525.Az

Səni necə ovundurum?


 

Səni necə ovundurum?<b style="color:red"></b>

Səni lap çoxdan tanıyıram. Özümün də, sənin də gənc yaşlarından taleyin keşməkeşli anlarında, zamanın sonu görünməz burulğanında, ömür yollarının çınqıllı, daşlı-kəsəkli yollarında necə inamla addımladığını, hələ uşaq yaşlarından öz taleyinə bir məşəl kimi seçdiyin ülvi arzulara əzabla, əziyyətlə necə addım atdığını da bilirəm! Özünün dediyin kimi, sən dünyada mövcud olan bütün gerçəkliklərin nisbi olduğunu bilə-bilə bu yola, bu istəyə könül vermisən: istər orta məktəbdə, istər həyat dərslərində öyrənmisən, sənə göstəriblər, başa salıblar ki, bütün gerçəkliklər nisbidir. Sənin üçün gerçək olan başqa birinə tamam fərqli seçim ola bilər. Amma neyləyəsən ki, sən nisbiliyin özündəki gerçəyi dana bilmirsən, ondan vaz keçmək fikrin yoxdu...

Doğulduğun, böyüyüb boya-başa çatdığın, hər çınqılı, hər daşı sənə müqəddəs olan doğma Qarabağ torpağı hər gecə yuxuna girir. Səni narahat edir, bütün varlığını – özünü-özündən alır. Neyləyəsən axı... O, dilbər guşənin hər çiçəyi, hər gülü öz ətirli nəfəsi ilə səni oxşayaraq, səni ovsunlardı. Qəlbində baş qaldıran kövrək duyğulara sığınardı. Bu gözəllik, bu təravəti duymaq üçün qəlbinə ilham verərdi. Doğma kəndin dağlar qoynunda əsrarəngiz mənzərəsi, sanki bu dağlardan sallanmış cığırlar və bu cığırların sonunda öz saflığı, təmizliyi, sərinliyi ilə həmişə könlünü oxşayan o bulaq. O bulaq ki, sən onun suyundan içə-içə saflaşmısan, paklaşmısan, bu saflıq, bu təmizlik bir çeşmə kimi sənin ruhuna axıb, damarlarında dövran edib, elə misralarını da özünə oxşadıb...

Adətən, ilin, fəslin bu çağlarında insanı sərin guşələr, yaylaqlar, bulaq başı çəkir. Görünür, bu Allahın bizim üstümüzdə əkdiyi bir duyğudu, bir instinktdi, məqamı çatanda özü gəlir, özü danışır, özü havalandırır insanı. Özünün dediyin kimi, bir məqam tapıb Bakının boz sifətindən baş götürüb bir təbiət guşəsinə getdin. Gözəllikləri duymaq istədin. Qazancın olan bu vaxtın içərisində bir az ağaclarla danışdın, bir az yarpaqlarıyla, bir az meyvələriylə, bir az ağacın kök atdığı torpaqlarıyla, bir az da bu ağacın yaxasına əl uzatdığı göy üzüylə... Nə gözün yoruldu, nə könlün sıxıldı, nə də təzyiqinin mövcud olduğunu yadına saldı. Çünki bu yerin, bu məkanın hər addımı səni indi tapdaq altında qalan o yerlərə apardı. Hətta söyüd kimi budaqları sallanan alça ağacından bir alça da dərdin. Acgözlüklə yemək istədin. Duruxdun. Məlul-məlul bir əlindəki alçaya, bir də ətrafını bürüyən gözəlliyə baxdın. Ətrafındakılar görməsin deyə yanağından aşağı süzülən göz yaşlarını gizlətmək istədin. Bacarmadın... Xəyalların sənin qəlbində düzüm-düzüm düzülən misraları muncuqladı... Bu mirvari dənəsi kimi düzülən misralar səni kövrəltdi, qəribliyini bildirdi.

Güllələnmiş ürəklə

Getmək olmaz sabaha...

Ürəyimi güllələ –

Canım qurtarsın daha...

Bax, bu mənada sən həmin o guşədə pıçıldadığın şeirin havasında Qarabağın meşələrindən, bulaqlarından, çəmənliklərindən bağışlanmağını xahiş etdin. Boynuna aldın ki, sən də əlibaltalı o meşələrdə ağac kəsmisən. Çubuq doğramısan... Səndə hansısa bulağın yanında yeyib-içəndən sonra yır-yığış etməyi unutmusan, sən də hansısa talada, gözün ayağının altını seçmədən havalı gəzəndə gül çiçəyi tapdalamısan... İndi isə... İndi isə bu mənzərəyə baxanda ürəyindən qara qanlar axır....

1988-ci ildən əynində zabit paltarı əlində qələm, qəlbində yurd-yuva sevgisi, Vətən məhəbbəti gecə-gündüz yatmadın. Bir qarış torpaq üçün dəfələrlə sinəni sipər etdin. Hayqırdın... Üsyan etdin. Hər dəfə torpaqlar düşmən tərəfindən alındıqca elə bil köksün dağlandı. Parçalandı. Vuruşdun, çarpışdın.

Sənin doğma kəndin yüzlərcə yazarları öz qonaqpərvərliyi ilə qarşılamışdı. Öz şəxsi kitabxanana minlərcə nadir tapılan kitablar toplamışdın. Dağların qoynunda uşaqlığını, gəncliyini keçirdiyin evin isə həmişə qonaq-qaralı olardı. Sən o evdən heç bir şey götürə bilmədin. Götürmək də istəmədin. Təkcə açarlardan başqa... Qapıları bağladın, açarları cibinə qoydun... Və çıxdın... İnanmırdın, inanmırdın ki, ata-baba ocağı viran ola bilər... İnanmırdın ki, doğma Qarabağ torpağı yağı tapdağında inləyə bilər. Yetim qalar...

Ömrünün ağrılı-acılı, bir az şirin  məqamlarında elə bilmisən ki, nə isə etmisən, nəyinsə qulpundan, kiminsə qolundan tuta bilmisən. Amma baxıb görürsən ki, bu sənin xəyalın olub. Çünki hər şeyə, hər kəsə ürəyinlə baxmısan və düşünmüsən ki, qarşında olanlarında ürəyi var, onlar da sənə öz ürəkləri ilə baxacaqlar. Və sən ürəyinin qurbanına çevrilmisən:

Əllərim yarpaq tək əsdi

barmaqlarımı

Gizlədə bilmədim

Dözmək məni sıxdı

Nəfəsimi kəsdi

Dözümsüzlüyümə

Söz deyə bilmədim –

bağışla!

Bu dünyada qəlbi Vətən həsrəti ilə döyünən, iyirmi ildən çoxdur ki, kövrək baxışlarla üzü Qarabağa gedən yollara boylanan, öz qəlbini, ürəyini, varlığını şeirə çevirən, duyğulu yanıqlı, həzin-həzin pıçıldayan bir şairdir dostumuz. Əbülfət Mədətoğlu. Hər dəfə onunla olarkən doğma Qarabağın iyini, qoxusunu ondan alırıq. Sanki o dağları, bulaqları, yaşıl xalıya bənzər meşələri onunla birgə gəzirik...

Vidadi Tağızadə
Surxay Əlibəyli

 





22.07.2013    çap et  çap et