525.Az

Özün söz vermisən...


 

Özün söz vermisən...<b style="color:red"></b>

Akademik Hüseyn Əhmədovun əmək fəaliyyətinin 75 illiyi münasibətilə 

Əlinə qələm, kitab-dəftər aldığın vaxtdan söz vermisən ki, ömrünün sonuna qədər, yoruldum, usandım deməyərək çalışacaqsan.
 
Xalqımızın qadir olduğu elm-təhsil aləminin keşməkeşli yollarına işıq tutacaqsan. Bəri başqan deyirəm, əhdinə sadiqsən, Hüseyn müəllim - əziz müəllimimiz! Qədirbilən yetirmələrin, çoxsaylı oxucuların duaçıdırlar Sizə. Xeyirxah işlərinə, diqqət və qayğına görə... Vətən elmini, təhsil quruculuğu yollarındakı başlıca istiqamətləri post sovet məkanında, habelə bir sıra xarici ölkələrdəki mötəbər nəşrlərdə ünvanlar çatdırıldığına görə. 1926-cı il iyulun 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində el ağsaqqallarından sayılan Mustafa kişinin  ailəsində dünyaya gələndə doğmaların, yaxınların sevinci yerə-göyə sığmadı. Həyata, ətraf aləmə böyük marağı ilə yaşayan körpə ilbəil böyüyürdü. Bir də görürlər ki, 6 yaşı tamamdır. 1932-ci ildə 1-ci sinifdə  oxumağa başladı. 1941-ci ildə başlanan amansız müharibə minlərlə uşaq və yeniyetmə kimi gənc Hüseyni də yetim qoydu. Atası Mustafa kişi müharibənin ilk günlərindən səfərbərliyə alındı. Böyük qardaşları da ordu sıralarında vətənin azadlığı uğrunda döyüşlərdə vuruşurdular. Atasını vaxtsız itirməsi gənc Hüseyni çətin sınaq qarşısında qoydu. Fikirlər haçalanır, o dövrün xarakterindən asılı olaraq meydana çıxan suallara ağılla, təmkinlə cavab vermək məcburiyyətində qalırdı. Təhsilini davam etdirməli, yoxsa onsuz da çətinlik qarşısında qalan Mələk anaya kömək etmək?

İndi qanlı-qadalı o illəri xatırlayarkən belə qənaətə gəlirik ki, seçim çox yerində, düz olub. Gənc Hüseyn arxa cəbhədə çalışmaq qərarına gəlir. Doğma kənddəki kolxozda iki il çalışıb, evə-ailəyə kömək edib. Bax elə o bir ildəki müstəqil əmək fəaliyyəti ona olan inam və etimadı doğrultdu. 1947-ci ildə SSRİ Ali Soveti tərəfindən arxa cəbhədə göstərdiyi əmək fəaliyyətinə görə medalla təltif olundu. Amma bu təltif onu illər sonra tapdı.

1943-cü ilin sentyabrında doğma kənddəki məktəbdə sinif müəllimi və erməni dili müəllimi kimi pedaqoji fəaliyyətə başladı. Doğrudur, belə bir mövqe bir tərəfdən müharibə dövrünün qanlı-qadalı illəri, müəllimlərin döyüşən ordu sıralarında olmaları ilə əlaqədar idi. Digər tərəfdən isə etiraf edək ki, hər orta məktəb məzununu oxuduğu məktəbə müəllim təyin etmirdilər. Belə bir mövqe Hüseyn Mustafa oğlunun zəkası, biliyi, intellektual səviyyəsi ilə sıx bağlı olmuşdur.

Əziz məsləhətdaşımız, ən başlıcası isə inam-güvənc yeri saydığımız Hüseyn müəllimin elmi-pedaqoji əmək fəaliyyətinin 75 illiyini (böyük şərəf işi, böyük səadətdir) qeyd etdiyimiz bu günlərdə sevinməyə, iftixar hissi keçirməyə haqqımız var. Bəs necə? 75 il müddətində elmimizin-təhsilimizin inkişafı naminə yorulmadan, can başla çalışmaq, sayılıb seçilmək - pedaqogikanın - pedaqoji  fikir-əməl tarixinin şəbəkə bölümlərini işıqlandıran, fikir ayrılıqlarına son qoyan, fundamental əsərlər meydana çıxarmaq hər adama nəsib olmur. Bu, Qadir Allahın xalqımıza bəxş etdiyi qənimət insanların - Hüseyn müəllim kimi insanların - ziyalıların sayəsində mümkün olmuşdur.

Hüseyn Mustafa oğlunun elmi-pedaqoji əmək fəaliyyətinin uğurları onun ixtisas təhsili aldığı məktəblərlə də sıx bağlı olmuşdur - desək yanılmarıq.

1947-ci ildə Gəncə şəhərində K.Setkin adına Pedaqoji Texnikumunun son (üçüncü) kursuna daxil olur. Elə həmin ildə də bu ixtisas təhsil ocağını əla qiymətlərlə bitirərək Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutun tarix fakultəsinə qəbul edilir. Əzmkarlıq, səylə, müntəzəm çalışmaq, zəngin mütaliə həvəsi daha çox nəzərə çarpır. İnstitutun direktoru H.Hacıyevin 22 sentyabr 1948-ci ildə verdiyi əmrə əsasən II kurs tələbəsi Hüseyn Mustafa oğlu Əhmədov təhsil illərində ictimai fəallığına və əla qiymətlərlə oxuduğuna görə Lenin komsomolu adlı təqaüdə layiq görülür. Uğur - uğur gətirər deyənlər haqlıdırlar. Bu mükafat, bu təltif daha bir uğurlu cəhətin zəmini kimi dəyəndirilir. 1951-ci ildə ali təhsilini əla qiymətlərlə başa vuran Hüseyn Əhmədov elmi şuranın müvafiq qərarı ilə SSRİ tarixi kafedrasına baş laborant vəzifəsinə təyin edilir. Ancaq Bakıya gəlmək, pedaqoji təhsilimizin böyük məbədi olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil almaq həvəsi, səyi daha da artır. Çox keçmir ki, bu arzusu da yerinə yetir. 17 noyabr 1952-ci ildə V.İ.Lenin adına APİ-nin pedaqogika kafedrasının aspirantı kimi elmi araşdırmalara başlayır. Axtarışlarını uğurla davam etdirir. Bu o vaxtlar idi ki, kafedra pedaqogika elminin ən mötəbər ocağı kimi tanınırdı. Azərbaycanda və onun hüdudlarından kənarda yaxşı tanınan professorlar Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanovda həmin kafedrada çalışırdılar. Tədris prosesinə və elmi pedaqoji kadr hazırlığı prosesinə istiqamət verirdilər. Yeri gəlmişkən deyək ki, Hüseyn müəllim də bu ocağın layiqli yetirməsi kimi tanındı, sevildi.

1955-1956-cı illərdə institutun Komsomol Komitəsinin birinci katibi vəzifəsində həvəslə çalışanda da həm tələbə gənclərin, həm də onların müəlimlərinin dərin rəğbətini qazandı.

Daima axtarışda olan Hüseyn Mustafa oğlu 1958-ci ildə o dövr üçün çox aktual olan mövzuda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra da elmi-pedaqoji fəaliyyəti ilə ürəkdən bağlandığı kollektivə başucalığı gətirdi. O, pedaqogika elminin möhtəşəm bazalarından sayılan pedaqogika kafedrasında assisent, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində ləyaqətlə çalışdı. 1972-ci ildə doktorluq  dissertasiyasını uğurla müdafiə etdikdən sonra elmi-pedaqoji kadrların hazırlanması işinə xüsusi diqqət yetirdi. Bəli, məhz bu cür vətən-xalq sevərliyin nəticəsidir ki, onun elmi rəhbərliyi ilə 60 nəfərədək elmlər namizədi və doktoru (indiki yönümlə fəlsəfə doktoru) yetişmişdir.

Pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alanlardan 8 nəfərinin elmi məsləhətçisi olmuşdur.

Keçmiş SSRİ məkanında fəaliyyət göstərən sahə elmlər akademiyasının həqiqi üzvü seçilən Hüseyn Mustafa oğlu Əhmədovun elmi-pedaqoji fəaliyyəti geniş və çoxcəhətlidir. Daha aydın olmaq üçün görkəmli alimin pedaqoji əmək, elmi fəaliyyətinin aşağıdakı cəhətlərinə, başlıca istiqamətlərinə diqqət edək:

1974-1977-ci illərdə orta məktəbin fənn müəllimlərinin ixtisasartırma fakultəsinin dekanı, bir müddət isə Respublika "Bilik" cəmiyyəti "Pedaqogika" bölməsinin sədri olmuşdur. Təkcə Aərbaycanda deyil, Qərbi Azərbaycan və Gürcüstanın  şəhər və kəndlərində elmi-pedaqoji biliklərin yayılmasında və bu sahədəki xidmətlərinə görə Ümumittifaq "Bilik" cəmiyyətinin idarə heyəti tərəfindən "Fəal işinə görə" döş nişanı ilə təltif edilmişdir. Avropa, Afrika və Cənubi - Şərqi Asiya ölkələrində olmuş, Tbilisi və Naxçıvan pedaqoji institutlarında mühazirələr oxumuşdur. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Respublika və SSRİ Maarif nazirliklərinin, SSRİ PEA-nın, RTA-nın Fəxri Fərmanları ilə təltif edilmişdir. Azərbaycan komsomolunun, Respublika "Bilik" cəmiyyətinin və müəllimlər qurultaylarının  nümayəndəsi olmuş, pedaqoji elmlər üzrə ixtsaslaşdırılmış müdafiə şuralarının sədri kimi səmərəli fəaliyyət göstərmişdir. Qələbənin 40, 50 və 60 illiyi medalları ilə təltif edilib.

Azərbaycan Rusiya elmi-pedaqoji əlaqələrinin inkişafındakı xidmətlərinə görə "Dolq i çest" ("Borc və şərəf") ordeninə, K.D.Uşinski adına medala layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. RTA-nın "Elmdə nailiyyətlərinə görə" "Qızıl medal"ı ilə, həmçinin, "Türk dünyasına xidmət" Qızıl medalı ilə mükafatlandırılmışdır. Müharibə və  əmək veteranıdır. 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Beynəlxalq Pedaqoji Akademiyasının həqiqi üzvü, 1996-cı ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, 1999-cu ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü kimi tanınır, inamlı söz sahibi kimi dəyərləndirilir.

Akademik Hüseyn Əhmədov 700-dək elmi-pedaqoji əsərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrdə, o cümlədən, Rusiya, İran, BƏƏ, Çexiya, Almaniya, Ermənistan, Gürcüstan, Özbəkstanda çap edilib. O, özünün elmi məktəbini yaradan alimlərdəndir. Onun "XIX əsr Azərbaycan məktəbi", "Nəriman Nərimanov" monoqrafiyaları, "Azərbaycan məktəbi və pedaqoji fikir tarixi" dərsliyi Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuşdur.

Keçmiş SSRİ məkanında keçirilən elmi-pedaqoji konfrans və simpoziumlarda Azərbaycan pedaqoji elmini ləyaqətlə təmsil etmişdir.

Elmi pedaqoji fəaliyyətinin 75 illiyi münasibətilə bu yazını hazırlayarkən hələ 2012-ci ildə nəfis şəkildə nəşr olunan "Müasirləri Hüseyn Əhmədov haqqında" kitabını bir də nəzərdən keçirdim. 38 nəfərin ürək sözləri əks etdirilib bu kitabda. Bir-birindən gözəl, səmimi ürək sözləri əks etdirilib bu kitabda. Həmin deyilənləri, fikirləri orta məxrəcə gətirəndə bir fikir cəlbediciliyi ilə daha çox diqqəti cəlb edir:

Hüseyn müəllim ömrünün - gününün bir saatını belə boş keçirən alim deyil. Həmişə düşünən, tədqiq etdiyi sahə, problem üzrə axtarışda olan ziyalıdır.

Sözümüzün-söhbətimizin sonunda bir cəhəti də nəzərə çatdırmaq  yerinə düşər. Bu günlərdə həmkarım-pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovla birlikdə Hüseyn müəllimə baş çəkdik, hal-əhval tutduq. Yenə də yazıb-yaratmaqdan danışırdı, unudulan cəhətləri dilə gətirirdi. Nə qədər canım sağdı, əlim qələm, dilim söz tutur, yazıb-yaradacağam - deyirdi.

Yeni əsərlərini gözləmək ümidiylə əzizimiz Hüseyn müəllim! Daha nə deyək özün söz vermisən ...

Vidadi XƏLİLOV
pedaqogika üzrə elmlər doktoru, professor

 





17.07.2018    çap et  çap et