525.Az

“Cümhuriyyət Qurucuları” kitabı haqqında bir neçə söz


 

“Cümhuriyyət Qurucuları” kitabı haqqında bir neçə söz<b style="color:red"></b>

Azərbaycan tarixinin şərəfli səhifələrindən biri Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdür.  Bu şərəfli səhifə bir neçə amillərlə bağlıdır.

Əvvəla e.ə. III-II minillikdən başlayan dövlətçilik tariximizdə mövcud olan dövlətlərin paytaxtları və adları müxtəlif olmub. Tarixdə ilk dəfə paytaxtı Bakı, adı Azərbaycan olan dövləti Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları yaradıblar. İkincisi, Cümhuriyyətə qədər mövcud olan dövlətlər ayrı-ayrı tayfalar və ya sulalələr tərəfindən yaradılıb. Ancaq Cümhuriyyət  millətin müxtəlif təbəqələrinin içərisindən çıxmış, Vətənimizin müxtəlif bölgələrini təmsil etmiş ziyalılar tərəfindən sahibkarların da bir qisminin yaxından köməkliyi sayəsində yaradılıb. Bu səbəbdən Cümhuriyyət hamı tərəfindən milli dövlət kimi qavranılır, qəbul edilir və sevilir. Üçüncüsü, Cümhuriyyət müsəlman və türk dünyasında ilk parlamentli Respublikadır.

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun bu yaxınlarda çapdan çıxmış “Cümhuriyyət qurucuları” kitabı məhz belə bir dövləti yaradanların həyat və fəaliyyətinə həsr edilib. Olduqca maraqlı olan kitabda Cümhuriyyəti quran və onun möhkəmlənməsində, ayrı-ayrı sahələrin inkişafında böyük xidmətləri olan 59 nəfərin həyat və fəaliyyəti işıqlandırılıb. Müəllif çox haqlı olaraq dəyərli əsərini M.Ə.Rəsulzadənin fəaliyyəti bəarədə məlumat verməklə başlayır. O, burada geniş oxucu kütləsi üçün az məlum olan xeyli yeni məlumatlar vermiş, bir sıra fakt və fotoları ilk  dəfə elmi dövriyəyə cəlb etmişdir. Nəsiman müəllim cəmi 25 səhifəlik yazıda Cümhuriyyətin qurulmasında, azərbaycançılığın elmi konsepsiya halına salınmasında M.Ə.Rəsulzadənin rolunu və əhəmiyyətini olduqca dəqiq faktlarla oxuculara çatdırmağı bacarmışdır. Onun Cümhuriyyətin digər qurucuları haqqında yazıları da yüksək elmi səviyə və sevgi ilə qələmə alınmışdır. 

Nəsiman müəllim əsəri yazarkən mövzu ilə bağlı müxtəlif araşdırmaçıların yazıları ilə kifayətlənməmiş, Respublikamızın o cümlədən, Türkiyənin,  Polşanın dövlət arxivlərindən,  şəxsi arxivlərdən səmərəli formada istifadə etmişdir. Əsərin maraqlı yerlərindən biri də əlavələr adlanan hissəsidir. Belə ki, müəllif burada indiyə qədər oxuculara məlum olmayan xeyli yeni fotolar təqdim etmişdir. Maraqla oxunan bu əsər gərgin əməyin, uzunmüddətli elmi araşdırmaların nəticəsidir.  Fikirmizcə, istedadlı alimin qələmindən çıxan bu əsər də Cümhuriyyət sevərlərə, obyektiv tarix sevərlərə gözəl bir hədiyyədir. Çap olunmasından qısa bir müddət keçməsinə baxmayaraq, xeyli sayda insanların  bu maraqlı kitabı haradan və necə əldə etmək barədə sualları da  bizi belə qənaətə gətirmişdir. Təəssüf ki, olduqca nəfis şəkildə çap olunan bu dəyərli əsərin tirajı az olduğu üçün Azərbaycanın  XX əsr tarixi, Cümhuriyyət dövrü ilə maraqlanan mütəxəssislər, tarix, diplomatiya, beynəlxalq münasibətlər üzrə təhsil alan tələbələr, milli, demokratik, hüquqi dövlət quruculuğu prosesini öyrənmək istəyən insanlar üçün  tələbatı ödəməkdən uzaqdır.

 





23.07.2018    çap et  çap et