525.Az

Şagirdlərimiz Bolqarıstanda keçirilən beynəlxalq turnirdə - Fotolar


 

Şagirdlərimiz Bolqarıstanda keçirilən beynəlxalq turnirdə - <b style="color:red">Fotolar</b>

30 iyun-2 iyul tarixlərində Bolqarıstanın Nesebar şəhərində Nesebar Şəhər Bələdiyyəsinin himayəsi altında “Sərhədsiz riyaziyyat” V Beynəlxalq turnir keçirilib.

Turnirdə 18 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Vyetnam, İran, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Çin, Malta, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Meksika, Filippin, HonqKonq) 1-12 siniflərdən şagirdlər iştirak ediblər.

“Sərhədsiz riyaziyyat” V Beynəlxalq turnirinin mətbuat buraxılışında Bolqarıstan prezidenti Rumen Radev, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Qazaxıstanın Bolqarıstandakı müvəqqəti işlər vəkili Temirtay İzbastinin turnir təşkilatçıları və iştirakçılarına ünvanlandığı məktublar yer alıb.

N.Qurbanovanın məktubunda riyaziyyatın tədqiqi elmin digər sahələrinin inkişafına təkan verən fənn olduğu, onun iqtisadiyyat, fizika elmləri, texnologiya, biznes, maliyyə xidmətləri, informasiya və kommunikasiya texnologiyalarının bir çox sahələrinin əsasında durduğu qeyd olunub.

Məktubda deyilib ki, riyaziyyat elmi, sənaye tədqiqatları və inkişafının əsasını formalaşdırır, müasir dünyada bir çox mürəkkəb sistemlər, strukturlar onun vasitəsilə dərk edilə bilər.

Məktubda həmçinin, orta əsrlərdə Azərbaycanda riyaziyyat elminin yüksək inkişaf səviyyəsinə yüksəldiyi, XIII əsr Azərbaycanın məşhur alimi, filosofu, fiziki Məhəmməd Bin Həsən Nəsirəddin Tusinin bütün dövrlərin ən dahi riyaziyyatçı, astronomlarından biri kimi tanındığı bildirilir, nəinki Şərqdə, habelə Avropada həndəsə və triqonometriyanın inkişafına əvəzsiz töhfə verdiyi, müstəqil riyazi elm kimi triqonometriyanın banisi kimi qəbul olunduğu qeyd olunub.

Məktubda turnirə öz bilik və potensiallarını nümayiş etdirmək üçün Azərbaycandan da müxtəlif yaş kateqoriyalarında şagirdlərin qatıldığı barədə məlumat verilib, Azərbaycanlı şagirdlər də daxil olmaqla, bütün turnir iştirakçılarının adlarının gələcəkdə dünyada elm və texnologiyanın inkişafına töhfəsinə görə, riyaziyyat sahəsində dünyanın məşhur simaları arasında sadalanacağına əminlik ifadə edilib.

Turnirdə ölkəmizi təmsil edən 9 iştirakçı müxtəlif mükafatlarla təltif olunub. Ən uğurlu 20 iştirakçılar arasında Elitar Gimnaziyanın ikinci sinif şagirdi İmran Hidayətzadə “Turnirin riyazi ulduzu” titulu və turnirin gümüş kubokuna layiq görülüb.

Elitar Gimnaziyanın şagirdləri İmran Hidayətzadə, SabirƏliyev, Yusif Hidayətzadə (qızıl), Nazilə Xudakərimli, Yasin Xudakərimli, Ayan İslamzadə (gümüş), Toğrul Ağamalı və Murad İsmayıl (bürünc), Avropa Liseyinin şagirdi Oğuz İsayev (gümüş) medalçılar sırasında yer alıblar.

Turnirin bədii hissəsində çıxış edən şagirdlərimizin ifaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Cavid QƏDİR

 





17.07.2018    çap et  çap et