525.Az

Bioqrafiyalarımız çox şey deyir...


 

Bioqrafiyalarımız çox şey deyir...<b style="color:red"></b>

Hər bir insanı, onun həyatı və fəaliyyətini tərcümeyi-halından tanımaq olur; yaşadığı həyat onun barometridir, necə var, eləcə, yaşadığı ömrünü bütün dolğunluğu ilə əks etdirir. Onu dəyişmək, redaktə və əlavələr etmək olmur, o, yazılmır, ancaq yaşanılır.
 
Aradan illər keçir, geriyə baxanda yaşanmış ömür bir daha gözlərinin qarşısından keçir, o zaman gördüyün işlər haqqında, istər-istəməz hesabat verməli olursan. Burada bir fikri xatırlatmaq istəyirəm: "Tarix, əslində, yoxdur, olan-bioqrafiyalardır". Bu mənada bizim bioqrafiyalarımız keçilmiş yol haqqında çox şey, bəlkə də hər şeyi deyir... Çoxdan tanıdığım ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilov belə bir bioqrafiyaya malikdir. Nə zamansa xəyallarında zabit olmaq, orduda xidmət etmək arzusunu quranda Əfqanıstan, Qarabağ müharibələrində ölümün pəncəsindən çıxacağını xəyalına belə gətirmirdi. Ancaq bu ömür yaşandı və tərcümeyi halına yazıldı.  Onun bioqrafiyası yaşadığı ömrü, fəaliyyəti tamamilə əks etdirir. Təkcə bioqrafiyanı oxuyub onun keçdiyi yol, yaşadığı ömür haqqında müəyyən təsəvvürə malik olmaq olar.

Cəlil Xəlilovun 60 yaşı tamam olur; bilmirəm altmışın tez gəlişindən, yoxsa gecikməsindən danışım?! Çünki yaşadığı ömür böyük və keşməkeşlidir. Həm də hərbdə belə bir qayda var; müharibə zamanı hərbçinin bir günü iki gün hesab olunur. Məsələyə mənəvi cəhətdən yanaşsaq, bəlkə daha çox hesablanmalıdır. Çünki hər an ölümlə üz-üzə qalan hərbçinin ömürlüyünü bəlkə də hər hansı bir təqvimə sığışdırmaq çətindir. Cəlil Xəlilovun zəngin bioqrafiyasının böyük bir hissəsinə şahidlik etmişəm. Bir az da dəqiq ifadə etsəm, həyatının böyük bir hissəsi gözlərim qarşısında vətənə xidmətdə keçib. Onu tanıdığım zaman (90-cı illərin ortaları) mən Müdafiə Nazirliyinin orqanı "Azərbaycan ordusu" qəzetinin baş redaktor müavini kimi hərbi vətənpərvərlik istiqamətində gedən prosesləri yaxından izləyirdim. C.Xəlilov isə Sərhəd Qoşunları Silahlı Qüvvələrində xidmət edir, yeni ordu quruculuğunda peşəkar zabit olaraq çalışırdı. Tanışlığımıza qədərki həyat yolunu öyrənmək üçün isə yenə bioqrafiyasına müraciət edirəm. Nə yaxşı ki, bu bioqrafiyalar var!.. Hansı ki, onu yenidən yazmaq, redaktə etmək mümkün deyil... Polkovnikin ömürlüyünə nəzər salarkən özünü gənc yaşlarından orduya həsr etdiyini görürük. Hərbi istedadı və bacarığı onu Semferopol Ali Hərbi Siyasi Məktəbinə gətirib çıxarmış və oranı bitirmişdir.  Hərbi təhsillə kifayətlənməyərək 1982-ci ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakultəsini də bitirmişdir. Həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdı. 1985-87-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində işləmişdir. Sovetlər dönəmində hər bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan müharibəsi hesab olunurdu. Onun da tərcümeyi-halına Əfqanıstan müharibəsi düşür. Xalq arasında ən qorxunc müharibə imici qazanan Əfqanıstanda qulluq etmək, ən çətin vəziyyətlərdən ağıl və bacarıqla çıxmaq lazım gəlirdi. C.Xəlilov Əfqanıstan müharibəsindən də uğurla çıxır. Müharibəyə gedəndə o, baş leytenant rütbəsi daşıyrdı. Deyim ki, istedad, elə istedaddır, istər sənətdə, ədəbiyyatda, musiqidə olsun, istərsə də hərbdə, ordu quruculuğunda... C.Xəlilovun da ordu quruculuğundakı həyat yolu onun belə bir istedada malik olduğunu göstərir. O, harada, hansı vəzifədə xidmət etməyindən asılı olmayaraq hərbçi bacarığı, intuisiyası, zəhmətkeşliyi, intizamlılığı, əmri vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmaqla kifayətlənməmiş, həm də hərb olimpində addım-addım irəliləmişdir.  Gərək ki, filosof, esseist Ralf Uoldo Emersonun sözləridir: "Zəif adamlar uğura inanırlar, güclülərsə səbəb və nəticəyə". Bu baxımdan C.Xəlilovun hərbçi taleyində səbəb-nəticə komponentləri həmişə paralel olaraq çıxış edir. Əfqanıstandakı şücaəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı Rusiya xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü. Ona görə də sovetlərin dağılması ərəfəsində dərhal vətənə dönərək ən çətin vaxtda ordu quruculuğu prosesinə qoşulur və keçmiş Əfqanıstan döyüşçüsü kimi təcrübəsini yeni yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi Qarabağ döyüşlərində də onun köməyinə gəlir. Gənc zabitin həyatında çox qısa bir müddətdə iki fərqli müharibədə iştirak etməsi həyatının qürur səhifələrini təşkil edir. Taleyindəki sonuncu müharibə əvvəlkindən yerlə göy qədər fərqlənirdi: o, doğma vətənini müdafiə edir, qoruyur, təşkilatçılığı, siyasi işi ilə əsgərləri də buna ruhlandırırdı. Daha sonra C.Xəlilovu Azərbaycan Respublikası Təhlikəsizlik orqanının tərkibində olan Sərhəd qoşunları sıralarında görürük. Sərhəd qoşunlarının yaradılması prosesində bir zabit kimi təşkilatçılıq və rəhbərlik işində qüvvə və bacarığını əsirgəmir. 2013-cü ilə qədər Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edir. Deyim ki, istənilən Silahlı qüvvələrdə şəxsi heyətlə iş, hərbi və milli vətənpərvərlik amili prioritet istiqamətlərdən biri olub. Bu mənada C.Xəlilovun yeni ordu quruculuğunda bu sahədə gördüyü işləri yalnız təqdir etmək olar. Polkovnikin Silahlı Qüvvələrdəki bu xidməti daim diqqət mərkəzində olmuş, dəfələrlə dövlətçiliyə göstərdiyi dəyərli və əvəzsiz əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var; belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə müharibə və əmək veteranının həyatı, güzaranı onu düşündürdüyündəndir ki, ömrünü Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına bağladı və bu gün də burada əzmlə çalışır. Vətən uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, Böyük Vətən Müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsinin veteranlarına diqqət və qayğı ilə yanaşır və çox az bir müddətdə veteranların hörmətini qazanır. Erməni işğalçılarına qarşı müharibə veteranlarının bu birliyi yeni gənc nəsil üçün də bir örnək olur. C.Xəlilov 2014-cü ildən Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavinidir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında böyük işlər görür. Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında əməyi çoxdur. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veteranlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. Müharibə veteranlarının cəmiyyətə inteqrasiyası prosesinə qoşulmasını, vətəndaş cəmiyyətinin formalaşmasını uğurla təmin edir. Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində, ölkədə veteran hərəkatının genişlənməsində və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında fəal rol oynayır. Erməni seperatizminə qarşı mübarizə yalnız cəbhədə deyil, hər yerdə, eləcə də beynəlxalq arenada davam edir. Erməni işğalçılarının yalanlarını ifşa etmək, işğalın mahiyyətini dünyaya çatdırmaq üçün səylə çalışır. Rusiyada, Ukraynada, Belarusiyada və bir çox beynəlxalq tədbirlərdə erməni separatçılarına qarşı çəkinmədən etdiyi çıxışlar, gətirdiyi tarixi faktlarla Qarabağ həqiqətlərini dünya ictimayyətinə çatdırır.

C.Xəlilov peşəkar hərbçi olmaqla yanaşı, həm də bir alim ömrü yaşayır; bu iki amili uzlaşdırmaq və həyatında onun qovuşuğunu yaratmaq hər bir hərbçiyə müəssər olmur. O, hərb sahəsindəki praktik bacarığını elmi sahəyə də gətirmiş "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə yazdığı məqalələr ölkənin nüfuzlu elmi jurnallarında dərc edilmişdir.

Məlumdur ki, dünya siyasətinin əsas prinsiplərindən birini təşkil edən milli mənafe və təhlükəsizlik məsələləri Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən biri olmuşdur. Çünki dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb geosiyasi bir coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın bu istiqamətdə hazırladığı davamlı və dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa yönəldilmişdir. Lakin milli təhlükəsizlik və mənafelərin qorunması həm də bir vətəndaşlıq borcudur, peşədir. Çünki milli təhlükəsizlik fərdlərin bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə bağlı biliklər sistemində, dünyagörüşündə bu problem başlıca yer tutmalıdır.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti kimi bu sahədəki elmi və praktik biliklərinin gənc nəsilə çatdırılması yolunda səylərini heç zaman əsirgəmir. Dörd kitab,  əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını davam etdirir. Praktik və nəzəri biliklərini ali məktəblərdə biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının ən önəmli səhifələrindən birini təşkil edir. Ali məktəblərin, universitet və akademiyaların uyğun bölümlərində bu vəzifə həyata keçirilsə də, əsas məsələ bu istiqamətdə yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin yazılmasıdır. Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti  C.Xəlilovun "Milli təhlükəsizlik strategiyası" (Bakı, 2016) dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. İndiyədək C.Xəlilov milli təhlükəsizlik problemi ilə bağlı bir çox məqalələr yazsa da, son tədqiqatı monumentallığı, aktuallığı və əhəmiyyəti ilə bu sahədəki boşluğu tamamilə doldurur. Əslində, bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın da tələblərinə tamamilə cavab verir və ona görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq mümkündür.

Dərslikdə  milli təhlükəsizlik strategiyası və onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də prioritetləri konseptual şəkildə təhlil edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemini daha çox nəzəri istiqamətdə araşdırır və təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinə əsaslanır.  N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli geopolitika nəzəriyyəçilərinin əsərlərində formalaşan siyasi realizm məsələləri yeni düşüncə ilə təhlil edilir. Müasir dünyada milli təhlükəsizlik strategiyasına baxışda müxtəlif yanaşmalar, konsepsiyaların təhlili ümumi yanaşma üçün zəngin mənbə olur. Avropa təhlüksizlik strategiyasının əsaslarının araşdırılması ona görə yerinə düşür ki, onun özünəməxsus təhlükəsizlik strategiyasında bu regionda olan qlobal münaqişələrə də yer verilir.

Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəsil ayırması problemin aktuallığından irəli gəlmişdir. Belə ki, indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin sülhə təhdidin aradan qaldırılması, təcavüz aktlarının qarşısının alınması, yaxud yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirən əsas amillərdəndir. Beynəlxalq təhlükəsizlik sisteminin universal və regional məsələləri ilə bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti yeni dünya təhlükəsizik sisteminin formalaşması istiqamətində dəyərləndirilir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin  təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir.

Dosent Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsizliyin təmin edilməsinin formalaşması üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət halına gəldiyini əsaslandırır. Azərbaycanın xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin işlənib hazırlanması və ralllaşdırılması, iki qitə arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir. Bütün bunlar ölkənin sabit və davamlı inkişafını şərtləndirdiyini, ictimai həyatın bütün sahələrini əhatə edən dinamik dəyişikliklər prosesinə mühüm təsir göstərmişdir. 

Cəlil Xəlilov həmişə olduğu kimi, altmışında da eyni əzm və işgüzarlıqla, hərbçi nizam-intizamı ilə Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edir. Mən burada onun ömür dayanacaqlarının bəzi məqamları üzərində dayana bildim. Bu məqamlar onun həyatının bütün anlarında ürəyinin vətəni, xalqı, dövləti ilə döyünən yaxşı bir vətəndaş olduğundan xəbər verir. Mən Cəlili bütün varlığı, həyatı, fəaliyyəti, bioqrafiyası ilə xalqına, vətəninə xidmətdə gördüm. Bu yolda ona uğurlar diləyirəm...

 





17.07.2018    çap et  çap et