525.Az

Sözün Məhərrəmi - Sazın Orxan Paşası...


 

Sözün Məhərrəmi - <b style="color:red">Sazın Orxan Paşası...</b>

Alim iki gözüynən gördüyündən danışır.

Şair üçüncü göznən gördüyündən!

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, professor Məhrrəm Qasımlı - şair Orxan Paşa belə alim-şairdir.

Övliyalar övliyası Fəridəddin Əttar deyirdi ki, “Əslim, həqiqətim könüldən ibarətdir. İki aləm nədir? Bir dəniz, adı da könül. Yüz aləm olsa, yüzü də könüldə gizlənir!”

Alim də aləm sözündəndir.

Elə ona görə də həmişə alimlərin də yeri könüldür.

Elə ona görə bu alimin də (şairin də) həmişə yeri könüldür.

Neçə vaxtdır ki, “TRT-1” ekranında hər həftənin cümə günü maraqlı bir film göstərilir - “Paytaxt Abdulhamid”. Filmdə belə bir kadr var: Uzun iş günündən sonra Bidar Sultan öz ərini - Osmanlı hökmdarı Abdulhamidi gecə saatlarından birində saraydakı emalatxanasında tapır. Soruşur:

Hünkarım, hələ iş başındasınızmı?

Əvət! Lakin bu dəfə könlümdən ötəri!

Bunu deyən hökmdar maraqlı bir antikvar düzəldəcəyi ağac parçasını yonmaqda davam edir.

Dostum Məhərrəm Qasımlı - Orxan Paşanın gördüyü bütün işlər də mühüm əhəmiyyətlidir, könüldən ötəridir. O da könül işi ilə məşğuldur.

Elmdə də, obasında, elində də, tutduğu yolunda da.

Alim Məhərrəmin də, şair Orxan Paşanın da bircə məqsədi-məramı var:

“Könüllərdə təsvir,
Günəş batmaz devir...
O gəlsin!” (N.F.Qısakürək)

O könül sahiblərinə keçmiş zamanlarda könül sultanları deyirdilər.

Elə dövrdə yaşayırıq ki, hər şeyin bəni-adəmlər getdikcə axırına çıxmaqdadırlar.

Axırımız xeyir olsun!

Bu yaxınlarda yuxumda Aşıq Ədaləti gördüm. Dedim ki, burda (yəni yerdə) nağayrırsan?

Dedi: - Necə ki?!

Dedim: - Sən hələ Ora (yəni göylərə) getməmisən?

Dedi: - Gedə bilirəm ki?!

Dedim: - Niyə?

Dedi: - Oraları da korlayıblar! (yəni bu bəni-adəmlər)

Bu, adi yuxu deyil. Bir mesajdır, icmarıcdır. Belə yuxuları başqa yuxulardan ayırmalıyıq.

Ayılmalıyıq!

Alimlər haqda bir hədis var. Onu belə təqdim edirlər: “Bir saatlıq elm altmış saatlıq ibadətdən üstündür”. Hər şeyi korlayanlar bu hədisin də əsl mənasını zədələyiblər. Elm və ibadət sahiblərini xeyli çaş-baş sala biliblər. Çoxu elmmi üstündür, dinmi? - dilemması ilə üz-üzə qalıb. Halbuki o hədisin əsli belədir: “Bir saatlıq elm Qiyamətdə  yüz illik ibadətə bərabər tutulacaq”.

Bax, bu başqa məsələ!

Bax, elə Məhərrəm Qasımlı - Orxan Paşa da alim kimi, şair kimi əsl həqiqətlərin üzə çıxması üçün mücadilədədirlər. Könül davasındadırlar!

Mən könül adamlarını sevirəm. (Yox, açığı mən onlardan ötrü ölürəm.)

Mən tək adamları, təklənən adamları sevirəm. Çünki onlar Dərvişmisaldırlar. (Yox, elə Dərvişdirlər!)
Könül olan təklənir.

Könlü olan təklənər və təklənə bilir. (Buna keçmişdə inzivaya çəkilmə deyirdilər.)

Könül adamının, könülün təklənməyi dünənin, srağagünün söhbəti deyil.

Mən Məhərrəm Qasımlının şair Orxan Paşanın qulağına nə pıçıldadığını yaxşı bilirəm. Görürəm ki, nə deyirsə, düz deyir:

Elə bil yüz ildən qalıb,
Könül təklənə-təklənə!


Məhərrəm Qasımlı Sözün sazını çalır.

Orxan Paşa Sazın sözünü deyir...

Orxan Paşaya görə “Sazın səsi haqq səsi”dir.

Məhərrəm Qasımlıya görə Sözün səsi də!

Və hər iki səs:

Mərd gözündə mehir bağlar,
Dərd görəndə niyaz saxlar. 
Koroğlunu oyaq saxlar,
Ər səsi, qoçaq səsidir.

O çırağım, həm də butam,
Ətəyindən gərək tutam. 
Dərgaha bağlıdı müdam,
Ölümsüzdü - sağ səsidir.

Bu, saz haqda şeir olsa da, həm də şair Orxan Paşanın öz səsidir.

Durnalardan nəmər gəlsə,
Bəsindi bir lələk, sazım!

Aşığın nəməri pul, muştuluğa tələsən çaparınkı yaylıq, sazınkı durna lələyi imiş.

Saz ötə-ötə (oxuya-oxuya) Durna lələyi yığırmış, sən demə! Qanadlanıb uçmaq üçün! Bizi də qanadlandırıb uçurmaq üçün! Aşıq Veysəl düz deyirmiş: “Durnadanmı aldın səsini, sazım?!”

Və mən hesab edirəm ki, sazın səsi doğrudan da durna səsidir. Başının üstdən qaqqıldayıb durna keçməyən Tut ağacından saz çıxacağına da inanmıram!

İnanıram ki, göydən durna səsi gəldikcə, yerdən saz səsi kəsilməyəcək!

lll

Məhərrəm Qasımlının elmində, Orxan Paşanın könlündə sazla söz qol-boyundurlar. Bu iki adam bir adamdır. Bu bir adam iki... üç... beş... on adamdı bəlkə?!

Və iki (bir!) adamın özündən də, sözündən də övliyalıq yağır. Üzündən alimlik, şairlik, aşıqlıq (aşiqlik!) tökülür. Hamıya, hər şeyə, yerə-göyə çox yaxındırlar, çox! Sevdiyi ilə, sevdikləri ilə hər an, hər gün bir yerdədirlər, baş-başadırlar.

Mən Orxan Paşayam, çox yaxındayam,
Yanıram oduna, bax, yaxındayam.
Getdiyin yolların ayağındayam,
Gəldiyin yolların başında, hər gün!

Bu, Qurbanininmi şeiridir?

Yox!

Abbasındır?

Yox!

Xəstə Qasımındır?

Yox!

Vaqifə məxsusdur?

Yox!

Aşıq Ələsgərindir?

Yox, yenə də yox!

Məhərrəm Qasımlının qımışığından soruşsana!

Orxan Paşanındır!

Bax, sənət budur, nəsildən nəsilə keçən tel budur. “Ruhani”, “Dilqəmi”, “Sarıtel” budur.

Və bu havalar təkcə saz havalarının adı deyil. Məndə, səndə, onda qırılmayan, yaşayan, ölməyən teldir.

Əslində, xalq ruhunun telidir. El arasında “Telli Quran” deyilən müqəddəs bir alətin - əmanətin telidir!

lll

C.Rumi əvvəllər alim idi. Şəms Təbrizi ilə rastlaşandan sonra şair oldu. Daha sonra aşiqlik zirvəsinə qalxdı.

M.Qasımlı da alimdir. O.Paşayla baş-başa verəndən şair olduğunu da unutmadı. (Unutdurmadı.)
Üzü aşiqliyə doğru yol başladı.

lll

Abbas Tufarqanlı deyirdi: “Sözüm dərəcəyə çatdı”.

Bu gün deyə bilərik: Sazımız da dərəcəyə çatıb!

Azərbaycan sazı daha bir intibah dövrünü yaşamağa şanslıdır. Əlbəttə ki, həm dövlət qayğısı, həm də Aşıqlar Birliyinin düzgün rəhbərliyi sayəsində. Bu yolda ən böyük zəhmətə qatlaşan, öz zəhmətini Saza, Sözə (Elmə, Eşqə!) halal eyləyənlərdən biri də Məhərrəm Qasımlı - Orxan Paşadır!

Alim budu, şair budu, aşıq bu,
Dəli Kürtək, Xan Araztək daşıb bu.
Hamı elə aşiqliynə aşiqdi,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

Millət sazı elə basıb döşünə,
Gəlir daim elin-günün xoşuna.
Qurban olum, özüm dönüm başına,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

Söhbət edir, söhbətinə mehmanıq,
Heyrət edir, heyrətinə heyranıq.
Qeyrət edir, qeyrətinə qurbanıq,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

Soyu Dədə Qorqud soyundan gəlir,
Hayı Koroğlunun hayından gəlir.
Suyu Dəli Kürün suyundan gəlir,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

Həmişə belə xoş sədasın alım,
Cam verim, nuş etsin, badəsin alım!
Alanda qoy özüm qadasın alım,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

Ruhunu, eşqini saz edənə bax,
Allah, adam saza, saz adama bax!
Bax, budu ömrünü uzadanı, bax,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

Bülbüldür, onun da meyli güldədir,
Ruhu, danışığı eyni dildədir.
Hələ də ürəyi Leyligildədir,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

Saz telləri ürəyinin simidi,
Söz elə bil, imanıdı, dinidi!
Bitə bilməz, ömrü dastan ömrüdü,
Məhərrəm Qasımlı - Orxan Paşanın!

lll

Sazlarıyla, sözləriylə, özləriylə qol-boyun bu kişilər gəlib çatıblar 60 yaşına.
60 yaşında olan hansıdır?

Məhərrəm Qasımlımı, Orxan Paşamı?

60-ı iki yerə bölək bəlkə?

Hərəsinə nə düşür?

30 yaş.

Elə beləcə də vardırlar!

30 yaşındadı hər ikisi.

Hələ də gənc!

Hələ də güclü!

Sözün Məhərrəmi, sözün köhnə kişisi - Azərbaycanın böyük ziyalılarındandır.

Sazın Orxan Paşası nəfəsi tərtəzə, cavan, gözəl şairlərimizdəndir...

Bir-birilərini çox yaxşı başa düşürlər, tamamlayırlar.

Bir-birilərini heç vaxt qısqanmırlar. Bir yerdə sevinirlər, qubarlanırlar.

Bir-biriləriylə öyünürlər, quvarlanırlar.

Nəyə görə köhnə olduqları qədər də təzə-tər, ahıl olduqları qədər də cavandırlar?

Çünki hələ də könülləri özlərindən irəlidədir!

Haydı, gənclər, Sizi görüm Dədə Qorqud demişkən, üç otuz, on yaşayasınız!

 





23.07.2018    çap et  çap et