525.Az

Təzadlı duyğular - Türkan Turan Frida Kalodan yazır


 

Təzadlı duyğular - <b style="color:red">Türkan Turan Frida Kalodan yazır </b>

Düz yolla gedirsən, qarşına maneə çıxır. Keçmək istəyərkən yıxılırsan, dizin qanayır. Üstündəki tozu-torpağı təmizləyib yola davam edirsən. Gözləmədiyin anda içi lehmə dolu çökəkliyə düşürsən. Bir az cəhd edib çıxırsan, üz-gözünü təmizləyib yenə davam edirsən...edirsən...edirsən!

Eşqin periodu da bu cürdür, yıxılırsan, qalxırsan, davam edirsən!

Avtomobil qəzasına, ildırım düşməsinə bənzəyir, bir göz qırpımında baş verir. Gah güc verir, gah gücsüzlüyündən yıxır adamı. Kiçicik hüsran olanda, adama elə gəlir ki, aldığın son nəfəsdir, verdikdən sonra canını tapşıracaqsan.

Bəzən də özünü xəstəxana palatasında nəfəsalma cihazına bağlı xəstə kimi hiss edirsən. Anidən nəfəsliyi çəkirlər və çırpına-çırpına qalırsan, nə danışır, nə yardım istəyə bilirsən, tək-tənha qalıb eləcə çabalayırsan. Gözün qapının dəstəyinə zillənir. Bəlkə kömək edən oldu deyə son ana qədər ümidini itirmirsən. Sevgi də bax bu cür həssasdır!

Dərindir, ölçüsüzdür, güc tələb edir! Frida kimi..! Heyrətamiz həyat hekayəsi var. Ölənə qədər mübarizə aparanlardandır. Bu əsrarəngiz meksikalı XX əsrin məşhur rəssamlarındandır. Əri özündən tanınmış və daha böyük rəssam Dieqo Rivera idi!

Aralarındakı sevgi xəyanətlə paralel davam edib. Böyük sevgilər həmişə ya sədaqətlə anılır, ya da sədaqətsizliklə, orta xətti yoxdur!

Bu cür münasibətlərin gözləntiləri böyük, sonu isə xəyal qırıqlığı olur. Qırğınlıqlar eqonu zədələyir. Xəsarət almış eqo isə sağalmaz yaraya bənzəyir.

Frida da bu cür ağrılara məruz qalmışdı.

Həyatında iki dəfə qəza keçirmişdi. Birincisi ayağını və daxili orqanlarını sıradan çıxartmış tramvay qəzası idi.

İkincisi isə ölənə qədər sevdiyi, onun üçün fədakarlıq etdiyi Dieqo idi. Birinci qəza bədənini, ikinci “Dieqo qəzası” isə ruhunu alt-üst etmişdi.

Sevgilisi özündən iyirmi bir yaş böyük idi, iki dəfə evlənmişdi. Qadınlara düşkünlüyü ilə tanınırdı.

Bir çox adam kimi Fridanın anası da onların evliliyinə qarşı çıxır, münasibətlərini göyərçin ilə filin birlikdəliyinə bənzədirdi. Lakin o, bütün deyilənləri rədd edirdi. Xəyanətlə dolu, ölümü çağıran, ölümlə bərabər davam edən ölümsüz eşqləri vardı.

Uşaqlığında və yeniyetməlik dövründə üzləşdiyi qəzalar Fridanın sağlamlığını əlindən almışdı.

İllərlə yataqda davam edən müalicə və 32 əməliyyatdan sonra ayağa qalxanda hamı təəccüblənmişdi. Hətta həkimlər də üç yerdən bel sümüyü sınmış qızın nə vaxtsa yeriyəcəyinə inanmırdılar.

Xəstəliyi yaradıcı istedadının ortaya çıxmasına səbəb olmuşdu. Bütün rəsmlərində özünü, taleyini, ovqatını, acılarını, sevgi dolu Fridanı çəkirdi. İnsanların arasında çılğın, şən, həyat dolu olan bu güclü qadının rəsmlərində ancaq iztirab və əzab danışırdı.

Hər şeyə rəğmən onu içəridən qurd kimi yeyən münasibətindən əl çəkmirdi. Acı çəkir, xəyanətlə üzləşir və yenə də sevməyə davam edirdi. Sevgidə çevriliş etmiş qadın idi!

Nə qədər zərbələr vursa da, Dieqonun da onu sevdiyi danılmaz idi. Ən azı məktubları bunu deməyə əsas verir. İyirmi beş illik izdivac yaşayan, ən çətin şərtlərdə belə bir-birindən ayrı qalmağı bacarmayan bu iki insanın yazdıqları da ağrılı idi.

Fridanın yazdığı bu məktubda sevginin və ağrının ucu-bucağı görünmür:

“Uzun zaman oldu. Səni sevməyə başlayanda kiçik qız idim. İndi isə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Bütün bədənlər çürüyür əslində, Dieqo. Köhnəlir bütün bədənlər. Amma acı çəkən ürəyi varsa, daha sürətli çürüyür o bədən. Səni sevməyə başladığım o gündən bəri acı çəkən bir ürəyim var. Məni anlamadın, deməyəcəyəm, anladın. Elə ən dözülməz acı da bu idi. Anladığın halda ürəyimi yandırdın. Bütün həyatımın hər bir zərrəsini səni anlamağa həsr etdim. Hara getdinsə, mən də getdim. Nəyə güldünsə, ona güldüm. Hansı qadınla sevişdinsə, o qadınla sevişdim. Başqa qadınlarda nə axtardığını tapmaq üçün öpdüyün qadınlarla öpüşdüm, toxunduğun qadınlara toxundum. Bəlkə də, içimdəki sənə aid olan qəzəbi dayandırmaq üçün etdim. Qəzəbim dayanmadı! Hər dəfə büsbütün aşiq olaraq sənə qayıtdım”.

Belə qızğın sevgilər əvvəl-əvvəl xoş, ürəkoxşayan görünsə də, bir müddətdən sonra qarşı tərəf üçün həyatının ən böyük təzyiq olduğu qənaətini yaradır, özün də yorulursan. Məsələ isə burasındadır ki, çoxluq da öldürür, azlıq da, stabilliyi qorumaq isə çətindir!

Frida keçirdiyi qəzalara görə hamilə qalmaq şansını itirmişdi. Bu, ona çox acı verirdi. Dieqodan körpə dünyaya gətirə bilmədiyi üçün bətnindən nifrət etməyə başlamışdı. Onu içindən çıxardıb atmaq istəyirdi! Çünki bu orqanı özü üçün yük bilirdi. Çarəsizliyi bədəninə hopmuş qoxu kimi hiss edən Frida, məktublarını sevgilisinin ona acıyıb qayıtması üçün yazdığını etiraf edirdi.

Sevgi hipnoz edir, bax, insanın beynində bu cür ağıla sığmayan qarışıq fikirlər yaradır.

Onu sevməyə başlayandan günbəgün öldüyündən şikayətlənən Frida, bir daha dünyaya gəlsə, canlı-canlı çürüyəcəyini bilsə də, yenə Dieqonu sevəcəyini danmırdı. Dieqo növbəti xəyanətlərdən birini Fridanın bacısı Kristina ilə etdi. Bu xəyanət Fridanın həyatına sunami kimi daxil oldu, hisslərini, istəklərini, duyğularını yerlə-yeksan etdi. Əslində, Dieqo Fridaya dəli kimi aşiq idi. Sadəcə xaraktercə belə idi, bir qadını nə qədər çox sevsə, ona o qədər çox əzab verirdi. Frida da onun bu ürküdücü anormallığının qurbanı idi. Dieqonun xəyanətlərindən bezən Frida da onu aldatmağa başladı. Ən gözəl rəsm əsərlərini elə bu ərəfələrdə ərsəyə gətirdi. Frida əvvəl onu “hər şeyim” adlandırırdı, sonra sevgili olmağa layiq bilmədiyi qurbağaya bənzədirdi.

Hə, sevgi bu cür təzadlı duyğudur. O qədər ziddiyyətlidir ki, Fridanı əri ola bilməyəcəyinə əmin olduğu kişi ilə ikinci dəfə nikah masasına oturmağa sövq edir.

Bircə şərti var idi, onunla eyni yatağı paylaşmayacaqdı. Çünki onunla bütünləşməyəcək qədər nifrət edirdi, bədəninə toxunmağa ürpənirdi, qucaqlamayacaq qədər iyrənirdi! Amma yenə də onunla birlikdə idi. Buradan isə belə nəticəyə gəlmək olur ki, sadəcə qalmaq yox, getmək də böyük güc tələb edir. Əks halda ömürlük məhkumluq yaşayırsan!

Nə filmdir, nə roman, onların yaşadıqları həyatın gerçəyi idi. Böyük eşqlər bəzən xəyanətlə bəslənir. Xəyanət nifrəti alovlandırır. Nifrət sevgidən doğsa da, axırda onu məhv edir.

Başqalarının bədəninə toxunsalar da, dincliyi, rahatlığı, hüzuru, qısacası həyatın özünü bir-birilərində tapırdılar.

Frida növbəti dəfə yataq xəstəsinə çevriləndə ölkəsində ilk fərdi sərgisi keçirildi. Həkim yataqdan çıxmağı qadağan etməsinə rəğmən, o, sərgiyə çarpayı ilə qatılmışdı. Bu qədər güclü, inadkar, hikkəli qadının ömrü vəfa etsəydi, başqa nələr edəcəyini düşünəndə adamın sümükləri gizildəyir.

Yaşadığı faciəvi həyata baxmayaraq, gülməyi bacaran qadın idi. Bu eşqə görə ona aciz, zəif, məğlub kimi baxılırdı. Amma o qalib, hətta qəhrəman idi, çünki böyük sevgilərin qarşısında dizi titrəmədən dayanmağı, tab gətirməyi hər insan bacarmır. Bacaranların sirri isə sevgisində gizlidir!

 





11.08.2018    çap et  çap et