525.Az

Rusiyalı gənclərin nümayəndə heyəti BSU-da


 

Rusiyalı gənclərin nümayəndə heyəti BSU-da<b style="color:red"></b>

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri xanım Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın bir qrup dövlət qulluqçuları, Uşaq və Gənclər Təşkilatlarının Milli Şurasının idarə heyətinin üzvləri, Gənclərin İctimai Palatasının üzvləri və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində 25 iyul tarixində Bakı Slavyan Universitetinin qonağı oldu.

Qonaqlar universitetlə tanışlıq çərçivəsində universitet muzeyi, BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusiyanın tədris-mədəniyyət mərkəzləri, müasir standartlarla yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqla təchiz edilmiş Linqafon zalları, elmi-tədqiqat laboratoriyaları, Akt zalı və “Heydər Əliyev məktəbi” Tələbə Teleradio Studiyası ilə tanış oldular.

Rusiyalı qonaqlar Konfrans zalında müəllim və tələbə heyəti ilə görüşdülər. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor prof. A.A.Hacıyev qonaqları BSU-nun rektoru prof. K.M.Abdullayevin adından səmimi salamladıqdan sonra BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və mədəni həyatı, Tələbə Gənclər Təşkilatı və Kölgə Kabinetinin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verdi.

BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, millət vəkili  prof. S.Ə.Qafarova, tərbiyə işləri üzrə prorektor dos. O.Ə.Səmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri A.G.Bayramova BSU-nun beynəlxalq layihələrindən, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən, zəngin tələbə həyatından bəhs edərək bildirdilər ki, bu gün BSU Rusiyanın bir sıra nüfuzlu universitetləri ilə sıx əlaqələr qurub və bu əlaqələri sürətlə inkişaf etdirməkdədir.

Qonaqlar səmimi münasibətə və BSU-nun Azərbaycanda rus dilinin tədrisi ənənəsinə sadiq qaldığına, slavyan dillərinə qayğı ilə yanaşdığına görə universitet kollektivinə dərin təşəkkürlərini bildirdilər və BSU tələbələri ilə fikir mübadiləsi apardılar. Görüşdə yeni tədris ilində bir sıra gənclər təşkilatlarının BSU-nun Tələbə Gənclər Təşkilatı ilə əməkdaşlıq memorandumunun imzalanması qərara alındı.

Günay ƏLİYEVA

 





26.07.2013    çap et  çap et