525.Az

Məchul dilin məlumluğu


 

Məchul dilin məlumluğu<b style="color:red"></b>

“Şeir yox, sadəcə nəzm yazanlar,
Çətinlik çəkməzlər, onlara nə var”.
Nizami

“Bu dərvişlik baratın oxumadı müftilər,
Onlar nə bilsin bunu, bu bir gizli vərəqdir”.
Yunus İmrə

“Böyük yazar kəlmələri işlədərkən
avamın xoşuna gəlib-gəlmədiyini düşünməz”.
Cəmil Meric

Ən Məlum dil Məchul dildir.

Həyat Əzəl gündən Məlum Məchul, Məchul Məlumdur.

Şeir, ümumiyyətlə, sənət də Məchulluqdan qaynaqlanan bir Məlumluqdur.

Bir müdrikdən soruşdular:

- Dünyada ən çətin şey nədir?

O, düşünmədən dedi:

- Sözdür!

Bunun səbəbini soruşanda cavabını belə əsaslandırdı:

- Çünki sözü anlamaq da çətindir, anlatmaq da!

...Ədəbiyyat və sənət tarixinə nəzər yetirəndə məlum olur ki, əsl sənət əsərləri sanki başqa bir dildə - “məchul dil”də yazılır. Hər adam yaxşı şair (sənətkar) ola bilmədiyi kimi, yaxşı oxucu da ola bilmir.

Yazdıqlarını rəmzlərlə və kodlarla - “məchul dil”lə yazanlardan biri olan məşhur görücü Nostradamus yazırdı: “Bütün yazdıqlarımı dumanlı və eyhamla vermişəm. Məni yalnız seçilmişlər və bəsirətli adamlar başa düşəcəklər.”

“Məchul dil”i - üstün İdrakı məlum dilləri bilənlər bilmirlər.

“Məchul dil” Ruhun dilidir. Onu yalnız ruhla anlamaq mümkündür. “Şeir mütləq həqiqəti arama işidir” deyən N.F.Qısakürək haqlıdır, şeirin məchulluğu (elə məlumluğu da!) burdan, məhz bu nöqtədən başlayır.

Şeirin məchulluğu həqiqət adamı (aşiq) üçün məlumdur, şəriət adamı (zahid) üçün məchul. “Məchulluq bizi bilinməzdən bilinənə aparmaqla yanaşı, həm də “bilinəndən” bilinməyənə aparır”. (Fərabi)

Həzrəti Məhəmmədin yaradana etdiyi dualardan biri beləydi: “Allahım! Ümmətimi doğru yola yönəlt! Çünki onlar anlamırlar!”

Nitsşe “Antxrist” əsərində başlanğıcda bəri başdan xəbərdarlıq edirdi: “Bu kitab az adama məxsusdur. Ola bilsin həmin adamlardan heç kim hələ mövcud da deyil”.

Böyük alman filosofu həmin kitabındakı giriş sözünü bu sözlərlə bitirir: “Mənim əsl oxucularım təyinatı üzrə mənim oxucum olanlardı. Qalanlarla mənim nə işim ola bilər?! Qalanlar vur-tut “bəşəriyyət”dir.

Azərbaycan filosofu Asif Ata da asan yazılanlara, “məchul” olmayanlara qarşıydı:

“İdraksız şeiri mən qəbul eyləyə bilmirəm. Sönük, cızmaqara kimi baxıram onlara”.

“Məchul dil”dən qaçmaq, diksinmək, bezmək lazım deyildir. “Qulağa xoş gəlməyən sözlərdə kəramət vardır”. (Ş.Təbrizi)
Həllac Mənsura görə “Məchulluq arifin sifətidir”.

Heç kəs Həzrət Əlinin elmini, şeirini şərh edə bilmirdi. Orxan Vəli məlumluğun məchulluqla bağlılığını çox gözəl ifadə etmişdir: “İnsan anlaşılmaz saydığı bir şeiri anladığı vaxt məmnun olur”.

“Məchul dil”lə biz “Pir qələbəsi” qazanırıq bəlkə? Olsun! “Uduzsaq da, ayıltma, anlatma davası gedir” (H.Nitqi). Puşkin də bir vaxtlar elə bunu deyirdi: “Məni anacaqlar, anlayacaqlar!”

Abbas Tufarqanlı gözələ üz tutub öz mücərrədliyindən (məchulluğundan) danışıb: “Gözəl”, mücərrədəm sənin yolunda” deyib.

İsa Muğannanın özü də, sözü də başdan-başa müəmmayla, məchulluqla (və məlumluqla) dolu deyilmi?!

H.F.Qısakürək haray çəkib bunu da deməyi özünə sanki borc bilmirdimi ki, “Şair Allahın Məchullar aləminin səyyahıdır!”

Asan şeirlər (əsərlər) məlum dillə, çətin şeirlər “məchul dil”lə yazılırmış. “Asan yazılan şeirlər yaman çətin oxunur. Çətin yazılan şeirlər isə könüllərə çox tez yol tapır”. (R.Həmzətov)

Asanın çətinliyi...

Çətinin asanlığı...

Qəribə təzaddır, elə deyilmi?!

“Onu anlamaq istəyirsənsə onun nə dediyini yox, nə demədiyini eşit. Sən deyəndə ki, “mən səni anlamıram” bu sözlər mənə layiq olmayan tərifdir. Sənə isə layiq olmayan təhqirdir”. (C.X.Cübran)
Şəms Təbrizi “Rəmz və işarət diliylə danışıram mən” deyəndə məchul dilin hansı əhəmiyyət daşıdığına işarə etmirdimi?!

Nəsimi deyir:

“Atamın həm oğlu, həm atasıyam”.

Bu misranı oxu, gəl indi baş aç ki, şair nə demək istəyir? Özü də Məhəmməd peyğəmbərin diliylə?
Demək istəyir ki, “Mən Məhəmməd peyğəmbər atamın (ilk insanın - Adəmin) həm oğluyam, həm də atasıyam... Yəni ondan əvvəl mən vardım-ilahi nur şəklində! “Adəm hələ suyla gil arasında olarkən mən peyğəmbər idim. Həm də onun nəslindənəm, onun oğluyam”.

lll

...BMT-nin araşdırmalarına görə, dünyada 6700 dil var.

Şeir hansı dildə yazılır, neçə mininci dildədir, görəsən? Hələ də bilən yoxdur.

Bəlkə də 6701-ci dildir şeirin dili?

Bəlkə də...

Düzdü, hərə öz dilində şeir yazır. Yenə də şeir başqa bir dildə yazılır və yazılmaqdadır.

“Kimsə Nəsimi dilini kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq”.
“Var bu dildən başqa bir lisanımız”. (Nəsimi)

Mən bir qərib elə gəldim,
Kimsə dilim bilməz mənim
(Y.İmrə).

Amerika yazıçısı Müller yazı prosesində məhz belə dərk olunmaz şeylərin üzə çıxarılmasını istəyirdi, məchulluğun məlumluğunu təsdiq edirdi, yazırdı: “Dərk etdiklərini yazmaq mənasızdır. Ayıq düşüncənin incəsənətə o qədər də təsiri yoxdur. Yazı prosesində insan özünə məlum olmayanı üzə çıxardır”.

Göründüyü kimi, əsl şair (sənətkar) “Məchul dil”indən məlum olur. Yəni əslində, əsl şair məchul məlumdur!?
“Mən kəskin bir şəkildə mifik idraka sahib şairəm. Başlanğıcdan özümə də ağır gəlirdi ki, müasirlərim mənim şeirlərimi anlamır” deyən müasir rus şeirinin az qala İsa Peyğəmbəri kimi qiymətləndirilən Yuri Kuznetsov belə söyləyirdi.

Kim bilir, bəlkə də şeirin (sənətin) taleyi elə başlanğıcdan belə olub: anlaşılmazlıq!? (həm də sözsüz ki, anlaşılan!)

Müasirlərinin mifoloji epik söz ustası adlandırdığı, V.Mayakoviskinin isə “dahilər dahisi” hesab etdiyi rus şairi V. Xlebnikovu dünyanın anlaşılmaz dil sahibi adlandırıblar.
Əli Kərim haqlı olaraq gileylənirdi:

...Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır.

...Doğulduğumdan öncələrdə doğuldum, deyən Bülənd Eceviti əvvəl başa düşmək isdəmirdilər.

...Doğuldum 39-da,
37-də tutuldum,

- deyən Vaqif Səmədoğluya isə o ki, var gülmək istəmişdilər.

Məchul dilin müəmmalı, ən kamil ustadlardan biri Məhəmməd Füzulidir. O, ümumiyyətlə, müəmmasız şeiri şeir saymırdı. Əsl şeirin canının məchul dillə bağlı olduğuna inanırdı və farsca “Divan”ının müqəddiməsində yazırdı: “Allahım, bu şeirlərin oxunduğu məclislərdə məsxərəyə qoyulan, bir neçə zəif beyt yazıb onu dilənçilərə alət eləməklə iftixar edən və guya şeiri anladığını anlatmaq üçün sözün və mənaların incəliklərinə etiraz edən bir neçə insanın ayaqları altında əzdirmə”.

İbn Ərəbinin “Müdriklik abidəsi” əsəri çox çətin üslubda, üstüörtülü, müəmmalı dildə yazılmış, fikirləri çoxmənalı rəmzlərlə verilmişdir.

Məchul dil daha çox sufi ruhuyla bağlıdır. “Sufi mənasını rəmzlərlə ifadə etdiyi üçün onun şeirləri müəmmalı olur” (Camal Mustafayev).

Aşıq Ələsgər məşhur bir qoşmasında aşıqlıq sənətinin əsas şərtlərindən danışarkən xüsusi vurğulayır ki, gərək aşiq:

...Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdir.

Xaliqi-ləmyəzəl, vahidi yektay,
Qüdrətindən kamal verib mənə pay.
Oxu “Əlif”, “Ğeyn”, eylə haqq-say,
Arif istər əbcəd ilə cəm əli.

Aşıq Ələsgərin ilk beyti anlaşıqlıdır. 2-ci beytdə isə o, bizi düşündürür və bizə kömək üçün işarə də verir: “eylə haqqı say”. Əbcəd hesabıyla “Əlif”lə (birlə) “ğeyni” (mini) topla deyir, yekun 1001 edir. Bu isə Allah deməkdir, Allahın 1001 adına işarədir.

Budur bax Ələsgər sənətinin, Ələsgər elminin açımı, qüdrəti!

Başqa bir şeirində ustad deyir:

Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında.

Burdan hasil olan məna budur ki, baş vermiş hadisənin səbəbini, nəticəsini bilmək istəyirsənsə görəndən, ya da eşidəndən soruş. Əgər aşıq öz fikrini bu cür adicə şəkildə desəydi, onda bu sənət əsəri olmazdı ki!
Demək, sənətin canı bu mücərrədlikdədi - “Məchul dil”dədi, ifadələrdədi.

Məhəmməd peyğəmbərin Meraca gedəndə neçə yaşında olduğunu Aşıq Ələsgər belə anladır: “Otuz altıyla cəm olubdu on yeddi”. (Yəni düşün, topla, gör 36-yla 17-nin cəmi nə edir? Onda biləcəksən ki, peyğəmbər Meraca neçə yaşında gedib.)

“Oxuram “innə-fətəhna”, dərs alıram yuxuda,
Şahi-Mərdan nökəriyəm, dərsimi pünhan verir”.

Məhəmməd peyğəmbər 630-cu ildə Məkkəyə daxil olanda ona belə bir ayə nazil oldu: “İnnə-fətəhna” (yəni bu qələbəni-Məkkənin fəthini sənə biz bəxş etdik). Ələsgər də ona şairliyi, aşıqlığı, könüllər fatehliyini yaradanın bəxş etdiyini yaxşı bilir.

Yuxuda dərs alır.
Kimdən?
Şahı-Mərdandan!
Gizlicə gəlib ona dərs keçir.

Hərdən bir şair dostuma deyirəm ki, indi hünərin var, sən də elə şair, yaxud aşıq ol ki, həzrət Əli işini-gücünü buraxıb gəlib sənə gecələr dərs desin gizlicə. Deyər! Ancaq bunun üçün şərt budu ki, gərək Ələsgər kimi Fəthin, qələbənin sənə haqdan verildiyini biləsən, haqq aşiqi olasan!

Aşıq Ələsgərdən çəkilən misallar da bir daha göstərir ki, təsəvvufu (rəmzi sufi dilini) bilmədən klassik dahi şairləri anlamaq çox çətindir.

Natəvan Faiqin Vaqif Səmədoğluya həsr etdiyi “İki dünya arası vuran nəbz” kitabında şairə sual olunur:
- Sizin şeirlər... orda hər şey qat-qatdı, fikrin axıra kimi açıqlanmaması, hər şeyin yerini dəyişməsi. Bu kombinasiyalarda...

- Mənim şeirlərimdə?

- Hə, düzünü deyəcəyəm. Oxudum və heç yarısını da anlamadım. Onlara çatmaq üçün böyümək lazımdı. Əlbəttə, bəxtin gətirsə”.

...İnsafən Natəvanın bəxti gətirmişdi. “Anlamadım” decə də, axır ki, şairi anlamış, onun “Məchul dil”ini başa düşmüş, haqqında maraqlı bir kitab yazmışdı.

1963-cü ildə Rəsul Rzanın “Qəlbimdə bahar”adlı bir kitabı çap olunmuşdu. “Ədəbiyyat qəzeti”ndə kitabla yanaşı kitaba çəkilən rəsmlərə də çox qəribə qiymət verilmişdi. Şair və rəssam ifrat mücərrədlikdə günahlandırılmışdılar.

Şairin 1962-ci ildə “Azərbaycan” jurnalının 12-ci nömrəsində çıxan “Rənglər” silsiləsindən olan 27 şeiri muasir həyatımızın aktual məsələlərindən uzaqlaşmaq halı kimi mənalandırılmışdı. Şeirlərin hamısının axırı mücərrəd fikirlər və ifadələrlə qurtardığı iddia olunmuşdu. Şeirlərdə konkret insanın yoxluğunu xüsusi canfəşanlıqla qabartmağa çalışırdı “ədəbi mığmığalar”.

Böyük şairsə yazırdı:

“İnsanın ən böyük ləyaqəti ondadır ki bütün bu istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu insan kimi keçsin. Bəlkə də “ədəbi mığmığalar” bu sözləri oxuyub ağız büzərlər. “Yenə də mücərrəd insan” deyə dızıldayarlar. Olsun . Konkret heyvan olmaqdan mücərrəd insan olmağın nəyi pisdir!”

...Aydındır şeirin dili,
İstəyirsən sevincdən,
İstəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
Nadan yüz yol oxusun,
Yenə bir şey anlamaz!

Mücərrəd, anlaşılmaz, məchul sayılan dil bəlkə də ən anlaşılan dildir?!

Təki onu yazan insan ola!

Təki onu oxuyan, duyan İnsan ola!

Təki “Elə bir adamın ola ki, səni anlaya” (F.Kafka)

Sultan Mahmud Qəznəvi bir gün Sarayın dörd qapılı pavilyonunda Birunidən soruşur:

-Mən bu qapıların hansından çıxacağam? Öz qərarını bir vərəqdə yaz və xalçanın altına qoy.

Biruni sultan dediyini yerinə yetirir.

Sultan öz qulluqçularına əmr edir ki, saraydan yeni bir qapı, beşinci qapı açılsın, mən o qapıdan çıxacam. Bəs Birunu nə yazmışdı? “Sultan bu dörd qapının heç birindən çıxmayacaq. Şərq tərəfdə yeni bir qapı açdırıb ordan çıxacaq”.

Hər şey Biruni yazdığı kimi olmuşdu.

...Çox şey dörd tərəflidir.
Sözün beş tərəfi var.
Bunu bilən şairdir.

Bunu bilən “məchul dil” dən-” beşinci qapı” dan da xəbərdardır.

...Ceyms Coysun “Uliss”si özünə məxsus “məchul bir dil”ə malikdir. Ədəbiyyatşunasların gəldiyi qənaətə görə bu əsəri anlamaq 10-cu cəhddən sonra baş tuta bilər.

Hətta 50 cəhddən sonra bu əsərin 50 faizini ancaq başa düşülə biləcəyini iddia edənlər də vardır. Əsəri başa düşmək üçün 8 dil bilməyə ehtiyac olduğunu deyənlər də az deyil.

Bu, nə deməkdir?

O deməkdir ki, doğrudan da əsl sənət əsəri sanki başqa bir dildə-”məchul dil”də yazılır.
N.F.Qısakürəyə görə şeir indiyəcən hələ də tam anlaşılmayıb. Amma...

Anlaşılacaq bir gün şeir,
Çoxu getdi, azı qaldı.

“Uzun illər boyu alimlər, filosofolar ruhla bağlı tədqiqatlar aparıblar və sonda bu nəticəyə gəliblər ki, insanın düşünmək qabiliyyəti beyindəki neyronlarla, molekul və atomlarla deyil, naməlum, anlaşılmaz bir substansiya ilə bağlıdı. “(Kənan Hacı, “Tanrının Ruhu” məqaləsindən).

Dil də belədir, onda da ruh kimi həmin naməlumluq və anlaşılmazlıq var. İlk baxışdan nə qədər anlaşılan görünsə də...

Danışmadan danışanlar var.
Baxmadan görənlər var.
Qulaq kəsilmədən dinləyənlər var.

Nizami elə bunu demirdimi? Elə məqama yetə bilərsənmi ki, dilsiz danışa, gözsüz görə, qulaqsız eşidə biləsən?!

Bunun üçün kütləyə qarışmağa yox, Allaha yaxınlaşmağa tələsməlisən.

“Mən kütləvi oxucu üçün yazmıram... hamının xoşuna gəlmək, zövqünü oxşamaq ədəbiyyatın missiyası deyil. Uzun illərdir bəzən hətta ən hazırlıqlı və intellektual oxucular tərəfindn sona qədər anlaşılmadığımı hiss edrəm. Amma oxucu azlığından da şikayətim yoxdur” (Afaq Məsud).

Bir çox əsərlərini mifik tərzdə yazan Henri Mülleri anlamaq asandır. Deyəndə ki, “bircə nəfər məni başa düşən oxucum olsun, bəsimdir”.

Bəs şeirlərini ən anlaşılan dildə yazan Hüseyn Arifin günahı nəydi? Niyə yol vermişik ki, deməyə məcbur olsun:

Şeirimi oxuyanda,
Bircə nəfər yanımda
Dilimi bilən ola!

Bu hansı dildi dostlar?
Bu, həmin dildir - şeir dili!

Ə.Cami hər sözün, misranın çəkisini duymaqla, anlamağın, açmağın çətinliyini dərk etməyin tərəfdarıydı. O, özünü bəzən hazırlıqsız oxucunun yerinə qoyur, deyirdi:

Hər sözdə düşünəsən haçanacan mənanı,
Ürəyim qana dönür açanacan mənanı.

Hafiz Şirazinin bir beyti də Ə.Caminin lap ürəyindən xəbər verir:

Hər kəs öz bildiyi qədər aləmi dərk edər,
Hər mətni oxuyan mənanı dərk edə bilməz!

Dünyaya gəlmək, dünyada yaşamaq hələ əsl yaşamaq deyil. Nemətlər içində üzmək də nemət sahibi olmaqdan xəbər vermirmiş. Hər sevinc bildiyin də sevincmi?! “Görmək və başa düşmək sevinci təbiətin ən böyük nemətidir” (A.Eynşteyn).

 Ən böyük “Məchul dil” ustadlarından biri Şəms Təbrizi olmuşdur. “Məchul dil”in mahiyyətini tam başa düşmək baxımından onun bir fikri çox önəmli və təkrarsızdır:

“Allah Xəttatdır.
O, üç dənə xətt yazdı.
 Birinci xəttini yalnız özü oxuya bilir,
başqaları oxuya bilmir.
İkinci xəttini həm özü oxuya bilir,
həm də başqaları.
Üçüncü xətti isə nə özü oxuya bilir,
nə də başqaları!
Həmin üçüncü xətt mənəm.”

Yox! Bu da hələ ən (son!) məchul dil deyildir. Bütün yaradılış, bütün aləmlər ilk baxışda anlaşıqlı görünən bir dildə danışmaqdadır.

Ən Məchul dil Allahın gizli, məchul xəzinəsidir.

Hansı ki, insanlar bu gizli, məchul xəzinəni elə bil az qala unutmuşlar, yada salmaqda, xatırlatmaqda çətinlik çəkirlər.
 
“Kim naməlum dildə danışırsa, adamlara deyil, Allaha söyləyir. Çünki onu heç kim başa düşmür. O, sirləri Ruhu ilə söyləyir” (Müqəddəs Həvari Pavelin Korinflilərə birinci məktubundan. Ayə2) “Naməlum dildə danışan özünü inkişaf etdirir. Ayə 4)

Mən səninlə danışıram,
hamının unutduğu,
lüzumsuz bir dildəmi?
..Amma bu dil
 nə vaxtsa
 adam diliymiş. (O.Süleymanov)

Aman allah, indi-indi fikirləşirəm ki, dövrümüzdə bu qədər “meymun şairlər”- şairciklər-şeir quraşdıranlar hardan, nədən törəyiblər?

Həmin “məchul dil”i anlamamaqdan daha çox onun nə olduğunu unutmaqdan!

Şairliyi bu qədər asan bilmələri ucbatından.

Füzulidən utanmamaqdan, Nəsimidən çəkinməməkdən. Ustad nəfəsinə ehtiyac duymadan, ağına-bozuna baxmadan yazmaq ucundan... Zövqsüzlükdən!

Ç.Aytmatov düz deyirmiş: “Bir vaxt gələcək şeir sənəti dar bir çərçivənin adamlarının zövqünə xidmət edəcək”.

Çətin sevdalara düşmə heç zaman,
Doldur piyaləni, nuş et durmadan.
Üzümün qızıyla oturub kef çək,
Haram qız yaxşıdır, halal anada n.
(Ö.Xəyyam)

Burda söhbət üzümdən (ana) və şərabdan (qız) gedir. İndi neyləyək? İndinin bəzi oxucularını (elə bəzi “yazarları”nı da) götürüb nə təhər Xəyyamın yanına aparaq və deyək ki, şeiri bax belə yazırdılar, şeiri bax belə yazarlar. Bu qədər “məchul” - bu qədər məlum şəkildə!

M.V. Vidadini hardan tapaq və rica edək ki, yaz haqqında bir şeir yazmışdın ha, olarmı onu bir də oxuyasan? Yox, ustad, sənə zəhmət olar, qoy özüm oxuyum:

Qırx yeddi (47) rəqəm sındı
Zimistan qələmindən,
Fürsət gülə düşdü.

Əbcəd hesab ilə 47 rəqəmi “m” və “z” hərflərindən ibarətdir, onların cəmidir. “Zimistan” sözündən bu iki hərf düşəndə yerdə “stan” qalır. “Fürsət gülə düşdü” yəni “gül” “stan” sözləri birləşib “gülüstan” sözünü əmələ gətirdi.

Bir də qeyd edirəm, şeirdə məhz bu cür düşüncə tərzinin yoxa çıxmasına görə, yəni “məchul dil” yoxa çıxdığına görə bu qədər məlum “yazarlar” ortaya çıxmağa başladı. Şairliyin çətinliyini anlamadılar. Şeiri bu qədər asan bildilər! Adını qoydular ki, biz onları anlaya bilmirik.

Əvvəla, haçan oxudunuz ki, anlayasınız? İkinci də əsl anlaşılmaz halda indi özünüz “yazıb-yaratmaqdasınız”, məchul ola bilməyən məlumlar!
Siz mücərrədliyin, məchulluğun nə olduğunu  bilmədiniz.
Biləmməzsiniz də!

“Soyuq, sərt, dar düşüncəli adamlar müəmmalı ola bilməzlər.

Müəmma ehtiraslı, dünyanı təsirli və güclü hisslərlə dərk edən adamlara məxsusdur.

Çünki onların qəlbi də, fəaliyyətləri də ağlasığmazdır. Yeganə zəmanət budur ki, o, çirkin əməllərdən uzaqdır”. (Yevgeni Boqat “Onlar belə sevirdilər” kitabından).

Müəmmanı hər adam yaza bilməz.
Müəmmanı hər adama demək də olmaz.

Əhməd Yəsəvinin vəsiyyət səviyyəsində olan hikmətlərindən biri belədir:

“Mənim hikmətimi sərrafa deyin!

Bəli, şeirin, sənətin, hikmətin dili ən anlaşıqlı anlaşılmaz dildir.

Bu dili anlamaq üçün insanın (oxucunun) ən yüksək intellekt sahibi olması lazımdır. Anlaşılmaz olan “Məchul dil” deyildir, özünü məlum sanan Məchul insandır.

Günahı “Məchul dil”də yox, məhz “məchul insan”da axtarmalıyıq.

Hamının dili deyil,
Bir ayrı xalq dilidir.
Bu vaxtın dili deyil,
Bir ayrı vaxt dilidir...

İnsanlar “Məchul dil”də danışmağı bacarmalıdır. Qəribədir, insanlar poliqlot olurlar, qədim, müasir dilləri öyrənirlər, ancaq nədənsə “məchul dil”i öyrənmirlər, öyrənmək istəmirlər.

Bir də ki, belə insanları bəlkə də qınamağa dəyməz. Axı “Məchul dil”i anlamaq istəyən aşiq olmalıdır.

Biçarə Yunusun sözün
Aşiq gərək ki, anlaya.
O quş dilidir, neyləsin,
Bilmək olmaz ötməyincə!

Bu misralar da bir daha göstərir ki, əsl şeir (sənət) Məshulluqdan qaynaqlanan Məlumluqdur.

“Məchul dil” sahibləri gələcəyin, bütün zamanların adamlarıdırlar!

“Gələcəyin adamlarını müasir adamlardan pis anlayırlar. Ciddi desək, biz heç vaxt başa düşülməyəcəyik və bizim nüfuzumuz da bundadır!”

Nitsşe düz demirdimi?!

 





06.08.2018    çap et  çap et