525.Az

Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı


 

Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı<b style="color:red"></b>

Bugünlərdə SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü, mərhum Toğrul Nərimanbəyovun doğum günüydü.
 
Nakam rəssamın 88 yaşı tamam olurdu. Əslində, fitri istedada malik bütün insanlar nakamdırlar. Çünki həyata keçməyən nə qədər ideya, arzu, proyekt, dünyanı daha da yaxşı yerə çevirmək üçün atılacaq addım yarımçıq qalır. Yəqin bütün ixtiraçılar, alimlər, sənətkarlar, bəşəriyyət kiçicik də olsa işə yarar nəsə etmək istəyən adamlar aya ilk qədəm basan Nil Armstronq kimi yeriyirlər  - özləri üçün kiçik, bəşəriyyət üçün böyük addımlarla...

7 avqust 1930-cu ildə, Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı asan keçməyib. Atası Fərman Nərimanbəyov Fransanın Tuluza Universitetinin Mühəndis-elektrik fakültəsində oxuyub. Bu müddətdə fransız dilini mükəmməl öyrənib, Avropa mədəni dəyərlərini mənimsəyib. Daha sonra İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynləri Toğrulun tərbiyəsində, erkən yaşlarından hərtərəfli formalaşmasında böyük rol oynayıblar.

Repressiya illərində gələcək rəssamın atası Avropada təhsil almış əksər azərbaycanlı kimi həbs edilir. Ardınca Sibirə sürgünə göndərilir. 1941-ci ildə Toğrulun anası Fransa vətəndaşı olsa da Bakıda həbs olunub Səmərqəndə sürgün edilir. 1961-ci ilədək sürgündə yaşayır. Amma heç bir ağrı-acı, çətinlik, qınaq Toğrul Nərimanbəyovu məqsədə gedən yoldan sapdırmır. Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Paralel olaraq Vilnüs Konservatoriyasında klassik vokal öyrənir. Anasıyla yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Müxtəlif orqanlara çoxsaylı müraciəti, uzun sürən mübarizəsi sayəsində anasına bəraət verilir, İrma Bakıya qayıtmağa müvəffəq olur.

Bir müddət sonra daha bir şad xəbər Nərimanbəyovların qapısını döyür. Əfv edilən atası vətənə dönür.

XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayan rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubuyla səciyyələnir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası, müasir dünya incəsənətinin yeni istiqamətlərilə sıx bağlıdır. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvir edən portretləri bu janrda yaradılmış əsərlər içərisində orijinallığı, bədii forma kamilliyi, novatorluğuyla seçilir.

Rəssam təzad və şərtilik, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları əsərlərində harmonik şəkildə əks etdirib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq, divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri kimi dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında, incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

Toğrul Nərimanbəyov həm də istedadlı opera ifaçısıydı. Bariton səslə klassik operalardan, xüsusilə, İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

T.Nərimanbəyovun zəhməti, sənəti hər zaman yüksək qiymətləndirilib. 30 yaşında Əməkdar rəssam, 33 yaşında Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb. 2000-ci ilin avqustunda “İstiqlal”, 2010-cu ilin avqustunda “Şərəf” ordenilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi sənətinə, şəxsiyyətinə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli sərəncamı ilə Xalq rəssamının yubileyi qeyd olunub. Yubiley tədbirləri müxtəlif ölkələrdə də baş tutub.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Bundan başqa, hələ sovet dönəmində Azərbaycan təsviri sənət ustalarından SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan - Mikayıl Abdullayev, Tahir Salahovla bərabər - biri də o olub.

T.Nərimanbəyov yaradıcılığının ilk dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarını qeyd etmək olar. Əsərlərin mövzu dairəsinin zənginliyindən göründüyü kimi rəssam axtarışda olub.

Bu axtarış rəssamı bütün həyatı boyu müşahidə edəcəkdi. “Şair Fikrət Qoca”, “Rəssamın ailəsi”, “Yazıçı Anar”, “Səttar Bəhlulzadə”, “Ana” kimi portretlərində sənət dostlarının, kolleqalarının obrazlarını canlandırıb. S.Bəhlulzadə ilə yaxın dost olan T.Nərimanbəyov rəssamın bir neçə yaddaqalan obrazını yaratmağa nail olub.

Litvada təhsil alarkən Qərbə məxsus barokko üslubunun təmtəraq və qotika arxitekturasının sərtliyi ilə qarşılaşıb. Vilnüsdə Rəssamlıq İnstitutunda oxuyarkən Delakrua sənətinə xas olan romantik gözəllik, Cotto əsərlərindən süzülüb gələn səmimiyyət, Rembrantda tragik vüsət, Sezanda rəssam fikrinin ifadə dəqiqliyi onu valeh edib. Toğrul Nərimanbəyov Van Qoqu həmişə özünə ruhən yaxın sənətkar hesab edib. Təbii ki, klassik rəssamların yaradıcılığı ilə yaxından tanışlıq dünya miqyaslı rəssam kimi formalaşmasında mühüm rol oynayıb.

Görkəmli rəssam narı özünə imza kimi seçmişdi. Az qala bütün əsərlərində bu simvoldan istifadə edir, bu barədə isə belə deyirdi: “Mən narı, xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Böyük şair Rəsul Rza ilə o rayona ova gedirdik. Ənvər Məmmədxanlı da bizimləydi. Göyçayda böyük nar bağlarını görəndə sarsıldım. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar aludə olub nar mövzusunda bir sıra rəsmlər çəkdim. İlk işlərimdən birinin adı elə “Göyçay bağlarında” idi. Onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bardır. Onun keyfiyyətləri on illər boyu açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar.

Xaricdə də bazara gedirəm, nar görürəm, almaq istəyirəm. Amma oranın narı Orta Şərqdən, İsraildən olur. Onların da narı gözəldir, bizimkinə oxşayır, ağ və sarı narlar. Göyçay narları da açıq rəngli olur. Amma o narlarda bizimki qədər şirə və bərəkət yoxdur. Bakı narları da pis deyil. Balaca, amma tutumlu, dənələri iri olur. Bir sözlə, həqiqətən, narı sevirəm. Onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm. Məsələn, şəhər çəkirəmsə, bilməliyəm ki, bu evdə kim yaşayır. Bu evin içindəki nədir, bərbərxana, yoxsa nə? Şəhəri daxili məzmunundan keçməklə açıram. Eləcə də narı. Onun təkrarolunmaz şirəsindən, şərbətindən bəhs edirəm”.

Fransada vəfat edən Toğrul Nərimanbəyovun dəfni düz bir ay ləngidilir. Buna səbəb rəssamın ikinci həyat yoldaşı Sevil Nərimanbəyovayla birinci evlilikdən olan qızı Əsmər Nərimanbəyova arasındakı mübahisə idi. Sevil xanım rəssamın Fransada dəfn edilməsini istəyirdi, Əsmər Nərimanbəyovasa atasının Bakıda torpağa tapşırılmasına çalışırdı. Ə.Nərimanbəyova hətta Fransa məhkəməsində bununla bağlı iddia qaldırmışdı. Lakin məhkəmə mərhumun Fransada dəfni barədə qərar çıxardı. Qərardan verilən apellyasiya şikayəti təmin olunmadı.

Məlumata görə, Parisdəki Passi qəbiristanlığında dəfn olunan Toğrul Nərimanbəyov müsəlman qaydalarına uyğun torpağa tapşırılmayıb. Rəssamın cənazəsi tabutla qəbiristanlığa gətirilib, elə tabutda da məzara qoyulub. Müsəlman qaydalarına görə, mərhum torpağa tabutsuz, kəfənə bükülmüş halda basdırılmalıdır. Adətən, xristianlar dünyadan köçənlərin cənazəsini tabutla birgə dəfn edirlər.

Buna səbəb nə idi? Nərimanbəyov xristianlığı qəbul etmişdi, ya necə?

Sevil Nərimanbəyova həyat yoldaşının ölümündən bir müddət öncə demişdi ki, T.Nərimanbəyov katolikliyi qəbul edib və vəsiyyətində Parisdəki Passi qəbiristanlığında dəfn olunmasını istəyib.

Qızı Əsmər Nərimanbəyova isə bunu təkzib edərək atasının xristianlığı qəbul etmədiyini, müsəlman olduğunu söyləmişdi. Mərhumun qızı əlavə etmişdi ki, atası hər hansı dini adətə uyğun olmadan, dini ayinsiz dəfn edilib: “Atam tabutda torpağa tapşırıldı, ümumi qaydada, dini ayin icra olunmadan dəfn olundu. Yəni bu, dinlərdən asılı dəfn olmadı. Mərasimə nə molla, nə də keşiş çağırıldı. Mərasimdə heç deyilmədi ki, Toğrul Nərimanbəyov xristiandır. Bir sözlə, atam nə müsəlman, nə də xristian adəti ilə dəfn olundu”.

Görkəmli rəssamın ölüm barəsində də maraqlı fikirləri vardı. Hətta belə demək mümkünsə, o, ölümə meydan oxuyurdu: “Həyatda heç nədən qorxmuram. Bircə işləmək imkanı versinlər ki, ideyalarını həyata keçirə biləsən. Həyata keçirmək istədiyim fikirlər çoxdur, bəlkə də hamısını çatdıra bilmədim. Sağlam olmaq lazımdır. Sağlam olmaq üçün düzgün həyat tərzi keçirmək lazımdır. Ölüm mənim üçün qorxulu deyil. Əgər həyat qarşısında bütün öhdəliklərimi yerinə yetirmişəmsə, onda ölüm mənim üçün qorxusuzdur. Ancaq öhdəlikləri tam yerinə yetirməmişəm. Əgər yerinə yetirə bilsəm, həyat davam edəcək. Həmişə yenilik, axtarış etmək lazımdır. Əgər işləmək həvəsin yoxdursa, ondansa ölmək yaxşıdır”.

Toğrul Nərimanbəyov həmişə bu qayəyə sadiq qaldı. Fırçanı yerə qoymadı: hər keçən gün ilk dəfəymiş kimi yenidən başladı, axtarışda oldu, yaradıcı eksperimentlər apardı, yeniliklər aradı. Ömrünün sonuna qədər!..

 





13.08.2018    çap et  çap et