525.Az

Musiqinin Qəbələ ladı


 

Musiqinin Qəbələ ladı       <b style="color:red"></b>

Cəsarət VALEHLİ
İTV-nin departament direktoru, fəlsəfə doktoru, dosent

Beşinci Qəbələ musiqi festivalının afişalarını Bakının prospektlərində görəndə qəlbimdə yayın isti günlərinin hərarəti bir anlığa Böyük Qafqazın sıldırımlarından baş götürən Dəmiraparan çayının iti axınına qarışan musiqi ahənginın sərinliyi ilə əvəz olundu. Maraqlısı odur ki, Qəbələnin ən füsunkar məkanında qurulan bu beynəlxalq musiqi məclisi təkcə mədəniyyət hadisəsi deyil, həm də təbiət hadisəsidir. Siz Şubertin, Vivaldinin, Betxovenin, Baxın, Çaykovskinin, Üzeyir bəyin, Niyazinin, Fikrət Əmirovun əsərlərini dünyanın ən məşhur simfonik orkestlərinin ifasında yayılan sədalarının,Mənsum İbrahimovun səs atəşindən dağlarda əks-səda verən lirik ahəngin Qəbələnin bənzərsiz təbiət aləmində zümzüməyə, harmonik duyğuya çevirdiyinin şahidi ola bilərsiniz. Qəbələdə anadan olmuş Azərbaycanın görkəmli şairi Tacəddin Şahdağlının deyimi olmasın bu ahəngin zili zirvələrdir, bəmi dərələr. Sanki gecələrin çiynində ulduzlar qatar-qatar misralanıb təbiət-mədəniyyətə sintezinin Qəbələ ovqatına tamaşa edirlər. Bu ahəngə sanki Azərbaycanın ən hündür dağ zirvəsi Bazardüzü dirijorluq edir. Qəbələ Beynəlxalq Musiqi festivalında Azərbaycan dövlət simfonik orkestrinin ifasında dahi Üzeyir bəyin “ Koroğlu” üverturası bu mənzərənin bənzərsiz simvoludur. Koroğlunun musiqi ilə ifadə olunan döyüş simgəsi orkestrin isti nəfəsindən pərdə-pərdə dağlara yayılır, əks-səda verir və nəhayət insanı çağırır. Düşünürəm ki, burada olub bu ahəngi görüb, duymamaq mümkün deyil. Əgər biz Azərbaycan kimliyini, hərarətini, çağırışını, fəlsəfi miqyasını, təcəlla edən ruhunu görmək və göstərmək istəyiriksə, Qəbələ Beynəlxalq Musiqi festivalı çox mükəmməl örnəklərdəndir. Xüsusilə, xaricdən gələn insanlara musiqi və təbiət sintezinin Qəbələ harmoniyasını göstərmək vətəndaşlıq missiyasıdır.

Qəbələ Beynəlxalq Musiqi festivalında daha çox simfonik ifalar yer alır. Düşünürəm ki, bunun tarixlə bir dialoq bağlantısı var. Qəbələ dünyanın çox nadir şəhərlərindəndir ki, aşağı-yuxarı 7-8 əsr paytaxt olub. Burada tarixin çox dərin qatlarında simfonik notlarda ifa olunan sivilizasiya izləri var.Bəzən tarix öz möhtəşəm keçmişini hansısa simvollarla xatırlayır. Bu gün dünyanı yenidən cəlb edən Qəbələdə qurulan mötəbər musiqi məclisinə obrazlı desək dirijorluq edən Bazardüzü zirvəsi də, musiqi sədasını iti axına qovuşdurub dərələri fəth edən Dəmiraparan çayı da tarixin Qəbələ zirvəsinə min illərdir şahidlik edirlər.

Əsrlər boyu paytaxt olan Qəbələdə ifa olunan simfonik musiqinin ladı insanı kübarlaşdırır,düşüncə ahənginə qərq edir. Ona görə də bu musiqi festivalının bir cəhəti də ona görə əhəmiyyətlidir ki, insanlar saatlarla professional düşüncə musiqisinin ritmi ilə nəfəs alır və buna köklənirlər. Deməli, musiqinin-təbiətin Qəbələ ladı zövqlərin yenidən canlanmasına, cilalanmasına yardım edir.

 

 





29.07.2013    çap et  çap et