525.Az

Yeni jurnalist təşkilatı Mətbuat Şurasına üzvlük üçün müraciət edir


 

Yeni jurnalist təşkilatı Mətbuat Şurasına üzvlük üçün müraciət edir

Bu yaxınlarda dövlət qeydiyyatına alınmış Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) ümumi yığıncağını keçirib. Təşkilatdan 525.az saytına verilən məlumata görə, yığıncaqda bir sıra məsələlərlə yanaşı qurumun idarə heyətinin təşkili məsələsinə də baxılıb.

Təşkilatın sədri Azər Həsrət bildirib ki, CASCFEN idarə heyətinin tərkibi 7 nəfərdən ibarət olmaqla təşkil edilib. Bunlar qurumun rəhbəri Azər Həsrət, müstəqil jurnalist Rey Kərimoğlu, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəri, “Space” TV-nin redaktoru Nüşabə Hüseynli, müstəqil jurnalist Lalə Musaqızı, “Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy və “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğludur.

Toplantıda həmçinin qurum sədrinin müavinlərinin təyin edilməsi müzakirə olunub. Ümumi qərarla qurumun təsisçiləri olan Nadir Azəri və Rey Kərimoğlu CASCFEN sədrinin müavinləri təyin edilib.

Toplantı iştirakçıları yeni yaranan qurumun məclisinin və nəzarət-təftiş komissiyasının təşkili ilə bağlı da fikir mübadiləsi aparıb. Qərara gəlinib ki, bu ilin sonunadək yeni üzvlərin də cəlb edilməsi ilə ən azı 28 nəfərlik CASCFEN məclisi təşkil edilsin. Eyni zamanda o da vurğulanıb ki, məclis təşkil edilərkən gender bərabərliyi prinsipi də gözlənilsin. Nəzarət-təftiş komissiyasının işinin təşkili məsələsinin məclisin ilk toplantısında həll edilməsi qərarlaşdırılıb.

Toplantıda eyni zamanda qurumun görəcəyi işlər haqqında fikir mübadiləsi aparılıb. Azər Həsrət qeyd edib ki, artıq bir neçə beynəlxalq təşkilatla işbirliyi haqqında danışıqlara başlanılıb. O, həmçinin bildirib ki, təşkilatın özəlliklə də Orta Asiya fəaliyyətlərinin daha da genişləndirilməsi üçün planlar üzərində iş gedir.

Toplantının sonunda qərara alınıb ki, qurumun rəhbərliyində təmsil olunan şəxslər ölkənin aparıcı media qurumlarının rəhbərləri ilə görüşlərə başlasın. Daha bir qərar isə CASCFEN-in Azərbaycan Mətbuat Şurasına üzvlük üçün müraciət etməsi ilə bağlı olub.

 

 





03.09.2012    çap et  çap et