525.Az

Birinci və Sonuncu...


 

... MAHİR QARAYEVİN 60 yaşına

Birinci və Sonuncu...<b style="color:red"></b>

O şairdir.

O tərcüməçidir.

Hər ikisində mahirdir.

Mahir Qarayev altmış il öncə Göyçayda dünyaya gəlib. Həbibinin, Rəsul Rzanın, Ənvər Məmmədxanlının, Əli Kərimin doğulduğu torpaqda.

Universitetin filologiya fakültəsini bitirib. Müxtəlif redaksiyalarda, nəşriyyatlarda işləyib. Hələ ki qələmiylə dolanır.

Mən onu otuz ildir tanıyıram. Dost deyilik, amma bir-birimizə hörmətimiz Göyçay çinarları kimi köklüdür.
Əlli yaşı olanda “Tənhalıq” (şeirlər, poetik silsilələr, tərcümələr) kitabı çapdan çıxıb. Kitabın üz qabığında “birinci və sonuncu kitab” sözləri yazılıb.

Doğrudan da Mahirin bu on ildə yeni bir kitabına rast gəlməmişəm. Təbii ki, Mahir Qarayevin yaradıcılığı əlli yaşın tamamında bitib-tükənmir. Yenə şeir yazır, tərcüməylə də məşğul olur. Amma o bircə kitab Mahir Qarayevi tanımaq, duymaq və qiymətləndirmək üçün kifayət edər.
 
“Dünyada bəlkə ən sevmədiyim iş - şeirlərimi çapa verməkdir. Elə bu səbəbdən bir-iki qəzet-jurnalda indiyəcən beş-üç şeir çap etdirsəm də, heç bir kitabımı nəşriyyata təqdim etməmişəm, mənim fikrimcə, şairin kitabı... özündən sonra çıxsa yaxşıdır!” Elə bir şeirində də yazır ki:

Şeirlər yazıram çap olunmasın-
Sən mənim halıma acıma, dostum!
Şairlər dünyanın dərdini yazar,
dərdlər tapışarlar, arxalaşarlar;
Hər şeir şairin qəbrini qazar;
islam qəbirləri-Nəsimiləşər,
ispan qəbirləri-Lorkalaşarlar.
Hər şeir Hadinin qəbrini qazar-
qəbirlər bir ucdan Hadiləşərlər...


Mahir Qarayevin bütün şeirlərində məhz tənhalıqdan gələn səslər, nidalar, bəzən də pıçıltılar eşidilir. Olsun ki, onun heç birinin şeirinin adında “tənhalıq” sözü işlədilməsin. Amma tənhalıq onun şeirlərinin ruhundadır. Böyük insan mühitində onlarla, minlərlə adamlarla ən səmimi ünsiyyətdə ola bilərsən, amma yenə, təklikdə tənhalıq içində yaşarsan. Amma  “tənhalıq boşluq deyil, səni gözləyən varsa” (Əli Kərim). Mahir Qarayevin tənhalığında da boşluq, ümidsizlik yoxdur. Bəs nə var? “Ayrılığın yaratdığı dərya kədəri, bir qəlbin inləyən Xirosima”sı. Məncə, Mahirin “Yağış həsrəti” şeiri tənhalığın rəsmini təqdim edən bir şeirdir:

O yay axşamı
Yağış həsrətiylə  yanırdı hamı!

Yanırdı dünyanın torpağı, daşı,
Göylərin  yalanı, düzü yanırdı;
Ağlaya bilənin gözünün yaşı,
Ağlayammayanın gözü yanırdı.

Səssiz hönkürürdü gendə bir qadın.
Yağış həsrətiylə hamı yanırdı.

Mahir hisslər, duyğular şairidir, bu hisslər, duyğular onun şeirlərində müxtəlif assosiasiyalar doğurur - sözlər, ifadələr poetik rənglərə bürünür. Mən onun “Bir cüt səsin nağılı” silsilə şeirlərində indinin özündə belə orijinallığını itirməyən təzə təşbehlər, metaforalar gördüm. Müasir şeirin klassik şeirdən irs qalan cövhəri, dadı-duzu bunlar deyilmi? Həm də nağılın modern mənada poetikləşdirilməsini Mahirin şeirlərində izlədim.

Bu - Günayın nağılı. “o gecə özü boyda atəş idi, köz idi. O gecə ta sübhəcən kəsilmədi göz yaşı. O gecə bir Günaydı, bir də ki, Ay işığı”. Və birdən müharibə-”hər süfrədə çörək kəsdi-doğmalaşdı müharibə”. Amma Günayın “nağılı” bitmir. Mahir insan həsrətinin faciəsini “nağıllaşdırır”. Nağıl süjeti tragik bir sonluqla bitir:

Günay yatdı-
bəd yuxudan üzülməyə
Seymur yatdı-
gen sinəsi dəlik-dəlik.

 Sübh erkəndən Günay qalxdı,
 qalxdı onu gözləməyə.
...o qalxmadı...
 ...həmişəlik...

Mənim o kitabda ən çox bəyəndiyim “Tənha kəndin payızı” silsiləsindən qələmə aldığı beş şeir oldu. Bu beş şeirdə doğrudan tənha bir kəndin qəmli, bir az nostalji doğuran romantik mənzərəsini seyr elədim. Təkcə buna görəmi?  Yox! İlk növbədə, Mahirin şeir mədəniyyəti xüsusilə nəzərə çarpır, dilimizin poeziyasını yaratdığı, təbiətlə bağlı duyğularında rəssamlığa, peyzaja meyl etdiyi və bənzərsiz lövhələr yaratdığı üçün. Tonqal haqqında deyir ki:

Payız axşamında
tonqal başında
Gözündən-qaşından öpdüyüm sona!
Gözündən-qaşından öpüb, sonra da
Ömründən yel kimi öpdüyüm sona!
Yağış haqqında deyir ki:
Bu yağış-gül yağış, gülləmə yağış,
Bu yağış-min ildi belə yağmamış!
Bu yağış yarpağın, gülün, çiçəyin
asar sırğasını qulaqlarından:
Suları qurumuş gölməçələrin
açar kor gözünü, açar durmadan!

Mahir Qarayevi istedadlı bir tərcüməçi kimi tanıyıram. Həmin o kitabda Mahirin M.Y.Lermontovdan, R.M.Rilkedən, A.Axmatovadan, S.Yesenindən, B.Pasternakdan, O.Mandelştamdan, M.Svetayevadan, F.Lorkadan, V.Nezvaldan, A.Voznesenskidən, O.Süleymenovdan gözəl tərcümələrini var. Həm orijinalını verir, həm də öz tərcüməsini. Mahirin şeir tərcümələri orijinalla tutuşduranda həm dəqiq, həm də poetikdir. M.Svetayevadan etdiyi bir şeir tərcüməsini nümunə gətirirəm:

Günəş-təkdir.
Amma addımlayır şəhərbəşəhər.
Günəş-mənimkidir,
Mənimkidir, onu kimsəyə verməm.
 
Nə bircə saatlıq, nə bircə anlıq.
Heç kəsə! Heç zaman!
Qoy əbədi gecə sonsuz qaranlıq
Bütün şəhərləri məhv etsin tamam!

Əlimə götürrəm!-
dünyanın boynuna dolanammasın.
Əlimə götürrəm!-
içim də, çölüm də oda qalansın!

Əbədi gecədə
qaranlıq içində itərsə birdən-
qaçaram dalınca bütün gücümlə...
Günəşim! Mən səni kimsəyə verməm!

Orijinalla tutuşdurduq. Tam uyğundur, sözbəsöz.

Mahir Qarayevin müqəddimə və şərhləri, izah və qeydləri ilə nəşr olunan bir tərcümə kitabı var: - Frans Kafkanın novella və pritçaları, gündəlikləri, söhbətləri cəm olunan bir kitab, iyirmi iki il bundan əvvəl Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdiyi o kitabda Mahir Qarayevlə yanaşı, Cəfər Bağırın (Azərbaycan oxucusu ilk dəfə 1966-cı ildə “Azərbaycan” jurnalında məhz onun tərcüməsində F.Kafkanın “Çevrilmə” novellasını oxumuşdur), Paşa Əlioğlunun, Arif Əmrahoğlunun, Tahir Kazımlının, Azər Qaraçənlinin, İqrar Cəfəroğlunun da tərcümələri var. Amma təbii ki, yükün ağırını Mahir Qarayev çəkib.

“Dünyanın Kafkası və Kafkanın dünyası” müqəddiməsindən hiss olunur ki, Mahir Qarayev Kafka yaradıcılığına dərindən bələddir, həm onun əsərlərini, həm də onun yaradıcılığı ilə bağlı yazıları diqqətlə oxuyub. Yazır ki: “Nədir Kafkanı bunca maraqlı edən? İlk növbədə sənətkarın qeyri-adiliyi, bənzərsizliyi.

Faciəvi həyat tərzi, ziddiyyətli yaradıcılıq mövqeyi, heç bir yozuma cavab verməyən son dərəcə müəmmalı, anlaşılmaz, özünəməxsus dünyagörüşü ilə Kafka heç kəsə bənzəmirdi. Gah insanlara cavan atırdı Kafka, gah da büsbütün tənhalıq həsrətiylə yanıb-yaxılırdı. Sığorta idarəsindəki  işinə nifrət eləyə-eləyə işləməyə məcbur idi ki, atasının minnətindən canını qurtarsın, eyni zamanda, ailə üzvlərinin hamısıyla əlaqəni kəsib qınına girmişdi-həyatda yararsız bir üzvə çevrilmişdi, hər şeyə biganələşmişdi”. Amma ölümündən sonra F.Kafka dünyanın ən məşhur bir yazıçısına çevrildi, hətta kafkaşünaslıq elmi yarandı.
 
Kitabda  Kafkanın “Hökm”, “Çevrilmə”, “Körpü”, “Kənd həkimi”, “Müğənni Jozefina” və s. novellaları və pritçaları ilə tanış oluruq. Tərif olmasın, bu kitab Azərbaycan tərcümə mədəniyyətinin gözəl bir nümunəsidir. Yeri gəlmişkən qeyd edim ki, Mahir Qarayev həm də tərcümə nəzəriyyəsi ilə də məşğul olur və Yazıçılar Birliyinin hansı qurultayındasa “Tərcümə işi haqqında” məruzə də edib.
 
Nəhayət, Mahir Qarayevin 60 yaşı haqqında. Bu yaşına görə cavan qalıb. Səmimi insandır. Və əlbəttə, istedadlıdır. “Birinci və sonuncu” kitabı elə bilirəm şərti anlayışdı. O, əlli yaşın kitabıydı. Altmış yaşın da öz kitabı ola bilər.

Azərbaycan yazıçıları arasında Mahir Qarayev adında ikinci bir yazar yoxdu. Birinci və sonuncu Mahir Qarayevdən yazdım mən də...

 





30.07.2018    çap et  çap et