525.Az

"Bir vergül artırsan alın yazına, Allah öz əliylə pozur... nədəndi?" - Vaqif Bəhmənli


 

"Bir vergül artırsan alın yazına, Allah öz əliylə pozur... nədəndi?" - <b style="color:red">Vaqif Bəhmənli</b>

Özü bilər

Keçər karvan, ləpir qalar neyləsən -
qalan qalsın,
 özü bilər qalmayan.
Məndə sirr var,
 qan dondurar söyləsəm;
ölən ölsün,
 özü bilər ölməyən.

Dörd yanıma çiçək ətri saçılmış,
hər çiçəyi bircə-bircə seçilmiş
azad könlüm gülüstandı, açılmış-
girən girsin,
 özü bilər girməyən.

Qədirbilməz əl yelləsin,
  eh, desin,
Ahlar çəksəm;
 hardan əsir meh, desin -
Gözlərimdən daman qəmə şeh desin;
silən silsin,
  özü bilər silməyən.

Dayanmışam bir qayanın başında;
İfalımla yumşaldıram daşı da.
Anlar məni ağıllı da, naşı da
bilən bilsin,
  özü bilər bilməyən.

Arsızlıqda Vaqiflərə tay hanı;
yasım kimi təmtaraqlı toy hanı?
Yaranmışam güldürməyə dünyanı
gülən gülsün,
  özü bilər gülməyən...
    

2016

Bir azdan

Öpüşümün izi qalan
yüz qramlıq qədəh... nəm,
üstündən siqaret çəkirəm-
can salamat,
  fikir cəm!
Tüstü çıxır ağzımdan,
haçan qaralar sinəm,
nə olacaq bir azdan-
bax, mən bunu bilmirəm!

Eşqi gömmüş yerə kim?-
bunu bilmirəm dəqiq...
Bəlkə ona görə ki
dərində olur əqiq-
Nədən eşqin üstündən
basıb keçirəm dik-dik?-
Guya xas aşiqəm mən,
guya ayığam qazdan...
Bax mən bunu bilmirəm
nə olacaq bir azdan!

Önümə yüz qələt gələcək,
“gəl” gələcək, “get” gələcək,
alqış,  ya lənət gələcək,
hansı müsibət gələcək?...
Düşərmi  alın yazımdan
ya bir yolaq,  ya bir kərəm?
Nə olacaq bir azdan,
bax mən bunu bilmirəm!

Cilov can laxlaya-laxlaya
atımı dartır yoxluğa...
Ata yox, məni saxlaya,
ana yox, üstümdə ağlaya;
Məzarlar mələr olacaq...
Bir azdan nələr olacaq?-
bax mən bunu bilmirəm!
   
2017

Nədəndi

Daş durur daş üstdə,
  əl üstündə əl...
fikir baş üstündə azır -
   nədəndi?
Adamın üstünə adamdan əvvəl
özünü çatdırır məzar...
   nədəndi?

Kim nə xeyir görmüş qoca naxırdan?-
Ha say saydığını, say xırda-xırda...
Zəhmətin özünə qalır axırda,
fələk bildiyini yozur,
    nədəndi?

Dörd səmtin yolunu azan tanışlar,
Xəyalat elmində ozan tanışlar...
Yad tutmur adını,
   eyzan tanışlar
ayağın altını qazır -
   nədəndi?

Kimsənin çoxu yox,
   şükr et azına,
getməyən olubmu var güdazına?
Bir vergül artırsan alın yazına
Allah öz əliylə pozur...
   nədəndi?

Əl dizə çırpılır, daş başa çaxır,
Sübh ana südüdü, kəfəndi nahar!
Nə ələ, nə daşa, nə başa baxır,
Bəhmənli əfsanə yazır -
   nədəndi?
    
2017

İki Vaqif

Rəşadın oğlu oldu;
  qoğalüzlü, qaragöz -
Nəzrinin, Elmiranın “barmağı batdı bala”.
Bala Səfərə qardaş,
  baba Səfərə sirdaş,
Baba Vaqifə adaş...
      Adınla böyü, bala!
Davamlı olduğumu körpəlikdən bilirdim;
Kim deyirsə, səhv deyir -
             dünya boşdu,  yalandı...
Təzə Vaqif doğuldu, odlanıb yandı dərdim,
Ad addan od alandı,
  odlar adda qalandı. 

İkinci Vaqifdi bu,
  ürəyi nazik şüşə,
Cingiltili gülüşü çağlar şəlalə kimi,
Qulağı qoz ləpəsi, cüt baxışı bənövşə,
Bərk biləyi poladdı, kürəyi qaya kimi.

Baxmayın dincdi, sonra
  tükumüzü yolacaq;
Çölə tökülmür Vaqif...
           həm də müftə-müsəllim.
İndi “Vaqoş”du, sonra “Vaquliya” olacaq,
sonra şagird, tələbə, sonra Vaqif müəllim!

Elə ki, qoymusunuz siz ona Vaqif adı,
Mənim də beş-on kəlmə
söz haqqım var deməli.
Köhnə ad var, gül açıb,
  ad var, təzə - kif atıb...
Yaxşı adamdı, şəksiz, yaxşı adın təməli!

Mən övlad hərisiyəm, koram zərə, altuna,
Ad daşımaq əməldi, ada sitayiş deyil.
Girmisiniz çox ağır, çətin yükün altına -
Vaqifləri böyütmək heç də asan iş deyil.

Çətin günün dostudu, a Şəms,
birinci Vaqif;
Məcburam məsul yükü sizinlə qoşa çəkim.
Olsa da dar zindanın ən dərin
küncü Vaqif
Gərək adaş balamı hamıdan başa çəkim.

Gərək ona içirdim Arazı dibə qədər...
Qarabağın töhməti heç bizə yaraşmadı.
Müqəddəs arzularım itib batmasın hədər,
Deməsinlər birinci Vaqifdən kar aşmadı.

Yetərmi mətləbinə qoca Vaqif axır ki,
adaşından çıxarmı yaman gözə mil yonan.
Millətimin dərdi bol, qəmi elə ağır ki,
Vaqif adı qoyulsun gərək əlli milyona!

Cüt qolum ona quldu;
  üstünə keşik qoyun,
Kök işləsin dərinə, sulansın quyum gərək.
Tez ölsəm məzarımda baxmağa
deşik qoyun,
Onun hər addımına özüm
göz qoyum gərək.

... Sənə də deyiləsi, adaş,
   xəlvət sözüm var
İlk addımı mənə at, qulağını bəri tut.
Kiçik toyunu gördüm,
bəy toyunda gözüm var,
Ölməyə qoyma məni,
       o vaxtacan diri tut!

Ən ciddi arzum budur,
sənə söylədim, adaş,
Sonda bir zarafat da qoy qalsın aramızda;
Gözəllik gəzəcəksən, yaş üstə gəlincə yaş,
Birin seç özümüzdən...
     Gözəldi qaramız da!
Vaqiflər Vaqif olmaz Vaqif eşqi duymasa,
Sevdiyini görüşə, Yer pisdi, Göyə çağır.
Gəlin pasport adını dəyişməyə qoymasa
xəlvətlikdə sən onu “Rəhilə”, deyə çağır...

2017
 
Arzudan uca

Böyük qızım, dörd uşaq anası Şəms üçün

...istədim heç zaman
qopmayasan məndən-
iki gözüm olasan...
  olmadın!

İstədim yaşa dolmayasan,
alnın qırışmaya heç,
xəyala dalmayasan,
böyrümdə oyan-buyana qaçasan,
körpəcə quzum olasan-
   olmadın!
İstədim göy üzü kimi
 üstümdən
 çəkilməyəsən heç vaxt,
Üstəlik,
dan ulduzum olasan-
   olmadın!

İstədim,
dünyalarca yayılsın adın,
İşığın yol göstərsin yol azanlara,
çin olan arzum olasan,
   olmadın!

İstədim ata ocağından
iraq düşməyəsən heç vaxt,
bir açılıb-bir bükülən süfrəmizdə
şəkərim,
 çörəyim,
  duzum olasan-
   olmadın!

Elə ki, ətə-qana doldun,
elə ki, tanrıdan qanad aldın
  qanadlandın.
Ata arzularının
əksinə uçdun yaxşı ki,
 yaxşı ki, ana oldun!

Sən yaxşı bələdsən,
  qızım, atana-
bir bax... yenə kövrəldim,
yenə... gözüm doldu!
Danışdım öz-özümə;
Anadan əziz nə var,
analara can qurban,
nəmənədi arzular-
sənə və dörd balana
qoy olsun atan qurban!
   
2017

Tək bircə

Bilmirəm nə sirdi-
  məndə
hər nə var, birdi...
Allahım
tək bircə oldu,
 tək bircə,
Tək bircə doğuldum,
 tək bircə...
Tək bircə Göyüzüm,
Yerüzüm tək bircə,
irəli tək bircə,
geri tək bircə,
Təkbirə yetməyən
didərgin ruhum,
Tək bircə üşüyən
dərim-
 tək bircə...

Məntək ola bilməz
heç kim tək bircə,
Arvadım tək bircə,
eşqim tək bircə

Yolum da tək bircədi,
içim də tək bircədi,
çölüm də tək bircədi,
Özü öz xidmətində
qulum da tək bircədi,

Qızlar saya sayılmır,
oğlum da tək bircədi...
Dünya Vaqiflə dolu;
çox da şana-şanadı
çox da pətəkdi adım,
Vaqif  karxanasında
yenə də təkdi adım.
Məramim tək bircə,
odum tək bircə,
Millət andıdı andım-
  tək bircə.
Həqiqət eşidir,
həqiqət görür
qulağım tək bircə,
gözüm tək bircə.
  
2017

Ayrılıq

Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdi, qal, sənə qurban...
M.Müşfiq

Addımı atan sən,
  mən addıma sədd -
getmək özünlükdü...
  yol mənə qalsın.
Cilovu taraz tut, atlansın həsrət,
Altda qan bürüyən nal mənə qalsın.

Duymasan da olar baxışlarımın
arxanca hönkürən alqışlarını...
Sinəndən sim ayır,
  çöl quşlarının
təlaşlı nəğməsi,
   çal, mənə qalsın!

Qalsın uşaq kimi,
  qoca - başına,
dönsün gül bağında bəzək daşına...
Çələnglər hörsünlər uca başına
toz tutan daş çiçək, gül mənə qalsın.

Budur son qərarım ağıllı-başlı;
Dolaş gülüstanda yanı yoldaşlı,
Dəymə həsrətinə,
  gözləri yaşlı,
təpəsi qapazlı lal mənə qalsın.

Axır ki, oxşadın oxşamışına -
bircə dən qoymadın qala qışıma...
Gündüzlər torpaq ye,
  dəniz iç axşam,
itin bəyənməyən yal mənə qalsın.

Arı balı neynir? Bal səninkidi,
Qanları bağlayan şal səninkidi,
Apar yanağında,
  xal səninkidi,
Ürəkdə qaralan xal mənə qalsın!
    2018
Qoca və ocaq

Elə ki, yaş keçir,
  can girgin olur,
Canı qoymaq üçün
  tapılmır bucaq.

Həyat-
 ya məşəqqət, ya sürgün olur-
tapılır yenə də bir fərqli qoçaq...


Darıxıb təklikdən o qoca kişi
Quru  budaqlardan
  qalayır ocaq;
Tüstü ona gəlir, gözünü deşir-
yəqin nişanlısı göyçək olacaq!
   

2017

Gül

Məhləmdə bir gül bitib -
mən onu çox sevirəm.
Ən azı,
 ollam iti...
sonrasını demirəm!

O gülün saplağı düz,
Yan-böyrü məmə kimi.
Ləçəkləri qızaran üz
tikanları qəmə kimi.

Necə düşübdü püşkümə,
bitib, açılıb haçan?
Güldü,
 solar üç-beş günə,
ətiri  qalar goracan...
  
2016

Son vağzal

Çoxdan çəkilib əl-ayaq,
vağzal qorxuncdu div kimi;
bu da əlçatan sonuncu budaq,
bu da qışacan qalan sevgi...

Dalda hanı qəriblərə? -
açılan qucaq nə gəzir!
Ağ başımı qara yerə
soxmağa bucaq nə gəzir...

Xəlvət keçib, yavaş keçib -
vaxt çürüdüb son sapını,
döyə bilmərəm, yaş keçib
rasta çıxan hər qapını...

Ağ sükut bürüyüb ağ zalı -
nakamlar yatışıb sağ-solda.
Son sevginin son vağzalı
məzardı ən yaxşı halda.
   
2016

Gedək

Yaraşmaz,
 töküb,  töküşdürüb
Necə gəldi... varaq gedək.
Qapı-bacanı süpürüb
təmiz yığışdıraq gedək!

Tilsimləyək odu buzda,
yuva salaq qənddə, duzda...
dəqiq bilək, yurdumuzda
işıq saçır çıraq -
   gedək.
Həyat sərtdi, yolu çəti n,
yada inam yoxdu qəti!
Son fikrimdi,
  bu külfəti
Allaha tapşıraq gedək.

Azımız var, çoxumuz var -
Bizim nədən qorxumuz var?
... öndə dərin yuxumuz var
daha gecdi, duraq gedək!
   
2016

Hal

İş başımdan aşanda da
başım dan çıxmır xəyalın.
Hicrin içrə çaşanda da
yoluma çıxır vüsalın.

Qafilliyə macalım yox -
dərsimi verir kamalın.
Heç sorğuna  cavabım yox -
varmı ayrı bir sualın?

Əyirəm, həsrət əyilmir,
Can zəifdi, divar qalın.
Bu tifil sənin deyilmi
qisməti qış, əyni yalın?

Yaşlı başı huş aparır;
Tərpət, oyanım, zalım...
Lalıq dərdi quş aparır,
üstümdə çürüyür kalım!

2015. Naftalan.

Qardaş söz

İstinad nöqtəsi var sevgi şeirimin,
    onun
Sonuna nöqtə deyil,
imzalı baş qoymuşam.
Aparmışam irəli qədimi arabanı,
Yoxuşlarda təkərin dalına daş qoumuşam.

Söz və qadındı bəlkə dünyanın ilkin xalqı,
Şairlər Siziftəki daş dartır, diki qalxır...
Görmüşəm ki qırılır susundan sevgi xalqı
Qupquru kəlmələrin gözünə
yaş qoymuşam.

Dəyişmir ki, söz yolu -
       həmən dibək, həmən daş,
Əsas məqsəd yanmaqdı,
  fərq eləməz quru, yaş...
Necə ki, qız çiynini oxşarlar yavaş-yavaş,
Bakirə söz çiyninə əli yavaş
qoymuşam.

Axtarmaqda dov gəlib
İsaq-Musaq quşuna,
Düppələndüz yetmişəm
itmiş öküz tuşuna...
Madonnanın boz üzü
heç gəlməyib xoşuma,
Onun solğun alnında
göz ustdə qaş qoymuşam.

Olanlar olub daha, daha keçənlər keçib,
Söz içimin içidir, içim də sozün içi.
Ötəri gözəllərə sözdən zərli don biçib,
Dərdimdən ölənləri eyzan
çaş-baş qoymuşam.

Sevgi Allaha məxsus; ağzıbağlı xəzinə,
Ora çatmaqçün gərək zülm edəsən dizinə.
Leylilərə gözucu baxmayıb əvəzinə
Söz yolunda Məcnundan dəli
savaş qoymuşam.
Bu da muraz gecəsi,
  bu da böyük toy günü,
Yorulmuş qəm karvanım hara qoysun yükünü?
Həsrət çal-çağır qurub,
açıb mənə könlünü...
Bəla dolu başımı toya şabaş qoymuşam!

Arıya zəhmət qalır, ballı şana ögeydi,
Ürəkdə yardan qalan xal-nişana ögeydi.
Bir sevgi iki canda... ata, ana ögeydi;
Onçun sevgiyə sözü
doğma qardaş qoymuşam.
     
2018

Ustadnamə

Sınacaq daşlarda abdalın büstü,
Aqili cənnətə iz aparacaq.
Bu fani mənzildən kimini tüstü,
Kimini
 qatbaqat toz aparacaq.

Ağlı, fərasəti yaradan bölüb,
Fərqlidi hərənin toxumu, dölü...
Desələr,
 obanın igidi ölüb,
Aşıq -
 qoltuğunda saz aparacaq.

Bülbülün tikanlı tində nə işi?-
onun tanrısı gül;
  dində nə işi,
zirvə qartalının hində nə işi -
ördəyi yuxusuz qaz aparacaq.

Axmaqdı cəng edən gürzələr ilə,
Bəxtin sərhəddi var nizələr ilə,
Gələndə Əzrayıl qəmzələr ilə
Sidqi sıyrılanı naz aparacaq.

Zəmanə qəhr etdi,
  qurudu bostan,
Alma nağıllıqdı,
  sonsuzdu dastan...
Adını andığın qohumlar, dostlar
ovcunda bir çürük qoz aparacaq.

Həqiqət yolunda divdi can özü,
Xəyanət quyuya gedən qan izi...
Namuslu qadını
  yaradan özü
cənnət gərdəyinə qız aparacaq.

O kimdi dəvəni toya yollayan -
Dördqat büküləcək hürgüclü maya...
Odun daşıyacaq İsmayıllıya,
Dönüb Naxçıvana duz aparacaq.

Kor olan, kar olan mətləbi bilməz -
Gözə yol göstərər ürəkdəki səs.
Abırsız dünyada xoşbəxtdir o kəs
Zülmətə işıqlı üz aparacaq.

Görmüşəm, alışır qar köynəyində,
yanmışam yaxası dar köynəyində.
Mən gora gedəcəm yar köynəyində;
yalandı, desələr “bez aparacaq”.

Rədifim köhnədi -
  dodağı püstə;
canıyla əlləşir canbəsər xəstə...
Ellər hönkürəcək cənazəm üstdə -
Vaqif  Bəhmənlini söz aparacaq!

2018

 





15.07.2018    çap et  çap et