525.Az

Zakir Fəxri: “Bu dünyanın dərdlərindən başqa məni heç nə düşündürmür” (Müsahibə)


 

Zakir Fəxri: “Bu dünyanın dərdlərindən başqa məni heç nə düşündürmür” <b style="color:red">(Müsahibə)</b>

“HƏR İNSAN ÖMRÜNÜN BİR YAŞAM HİMNİ VAR, MƏNCƏ, ŞAİRLİYİN HİMNİ “ÇİYNİMDƏ TABUT GƏZİRƏM” ŞEİRİDİR”

– Sizi ədəbiyyata gətirən yol haradan başlanır?

– Qısqanclıqdan. Mən orta məktəbi qızıl medalla qurtarmışam. Bir gün toyda Yaqub Məmmədov Füzulidən oxuyurdu. Məclisdə hamı deyirdi ki, Füzuli nəhəng şairdir. Mən də rayonda ən yaxşı oxuyan şagird idim və Füzulinin belə sevilməyini qısqandım. Poeziyanı yaxşı bilirdim. Səməd Vurğunun poeziyasını çox sevirəm, onun şeirində səmimiyyət var. Səmimiyyət olmayan yerdə ədəbiyyat ölür, müvəqqəti addımlayıb dayanır. Buna görə Nəsimini, Füzulini, Şekspiri yaşadan səmimiyyətdir.

– Tolstoy deyirdi ki, ədəbiyyatın üç şərti var: bir səmimiyyət, iki səmimiyyət, üç səmimiyyət.

– Bunsuz ədəbiyyat mümkün deyil. Ədəbiyyat düşüncələrin səmimiyyətidir. Səmimiyyət ən son həddir. İsa peyğəmbərdən soruşurlar ki, göylərin bağlı qapısının açarı var? Deyir ki, var. Hamı fikirləşir ki, indi o, möcüzə göstərərək göylərin açarını göstərəcək. Lakin İsa peyğəmbər deyir: onun adı səmimiyyətdir. Sən o qədər səmimi olmalısan ki, hətta boz səhrada, dəniz sahilində, ağacsız bir yerdə, günəşin qızmar istisində bir ağacın sənə kölgələndiyini desən, inanın ki, o ağac gözünün qarşısında böyüyəcək və sənin üstünə kölgə salacaq.

– Ədəbi taleyinizdən razısınız?

– Yəqin ki, mən yaranışdan belə doğulmuşam. Mənə qalsa, başqa bir yolla gedərdim. Amma getmək istəyəndə kimsə, nəsə əlimdən tutub qaytarıb...

– Maraqlıdır, hansı yolu seçərdiniz?

– Məsələn, mühəndis olardım. O zaman belə bir dəb vardı, ən yaxşı oxuyanlar texniki institutları seçərdilər. Sonralar hüquq və iqtisadiyyat dəbə mindi. Yəni, maddilik gəncliyi aldı, gəzinti həvəsi, yaxşı geyinmək, maşını olmaq və sair. Beləliklə, dünya gəlib maddiliyə çıxdı.

– İlk yazılarınız nə vaxtdan çap olunur?

– 70-ci illərdə, ilk dəfə “Bakı” qəzetində.

– Yazılarınızın çap olunmasında kimlərin rolu olub?

– Özüm gedib qapı döymüşəm. İlk çapımda isə Fazil Rəhmanzadənin rolu olub. O, Nüsrət Kəsəmənlinin vasitəsi ilə məni qəzetə çağırdı. Şeirlərimdən xoşu gəldiyi üçün “Bakı” qəzetində çap elədi. Sonra isə “Azərbaycan gəncləri” qəzetində baş məqalələr hazırlamağa başladım.

– Belə bir misranız var: “Bu dünyaya azıb gəldim”. Olmaq istədiyiniz dünyanı necə təsəvvür edirdiniz ki?

– Bu dünya mənim üçün qəribdir və son dərəcə darıxdırıcıdır. Bu cəmiyyətdəki qeyri-səmimiliklərin, yalanların içində, əlbəttə, özümü qərib hiss edirəm. Çox az-az səmimi adamlara rast gəlirik.

–Sizcə, bunun səbəbi nədir?

– Nəsəfi deyir ki, Allah səni yaratdığı dərəcədən yuxarı qalxa bilməzsən. Ancaq aşağı düşmək mümkündür. Bunun da səbəbi maddilikdir. Bilirsən ki, öləcəksən, ancaq yenə özünü fəda edirsən. Bir dünyanın son ucu ölümdürsə, onun nəyinə sevinirsən? Sevinmək yaxşı bir şeydən qidalanmaqdır. Əsl adı dərddaşdır. Hansısa hadisədə səndə olan bir damlanı görəndə sevinirsən, yəni axtardığını tapırsan. O da bir anlıqdır. Əbədi gülüş yoxdur. Göy üzündə bulud olmasa yağış yağmaz, yağış yağmasa, günəş yerdəki bütün suları qurudar, heç bir canlı olmaz. Dərd də, qəm-qüssə də olmazsa, ürək qidalana bilməz. Amma dərd heç zaman qəza, pulsuzluq, işsizlik demək deyil. Bu, sosial və məişət problemləridir. Dərd anlamaqdır. İnsan ömrünün bütün hissələri ancaq bunun içindədir.

– Gənclik illərində adam cavab tapmaq istədiyi çoxlu suallar labirintində çaşıb qalır. Zaman keçdikcə isə hər şey aydınlaşır və daha əvvəlki kimi çox düşünmürsən. Maraqlıdı, indi cavabını tapmaq istədiyiniz suallar var?

– Bu dünyanın dərdlərindən başqa məni heç nə düşündürmür. Hər insan ömrünün bir yaşam himni var. Məncə, şairliyin himni “Çiynimdə tabut gəzirəm” şeiridir. Kimsə razı deyilsə, onda o, başqa bir dünyanın şairidir, başqa bir dinin şairidir. Ona görə Allah da deyir, əgər məni tanımırsansa, özünə başqa Allah tap. Ancaq əgər o, təkdirsə, harda axtarasan? İndi elm də buna gəlir ki, hər şey bir anda “Ol” kəlməsindən yaranıb. Burdan Nyu-Yorka bir saniyədə “alo” gedirsə, “Yasin” necə çatmaya bilər ora? Əvvəl deyirdilər ki, üzüyün qaşına baxdı, qızı gördü. İndi də “Skype” var. Bütün bunlar bizdən öncə də yaşanmış şeylərdir. Sufilər demiş: “Bizdən öncə olanlar elə bizdik, indi olanlar da bizik, bizdən sonra olanlar da bizlərik”.

– Albert Enşteyn deyirdi ki, elə bir gün gələcək, texnologiya bütün insanların vaxtını alacaq və axmaq bir nəsil yetişəcək. Məncə, bizim bir-birimizdən bu qədər uzaq düşməyimizin səbəbi texnologiyanın inkişafıdır.

– Bu, reallıqdır. Əvvəllər ana-atamızı görməyəndə məktub yazırdıq. Artıq sən məktub yazanda düşünürdün. Yəni, məktub ilk hərflərdən başlayırdı, yaza-yaza nələrisə xatırlayırdın, canlı ünsiyyət vardı. Ancaq indiki nəsil robotlaşır. Təbii ki, bunlar kütləvi deyil, bunların içində gözəl gənclik də var. Kütləvi ağıl ola bilməz, fərdlər var. Məhəmmədhüseyn Şəhriyarın Enşteynə yazdığı məşhur qəzəli var. Deyir ki, sizin yaratdıqlarınız bir gün başınıza bəla olacaq, övladlarınız sizi tanımayacaq. Elə tanımırlar da!

– Texnologiyanın gətirdiyi yeni həyat tərzinin, yeni sözlərin, terminlərin şeirə daxil olmasını necə dəyərləndirirsiniz?

– Əgər şair haqqında Quranda surə varsa, bu adi bir şey deyil. Şeir müqəddəsdir. Elə bir məktub yazmaq olar ki, bütün gənclik texnologiyalara yaxın getməz. Bunlar hamısı ötəri şeylərdir. Bir vaxtlar trapes şalvarlar çox dəbdə idi. Sonra isə yuxarıdan enli, aşağıdan dar şalvarlar çıxdı. Bunlar hamısı maddilikdir. Qazanc üçün dizaynerlərin yaratdığı brendlərdir. Bu texnologiyalar mənəvi dəyərə köklənmir. Fikir verin, nə qədər müasirlik olsa da, klassik geyimlərin yerini heç nə vermir. Keçmişi unutmaq olmaz. Hər şey dünənin üstündə qurulur. Bütün bunların içində bəşəriyyətdə çatışmayan ali bir şey var – sevgi. Sevgi özü bir səmimiyyətdir. Dərd anlayışı olmayan, yıxılana rəhmi gəlməyən adamın içindəki insani münasibət də saxtadır. Ayaqqabısı olmayan bir adama ürəyin yanmırsa, sən hansı müqəddəs şeydən danışa, hansı yaradıcılıqdan danışa bilərsən?!

– Məsələn, müşahidə eləmişəm ki, yolu keçən bir qoca qadın uzaqdan gələn maşını görmür. Yaxınlıqda kim olsa, o qocanın əlindən tutub geri çəkməyə çalışacaq. Mən inanmıram ki, kimsə əksini eləsin. Halbuki səni bu qoca ilə bağlayan heç nə yoxdu. Və ya yanımızda kimsə yıxılanda çalışırıq ki, onun əlindən tutaq. Əslində, insanın dərinliyində yaxşılıq yatır və bütün bunlar oradan qaynaqlanır.

– Çox doğru müşahidədir. Doğuluşdan Allah hər şeyi verir, sonra sən onu basdırırsan. Fikir verin, maşın qəzası olanda çox adam dayanıb kömək etmir. Çünki o, şərdən, bəladan uzaq olmaq istəyir. Ancaq çox nadir adamlar dayanırlar. Bax, onlar həmin sən dediyin kimi içində işığı qoruyub saxlayan adamlardır.

– Əslində, fizika qanunlarına görə, soyuq yoxdur, biz soyuğu istiliyin yoxluğu kimi başa düşürük. Qaranlıq işığın yoxluğudur. Deyəsən, yenə Enşteynə qayıtdıq.

– Enşteyn bəşəriyyətin ən böyük alimlərindən biridir, bu sözləri də çox gözəldir. Məsələn, biri deyir ki, yaxşı dost. Yaxşı dost ifadəsi yoxdur. Dost ən ali sözdür. Onun pisi ola bilməz. Əgər pisdirsə, deməli, dost deyil. Bax, dediyiniz buna işarədir. Əlbəttə, yaxşı insan olmaq borcumuzdur. Fərqimiz isə alim olmağımızda, qələm adamı olmağımızdadır.

– Bəlkə də, günah bizim özümüzdədir. Bəlkə, biz o adamlara içlərindəki işığı aydınlaşdırmağa kömək edə bilmirik. Məsələn, necə ki, “Səfillər”də yepiskop Miriel Jan Val Janın içindəki vicdanı oyadır.

– Bu əsər bəşəri düşüncələrə söykənmiş, insanlığın ən ali düşüncələrindəndir. İnsan əslində elə olmalıdır. Əgər insanlar bu əsəri oxuyub dərk etsəydilər, indi bizim dediyimiz problemlər olmazdı. Ədəbiyyat zaman kəsiyinə bağlı bir şeydir. Belə bir deyim var ki, insanların verdiyi şöhrət qəbir evinə qədərdir, Allahın verdiyi isə əbədidir. Həmin nəsimilər, füzulilər, uitmenlər, Edqar Polar, hüqolar, folknerlər əbədidir. Qələm adamının ən böyük qələbəsi “mən”dən uzaq olmağıdır. “Mən” hər şeydən təcrid olunub, ancaq özünü düşünməyə deyirlər. Hitler “mən” deyib o cür qırğınlar törətdi. Yeri-göyü yaradan Allah Quranda yalnız bir dəfə “mən” deyir, digər yerlərdə ancaq biz yazılıb.

– Sizcə, ədəbiyyatın üzərinə hansısa bir missiyanı qoymaq doğrudur?

– Ədəbiyyat Allah tərəfindən yaradılmış ən böyük bir missiyadır, həmçinin yazıçılıq və şairlik. Gördüyün dünyanı təmizləyib poetik dillə yazırsan. Elə bil ki, cəmiyyət çirkab sularla – insanlarla doludur. Bir də qurğu var ki, bu çirkabları təmizləyib onu çaylara, dənizlərə axıdır. Ədəbiyyat budur. Ədəbiyyatsız dövlət heç bir yerə gedə bilməz. Gözəl-gözəl saraylar ola, binalar ola, ancaq onun içində düşüncəli başlar olmayanda sonra bir qəpiyə belə dəyməz. Kimə lazımdır axı belə saray? O, yalnız soyuq daşdır. Onu canlandıran insanlardır.

– Şeirə müxtəlif təriflər verilib, hər kəs ona özü bildiyi kimi anlam verib. Bəs, sizcə şeir nədir? Onun konkret tərifi varmı?

– Bunlar adamların subyektiv fikirləridir. Məncə, əsl şeir Allahın insanın qulağına pıçıldadıqlarıdır. Mən ancaq bunu qəbul edirəm. Bəzən nəsə düşünüb yazmaq istəyirsən, bir də görürsən ki, tamam başqa şey yazırsan, deməli, biz idarə olunuruq. İnsan doğuşdan izlənilir. Görürsünüzmü, dünyada heç kimin barmaq izi, göz izləri bir-biri ilə üst-üstə düşmür.

– Uitmen deyirdi ki, yaxşı şairin olması üçün, yaxşı dinləyicilər  olmalıdır. Sizin oxuculara münasibətiniz necədi?

– Uitmen mənim sevdiyim şairlərdən biridir. Bir şeiri var ki, orda Füzuliyə yaxınlaşır. Uitmen yazır:

İzn ver alnından öpüm,
nə gizlədim,
Bu anı çox gözlədim.
 
Füzuli isə yazır:
 
Zülfü kimi ayağın qoymaz
öpəm nigarım,
Yoxdur onun yanında
bir qılca etibarım.
 
Eyni düşüncədir, ifadə formaları fərqlidir. Vaqif Bayatlı deyir ki, oxucuya şeir oxuyursan və əgər o şeirdisə, hamı ayağa qalxacaq. Ayağa qalxmayan varsa, deməli, ya şeirin, ya da onun ruhu yoxdur. Əksər müğənnilərin məşhur bir sözü var ki, biz səhnəyə çıxanda yüz min insanın içində, yalnız bir nəfər bizi anlayan üçün oxuyuruq. Əmir Teymur deyirdi ki, bir əsgər qalarsa, türk yaşar.

– Napoleon da deyirdi ki, əgər bir əsgər döyüşürsə, deməli, müharibə davam edir.

– Elədir. Bizim dəyər vermədiyimizə baxmayın, bunlar dünyanın ən böyük fatehləridir. Ağıldan dəyərli heç nə yoxdur. Ən böyük sərvət ağıldır.

– Yaradıcılığınızın əsas istinad nöqtəsi sufizmdir. Sufizmə olan sevginiz necə başladı?

– Mən bunu zamanında bilmirdim, çox az ədəbiyyat vardı. Nəsimini, Mənsur Həllacı oxumuşdum. Birdən-birə bütün bunlara məni qaytaran Afaq Məsud oldu. Afaq Məsud sufiləri tərcümə etməyə başladı. Sufizmi dərindən biləndən sonra çox şey sənə gülməli gəlir. Onların bir misrası olur ki, bütün min roman o misranı əvəz edə bilməz. Məsələn, Qəzalinin varlı bir Məkkə əmirinə dediyi söz var: “Sənin olan yalnız gəmi qəzaya uğrayanda itirə bilməyəcəyindir”. Nələr yoxdu bu cümlənin içində? İndi, gəl bunun fəlsəfəsini aç.

– Təsəvvüfdə vüslətin – Allaha çatmağın iki yolu göstərilir: eşq və ağıl. Sufizmə görə, məqsədə gedən ən çətin yol eşqdən keçir. İstərdim ki, söhbətimizi bu istiqamətdə davam etdirək.

– Sufiliyin əsas dörd şərti var: şəriət, təriqət, mərifət, həqiqət. Bu dörd şərtin də qırxa qədər yolu var. Ən sonda əxlaqdır, əxlaqın üstündə isə Allahdır. Mənsur Həllacdan soruşurlar ki, Allahı görmüsən? O, belə cavab verir: “Allahdan ucada bir kimsə yoxdur ki, onun üstə kölgəsi düşsün. Allahdan aşağıda bir kimsə yoxdur ki, onu çiynində saxlasın. Allahdan öndə bir kimsə yoxdur ki, ona rast gəlsin. Allahdan arxada kimsə yoxdur ki, qaçıb ona çatsın”.

Gördüm qanadlanır quşlar
Bir səsə – azan tərəfə...
Adamlar ardımca gəlir
Gəlir,  mən azan tərəfə...
 
Yol Allahın yoludur. Ölümün nə demək olduğunu insan bilmir. Ona görə ölümdən səksəkəliyik. Ancaq ölümü şərəf bilən adamlar da var. O, adamlar hər şeyi ölümdə axtarır. Və bəşəriyyət, bəlkə də, onların çiynində gedir. Dünya başdan ayağa sirdir. Ona görə Sirri-Xuda sözü var. İsa peyğəmbər deyir: “Mən dedim axı, sirr, sirr, sirr. Sağ əlin verdiyini, sol əl bilməməlidir, sirr, sirr, sirr...” Bir yaxşılıq altmış ilin ibadətinə bərabərdir. Bir yetimi ayağa qaldırmaq altmış ilin ziyarətinə bərabərdir. İnsandan yalnız yaxşılıq qalır. Hacı Zeynalabdinin sizdə pulu qalıb? Yox. Bəs, nəyi qalıb? Adı...

– ...və bir də gördüyü işlər.

– Bəli. Hatəm Tainin indi heç nəyi qalmayıb. Ancaq o, həmişə səxavət, yaxşılıq, ağıl simvolu olaraq qalacaq. Heç bir mif yoxdur, hər şey reallıqdır.

– Bilirsiniz ki, eşq sarmaşıq mənasını verən “aşeqa” sözündəndir. Bu sarmaşıq köklərini  ağacın gövdəsinə batırır,  getdikcə onu gücdən salır və “öldürür”. Onda belə fikir söyləmək olarmı ki, eşq zəiflik əlamətidir?

– Sufilərə görə hə. Allah kişini torpaqdan, qadını kişinin qabırğasından yaratdı. İlahini axtarmaq üçün ən gözəl yoldan biri qadına baxmaqdır. Qadın kişinin qabırğasından yaranıb, əslində ona olan sevgi özünədir. Dostoyevski deyir ki, dünyanı gözəllik xilas edəcək. Bir səhrada xəyalən təsvir qurmaq olar. Fikirləşərsən ki, bura niyə qurudur? Vaxtilə burada çaylar, ağaclar olub. İnsanlarda yaxşı şeyi təqdir etmək lazımdır. Peyğəmbər ölü itin yanında dayanıb deyir ki, nə gözəl dişləri var. Hətta ölmüş itdə də gözəllik tapır...

– Yəni, biz gülü tikanına görə yox, tikanı gülə görə sevirik. O gülün gözəlliyi yanında tikan kölgədə qalır.

–  Elədir. Bütün bunları yaradan Allahdır. Məsələn, biz qəbir üstünə gedəndə kol-kosu təmizləyirik. Ancaq bu yasaqdır. Allah deyir ki, hər yaratdığım mənə dua edir. Bizim günahlarımızı ağaclar yuyur. Onlar həmişə dua edirlər. Heyvan belə su içəndə başını yuxarı qaldırır. Bu, şükranlıqdır. Mənim yeni bir şeirim var:

Öləndə Adəm oğlu
ölər üzü sulara,
Güləndə Adəm oğlu,
gülər üzü sulara.
Gözləri sulara dikilər...
Sulara bükülüb, torpaqdan dikələr...
Bu dünyanın bütün sirri sudadır. Dünya su ilə yuyulur. Elm bunun qarşısında acizdir. Dünyanın ən güclü ölkələri daşqınlar qarşısında acizdir.

– Fəlsəfədə də var ki, su hər şeyin başlanğıcıdır.

– Qədimdə deyirdilər ki, asta danış, su eşidər. Və ya yuxunu suya yoz. Bunlar elə-belə deyilməyib, hamısı sirdir.

Söhbətləşdi Ramil ƏHMƏD

 





29.07.2013    çap et  çap et