525.Az

Nabrandakı istirahət mərkəzinin direktoru həbs edilib


 

Nabrandakı istirahət mərkəzinin direktoru həbs edilib<b style="color:red"></b> Baş Prokurorluq Xaçmaz rayonunun Nabran qəsəbəsində baş vermiş dəhşətli hadisə ilə bağlı əlavə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən 525.az-a daxil olan məlumatda qeyd edilir: Xəbər verildiyi kimi iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri almış İmran Cəfərzadənin müayinə və müalicəsinin, eyni zamanda baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqının Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzarətə götürülmüş həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən, məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.
 
Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza mərkəzinin 25 iyul 2013-cü il tarixli ilkin rəyi ilə müəyyən edilmişdir ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində “Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi” standartının 6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ.Cəfərzadə ağır bədən xəsarətləri alıb. Cinayəti törətməkdə şübhəli bilinən “CTF” firmasının və “Nabran Holiday Village” istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla “CTF” firması və “Nabran Holiday Village” istirahət mərkəzinin fəaliyyətindəki qanun pozuntularının və həmin qanun pozuntularına yol vermiş digər təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
 





29.07.2013    çap et  çap et