525.Az

Peşə məktəblərinə ərizə qəbulu ödənişsiz formada həyata keçirilir


 

Peşə məktəblərinə ərizə qəbulu ödənişsiz formada həyata keçirilir<b style="color:red"></b>

2018-2019-cu tədris ili üzrə “ASANpeşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Artıq bir neçə gündür davam edən sənəd qəbulunda 4200-dən çox vətəndaş qeydiyyatdan keçib.
 
Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək.  Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul “ASAN xidmət” tərəfindən aparılacaq. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq “ASAN xidmət” mərkəzlərində aparılacaq.

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Təhsil Nazirliyi və “ASAN xidmət”lə birgə həyata keçirilən “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Həmçinin, layihə bu istiqamətdə səmərəliliyin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

Beləliklə, bu məsələdə əsas amal Azərbaycanda texniki peşə təhsili sahəsinin imicini tam dəyişərək bu sahə üçün təkmilləşdirilmiş hüquqi və iqtisadi əsasların, eləcə də tədris əsaslarının yaradılmasına nail olmaqdan ibarətdir. Buraya dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi, ilkin texniki peşə təhsili müəssisələri və kolleclərinin səmərələşdirilmiş şəbəkəsi və ilkin texniki peşə təhsili sisteminin yeni iqtisadi model əsasında maliyyələşdirilməsi daxildir.

2016-cı ildən başlayaraq “ASAN peşə” çərçivəsində Bakı və Gəncə şəhərlərində pilot olaraq həyata keçirilən layihə üzrə 4 mindən çox şəxs ilk peşə ixtisas müəssisələrinə qəbul edilib. Qəbul prosesinin nəticələrinə görə, “ASAN Peşə” layihəsi çərçivəsində qeydiyyatdan keçərək, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul edilmiş şagirdlərin 25 faizinin orta attestat balı 4 və ondan yuxarı olub. Bu isə peşə təhsili müəssisələrində mövcud şagird kontingentinin keyfiyyət göstəricilərində olan musbət dəyişikliyin təzahürüdür. 

Təhsil naziri Ceyhun Bayramov deyir ki, aparılan islahatlar, dövlətin diqqəti, bu sahədə fəaliyyət göstərən müəssisələrdə maddi-texniki bazanın gücləndirilməsi insanların peşə təhsilinə olan marağına müsbət mənada təsir edib: “Sevindirici haldır ki, 2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub”.

Nazir bildirib ki, ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin plenar iclasında qanun qəbul edilib. Ötən dövr ərzində peşə təhsili müəssisələri üzrə 1350 mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib. Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində quraşdırılması üçün Çindən 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri ölkəmizə gətirilib. Bu ilin fevral ayında Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” təhsil mərkəzi yaradılıb. 800-dən artıq ümumtəhsil fənn, 200-dən artıq ixtisas fənn müəllimləri, ustalar ölkəyə və ölkədən kənarda keçirilən seminarlarda, o cümlədən, pedaqogika, didaktika, kurikulumun hazırlanması və tədrisi üzrə təlimlərdə iştirak ediblər. “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və regionlarda peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Bu lin yanvarında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi olub”.

Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə peşə təhsili və təlimi sistemində konkret hədəflər müəyyən edilib. Sənəddə qeyd olunub ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin, beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq.

Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış,  2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyənləşdirilib.

S.QARAYEVA

 





11.08.2018    çap et  çap et