525.Az

İlham Əliyev jurnalistlər üçün yeni tikilmiş binada- Fotolar


 

İlham Əliyev jurnalistlər üçün yeni tikilmiş binada- <b style="color:red">Fotolar</b>

Dövlət başçısı mənzillərə baş çəkib

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Əvvəlcə dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Həyətdə uşaq meydançası quraşdırılmış, müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı var.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü. Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdıran dövlət başçısı jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Jurnalistlərə mənzil verilməsi təcrübəsinin ilk dəfə Azərbaycanda tətbiq edildiyini deyən Prezident İlham Əliyev burada gələcəkdə gözəl kompleksin yaradılacağını, bu ərazidə yeni infrastruktur layihələrinin reallaşdırılacağını, ətrafın abadlaşdırılacağını söylədi. Mənzil alan jurnalistlər arasında müxtəlif siyasi baxışlara malik insanların olduğunu vurğulayan dövlətimizin başçısı dedi ki, bu, bir daha göstərir ki, ölkəmizdə ayrı-seçkiliyə yol verilmir.

Cəmiyyətin inkişafında jurnalistlərin rolunun böyük olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizdə azad jurnalistikanın fəaliyyət göstərdiyini bildirdi. Dövlətimizin başçısı demokratik cəmiyyətin inkişafında azad jurnalistikanın rolundan danışdı. Azərbaycanda söz və mətbuat azadlığının tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev dedi ki, son illərdə jurnalistlərin peşəkarlığı və məsuliyyət hissi artmışdır. Dövlətimizin başçısı Azərbaycanın uğurlarının və həqiqətlərinin dünyaya yayılmasında, ölkədə vətəndaş cəmiyyətin formalaşmasında mətbuatın xidmətlərindən də danışdı. Prezident İlham Əliyev bildirdi ki, KİV nümayəndələrinə dəstək və onların sosial məsələlərinin həllinə bundan sonra da böyük diqqət göstəriləcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) əməkdaşı Bətul Ayvazlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Prezident İlham Əliyevə KİV nümayəndələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi. Dövlət başçısı binada “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində oldu. Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilmişdir. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir.

Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış oldu. Binadakı mənzillərin hamısı sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunmuşdur.

Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak etdi. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaqdır. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir. Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir.
Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli mətbuatın beynəlxalq standartlara uyğun inkişafına başlanıldı. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanıldı. 2003-cü ildən bəri bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirildi. 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırıldı. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli binanın inşasına başlandı və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Ümumilikdə isə binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olunmuşdur

Azər TAc




 





22.07.2013    çap et  çap et