusiyaya zidd olmamalıdır, dövlətin dünyəvi xarakterinə xələl gətirməməlidir.

Beləliklə dövlətin dinlərə qarşı siyasəti bir neçə müstəvidə həyata keçirilməlidir. Birinci növbədə onlar arasında qarşılıqlı əməkdaşlıq və anlayış ab-havası qurulmalıdır. Hər iki tərəf qanunlara riayət etməli və problemləri sivil metodlarla həll etməlidir. Dövlət əhalinin dini sahədə maariflənməsində maraqlı olmalıdır. Konstitusiyamızın əsasında dövlət təhsilimiz yalnız dünyəvi ola bilər və bu imkandan səmərəli istifadə edilməlidir. Kütləvi informasiya vasitələrinin də maariflənmə işlərində istifadə olunmalıdır: elmi, tarixi, fəlsəfi verilişlərin həcmi artırılmalıdır.

Maarifçilik təkcə dini sahəni deyil, həm də tarix, fəlsəfə, kulturologiya, incəsənət və tətbiqi elmlər sahəsində aparılmalıdır. Millətin dünyagörüşü artmalıdır, yalnız bundan sonra insanlar sağlam düşüncəyə malik ola bilib, birtərəfli propaqandanın təsiri altına düşməzlər. İntellektual səviyyə nə qədər aşağı olsa, bir o qədər də mövhumat, təriqətçilik ideyaları üçün zəmin yaradılır. Maariflənmə işi getməsə, müxtəlif ideologiyalarla mübarizə aparmaq mümkün olmayacaq.

– Bu yəqin ki, təhsil sistemini də əhatə etməlidir...

– Dünyəvi təhsil sistemində humanitar fənlərin tədrisinə xüsusi fikir verilməlidir. Onlar gəncliyin dünyagörüşünün formalaşmasında həll- edici rol oynayır. Ali məktəblərin humanitar fakültələrində isə dinə aid olan fənlərin keçilməsi zəruridir, çünki bu sahədə dünyavi dünyagörüşünə malik peşəkar kadrlar yetişdirilməlidir. Tədris metodu və fənlər isə dünyəvi olmalıdır. Yəni dinlər dünyəvilik nöqteyi-nəzərdən öyrənilməlidir və bu ruhda dərsliklər yazılmalıdır. Orada dinlərin fəlsəfəsi, dinşünaslıq, mədəniyyətşünaslıq, etika, estetika, fəlsəfə tarixi, tarix fənlərinin keçilməsi olduqca vacib məsələdir. Bununla cəmiyyətdə dinlərə münasibətdə müxtəlif fikirlər yaranır, polemika aparılır və heç bir dini cərəyanın ehkamları düşünülməyib, əhalinin çoxu tərəfindən qəbul edilməyib. Lakin təəssüflər olsun ki, ali məktəblərdə humanitar fənlərin və xüsusi ilə fəlsəfə fənnin tədrisi son vaxtlar məhdudlaşdırılıb. Bu proses davam etsə, gələcəkdə müəyyən problemlərin yaranması istisna edilə bilməz. Dünyagörüşü özü-özündən yarana bilməz, onu qidalandırmaq və inkişaf etdirmək lazımdır. Humanitar elmlərin tədris saatlarının məhdudlaşdırılması bu inkişafın qabağını alır. Bu cür gəncliyi isə radikal təriqət nümayəndələri asanlıqla öz təsiri altına ala bilər.

Maarifçiliklə bərabər cəmiyyətdə sosial problemləri effektiv həll etmək və əhalinin güzəranı yaxşılaşdırılmalıdır. Maddi cəhətdən çətinlik çəkən, sosial problemləri həll edilməyən xalqın arasında radikal ideyaların yayılması üçün əlverişli zəmin yaradır. Cəmiyyətdə olan qanunsuzluqlar, məmur özbaşınalığı, rüşvətxorluq, korrupsiya halları da xalq arasında narazılığa səbəb olur. Belə olan halda sadə xalqın böyük bir hissəsi radikal dini ideyalara cəlb oluna bilər. Beləliklə, dövlət ölkədə sabit dini duruma nail olmaq üçün böyük kompleksli tədbirlər həyata keçirməlidir. Bu işlər yüksək peşəkarlıq səviyyəsində görülməlidir və bu sahəyə respublikanın elmi potensialı cəlb olunmalıdır. Görülmüş işlərlə kifayətlənmək olmaz, yeni-yeni addımlar atılmalıdır.

– Tədqiqatlarınızda həm də tarixdə və günümüzdə ölkə-din məsələsini araşdırırsınız, Azərbaycanda ölkə-din məsələsində yenidənqurmanın gərəkliliyini vurğulayırsınız. Bununla bağlı nə deyə bilərsiniz?

– Çeşidli inanclar, insan tarixinin ilk çağlarından olub. Ancaq onların  o dönəmlərdə toplumun yönəldilməsində önəmlilik məsələsi dartışmalıdır. Bəlkə də ilk çağlarda daha da çox özgürlük ortamı yaşanıb. Miladi eradan əvvəl V-IV yüzilliklərdə Misir, çaylararası, Hind, Çin kimi bölgələrdə ilk insan sivilizasiyaları yaranıb. Artıq bu çağlardan başlayaraq bəsit inanclar dinə çevrilib, ölkələrin yaşamında önəmli yer tutub. Kahinlər çox güclü bir zümrə olaraq ölkəni idarə edib, ya da çarlara nüfuz edərək onların əlləri ilə ölkə yaşamına təsir edirdilər. Tanrıların üstünlüyü, kahinlərin onların yerdəki vəzifələrini icra etməsi, axirət kimi inanclar ölkənin yönətilməsində çox önəmli elementlərdən olub. Bəzən isə çarlar özlərini tanrı, ya da tanrı təmsilçiləri kimi tanıdaraq, yönətici ilə kahinin vəzifələrini özündə birləşdirib.

Bununla belə, hələ o zamanlarda kahinlərin ölkəyə aşırı nüfuzlarına qarşı çıxışlar, onların güclərini azaltmaq üçün cəhdlər olub. Bir çox çarlar da kahinlərin çox artmış nüfuzundan azad olmaq üçün bunu edirdilər. Toplumların inkişaf etməsi əski dinlərin təlimlərində, kahinlərin dediklərində düşüncəyə ayqırı olan məqamların açılmasına gətirib çıxarırdı. Bilimlər, düşüncə irəlilədikcə fəlsəfi məktəblər də yaranırdı.  Hindistanda çarvaka ilə sankhya, Yunanıstanda materializm və atomizm oxulları buna örnəkdirlər. Bundan başqa əski yazarların, qoşmaçıların yazınlarında da dini baxışlara qarşı çıxışlar olub. Buna örnək Misirin “Arfaçının dastanı”, Ksenofanın, Diaqorosun yazıları və qoşmaları, Sokratesin, Epikurun, Titus Lukretsius Karın (deizm) baxışlarıdır.

Orta çağlarda dini baxışların üstünlüyü ortamı yaşanıb. Ancaq o çağın yönəticiləri ilə kahinlər özlərini birbaşa Tanrı deyil, Onun təmsilçiləri, ya da qanunlarını uyqulayanlar kimi tanıdırdılar. Dini yaşam biçimi çarlıq yönətimi ilə müşaiyət olunurdu. Çarlar kahin vəzifəsini də yerinə yetirə bilərdilər. Buna örnək Roma papası, Bizans imperatorları, ərəb xəlifələri idi. Başqa durumlarda isə çarların kahinlərlə görəvləri ayrılıb. Ancaq kahinlər, çarlara təsir edərək, topluma nüfuz ediblər. Buna örnək Fransa, İspan kralları, Osmanlı, Səlcuq sultanlarıdırlar. Belə olanda, əski çağlarda olduğu kimi, krallar kahinlərin təsirini azaltmağa, öz hakimiyyətlərini  bərkitməyə çalışırdılar. Bu da dinin təsirinin azaldılmasına doğru yönəlmələr kimi dəyərləndirilir.

Dindən ayrılma prosesində Avropa Renessansı böyük rol oynayıb. O dönəmin düşünürləri olan Makiavilli, Rable, Leonardo da Vinçi, Deperye və başqaları kilsə quruluşunu tənqid edirdilər.  Renessansla birgə kilsənin parçalanması, protestantlığın ortalığa çıxması olayları baş verib. Protestantlıq isə dini etkinin bir qədər azalması ilə müşaiyət olunurdu. Bu zaman şübhəçiliyə yönəlmələr də çoxalıb.

XVII-XVIII yüzilliklər boyu dindən aralanma prosesləri artmaqda idi. O çağlarda deistik fəlsəfələr inkişaf edib. Bu sahədə Hobbs, Holbax, Toland, Yum kimi düşüncə sahibləri çalışıb.

XVIII yüzilliyin sonunda baş verən Böyük Fransız inqilabından sonra dünyəvilik siyasəti ortalığa çıxıb, xristian inancı yeni inancla dəyişdirilib. Az sonra isə xristianlıq öz yerini qaytarıb, ancaq dünyəvilik meyilləri getdikcə artıb. Bu yönəlmələr başqa ölkələrə də yayılıb. XIX yüzillik boyu dindən qaçma meylləri daha da artıb. Bunun səbəbi öncə görünməmiş bilim və texniki gəlişmə yeni açılışları olub. O zaman Nitsşe, Şopenhauer, Marks, Feyerbax kimi mütəfəkkirlər dinlərə qarşı tənqidi çıxışlar ediblər.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





22.07.2013    çap et  çap et