525.Az

Azərbaycan SQAY İdman Federasiyasının Təsis Konfransı keçirildi


 

Azərbaycan SQAY İdman Federasiyasının Təsis Konfransı keçirildi<b style="color:red"></b>

Hindistanın Kəşmir əyalətinin özünəməxsus mədəniyyəti, dağları, gölləri, bağları var. SQAY idman növünün tarixi məhz Kəşmirin erkən yarandığı tarixə, insanların özlərini fərdi və kollektiv şəkildə heyvanlardan qorumağa başladığı zamanlara söykənir. Bizim eradan əvvəl  4012-ci  ildə kəşmirlilər SQAY döyüşündən özlərini müdafiə etmək, heyvanları öldürərək ərzaq əldə etmək məqsədilə istifadə edirdilər. Lakin bizim eradan əvvəl 3905-ci ildə Diya-Dev Kəşmiri düşmənlərdən qorumaq üçün əsgərlərə təlim keçirməyə başladı və əsgərlərə bu döyüşü daima izləməyi əmr etdi.    B.e.əvvəl 3889-cu ildə tufan Kəşmiri tamamilə dağıtdı. Bu tufan (S.Ə.S) “Peyğəmbərin fırtınası” kimi tanındı. Nuh (S.Ə.S) tufanı bütün milləti məhv etdi. Kəşmirin Kohistant meşələrində çox  az insan sağ qaldı. Onlar SQAY döyüşündə özlərini düşmən və heyvanlardan müdafiə edir, fərdi və kollektiv şəkildə vəhşi heyvanları öldürür, ərzaq əldə etmək üçün də istifadə edirdilər. Nuh (S.Ə.S) fırtınasından sonra, Kəşmir yenidən “Kaşmar Reşi”  tərəfindən demokratik dövlət kimi quruldu.

Kəşmir kralı Puran Karan öz əsgərlərini SQAY döyüşünün təlimlərinə başlatdı, onu əsgərləri üçün vacib və məcburi etdi. B.e.əvvəl  3121-ci ildə Oukhand Kəşmirin Kralı oldu. Böyük müharibə Kəşmirin bir çox hissələrini dağıtdı. Bizim eradan əvvəl 3121-ci ildən, bizim eranın 1324-cü ilinədək Kəşmir öz təhlükəsizliyini qorudu. 1324-cü ildə Tatar xanı Zaved Qader Xan Kəşmir kralını məğlub etdi. 1325-1819-cu illərdə müsəlmanların hakimiyyəti müddətində SQAY döyüşü Kəşmir əsgərləri üçün yenidən məcburi oldu. Bu döyüş Kəşmir “Şamşerizen” döyüşü kimi məşhurdur.  Bu idman növü 1819-cu ildən sonra  isə daha da məşhurlaşmağa başladı. 1960-cı illərdən bəri beynəlxalq SQAY Şurası, bu qədim , ənənəvi döyüşü dünya arenasında idman yarışları ilə əlaqələndirməyə çalışır. “Hindistan SQAY Döyüş Federasiyası” ümid edir ki, bu döyüş öz məşhurluğunu daha da qoruyub saxlayacaqdır. Hindistanda və dünyanın bir çox ölkələrində unutmurlar ki, SQAY döyüşü başqa döyüş standartlarına məxsus olmayan və özünəməxsus standartlara malik yerli, köklü döyüş növüdür. Azərbaycanda bu döyüş növünə olan tələbatı nəzərə alaraq “SQAY İdman Federasiyası” yaratmağı qərara aldıq. Məqsəd uşaq və gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarına kömək etmək, çağırış yaşlı gənclərin həqiqi hərbi xidmət zamanı daha hazırlıqlı olmalarına nail olmaqdan ibarətdir.

İyulun 19-da C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında  “Azərbaycan SQAY İdman Federasiyası”nın Təsis  Konfransı keçirildi. 73 nəfər idmançının və təəssübkeşlərin iştirak etdiyi Konfransı bu kitabxananın direktoru, tanınmış mədəniyyət işçisi Tahir Sadıqov açdı, ilk sözü “Tərəqqi” medalının mükafatçısı, tanınmış jurnalist, müharibə veteranı Şamil Sabir oğluya (Ələkbərli) verdi. Azərbaycanın Dövlət Himni ifa edildi. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Konfrasın işini aparmaq üçün sədr və katib seçildi. İclasın sədri, Federasiyanın təsis edilməsi üzrə İşçi Qrupunun üzvü Aidə Zeynalova sədr, Ləman Bədəlova katib seçildi. Aidə xanım, Konfransda 73 nəfərin iştirak etdiyini, yetərsay olduğunu nəzərə çatdırdı. Daha sonra o,  sözü işçi qrupunun rəhbəri Şamil Ələkbərliyə verdi. O, bu il iyunun 1-də Beynəlxalq SQAY Federasiyasından onun Azərbaycan Respublikası üzrə nümayəndə təyin edilməsi  barədə məktub gəldiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı, Azərbaycan idmançılarına bu Federasiyanın yaranmasına göstərdikləri dəstəyə görə təşəkkür etdi.

Azərbaycan Peşəkar Sərbəst Döyüş İdman klubunun direktoru, Beynəlxalq  döyüş Növləri Konfederasiyasının Azərbaycan üzrə təmsilçisi Hacı Rasim Eyvazov “SQAY” idman növü haqqında daha ətraflı məlumat verdi. Laçın rayonundan məcburi köçkün, el ağsaqqalı, Prezident təqaüdçüsü, şair-publisist Bəhmən Laçınsız, Ağdam rayonundan məcburi köçkün, tanınmış şair German, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, müharibə əlili Hacı Ədalət Məhərrəmov, gənc jurnalist Aynur Qəniyeva və başqaları yeni yaradılacaq Federasiyaya gələcək işlərində uğurlar arzuladılar. “Azərbaycan SQAY İdman Federasiyası” ictimai birliyinin Nizamnaməsi təsdiq edildi. 7 nəfərdən ibarət Rəyasət heyəti yaradıldı. Böyük səs çoxluğu ilə Şamil Ələkbərli federasiyanın prezidenti, Aidə Zeynalova (Təşkilati məsələlər üzrə) və Elnur Abasov (idman məsələləri üzrə) isə vitse-prezident seçildilər.

Səriyyə TAĞIYEVA

 





25.07.2013    çap et  çap et