525.Az

Mühacirətdə yaşanan mücahid ömrü


 

Mühacirətdə yaşanan mücahid ömrü<b style="color:red"></b>

Türkiyə Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulu

PROFESSOR MƏHƏMMƏD AĞAOĞLU HAQQINDA 

Yaxınlarda  siyasətçi, bilim adamı Bəhicə Boranın məktubları Türkiyədə iki cild halında nəşr edildi. Məktubların birinci cildi Boranın ailə fərdlərinə yazdıqları ilə onların verdikləri cavabları ehtiva etməkdədir. Boranın yazdıqları arasında  Azərbaycanın yetişdirdiyi  elm adamlarından sənət tarixçisi Məhəmməd Ağaoğlu və ailəsiylə bağlı qeydlər də var.

24.08.1896 tarixində İrəvanda Həsən bəy və Hanud xanımın oğlu olaraq dünyaya gələn Məhəmməd Ağaoğlunun tərcümeyi-halı haqqında Azərbaycanda  və Türkiyədə  dərinləməsinə bilgi yoxdur.

O, 1904-1912-ci illər arasında rus  gimnaziyasında oxuyub. 1912-ci ildə Moskva Universiteti Şərq araşdırmaları bölümündə İslam dövlətləri tarixi, fəlsəfəsi və dillərini öyrənib. 1916-cı ildə ədəbiyyat ixtisası üzrə məzun olub. İstanbul Universiteti ədəbiyyat fakültəsində  tutulan sicil qovluğunda 1914-cü ildə Moskvada Lazarev Şərq Dilləri İstitutunda oxuduğu göstərilir.

1918-1920-ci illər arasında Azərbaycan Cümhuriyyəti dönəmində  hökumətdə məmur olaraq işləyib. Sovet dönəmində Azərbaycandan çıxaraq İstanbula gəlib. Tanınmış arxeoloq və muzeyçi Osman Həmdi bəyin qardaşı, Asari-Ətiqə Muzeyi müdiri Xəlil Ədhəm bəyin diqqətini çəkib və onun tövsiyəsiylə Berlində Yena Universitetində 1923-1924-cü  illərində Klassik Arxeologiya, Erkən Xristian və Qərbi Avropa Sənətində  oxuyub. 1924-1927-ci illər arasında Vyanada Sənət Tarixi üzrə müdafiə edərək fəlsəfə doktoru adı alıb.  Dönüşündə İstanbulda Çinili Köşkdə İslam Əsərləri Kolleksiyasının başına gətirilib. 1928-ci ildə Türk və İslam Əsərləri Muzeyi müdiri olub. Eyni zamanda 1.3.1928 tarixində İstanbul Darülfünununun ədəbiyat fakültəsində Türk və İslam Sənətı müəllim müavinliyinə təyin edilib. Daha sona eyni fakültəyə Estetika və Sənəti Tarixi professoru təyin edilib. Türk və İslam Əsərləri Muzeyi II Məşrutiyyət illərinda Anadoludan yabançıların xalı,  mindər,  çini və mədəni əşya oğurlayaraq meydanda əsər buraxmamaları səbəbindən Xəlil Ədhəm bəyin sayəsində qurulmuşdu. Qalan xalıların qurtulması düşüncəsiylə hərəkət edilərək muzəydə xalı mütəxəssislərinin yetişməsinə diqqət edilmişdi.

Məhəmməd Ağaoğlu bəydən illərcə sonra bu muzeyə başqa bir azərbaycanlı  da müdirlik edib – professor Əhməd Cəfəroğlunun tək övladı olan Nazan Ölçər xanım Sultanəhməddəki “İbrahim  Paşa sarayı” da deyilən bu muzeyin 1978-ci ildə müdiri olub və 2003-cü ilədək bu vəzifəni daşıyıb.

Məhəmməd Ağaoğlunun Amerikanın Detroyt şəhəri Sənət Tarixi İnstitutunun dəvəti üzrə 1.9.1929 tarixində Professorlar Kurulu qərarı ilə üç illiyə Amerika Miçiqan Universitetində vəzifə tutmasına icazə verilib. İcazə vaxtı bitdiyində geriyə dönmədiyinə görə muzeydəki vəzifəsindən çəkilmiş sayılıb. Bu tarixdə ədəbiyat fakültəsi dekanı olan tanınmış elm adamı  Mehmet Fuad Köprülü onu himayə edib.

M.Ağaoğlu 1938-ci ilədək Detroyt şəhərindəki Sənət Tarixi İnstitutunda  çalışıb, eyni zamanda Miçiqan Universitetində dərs deyib. Burada 1934-də “Art İslamıca” adlı sənət dərgisini çıxarıb. 1935, 1938-ci illərdə Prinston Universitetində qonaq müəllim olaraq dərs verib. 4 iyun 1949-da vəfat edib.

Türkiyədə bəzi elmi yayınlarda onun qarabağlı Ağaoğlu ailəsiylə qohum olduğu qeyd olunsa da bunun doğru olduğu inancında deyilik.

Məhəmməd Ağaoğlu,  mühacirət dönəmində elmi çalışmalarıyla yanaşı, milli məsələlərlə də maraqlanıb.  Müsavat  Partiyasının xarici bürosunun qərarı ilə Mədəniyyət Komitəsi nəzdində 1924-də İstanbulda qurulan Azərbaycan Gənclər Birliyinin fəal üzvləri arasında olub. Müdafiə etdikdən sonra Türkiyəyə döndüyündə siyasi mühacirətin nəşr etdiyi dərgilərdən “Odlu Yurd”da imzası görünür.

Məhəmməd Ağaoğlunun türk sənətiylə bağlı önəmli tapıntıları var. Avropa alimlərinin də qəbul etdiyi kimi, Ağaoğlu türk memarlığının Səlcuqlu mədrəsələrindən  Karatay və İncəminarəlidən  başlayaraq İstanbuldakı Şahzadə Camesinə qədər keçən 300 il içində addım-addım toplu bir çatı altına alınıb,  tikiliş tipinə doğru yürüyən bir inkişaf və yetkinlik dönəmləri  göstərdiyini isbat edib.

Ağaoğlunun sənət tarixi sahəsində türkcə, almanca və ingiliscə nəşr edilmiş məqalələri və iki kitabı var.

Məhəmməd Ağaoğlu Türkiyədəki mühacir azərbaycanlıların böyük hörmətini və sevgisini qazanan, Azərbaycanda Hüseyn bəy Camalbəyov kimi tanınan Hüseyn Camal Yanarın (1884-1974) bacısı Xeyrənnisa xanımın (vəfatı: İstanbul, 18.1.1949) qızlarından Qəmər xanımla (1903-1984) ailə qurub.  Qəmər xanımın fizika professoru Dilşad Talibxan Elbrus  və Sürəyya adlı iki bacısı da vardı. Sürəyya Talibhanbəyli Türkiyəyə gəldikdən sonra  İstanbul Universiteti ədəbiyat fakültəsi Türk dili  və ədəbiyatı bölümündə oxuyub, 1928-də “Qarabağ və İstanbul şivələrinin sövtiyyət cəhətindən müqayisəsi” adıyla 78 səhifəlik bir dissertasiya hazırlayaraq məzun olub.

Qəmər xanım həyat yoldaşı Məhəmməd Ağaoğlunun ölümündən sonra da Amerikada  yaşayıb. Onların tək övladları Güldəhən Luddendir.

Bəhicə  Boran bir Kazan tatarı ailəsində 1 mayıs 1910-da Bursada  dünyaya gəlib. Solçu olub. O, Miçiqan şəhərində təhsil alarkən Məhəmməd Ağaoğlu ailəsi ilə əlaqə qurmuş olmalıdır.

Bəhicə Boranın iki cilddə nəşr edilmiş məktublarının bəzilərində Məhəmməd Ağaoğlu ailəsi haqqında da qeydlər var. B.Boran Amerikadan anasına göndərdiyi ilk məktublarda Məhəmməd Ağaoğlu ailəsindən də yazıb. Böyük bacısı Nəfisə Urala 16.11.1934 tarixli məktubda yazdığı “bir də Şərq sənətı dərsi verən professor Məhəmməd Ağaoğlu bəy var. İndi özü İrandaymış. Gələcək ay təkrar buraya dönəcəkmiş.  Yoldaşı və on-on iki  yaşlarında qızı buradadır. Keçən gün onu (yoldaşını – Ö.Ö.) ziyarətə getdik. Orada da on ikinin yarısına qədər oturduq. Ufaq- təfək,  şirin və zəki bir qadındır. Ocağı yandırdı və bizə çay ikram etdi. İsinərək rahat və məmnun oturduq” cümlələriylə Ağaoğlu ailəsi haqqında ilk bilgiləri verib.

Məhəmməd Ağaoğlu  bu tarixlərdə Firdovsinin ölümünün 1000-ci ili münasibətilə Tehranda keçirilən törənlərə çalışdığı institut və Miçiqan Universitetini təmsil edərək getmişdi. Firdovsi yubileyi mühacirətdəki Azərbaycan mətbuatında da əksini tapmışdı. V.Nuh oğlu  taxma imzasıyla Mirzabala, Məhəmmədəmin Rəsulzadənin Almaniyada çıxardığı  “İstiqlal” qəzetinin  10 may 1933 tarixli 34-cü sayında  “Firdovsi” başlıqlı bir məqalə nəşr etmişdi.

Boran sürətli yaşayışa və fərdiyyətçi anlayışa sahib Amerikan toplumu içində ilk başlarda yalqızlıq çəkmişdi. Duyğularını böyük bacısına yazdığı 28 oktyabr 1934 tarixli məktubunda  açıqlayır: “Ətrafında bütün insanlar olduğu halda həqiqətdə tamamıyla yalnız və özü özündən məsul olmaq və ancaq hadisatın bir araya gətirdiyi,  bəlkə Türkiyədə heç bir zaman tanışmayacağın bir və ya  iki kimsəylə ancaq təcəddüdün verdiyi bir yaxınlıqla həmən  anlaşmaq və qosqoca yabançı cəmiyyətin içində kiçik bir miqyasda milli cəmiyyəti yaşamaq... Ən yaxın Faizə ilə mən,  sonra Robert Kollecdən Sərvət və bir iranlı çocuq var. Onlarla bərabər daha böyükcə bir qrup təşkil edirik. Ondan sonra Məhəmməd Ağaoğlu bəyin xanımı və Amerikalı ilə evlənən Vahibə var... Yürüməyə çıxdıq. Ağaoğlunun xanımını ziyarət etdik”.

Böyük bacısına yazdığı 19 may 1935 tarixli məktubunda  önəmli bilgilər var: “Raqib Nurəddin bəy buradaykən burada İslam sənət tarixi dərsi verən Məhəmməd Ağaoğlu bəylərə getmişdik. Raqib bəy pianoya oturdu, “Yeni Turan”ı  çaldı. O çaldı, mən söylədim. Əski günləri andıq. Məhəmməd bəylərin bir çox alaturka valları da var. Onları qrammofona qoyub məmləkəti düşünürük...”  

Anasına yazdığı 22 oktyabr 1936 tarixli məktubda Ağaoğlu ailəsiylə bağlı verdiyi bilgidə  “Məhəmməd Ağaoğlu bəyin xanımı Qəmər xanım da gələcək ay İstanbula gedir. Sabah yox o birisi gün (Cuma) bütün Türk tələbələrə çay verir” qeydini oxuyuruq.

Bəhicə Boranın  sənədləri İstanbulda Tarix Vakfındadır. Məktubları Məhəmməd Ağaoğlunun ömür yolunun da bəzi yönlərinə az da olsa işıq salır. Onun arxivində geniş araşdırma aparılarsa, möhkəm inamıma görə, fotoalbomlarında Ağaoğlu ailəsi üzvləriylə birlikdə çəkilmiş müxtəlif şəkillər tapmaq mümkündür.

 





23.07.2013    çap et  çap et