525.Az

20 illik Vətən həsrəti


 

20 illik Vətən həsrəti<b style="color:red"></b>

Surxay Əlibəyliyə 

Vətən sevgisi nədir? Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək hamımızın amalıdır. Vətən müqəddəsdir, ülvidir. Onun hər sərvəti, dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Əgər  yaşadığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qoruma. Vətən bizim yaşadığımız kənddən, qəsəbədən, rayondan, şəhərdən başlayır. Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən, yamaclara xalı kimi səpələnən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşğun çaylardan, mavi göllərdən qırçın ləpəli xəzərdən başlayır.

Yağılar əlində inildəyən Qarabağımızın gəlin otağı Ağdam da bu Vətənin bir parçasıdır. Təəssüf ki, 20 ildi ki, başımızın tağı yağı düşmən əlindədir. Şah saydığımız Azərbaycan 20 ildir ki, Ağdam adlı bir qacı əldən verib... Qarabağın işğaldan olunmasının açarı öz əlimizdə olmadığı kimi, tacı da öz başımızda deyil. Ana torpaq dediyimiz ana qədər müqəddəs saydığımız Qarabağ, Ağdamımız 20 ildir ki, qəriblikdə yaşayan övladının intizarındadır, ana qəriblikdə yaşayan balasının yolunu gözlədiyi kimi. Ağdam bizim Anamız qədər müqəddəsdir. Vətən ucalığıdır....

Uşaqlıq, gənclik illərini qoynunda keçirdiyin Ağdamı sən də sevirsən. Sən də onu həmişə sevib, əzizləyib müqəddəslik zirvəsinə ucaltmısan. Ucalıqda dayanan Ağdamına ehtiramla, qızğın sevgi ilə bağlanmısan...

Oxuduğun Ağdam şəhər bir nömrəli orta məktəb, ilk əmək fəaliyyətinə başladığın Ağdam mədəniyyət evi, daha sonra mədəniyyət və istirahət parkında direktor işlədiyin illər, anlar ömrünün ən parlaq işıqlı səhifələri olub. Harda olurdunsa sənin bu torpağa ürəkdən bağlılığın, bu torpağı göz bəbəyi kimi sevməyin hiss olunub... Çünki sənin xəmirin bu torpaqdan yoğrulub... Sən gücünü, qüvvətini, sevgini, məhəbbətini bu torpaqdan almısan. Ülviliklə bu sevginə sadiq qalmısan...

Qarabağ hadisələri başlarkən gecən-gündüzün olmadı. Öz yurd-yuvalarının yağı tapdağında qalmasın deyə silaha sarılan elə bu torpağın mərd oğullarının həmişə yanında olurdun. Bir əlində silah, bir əlində, qələm, tarixin başımıza açdığı bu fəlakətləri gerçəkliyi ilə özündə qeyd edirdin.

Hər dəfə torpaq uğrunda vuruşan oğullarımız şəhid olduqca sən özünə yer tapa bilmirdin. “Vətən o vaxt müqəddəs olur ki, onun yolunda oğullar özlərini şəhid verirlər” şüarı idi sənin şüarın...

Ağdamın bu torpaq uğrunda canlarını qurban vermiş altı minə yaxın şəhidin 16 Milli Qəhrəmanın demək olar ki, hamısı ilə ünsiyyətdə olmuşdun. Onlar şəhid olarkən sən də onlarla ölmək istəmişdin, “Şəhidi olan torpaq basılmazdır” – demişdin.

Ən çox Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun yanında olardın. 90-cı illərdə Qarabağın açarı olan Ağdamda onunla gecən-gündüzün olmazdı. O, ağır, dəhşətli illər sənin hafizəndə əbədi həkk olunardı.

1993-cü il 23 iyulda Ağdam işğal olunanda hönkür-hönkür ağladın... Son dəfə o torpağın üstünə sərildin, qucaqladın. Ata ocağından gətirdiyin bir ovuc torpağı hər gün qoxlayırsan, üzünə-gözünə sürtürsən... Təsəllin yalnız budur. Qibləgahın olan Ağdamı unutmamağa çalışırsan.

 

Düzənləri yam-yaşıl,

Yamacları al-əlvan.

Gözəlliklər içində –

Kəhkaşan tək parlayan

Dağların qucağında

Alovlanan, odlanan

Bir şəhəri itirdik...

Bu şəhər Ulu Ağdam

Biz Ağdamı itirdik...

 

Sonra. Sonra sənin qaçqınlıq, köçkünlük həyatın başladı. Bir yumruq kimi olan Ulu Ağdamının sakinləri pərən-pərən düşdü. Saribanı olduğun karvan ölkəmizin hər yerinə səpələndi. Vüqarı əyilməyən, ucalıqda dayanan insanların qəddi əyildi, büküldü. Ancaq sınmadı... Harda olurlarsa olsunlar, hansı əzab-əziyyətlərlə üzləşirlərsə üzləşsinlər, qamətlərini uca tutdular. Bir şeyi unutdular ki, bu torpağın azadlığı uğrunda 6 minə qədər igid oğul öz canlarını qurban verib.

Sən də özünü toparladın. Baş verən hadisələr gözlərin önündə cərəyan etdiyi üçün, öz yurdunu, yuvasını, Ağdamını hədsiz məhəbbətlə sevdiyin üçün by sevgini, məhəbbəti, gerçəkliyi, həqiqətləri gələcək nəsillərə ötürmək üçün qələminə sarıldın. Onların ruhunu yaşatmaq istədin. Dalbadal üç cildlik “Ağdam qibləgahım mənim”, “Bura Vətəndir”, “Qəlbin harayı”, “Qarabağ bülbülləri”, “Tanrının nur payı Seyid Lazım ağa” kitablarını yazdın. Bu kitablarında Ağdamı yaşatdın. Torpaq, yurd, yuva üçün həmişə layiqli insan olmaq istəyənləri bizlərə tanıtdın. Sənin bu kitabların da bir Qarabağ yanğısı, sevgisi var. Bu yanğı hər bir oxucunun qəlbinə hopur. Onu Ağdamlı günlərə aparır... Ağdamı qəlbində əbədi yaşatdırır...

Qədir Rüstəmovu çox sevirdin. 1988-ci ildə Ağdamda “İmarət”də, “Xarı bülbül” beynəlxalq festifalnda onun oxuduğu “Sona bülbüllər” mahnısının sədaları həmişə sənin qulaqlarında olacaq. Çünki sən də orada idin... Sən də o yanğını hiss etmişdin. Bu mahnı oxunarkən Bülbüllər bu səsin ecazkar gücündən susmağa məcbur oldu. Xan çinarlar baş-başa verib pıçıldaşdılar. Kimsəsiz, yetim qalacaqlarından sanki, bu səs xəbər verirdi...

Bu ecazkar səsin sahibi haqda səndə olan bütün nə varsa xalqın ixtiyarına vermək isdədiyin 500 səhifəlik “Qeybdən gələn səs” kitabını yazdın. Qədirin ruhuna bundan gözəl töhfə varmı?...

Səninlə çox tez-tez bir yerdə oluram. Sənin duyğuların, hisslərin, kövrəkliyin mənə məlumdur. Hər dəfə səninlə Ağdam torpağının bizdə olan kəndlərinə səfər edəndə sənin özündə olmadığını görürəm. İlk qədəm qoyduğun, ziyarət etdiyin Quzanlıda, Soltandub yüksəkliyində 6 min Ağdam şəhidlərinin şərəfinə ucaldılmış “Şəhidlər Xiyabanı” olur. Sənin bu xiyabanda hər bir şəhidin şəklinə üzünü sürtüb, qarşılarında diz çöküb, hönkür-hönkür ağladığının dəfələrlə şahidi olmuşam. Çünki sən o şəhidlərlə birgə torpaq uğrunda mübarizədə idin. Bir anlıq onlarla mübarizədə idin. Bir anlıq onlarla özünü bir yerdə hiss edirdin... Sənə çox ağır idi... Bunu bilirəm.

Yadımdadır... Bir dəfə səninlə olarkən Ağdamın Əfətli təpəsi deyilən bir yüksəkliyinə qalxdıq. Oradan cənnət guşə olan, indi isə ruhlar şəhərinə çevrilən Ağdamın xarabalıqları tam aydın görünürdü. Sən o xarabalıqlara baxarkən hönkür-hönlür ağladın... Dediyin sözlər hələ də qulağımdadır. “Atam Xasayın, anam Suqranın qərib yerdə dünyasını dəyişərkən son sözləri bu oldu. Ağdam həsrəti, Ağdam dərdi öldürdü bizi. Bir daha görə bilmədik Ağdamı. Ağdama qayıdarkən bizim cəsədlərimizi orada o doğma yurdda dəfn edin. Bəlkə onda rahatlıq tapaq...

Bu qınaq bir torpaq oğlu kimi sənə əzab verir... Sənin başını uca qaldırmağa qoymur. Onların ruhu qarşısında özünü günahkar sayırsan... Hayqırmaq, üsyan etmək istəyirsən... Hələ ki, buna gücün çatmır.

İyirmi ildir ki, gözlərin yolda, qəlbin həsrət içində qovrulur. İyirmi ildir ki, Vətən sevgisi sənin varlığını özündən alır. Ağdama uzanan yolların ünvanını axtarırsan, tapa bilmirsən...

Hər dəfə muğam sədaları yüksələndə:

Bürümüş hər yan musiqi səsi,

Ağdam muğamatı beşiyi idi.

Oxunan mahnının şux təranəsi

Bu yurdun, yuvanın keşiyi idi – deyirdin.

Dostum, Sən Qarabaq torpağı üçün həmişə layiqli bir övlad olmusan. Bütün varlığınla özünü qibləgahın olan Ağdama həsr etmisən. Nəsillərə Doğma Qarabağın Ağdamın haqda böyük töhfələr bəxş etmisən. Ümidini üzmə mənim dostum 20 il qəlbində Vətən həsrəti yaşadan Surxay Əlibəyli o gün gələcək. Qəlbində qaysaqlanan Ağdama qayıtmaq arzusu gerçəkləşəcək:

Haydı igidlərim ayağa qalxın

Şimşəyə çevrilin, hayqırın, çaxın

Üçrəngli bayrağı Ağdama taxın

Səcdə edəcəkdir, Bayrağa Ağdam

Onda sığınacaq Vüqara Ağdam.

O gün uzaqda deyil. Ümidini üzmə...

Vidadi Tağızadə

SƏCDƏ EDƏCƏKDİ

BAYRAĞA AĞDAM

 

Yenə yazıq-yazıq boynunu büküb,

Yenə tamarzıdı bahara, Ağdam.

Yenə sinəmizə acı dağ çəkib,

Bizi həsrət qoyub, nübara, Ağdam.

Şahbulaq dağına həsrətlə baxdım,

Mən sel-suya döndüm

“Qarqarda” axdım.

Kədərə qərq oldu, çağlayan baxtım,

Halıma acıdı, biçarə, Ağdam.

  

Kəkotu, qantəpər, çobançiçəyi,

Dərdə dərman idi, hər bir ləçəyi.

Yaman nalə edir, dağlar göyçəyi,

Yaman düçar oldu, dərdlərə, Ağdam.

  

Kəhrizlər gözündən damcılayan yaş,

Yağı torpağında, hər çınqıl, hər daş.

Bir də o yerlərə qayıdaydıq kaş,

Bir də üz tutaydıq dağlara, Ağdam.

  

Dağlardan süzülüb axan şəlalə,

Çəməndə bağrı qan, açılan lalə.

Otların üstündə inləyən nalə,

Boylanır o şirin çağlara, Ağdam.

  

Yamacda gül çiçək toplayan gözəl,

Toplayıb, kədərlə qoxlayan gözəl.

Bu dərdi gizlədib saxlayan gözəl,

Niyə düçar oldu, ahlara Ağdam?

  

Qana boyanıbdı, xarı bülbülüm,

Qana boyanıbdı çiçəyim, gülüm.

Həsrətlə boylanır obasız elim,

Həsrətlə boylanır yollara, Ağdam.

  

Hər gecə yuxuda sənə qovuşdum,

Qovuşdum... Elə bil dərddən sovuşdum.

Mən ki, dərd bilməzdim, azad bir quşdum,

Dözmürəm çəkilən dağlara, Ağdam.

  

Amandır, a bülbül boynunu bükmə,

Dərdin çarəsizdir, içində çəkmə.

Həsrət gözlərini, Ağdama dikmə,

Yenə dönəcəkdir, gülüzara Ağdam.

  

Elə bil itibdi üzüyün qaşı,

Niyə qurumayır, gözümün yaşı.

Gülsün Qarabağın torpağı, daşı,

Ümidlə boylansın sabaha, Ağdam.

  

“Cəngi” sədasında kükrəyən atım,

Şahə qalx, mən sənin yalında yatım.

Qoy canım dördnala Ağdama çatım,

Onda sığınacaq vüqara, Ağdam.

  

Haydı, igidlərim, ayağa qalxın,

Şimşəyə çevrilin, hayqırın, çaxın.

Üçrəngli bayrağı Ağdama taxın,

Səcdə edəcəkdir, bayrağa, Ağdam,

Onda sığınacaq, vüqara, Ağdam.

Vidadi TağızadƏ

 





23.07.2013    çap et  çap et