525.Az

Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar


 

CEYHUN BAYRAMOV: “BEYNƏLXALQ FƏNN OLİMPİADALARINDA QALİB OLMAQ ÇOX YÜKSƏK GÖSTƏRİCİDİR”

Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar<b style="color:red"></b>

“Təhsil haqqında” qanunda ən əhəmiyyətli və gözlənilən, bir o qədər də ciddi müzakirələrə, fikir ayrılıqlarına, hətta narahatlıqlara səbəb olan dəyişikliklərdən biri də beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

Təhsil naziri Ceyhun Bayramov bu dəyişikliyi belə izah edib: “İndiyədək mövcud olan qanunvericiliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri Azərbaycan ali təhsil müəssisələrinə öz ixtisaslarına uyğun qəbul olunmaq imkanı əldə edirdilər. Halbuki beynəlxalq fənn olimpiadalarında qalib olmaq çox yüksək göstəricidir. Ona görə də bu nailiyyəti göstərən gəncə istənilən universiteti və ixtisası seçməkdə məhdudiyyət qoymağı ədalətli hesab etmədik. Bununla həm də istedadlı gənclərin olimpiadalara olan marağını artıracağımızı düşündük”.

Beləliklə, Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbul olunaraq təhsil almaq hüququ verilib. Respublika Fənn Olimpiadalarının qalibləri isə yalnız öz ixtisası üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul ediləcəklər. C.Bayramov bu qərarla bağlı deyib: “Təhsil haqqında” Qanunda Respublika Fənn Olimpiadaları ilə bağlı norma nəzərdə  tutulmurdu. Bu dəyişiklik də uzun təhlillərə əsaslanır. Belə ki, 2015, 2016 və 2017-ci illərin olimpiada qaliblərinin ali təhsil müəssisələrinə qəbul zamanı göstərdikləri statistik rəqəmləri araşdırdıq. Gördük ki, 8 fəndən minimum orta bal coğrafiya olimpiadasında qalib yer tutanların nəticəsində özünü göstərib. 2017-ci ildə onların orta balı 648 bal, riyaziyyat üzrə yer tutanların isə 676 bal olub. Olimpiada qaliblərinin orta göstəriciləri 656 bal civarındadır. Bu da ona dəlalət edir ki, Respublika Fənn Olimpiadalarında təsadüfi şagird yer tutmayıb. Bu, çox ciddi yarışdır və ancaq yaxşıların yaxşısı seçilir”.

C.Bayramov olimpiadaların təşkilində həyata keçirilən islahatlardan da danışıb: “2014-cü ildən başlayaraq, beynəlxalq formata uyğun kifayət qədər əsaslı dəyişikliklər etdik. Qeyd edim ki, bizdə fənlərin sayı daha genişdir, nəinki Azərbaycanın da iştirak etdiyi dünya fənn olimpiadalarında”.

Təhsil naziri bu təşəbbüsdə nazirliyin məqsədini açıqlayaraq deyib: “Onları motivasiya etməliyik. Çünki bir çox halda belə faktların da şahidi oluruq ki, IX sinifdə olimpiadada iştirak edənlər yuxarı siniflərdə bilik yarışlarına qatılmaqda maraqlı olmurlar. Ali təhsil müəssisələrinə hazırlığa üstünlük verirlər. Ancaq olimpiadada qazandıqları uğurların da nəzərə alınacağından əmin olsalar, qatılmaqda tərəddüd etməzlər. Bunu nəzərə alaraq Respublika Fənn Olimpiadalarının qaliblərinə də ali təhsil sisteminə müsabiqədənkənar qəbul olunmaq şansı verməyi qərara aldıq. Ancaq Respublika Fənn Olimpiadalarının mükafatçıları dünya fənn olimpiadaları qaliblərindən fərqli olaraq, qalib olduqları fənnə uyğun ixtisas seçə biləcəklər”.

Bu qərar müvafiq qaydalar qəbul edildikdən sonra qüvvəyə minəcək. Qaydalar 5 ay müddətində hazırlanacaq. Həmin qaydalarda hər xırda ayrıntı müəyyən ediləcək. Məsələn, fizikadan Respublika Fənn Olimpiadası qaliblərinin hansı ixtisaslara imtahansız qəbul oluna biləcəyi dəqiq göstəriləcək. Həmin ixtisaslardan heç biri olimpiada qalibinin istəyinə uyğun deyilsə, imtahanlara qatılaraq arzuladığı ixtisas uğrunda mübarizə apara biləcək.

S.QARAYEVA

 





14.07.2018    çap et  çap et