525.Az

Mərkəzi Elmi Kitabxanada Rasim Balayevin yubileyi qeyd olundu - Fotolar


 

Mərkəzi Elmi Kitabxanada Rasim Balayevin yubileyi qeyd olundu - <b style="color:red">Fotolar</b>

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin 70 illik yubileyinə həsr olunan “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbir keçirilib.

Incəsənət və mədəniyyət xadimlərinin, elmi ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə görkəmli aktyorun həyat və yaradıcılığından, uğurlu səhnə fəaliyyətindən, teatr və filmlərdə canlandırdığı obrazlardan söz açılıb.

MEK-in direktoru Leyla İmanova bildirib ki, kitabxananın fondlarında “Rasim Balayev” kateqoriyasına aid edilən kitab, jurnal, dissertasiyalar, eləcə də görkəmli aktyorun iştirakı ilə çəkilmiş filmlər və verilişlər kitabxananın elektron kataloqu və Milli Rəqəmsal Bazasına daxil edilib. MEK informasiya istehsalçısı olaraq Rasim Balayevin Azərbaycan dilində olan “Vikipediya”dakı səhifəsini redaktə edib. Həmçinin aktyorun anadan olmasının 70 illiyi ilə bağlı onun haqqında Azərbaycan dilində “Vikipediya”dakı məlumat ərəb, fars, türk və gürcü dillərinə çevrilib. Bildirilib ki, görkəmli sənətkarın yaratdığı milli qəhrəman obrazları böyük bir nəslin tərbiyəsinə, gənclərin inkişafına kömək edib. “Rasim Balayev” adlı elektron resurs da artıq MEK-in istifadəçilərinin ixtiyarındadır.

L.İmanova rəhbərlik etdiyi qurum tərəfindən görkəmli sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən videoçarxın hazırlandığını da diqqətə çatdırıb.

Sonra MEK-in əməkdaşlarının hazırladıqları və görkəmli aktyorun həyat və yaradıcılığını əks etdirən “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı videoçarx nümayiş olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev görkəmli aktyorun zəngin yaradıcılığından və peşəkar sənətkar kimi milli kinomuzun inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Rasim Balayevin çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazılıb və həmin filmlər “Azərbaycanfilm” kinostudiyasında qorunub saxlanılır.

Digər çıxış edənlər də Rasim Balayev şəxsiyyətinin və sənətinin parlaq cizgiləri haqqında düşüncələrini bölüşüb, aktyoru yubileyi münasibətilə təbrik ediblər.

Bildirilib ki, Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində ustalıqla oynadığı rollara görə tamaşaçıların sevgisini qazanıb.

Sonra R.Balayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Məşhur aktyor Azərbaycanda kino və teatr sənətinin inkişafından, gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb.

Tədbir bədii hissə ilə davam edib.

 





25.07.2018    çap et  çap et