525.Az

Yazıçılarımız Beynəlxalq tədbirdə


 

Yazıçılarımız Beynəlxalq tədbirdə  <b style="color:red"></b>

Daşkənddə “Klassik və müasir özbək ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılmasının aktual məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən tədbirə dünyanın 20-dən çox ölkəsindən gəlmiş 40-dan artıq yazıçılar, şairlər, ədəbiyyatşünas və tənqidçilər qatılıblar.

Konfransda ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar və həmin qurumun dramaturgiya bölməsinin rəhbəri, yazıçı Firuz Mustafa təmsil ediblər.

Toplantının iştirakçıları əvvəlcə böyük özbək şairi Əlişir Nəvainin abidəsi önünə əklil qoyub, sonra Ədiblər Xiyabanına gedib, Özbəkistan Yazıçılar Birliyinin (ÖYB) yeni istifadəyə verilmiş binasında olublar.

Konfrans işinə Özbəkistan prezidentinin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb. Məktubu Ali Məclisin Sədri N.T.Yuldaşov oxuyub.

ÖYB-in sədri Siracəddin Səyyid konfransın məramı və məqsədi haqqında məlumat verib, klassik və müasir özbək ədəbiyyatının aktual problemləri və onun beynəlxalq aləmdə təbliği ilə bağlı ətraflı söhbət açıb.

AYB-in sədri Xalq yazıçısı Anarın Azərbaycan və özbək xalqlarının çoxəsrlik ədəbi-mədəni əlaqələrinə həsr olunmuş çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.

Yazıçı-filosof Firuz Mustafanın “Müstəqillik mərhələsində özbək-Azərbaycan ədəbi əlaqələrinin mühüm aspektləri” mövzusunda etdiyi çıxış da maraqla dinlənilib, çıxışçı ÖYB-in xüsusi diplomu ilə mükafatlandırılıb. Konfrans çərçivəsində AYB-in sədri Anarla ÖYB-in rəhbəri Siraciddin Səyyid arasında gələcək ədəbi əlaqələrin daha da inkişaf etdirilməsinə dair memorandum imzalanıb.

Daha sonra Nizami adına Daşkənd Pedaqoji Universitetində Xalq yazıçısı Anarla keçirilən görüşdə Azərbaycan diasporunun üzvləri də iştirak ediblər. Həmin tədbirdə universitetin rektoru Şavkat Şaripov, ÖYB-nin sədri Siraciddin Səyyid, yazıçı Firuz Mustafa, habelə diaspor üzvləri çıxış edərək Anarın yaradıcılığı, onun Özbəkistanda nəşr olunmuş əsərləri barədə fikirlərini səsləndiriblər.

Tədbirin ikinci günü qonaqlar Səmərqənd şəhərini gəzərək, bu qədim diyarın tarixi yerləri ilə tanış olublar.

Konfransın sonunda iştirakçıların şərəfinə təntənəli qəbul törəni keçirilib.

Şahanə MÜŞFİQ

 





11.08.2018    çap et  çap et