525.Az

Amerika cəmiyyətinin çox bilinməyən qəribəlikləri


 

Amerika cəmiyyətinin çox bilinməyən qəribəlikləri <b style="color:red"></b>

Amerika faciəsi - Constaun

Amerika tarixində ən böyük kütləvi ölüm hallarından birinin (2001-ci il 11 sentyabr hadisələrinə qədər ən böyüyü sayılırdı) qeydə alındığı Constaun "soyqırımı"nın 2018-ci ildə 40-cı ildönümü tamam olur.
 
Bu kütləvi intihar hadisəsinin qurbanları Kaliforniyada yaradılmış və başçısı xarizmatik, eyni zamanda, paranoid olan Cim Consun "Xristian şagirdlərinin Xalqların Məbədi" (qısaca Xalqların Məbədi) dini sektasının üzvləri olmasına baxmayaraq, hadisə Cənubi Amerikada yerləşən Qayana dövləti ərazisində baş vermişdir. Faciənin qurbanlarının ümumi sayı 918 nəfər, onlardan 276-sı (bəzi mənbələrdə 304) uşaq olmuşdur.

İndi isə baş verənlər barədə mümkün qədər qısa olmaqla bir az daha ətraflı... 

Cim Cons və Xalqlar Məbədi 

1931-ci ildə ABŞ-ın İndiana ştatının Kret şəhərində anadan olmuş Ceyms Uorren Cons (Cim Cons) gənclik illərində İndianapolisdə ABŞ Kommunist partiyasının toplantılarına qatılır. Məktəb illərindən Marks, Stalin, Mao, Qandi və Hitlerin əsərlərinə xüsusi maraq göstərən Cons əsasən sosial bərabərsizlik ideyaları ətrafında daha dərindən düşünür. Həmin dövrdə ABŞ-da geniş vüsət almış kommunistlərin təcrid olunması prosesi onu öz marksist düşüncələrini necə göstərə və yaya bilməsi sualları ilə qarşı-qarşıya qoyanda ağlına gələn cavab kilsənin imkanları olur.

1952-56-cı illərdə Cim Cons Metodist kilsəsində, daha sonra isə 7-ci gün baptist kilsəsində rahib kimi fəaliyyət göstərir. 1956-cı ildə Cim Cons öz kilsəsini yaradır, kilsə bir neçə ad dəyişsə də, sonradan "Xristian Kilsəsi Tam İncil Xalqların Məbədi" adını alır. Cim Cons həmçinin, İndianada irqi seqreqasiyaya qarşı da mübarizə fəaliyyəti həyata keçirir, hətta onun kilsəsi qara və ağ dərililərin birgə kilsəsi idi. İndianada ilk dəfə olaraq məhz Cim Consun qara dərili uşağı övladığa götürməsi də onun tərcümeyi-halındakı maraqlı və bu şəxs haqqında ziddiyyətli fikirlər formalaşdıran məqamlardandır. Qeyd etmək lazımdır ki, Cim Cons həyat yoldaşı Merilin Cons ilə birgə müxtəlif etnik və irqi mənşəli 6 nəfəri övladlığa götürərək, öz ailəsini "göy qurşağı ailəsi" adlandırırdı.

1961-62-ci illərdə nüvə apokalipsisinin baş verəcəyi və yalnız Braziliya ərazisində müəyyən yaşayış məntəqələrinin xilas olacağı ilə bağlı kilsədə səsləndirilən moizələr və mətbuatda yayılan bəzi məlumatlardan sonra Com Cons ailəsi ilə birgə Braziliyaya səfərlər edərək fasilələrlə orada yaşayır. Həmin səfərlər çərçivəsində o, eyni zamanda, Qayana ilə tanış olur.

C.Cons 1963-cü ildə kilsəsini bərpa etmək üçün İndianaya qayıdır və yenidən nüvə apokalipsisi müzakirələri gündəmə gələnə qədər orada qalır. Eyni səbəbdən öz davamçıları ilə guya daha təhlükəsiz olmaq üçün 1967-ci ildə Şimali Kaliforniyaya köçürlər.

Artıq 70-ci illərdə Consun kilsə moizələrində və ümumi çıxışlarında dini baxışlar ateizm fikirləri və tam sosializm yönümlü mövqe ilə əvəzlənir. Onun hətta özünün Qandi, İsa, Budda və Vladimir Leninin reinkarnasiyası olduğunu iddia etdiyi moizələr də oxuduğu, özünü aqnostik və ateist adlandırdığı qeyd edilir. Kaliforniyada olduğu müddətdə həm Cim Cons özünün, həm də kilsəsinin nüfuzu artır. Cons özü nüfuzlu siyasətçilərlə ünsiyyətdə olur.

Constaun

1977-ci ildə San Fransisko mətbuatında Xalqlar Məbədində üzvlərə qarşı zorakılıq tətbiq edilməsini işıqlandıran məlumatların yer alması ilə bağlı müvafiq təhqiqatlardan qaçmaq üçün Cim Cons və yüzlərlə davamçısı qəfildən Qayanaya köçmək barədə qərar qəbul edirlər. Onların məskən saldıqları məntəqə Cim Consun adı ilə "Constaun" - formal olaraq Xalqlar Məbədinin Kənd Təsərrüfatı layihəsi adlandırılır. Qayananın paytaxtı Corctaundan 240 km aralıda yerləşən bu 1200 hektarlıq ərazi 1974-cü ilin aprelində Xalqlar Məbədi tərəfindən Qayana hökumətindən icarəyə götürülmüşdü. Qayananın seçilməsi bu ölkənin rəhbərliyində daha çox qaradərililərin təmsil olunması, ölkənin "bərabərlik siyasəti" həyata keçirməsi və ingilisdilli ölkə olması ilə bağlı idi.

Constaunda "sosializm cənnətinin" təbliğ olunduğu, Cim Consun özlərinin isə "ən saf kommunistlər" olduqlarını iddia etdiyi göstərilir. Bununla yanaşı, oxşar kommunist rejimli ölkələrdə (SSRİ, Çin Xalq Respublikası, Kuba) olduğu kimi məntəqə sakinlərinin kənara çıxmasına icazə verilmirdi. Constaun faciəsindən xilas olmuş və oradakı həyatla bağlı fikirlərini ictimaiyyətə açıqlayanlar Cim Consun başçılığı ilə narkotik aludəçiliyin, zorakı cinsi əlaqələrə təhrik olunmanın geniş yayıldığını qeyd etmişlər.

1978-ci ilin aprelində Kaliforniyada Xalqlar Məbədində zorakılıq halları ilə bağlı müzakirələrin intensivləşməsi, Cim Consun övladlığa götürdüyü bir uşağın doğma valideynlərinin qəyyumluq üzrə məhkəmə işi açmaları Dövlət Departamenti və ABŞ Konqresi qarşısında Constaundakı vəziyyətin araşdırılması ilə bağlı tələblərin qaldırılmasına səbəb olur. Kaliforniyadan Konqres üzvü seçilmiş Leo Rayan noyabrda Constauna səfər etmək və vəziyyətlə yerində tanış olub Konqresə təqdim etmək üçün hesabat hazırlamaq qərarına gəlir. Noyabrın 14-də konqresmen Rayan içərisində jurnalistlərin də olduğu 18 nəfərlik nümayəndə heyəti ilə Qayanaya yola düşür.

Konqresmen Constaunda olarkən ona "bizi buradan xilas edin" yazılmış gizli qeydlər ötürülür. Cim Cons Məbəd üzvlərinin burada zorla saxlanılmadığını və istənilən şəxsin könüllü olaraq Constaunu tərk edə biləcəyini bildirir.

Xalqlar Məbədinin 20-yə yaxın üzvü Constaunu tərk etmək istəyini bildirərək konqresmenə qoşulurlar. Noyabrın 18-də ABŞ-ın Qayanadakı səfirliyi Port Kaytumaya əlavə təyyarə göndərilməsini təşkil edir. Təyyarəni gözləyərkən Cim Consun bir neçə sadiq tərəfdarı, o cümlədən, mühafizəsinin başçısı ABŞ-a yola düşmək istəyən nümayəndə heyətinə atəş açır. Bir neçə nəfər, o cümlədən, konqresmen Rayan burada həlak olur, jurnalistlər, Məbədi tərk etmək istəyənlər yaralanır.

Konqresmen Rayan və onunla hava limanında olanların güllələnməsindən sonra Constaunda Cim Cons öz tərəfdarlarını toplayaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, Qayana polisinin və silahlı qüvvələrinin ən qısa zamanda gəlib onları burada qətlə yetirəcəyini iddia edir və hər kəsi "inqilabi intihar"a səsləyərək içərisinə ölümcül sianid tökülmüş şirələri içməyə çağırır. Onun təlimatına əsasən, valideynlər əvvəlcə uşaqlarına bu mayeni içirtməli, daha sonra özləri intihar etməli idilər. Consun son çıxışı/moizəsi "ölüm audioyazısı" olaraq qeyd edilmiş və saxlanılmışdır. Beləliklə, "sosializm cənnəti"nin sakinləri kütləvi şəkildə intihar edirlər və tarixdə Constaun faciəsi yaşanır.

Cim Cons və həyat yoldaşı ilə birgə övladlığa götürülmüş övladları - 1 oğlan (22 yaş) və 1 qız (36)  da Constaunda kütləvi intihar edənlər arasında olublar. Ailənin yeganə bioloji övladı olan Stefan Qandi Cons və övladığa götürülmüş digər 2 oğlan isə Constaun faciəsi zamanı Qayananın paytaxtı Corctaun şəhərində basketbol turnirində olmuş və beləliklə, sağ qalmışlar.

Açıq qalan suallar

Ümumilikdə, Xalqlar Məbədi kilsəsi, Cim Cons və Constaun hadisələri ətrafında cavablandırılmayan və ya konkret dəlillərlə sübut edilməyən məqamlar çoxdur. Cim Cons həyatının və Constaun hadisələrinin araşdırılması zamanı sual doğuran məqamlardan biri də onun bu nüfuza necə nail ola bilməsidir. Bir sıra şəxslər onun SSRİ kommunist partiyasının, bəziləri isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olmasını iddia edirlər.

Bəzi mənbələrdə Xalqlar Məbədinin və onun üzvlərinin bütün vəsaitinin SSRİ-nin kommunist partiyasına verilməsi ilə bağlı son vəsiyyət məktubları da üzə çıxır. Hətta 18 noyabr 1978-ci il Constaun faciəsi ərəfəsində Cim Consun bir neçə tərəfdarının içərisində 500 000 dollar olan çantanın Sovet İttifaqının Qayanadakı səfirliyinə çatdırmaq tapşırığı aldığı, lakin baş verən intihar hadisəsi zamanı öz ailə üzvlərinin də orada olması səbəbindən bu missiyanı həyata keçirə bilmədiyi qeyd olunur. Ümumilikdə, Cim Consun başçılıq etdiyi Xalqlar Məbədinin milyardlarla dollar həcmində qiymətləndirilən və Panama, İsveçrə və s. banklarda saxlanılan vəsaitinin son aqibətinin necə olması barədə aydın məlumatlar yoxdur.

Constaun hadisələrinin araşdırılması ilə bağı alternativ mənbələrdə orada həlak olanların yaxın adamları cəsədlərlə bağlı yarılmanın aparılmadığını bildirərək onların ölüm səbəblərini mətbuatda bildirildiyi kimi, sianidin qəbul edilməsi səbəbindən olduğunu şübhə altına alırlar.

Eyni zamanda, Constaun hadisəsi ilə bağlı ortaya atılan suallardan biri də həlak olanların və sağ qalanların sayı ilə bağlı mövcud olan fikir ayrılıqlarıdır. Bəzi məlumatlarda Constauna məskunlaşmağa 900-dən bir qədər artıq şəxsin getdiyi və onların böyük əksəriyyətinin orada həlak olduğu, təqribən 40 nəfərin xilas olduğu qeyd edilsə də, Qayanada 1200-dək Cim Cons tərəfdarının məskunlaşdığı kimi məlumatlara da rast gəlmək mümkündür.

Constaun qurbanlarının xatirəsinə 29 may 2011-ci ildə Kaliforniyanın Okland şəhərinin qəbiristanlığında Constaun abidəsinin açılış mərasimi keçirilib. Dörd lövhə şəklində yerə basdırılmış xatirə abidəsinin üzərində Cim Cons da daxil olmaqlda 918 nəfərin adı həkk olunmuşdur.

Constaunda baş verənlərlə bağlı "Qayana - Əsrin cinayəti" (Meksika) adlı bədii və bir neçə sənədli film çəkilmiş, "Constaun", "Cənnətin uşaqları", "Ağ gecələr, qara cənnət" və bir neçə digər bədii kitablar nəşr edilmişdir.

Constaundan xilas olmuş şəxslər (bəzi mənbələrdə 36, 86, 167, 200 nəfər), onların və ölənlərin yaxınları orada baş verəni kütləvi intihar yox, qətl adlandırırlar.

Aysel YAQUBOVA
VAŞİNQTON

 





20.07.2018    çap et  çap et