525.Az

Ənənəyə söykənən sarsılmaz qardaşlıq...


 

TÜRKİYƏ VƏ AZƏRBAYCAN ARASINDA SİYASİ-İQTİSADİ BİRLİK MÖHKƏMLƏNİR

Ənənəyə söykənən sarsılmaz qardaşlıq... <b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da dövlət başçısı kimi ilk rəsmi səfərini Azərbaycana etməklə qardaşlar arasında illərdir davam edən xoş ənənəni pozmadı.

Bundan bir müddət əvvəl apreldə keçirilmiş seçkilərdə qələbə qazanmış Azərbaycan Prezidenti İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsi də strateji kursun möhkəm təməllər üzərində davam etdiyini göstərmişdi. Türkiyə və Azərbaycan Prezidentlərini bu siyasi ənənəsi həm də, region və dünya dövlətləri üçün yaxşı nümunə kimi təqdim oluna bilər.

Bu, bir daha Türkiyə-Azərbaycan dostluğu, qardaşlığının sarsılmazlığına, əbədiliyinə işarə oldu. Bakı səfəri bütün dünyaya Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu nümayiş etdirdi. Cənab Ərdoğanın Azərbaycana budəfəki səfəri həm də digər xoş bir özəlliyi, siyasi praktikada zəngin təəssürat yaradan hadisənin baş verməsi ilə də diqqəti cəlb etdi. Türkiyənin dövlət başçısı hava limanından birbaşa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından şəhidlərin məzarlarını və Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etməsi onun torpağın, dövlətin qürurunu, şərəfini qoruyaraq canlarını fəda etmiş igidlərə olan möhtəşəm ehtiramının, sevginin bariz nümunəsi oldu. Xatirə kitabına yazdığı "Sizin fədakarlığınızdan aldığımız ilhamla bu günə qədər olduğu kimi, inşallah, bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı və genişlənməsi üçün mübarizəmizi davam etdirəcəyik" ifadəsi Ərdoğnın qardaşlığa verdiyi ən yüksək dəyər olmaqla, qarşıda hər iki ölkənin çiyin-çiyinə mübarizə aparmaqda qətiyyət və əzmkarlığını ortaya qoyacağının anonsu idi.

Türkiyənin dövlət başçısının qardaşlıq mesajı Azərbaycanda qürur və fəxarətlə qarşılandı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu səfər bizi çox sevindirdi, bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsi oldu, dir, birliyimizi göstərdi: "Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman, xoş gündə və çətin sınaqda Azərbaycanın yanında olduğunu bəyan edərək AKP hökumətinin bu kursa həmişə sadiq qalacağını bəyan edib: "Prezident kimi and içdikdən sonra ilk səfərimi qardaş, dost Azərbaycana etmək vəzifəmi yerinə yetirdim. Bu günə qədər harada idik və bundan sonra harada olmalıyıq. İndi yeni bir addım ataraq əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmaq əlavə güc verəcəyik"”.Türkiyə Prezidentinin bəyanatında hər zaman olduğu kimi bu dəfə də ana şüar Dağlıq Qarabağ mövzusdu oldu. Dağlıq Qarabağ məsələsində ilk gündən Azərbaycanın mövqeyini dəstəkləyərək işğalçı Ermənistanla bütün siyasi-diplomatik münasibətləri dondurmuş Türkiyə növbəti dəfə Ermənistana, bu ölkənin yeni hökumətinə mesaj göndərdi. Ermənistanı beynəlxalq birliyin, BMT qətnamələrinə əməl etməyə, Azərbaycan ərazilərini işğaldan azad etməyə çağırdı. Hər iki dövlət başçısı tərəfindən bir daha bəyan olundu ki, Dağlıq Qarabağ problemi həll olunmadan, ermənilərin işğal etdiyi torpaqlardan və əsassız soyqırım iddialarından əl çəkmədən bu ölkə ilə əməkdaşlıq mümkün deyil. Türkiyə bu mövzuda da ənənəsinə sadiqdir, Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanında olacaq. 

İqtisadi əlaqələrdə yeni səhifə açılır... 

Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün də böyük fayda verir. Bu dövlətlərin icra etdiyi qlobal layihələr dünyada etibarlı və xoş məramlı uzunömürlü tərəfdaşlığa əsaslanır. Ötən ay TANAP layihəsinin açılışını edən qardaş ölkələr Avropada hamı üçün açıq olan səmərəli enerji siyasətinin çoxşaxəliliyini təmin etdi. Türkiyə ilə Azərbaycan birgə iri layihələr həyata keçirməsi onların bölgədə güclü nüfuz sahibinə çevrilməsini də şərtləndirib. Bu nüfuzun ən yükəsk zirvəyə çatmasını təmin edəcək və qarşıda yeni uğurlar gətirəcək transregional layihələr isə kifayət qədərdir. Hər iki ölkənin siyasi liderləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin əzmkar fəaliyyəti sayəsində Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı daha da möhkəmlənəcək.

Siyasi dinamikanın əsas sütunlarından biri olan iqtisadi təşəbbüskarlıq da artmağa başlayıb və bunu Türkiyə-Azərbaycan iqtisadi-ticari əlaqələrinin tablosundan aydın görmək olar. Bu gün Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1700-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir və tərəflər bu rəqəmi 2 dəfə artırmaq üçün iqtisadi qurumlar və hökumət komissiyaları çərçivəsində səmərəli müzakirələr aparırlar. Hazırda Azərbaycan da öz iqtisadi və investisiya fəallığını artırıb və Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşları üçün davamlı layihələr həyata keçirir. İndiyədək Türkiyəyə 13,9 milyard dollar sərmayə qoyan Azərbaycan yaxın vaxtlarda investisiyaların həcmini 20 milyard dollara çatdırmağı hədəfləyib. Eyni zamanda, hər iki ölkənin iş adamlarının iqtisadi layihələrdə daha aktiv iştirakı təşviq edilir.

Hazırda Türkiyənin yeni sərmayə ünvanına çevrilmiş “SOCAR” dayanmadan investisiyaların xəritəsini genişləndirir. Sırada dünya sənaye brendlərinə çevriləcək “STAR Rafineri”, “Petlim Konteyner Limanı” və “Petkim RES”-in açılışları Azərbaycan və Türkiyənin iqtisadi gücünü daha da artıracaq.  

Yeni Hökumətin Azərbaycan sevdası... 

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan tərəfindən seçkilərdən sonra təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibi Azərbaycana dərin ehtiramı olan, ikitərəfli əlaqələrdə indiyə qədər böyük əmək sərf etmiş və enerjili, “iki dövlət, bir millət” konseptini əməli ilə təsdiq edən, kreativ nazir və komitə rəhbərləri ilə zəngindir. Onların sırasında xarici işlər naziri Mövlud Çavuşoğlu, gənclər və idman naziri Məhmət Kasapoğlu, xəzinə və maliyyə naziri Bərat Albayrak, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Məhmet Ərsoy, müdafiə naziri Hulusi Akar və digərlərinin Azərbaycan-Türkiyə əlaqələrinin indiyə qədər inkişaf etməsində xidmətləri əvəzsiz olub. Ərdoğanın komandasında yorulmadan çalışan bu kadrlar həm də Azərbaycanın mili məsələlərində ayrı-seçkilik etmədən əsil qardaşlıq nümunəsi nümayiş etdiriblər, eyni zamanda, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsinin ucaldıblar.

Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanın yeni hökumət sistemində yer alan kadrların Türkiyə, türk milləti və türk birliyi üçün güclü iradə ortaya qoyacağına böyük əminlik vardır.

Türkiyədə yeni hökumət vahid və monolit güc olaraq dövlətin ümummilli maraqlarının təmin edilməsi, daxili və xarici gücünün artırılması, yüksək iqtisadi inkişaf və intibahın möhkəmləndirilməsi, xalqın sosial ləyaqətli həyatının və firavanlığının artırılması yönündə iddialı və inamlı yol qət etməyə başlayıb. Ərdoğanın liderliyi və güclü idarəçiliyi altında dövlət məmurlarının məsuliyyəti və işi daha da artıb. Məsələn, bəzi dövlət strukturları, müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə orqanları indiqə qədər daha çox parlament qarşısında məsul idisə, bundan sonra birbaşa Prezidentə tabe olmaqla birinci şəxs qarşısında hesabat verməli olacaq. Eləcə də, maliyyə, büdcə, rabitə, xüsusi arxiv araşdırmaları, milli məsələlər üzrə strateji sahələrin rəhbərləri də ikiqat məsuliyyət altına girərək atdıqları hər adddımlarını “ölçüb-biçməli” olacaqlar. 11 böyük dövlət qurumu adlandırılan həmin strukturların fəaliyyətində köklü dəyişikliklər baş verəcək və Prezidentin müəyyən etdiyi hədəflərin icrasında sıx birləşməklə Türkiyənin inkişaf və güclənmək əzmkarlığına töhfə verəcəklər. Eləcə də, iqtisadi, sosial və mədəni sahəni idarə edən qurumlar da funksional baxımdan Prezidentlə birbaşa işləyəcək və əvvəlki bürokratik meyillərə son verməli olacaqlar.

Ərdoğanın bəyan etdiyi kimi, yeni hökumət peşəkar və çevik insanların birliyi olacaq. Komandanın ümumi işinə, dinamik fəaliyyət ahənginə uyğunlaşmayan, yaxud geridə qalan məmurlarla yola davam edilməyəcək. Yeni hökumət yeni nəfəs, yeniliklər deməkdir və Yeni Türkiyə nizamının tələblərilə hərəkət edəcək. Bu isə Türkiyənin 2023-cü ildə hədəf seçdiyi strateji inkişaf planlarına çatmağa imkan verəcək. Türkiyənin güclənməsi isə Azərbaycanın güclənməsi deməkdir.

 





23.07.2018    çap et  çap et