525.Az

Açıq səma altında maraqlı sərgi


 

IV "FİZİKA VƏ LİRİKA" KONFRANSI ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN RƏSM SƏRGİSİNİN TƏƏSSÜRATLARI

Açıq səma altında maraqlı sərgi <b style="color:red"></b>

İyulun 17-də AMEA-nın Mərkəzi Nəbatat Bağında IV "Fizika və lirika" konfransı keçirildi.

Həmişə olduğu kimi, konfransda maraqlı çıxışlar səsləndi, dəqiq və humanitar elmləri əlaqələndirən, onları bir-birinə bağlayan ortaq dəyərlər barədə maraqlı fikirlər, faktlar dilə gətirildi. Konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi.

Lakin bu yazıda diqqət yetirmək istədiyimiz əsas məqam IV "Fizika və lirika" konfransı çərçivəsində gerçəkləşdirilən rəssamlıq sərgisidir. Sərgi AMEA Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil edilmişdi. Bu, "Fizika və lirika" konfransı çərçivəsində açıq səma altında keçirilən ikinci rəssamlıq sərgisidir. Birinci sərgi ötən ilin yayında, AMEA-nın Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunda keçirilmişdi.

Sərgidə AMEA Memarlıq və İncəsənət İnstitutunun 6 əməkdaşının ümumilikdə 26 əsəri nümayiş etdirildi. Maraqlıdır ki, bunlardan 11-i ilk dəfədir ki, tamaşaçıların diqqətinə təqdim olunurdu. Sərgilənən əsərlər müxtəlif mövzularda işlənmişdilər. Doğma vətənə məhəbbət, qədim tarixi keçmişimizin əks olunması, həmçinin, səfalı təbiət, gül-çiçək təsvirləri tematikanın əsasını təşkil edirdi. Əsərlər əsasən mənzərə, natürmort, portret janrlarında işlənmişdilər. Onların mövzusu kimi, işlənmə texnikası da müxtəlifliyi ilə seçilirdi. Belə ki, burada yağlı boya, sulu boya, qravüra, ofort, qarışıq texnika, kompüter qrafikası kimi müxtəlif texnikalarda işlənmiş əsərlərə təsadüf olunurdu.

Sərgilənən əsərlər elmi konfransa xüsusi ovqat bəxş etdi, iştirakçıların böyük marağına səbəb oldu. Artıq səhər saat 10 radələrində konfrans iştirakçıları Mərkəzi Nəbatat Bağında toplaşmağa başladılar.

AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov, AMEA Humanitar Elmlər Bölməsinin akademik katibi, akademik Teymur Kərimli və bir çox başqa qonaqlar rəsm əsərlərinə böyük maraqla tamaşa etdilər. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv Ərtegin Salamzadə sərgi və onun iştirakçıları barədə toplaşanlara ətraflı məlumat verdi. O, əsərlərin ideya-məzmun vəhdətindən, onların kompozisiya və kolorit xüsusiyyətlərindən, daşıdıqları məna yükündən söz açdı. Direktor qeyd etdi ki, AMEA Memarlıq və İncəsənət İnstitutu tərəfindən rəssamlıq sərgilərinin keçirilməsi artıq xoş ənənəyə çevrilmişdir. Belə ki, nisbətən qısa vaxt ərzində İnstitutun təşkilatçılığı ilə AMEA-da 8 rəssamlıq sərgisi keçirilmiş, bu barədə ayrıca kataloq çap olunmuşdur. Mərkəzi Nəbatat Bağında təşkil olunmuş sərgi sayca 9-cu sərgidir. Qeyd olundu ki, belə sərgilər gələcəkdə də keçiriləcək.

AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının bir çoxu bədii sənətkarlığa meylli insanlardır. Onlar üçün rəssamlıq sənəti elm qədər mühüm əhəmiyyət daşıyır. Sərgilənən əsərlər içərisində Səyyad Bayramov, Leyla Məmmədkərimova, Aysel Talıbova, Vəfa Cəsarət və başqalarının əsərləri diqqəti xüsusilə cəlb edirdi. Sərgi günün sonunadək davam etdi.

Rəssamlıq sərgiləri elmi tədbirlərin daha rəngarəng və maraqlı keçməsinə şərait yaradır, elm ilə bədii sənətkarlığın qarşılıqlı münasibətlərini möhkəmləndirir. "Fizika və lirika" konfransının ideya əsasında bu prinsip dayanır. Ona görə də konfrans çərçivəsində rəsm əsərlərindən ibarət sərgilərin keçirilməsi məqsədəuyğundur. Hazırda AMEA Memarlıq və İncəsənət İnstitutunun istedadlı əməkdaşları böyük həvəslə növbəti sərgilərə hazırlaşır, yeni əsərlər üzərində çalışırlar.

Xəzər ZEYNALOV
AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 





20.07.2018    çap et  çap et