525.Az

Emin Pirinin şeirləri


 

Emin Pirinin <b style="color:red">şeirləri</b>

Çətin keçib uşaqlığım,

ayaqqabım yırtılardı

Böyüyəndə ayağım.

ayağınız böyüməsin deyə

dua etmisinizmi heç?!

Uşaqlıq illərim asan keçməyib...

Bir az çətin olub uşaq illərim.

 

Sərhəddin

tikanlı məftilləri kimi görünərdi

kasıb uşaqlarının gözündə

məktəb bufetinin qapısı.

O sərhədi keçə bilmək

alın yazımıza qarşı

ən böyük üsyan idi.

bəlkə də həyatımızın

ən böyük inqilabı.

 

Anamın erkən ağaran saçlarında

görünürdü

ala bilmədiyi oyuncaqlar.

Taleyin oyuncağına çevrilmişdik.

Bəs hardaydı

Körpələri sevən Tanrı?!

 

Hindus olmasaq da,

atamızın cibinə görə

bölmüşdülər bizi

sinif otaqlarında

Kastalara.

Dəniz suları okean sularına

qarışmadığı kimi

Bizi qarışdırmazdılar...

Heç də sevgidən udmur

Okean balıqları

Dəniz balıqlarını.

Oynayanda belə varlı uşaqları

Bizi özlərinə yaraşdırmazdılar.

Paltarının yamağını gizlətməkdi

varlıların gözündən

Kasıb uşaqlarının oyunu.

 

Kişilər ağlamaz deyən anam

yerimə özü ağlardı.

Nağıl söylərdi,

göydən üç alma düşməzdi nağıllarında,

deməzdi bunu anam-

birdən ürəyimiz alma istəyər...

 

lll

 

Cənnət anaların ayağı altındadı

deyən qadın

bətnində doğratdığı

körpə bədənini

yığıb ayaqları altına

qalxır cənnətə sarı.

 

Burda Hippokrat andına,

körpə qanı axıdaraq

and içirlər.

 

Kimlərinsə

ömür boyu arzuladığı

körpə səsi

cərrah bıçağıyla kəsilir...

 

Şeytan boylanır

 xalatlı pəncərədən

gözləri bərəlib

dizləri əsir

ürəyi dözmür baxmağa.

qadın dözür ancaq

 baxır..

 

Öz fəryadından tutulan qulaqları

eşidə bilmir

bətnindəki körpənin

“yaşamaq istəyirəm” hayqırtısını.

Alın yazısında həyat

ana bətnindən

abort stoluna kimi

uzanan yolmuş.

 

Küncə atılmış

körpə bədəni

əllərini açıb göyə

“mən təsliməm, ana,

yetər bu işgəncə! “-

deyib yalvarır.

 

lll

 

dünyanın ən təmiz

yalanı

 

Yağma qar,

yağma

əlcəyim olmasa da

əllərim üşümür mənim.

atamın

“daha yeddi yaşın var

böyük kişisən

heç kişi də əlcək taxar?!”

sözləri üşüdür məni.

 

yalan danışmağı bacarmır atam

dodaqlarının titrəməsindən

gözlərinin dolmasından bilinir

ciblərinin yalanı.

qar qardaş,

dünyanın ən təmiz

yalanı sənsən.

 

qar qardaş,

mənə görə yox

atama görə yağma

o, yalan danışmağı bacarmır

ata oğul arasına girmə, qar.

 

Yağma,

çirkli əllər atmasın səni

çirkli ayaqlar altında

əzməsinlər təmizliyini.

təmiz dillər

çirklənməsin sənə görə,

yağma.

 

uşaqların sızıldayan

barmaqlarında üşümə,

isti əlcəklərində qızın, qar.

 

...Uşaq əllərini özləmişdi qar

qar vardı

uşaqlar yoxdu

müharibə qovmuşdu

yavruları torpaqlarından.

onların yerində

tanklar oynayırdı.

qar ağlayırdı uşaqlarçün,

can verirdi

tankların

qanlı tırtılları altında.

 

qar istəyir uşaqlar

tanksız,

yalansız,

əlcəkli qar.

yağırsansa belə yağ qar!

 

lll

 

Gəl,

              döy qapımı...

yolun uzaqdı bilirəm,

əziyyət çəkmə,

sizə gətirrəm

qapımı

döy,

ürəyin döyünən qədər.

 

Yaşayıb güldürmədim

səni doyunca.

qoy,

ölüm...

doyunca ağladım səni.

 

Tanrım,

sənin də yanında

yalançı oldum,

göndərə bilmədim əmanətini.

sənə də can borcum qalıb,

             nisyə dəftərinə yazarsan məni.

 

lll

 

Nağıllara inanmıram

söyləmə qız!

Evdə yeməyə

bir şey tapmayanda

anamın boyat nağıllarını

yavanlıq eləmişəm.

 

Səhərlər

şirinçay əvəzi

atamın gecəylə birgə bitirdiyi

şeirləri dinləmişəm.

 

Məktəbə geydiyim

dabanı getmiş ayaqqabı

atamın hansısa imkanlıya

satdığı şeirdi, qız!

 

Zəhərlənəndə qonşu uşağı

balıq qaytaranda,

ət qaytaranda

boğazımda nağıl ilişib qalıb,

ağzımdan şeir gəlib!

 

Mən şeir ölüsü, nağıl xəstəsi,

lap belə

nağıl şahzadəsi.

Məni nə bilirsən, bil.

Ancaq yaşadıqlarım

ağlına belə gəlməyən

       nağıl da deyil!

       Hə, indi necə

       Nağıllara inanırsan

       nağıllara inanmayan qız?!

 

lll

 

Ölənlər oyanıb çıxa qəbirdən

durub dirilərin qaza qəbrini.

gedəsən sevdiyin qəbrin üstünə

görəsən yazılıb:

bir zarafatdı.

 

Şeytan da bezikib çıxa özündən

içindən Allahın özü boylana

dönüb arxasıyca gələn bəndəyə:

“Yaman aldatdım ha...”

Deyə!

 

Sancıdan qıvrılan anaya

məktub gələ

bətnindəki körpədən:

məni gözləməyin,

bu, zarafatdı.

 

75 yaşında döyülə qapın-

məktəbdə sevdiyin qızdı

qayıdıb.

əlində əsanın qoyduğu qabar

toxuna saçlarına...

 

Qoşulub İblisə çıxıb gedəsən

Allahın dalınca qeybət edəsən

arxanca mələklər yalvara

Allah da göydən qışqıra:

Emin,

bu,

zarafat deyil?!

 

lll

 

Sabahın xeyir, Allah!

yuxuda səni görmüşəm

bir az narahat qalmışam

orda həyatın necədi?

sözün necə,

keçirmi

mələklər arasında?!

ancaq...

mələklərin 

can alıb can satır

sənin adından,

səndən yuxarı uçurlar

sənin altında...

Uşaq vaxtı böyüklərdən

soruşardım yerini

deyərdilər göydəsən.

baxardım göyə

bulud da göydə

sən də.

göydən lopa-lopa

qar yağır,

yağış yağır

bəs niyə Allah yağmır?!

bir uşaq arzusuna

yağış kimi yağ

səninlə islanım başdan ayağa

mən başdan ayağa sən olum, Allah!

 

Buralarda deyirlər ki

sən yoxsan

 dedim inanmadılar

istədim yerini deyəm

qorxdum

baxmazlar Allahsan

qıyarlar sənə də

lap yolundan çıxardıb

Allahsız edərlər Səni.

qorxma

səninçün dua edəcəm:

Tanrı

səni qorusun, Allah!

 

lll

 

Bakının bəkarəti

Qız qalas

ı,

tək tənha yalqız qalası...

 

Harda darıxan varsa

Qız qalasını göstər.

Hər qız qalası yanında

bir oğlan qalasın istər.

              Ancaq

              Şuşa qalasına

              qonaq getmək də

keçir könlündən

bizim Qız qalasının.

 

Səhəng alıb çiyninə

sudan gəldiyi günlər

qalıb dabanı altda,

              qalıb zamanın altda.

 

Anlaya bilmir

ayaq səslərinə dolaşan

əcnəbi sözləri, kəlmələri,

uzaqlardan gəlmələri.

 

            Dolanbac pillələrdə

            fırlanır zamanın başı

            Qız qalası-

           dənizə uzanan barmağımızda

            üzüyün qaşı.

 

Gecələr qoynuna qaçıb

cırmaqlayar dalğalar ətəyini

tutsa,

guya qalxıb siləcək

əs

rlərdən bəri

doluxsunan gözlərini.

 

           qucaqlayıb bu qalanın kölgəsini

üzünə sürtər dəniz.         

Uyuyar işıqlı şəhər,

pıçıltıyla danışar dalğalar,-

birdən oyansa Bakı

              sual dolu baxışlarına

             Qız qalası

             nə cavab verər?!

 

            səhər

            Qız qalası

            üz-gözündə dənizin izi.

            Günəş boylanar

            qızarar  öpüş yeri,

            qızarar qalanın qızı...

 

 əsrlərin daş yaddaşında

               süzər qolları           

dövrəsindəki qızlarla

yallı getmək istəyər-

qollarını açan olsa.

Bəlkə də qoşulub gedər

Götürüb qaçan olsa.

 





29.07.2013    çap et  çap et