525.Az

Afil Bəxtiyarova uğurlu yol - Video


 

Afil Bəxtiyarova uğurlu yol - <b style="color:red">Video </b>

Bəxtiyarov Afil Famil oğlu... Əslən Laçın rayonundandır. Ağcabədinin Taxtakörpü qəsəbəsindən Hacı Süleymana tərəf uzanıb gedən tozlu düzəngahın Ağbulaq obasında dünyaya gəlib.

Atası aşıq olduğundan beşikdə ilk eşitdiyi səs saz səsi olub. O səs ki, onun bütün qohum-əqrəbası bir gülündən, bir xalından, bir melodiyasından ümid kimi asılıb yaşayıblar. Aclığa, susuzluğa, aranın dözülməz istilərinə tab gətiriblər. O səslər, o melodiyalar Afilin qanına, canına, iliyinə elə hopub ki, özündən asılı olmadan saz çalmağa başlayıb. Əvvəl atası Aşıq Famili, sonra ustadı Aşıq Cabbarı, bir az böyüyəndən sonra Aşıq Əmrah Gülməmmədovu, Aşıq Ədaləti, Aşıq Kamandarı ilmə-ilmə, barmaq-barmaq öz ruhuna köçürüb. 

Arada öz ifaları ilə bizi o zəngin dünyasına müsafir etməyə çalışır. Və bacarır. Bunu Afili dinləyən ustadlar da təsdiq edirlər. Onun gələcəkdə böyük ifaçı olacağına inanırlar. 

Afil dəfələrlə dövlət tədbirlərində, Laçın aşıqlarından ibarət “İşıqlı” ansamblı ilə birlikdə Dövlət Filarmoniyasının səhnəsində, “Mədəniyyət” kanalında uğurlu çıxışlar edib, mükafatlar, diplomlar alıb. 

Afil indi də ailəsi ilə 19 il əvvəl dünyaya gəldiyi o qızmar səhrada, o qamış daxmada yaşayır. Və bir addım irəli atıb ona layiq olan daha yaxşı həyata, daha böyük sənətə qovuşmaq istəyir. 

Buna görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin saz sinfinə imtahan verib. Testdən keçib, qalıb qabiliyyət imtahanı. 

Afil Bəxtiyarova növbəti mərhələdə də uğurlar arzulayır və onun ifalarından bir neçəsini diqqətinizə çatdırırıq.



 





18.07.2018    çap et  çap et