525.Az

Azad ticarət zonası: ABŞ və Aİ-nin dünyanın geosiyasi mənzərəsini dəyişmək cəhdi


 

Azad ticarət zonası: ABŞ və Aİ-nin dünyanın geosiyasi mənzərəsini dəyişmək cəhdi<b style="color:red"></b>

Dünya KİV-ləri Vaşinqtonla Brüsselin Transatlantik məkanı əhatə edən azad ticarət zonası yaratmaqla bağlı danışıqlara başlamasına ciddi maraq göstərib. 28 Avropa ölkəsi ilə Amerikanın bu addımını ekspertlər daha çox geosiyasi amillərlə əlaqələndirirlər. Qlobal miqyasda maliyyə-iqtisadi sahədə rəqabətin güclənməsi böyük dövlətləri tədbirlər görməyə vadar edir. Bu proses dünya üçün hansı nəticələri verə bilər?

İki nəhəng iqtisadi sistemin yeni birliyi: məqsəd nədir?

Bu ilin fevral ayının 8-də ABŞ və Avropa İttifaqının Transatlantik azad ticarət zonası yaratmaq qərarına gəlmələri dünyada böyük maraq doğurdu. Artıq bu istiqamətdə danışıqların birinci mərhələsi başlayıb. Analitik və ekspertlər bu prosesi qlobal miqyasda təsirə malik ola biləcək hadisə kimi təqdim edirlər. KİV-lərdə yer alan təhlili yazılardan görünür ki, Transatlantik azad ticarət zonası dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklər edə bilər. Məsələnin daha çox maraq doğuran tərəfi də məhz bundan ibarətdir.

Azad ticarət zonası yaratmaq birbaşa iqtisadi məsələdir. Dünyada bunun bir neçə nümunəsi vardır. Məsələn, 1992-ci ildə Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və Çexiya azad ticarət haqqında Mərkəzi Avropa müqaviləsini imzalamışdılar. Bu saziş 12 il qüvvədə qaldı. Həmin dövlətlər Avropa İttifaqına üzv olduqdan sonra azad ticarət zonasına ehtiyac qalmadı. ABŞ-ın Cənubi Koreya ilə oxşar müqaviləsi var.

1994-cü ildə isə ABŞ, Kanada və Meksikanın iştirak etdiyi Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) yaradılıb. Bu təşkilatda gömrük tariflərinin mərhələli şəkildə aradan qaldırılması, intellektual mülkiyyət hüququnun qorunması, sərmayələr üçün ümumi qaydaların hazırlanması, xidmət sahəsində liberallaşmanın gücləndirilməsi və iştirakçı dövlətlər arasında ticarət mübahisələrinin həll edilməsinin effektiv mexanizmlərinin yaradılması nəzərdə tutulub (bax: Петр Искендеров. США-ЕС: ''свободная'' торговля под электронным колпаком // Фонд Стратегической культуры, 8 iyul 2013).

Görünür, azad ticarət zonalarının yaradılmasında əsas məqsəd ticari-iqtisadi sahədə uzunmüddətli və mürəkkəb yaxınlaşma prosesini aparmaqdan ibarətdir. Lakin ABŞ-la Avropa İttifaqı arasında yaradılması nəzərdə tutulan azad ticarət zonası barədə ekspertlər daha çox geosiyasi kontekstdə danışırlar. Təbii ki, burada tərəflərin əldə edə biləcəyi maliyyə və iqtisadi dividendlər tamamilə kölgədə qalmır.

İlkin hesablamalara görə, bu planın həyata keçirilməsi nəticəsində Aİ-də ümumi daxili məhsul 0,7%, ABŞ-da isə 0,3% arta bilər. Amerikanın Ticarət Palatasının proqnozunda isə göstərilir ki, tariflərin ləğv edilməsi qarşılıqlı ticarət dövriyyəsini 5 il müddətində 120 milyard dollar artıra bilər. Hazırda Aİ-dən ABŞ-a məhsul ixracatının həcmi 700 milyard dollar təşkil edir (bax: США и Евросоюз создадут зону свободной торговли // www.ukrrudprom.com, 18 oktyabr 2012). Almaniyalı ekspertlərin apardıqları tədqiqatlara görə, azad ticarət zonasının yaradılması nəticəsində Amerikanın gəlirləri 13,4% artacaq, Avropa İttifaqı üçün isə uyğun rəqəm 5% təşkil edə bilər (bax: Александр Гасюк, Анна Федякина. Америка и ЕС начали переговоры о Зоне свободной торговли // www.rg.ru, 10 iyul 2013).

ABŞ prezidenti Barak Obama azad ticarət zonası haqqında danışarkən, milyonlarla yeni iş yerlərinin açılacağını xüsusi vurğulayıb. Avropa İttifaqına üzv dövlətlərin başçıları da bu prosesin iqtisadi dividendlər gətirəcəyini vurğulayırlar. Yalnız Fransa rəhbərliyi bəzi sahələrdə Amerikadan asılı vəziyyətə düşməmək üçün bəri başdan tədbirlər görülməsini istəyir. Məsələn, Paris kino və musiqi sferalarında ABŞ-ın dominantlığından narahatdır. Fransa Avropa ölkələrinin marağını nəzərə alaraq, bu sahələrin inkişaf etdirilməsində israr edir. Almaniya isə azad ticarət zonasının sürətlə yaradılması üçün var gücü ilə çalışır.

İqtisadiyyatları sürətlə inkişaf edən ölkələrin Transatlantik azad ticarət zonasının yaradılmasına münasibəti də çox maraqlıdır. Rusiya, Çin və Türkiyə bu prosesə ehtiyatla yanaşırlar. Baş nazir R.T.Ərdoğan Vaşinqtona olan son səfərində azad ticarət zonası yaradılmasının Türkiyə iqtisadiyyatına zərər vura biləcəyindən narahatlıq ifadə etmişdi. Ankara üçün problem ondan ibarətdir ki, əgər ABŞ-la Avropa İttifaqı arasındakı tariflər minimuma endirilsə və ya tam aradan qaldırılsa, türk mallarının həmin bazara yeridilməsi məsələsi xeyli çətinləşəcək. Eyni məntiqlə Rusiya və Çin istehsalı olan məhsulların rəqabət imkanları da ciddi surətdə aşağı düşəcək. Belə görünür ki, Amerika və Avropa bu kimi narahatlıqlara bir qədər laqeyd yanaşırlar. Səbəb nədən ibarətdir?

İnteqrasiya və geosiyasi maraqlar: hansı daha çox əhəmiyyətlidir?

Sözügedən azad ticarət zonasının yaradılması ətrafında cərəyan edən hadisələrin kökündə məhz bu məqam durur. Amerika və Aİ rəsmiləri burada geosiyasi faktorların ciddi rol oynadığını gizlətmirlər. Prezident Obama Konqresə ənənəvi olaraq hər il "Ölkənin vəziyyəti haqqında''kı müraciətində azad ticarət zonasının yaradılması zərurətinə xeyli yer verib. O vurğulayıb ki, bu, Amerikanın "inkişaf edən Asiya bazarında'' rəqabət qabiliyyətini artıracaq (bax: Remarks by the President in the State of the Union Address, whitehouse.gov, 12 fevral 2013). Almaniyanın kansleri isə 2007-ci ildən bu məsələni qaldırmışdı. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu daha konkret fikir söyləyib. O deyib ki, "planetin iki ən böyük iqtisadi gücü arasında imzalanacaq saziş qlobal oyun qaydalarını dəyişəcək...'' (bax: Петр Искендеров. США-ЕС: ''свободная'' торговля под электронным колпаком // Фонд Стратегической культуры, 8 iyul 2013).

Lakin bu cür fikirlərlə yanaşı, bu prosesə ehtiyatla yanaşmağı tövsiyə edən avropalı siyasətçilər də vardır. Maraqlıdır ki, onlar da məsələnin iqtisadi tərəfindən çox, geosiyasi maraqlar çərçivəsində okeanın o tayına uduzmaqdan çəkinirlər. Aİ-nin daxili işlər üzrə komissiyasının sədri S.Malmstrem Amerika ilə qarşılıqlı etimadın sarsıldığını vurğulayır və bunun düzəldiləcəyinə ümid etdiyini bildirir (bax: The Financial Times, 5 iyul 2013.).

Belçika parlamentinin keçmiş vitse-spikeri Lod Vanoost isə daha kəskin və konkret irad bildirib. Onun dediyinə görə, ABŞ Avropa İttifaqına qarşı iqtisadi şantaj aparır və bunun Vaşinqtonun azad ticarətlə bağlı yeritdiyi siyasətə birbaşa aidiyyəti vardır (bax: American surveillance may kill US-EU free-trade talks // www.rt.com, 1 iyul 2013). Fransa və hollandiyalı diplomatlar da bu ruhda fikirlər ifadə ediblər.

Bunlar bir tərəfdən azad ticarət zonasının yaradılmasının geosiyasi əhəmiyyətindən xəbər verirsə, digər tərəfdən Aİ il ABŞ arasında həll edilməli xeyli sayda problemin olduğunu təsdiqləyir. Məsələyə Qərbin geosiyasi rəqiblərinin maraqları prizmasından yanaşanda da maraqlı məqamlar üzə çıxır.

Qərb ekspertləri hesab edirlər ki, Vaşinqtonu azad ticarət zonası məsələsini aktullaşdırmağa məcbur edən əsas səbəb BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) güclənməsidir. Brüsseldəki rəsmi mənbə bildirib ki, "Qərb yeni qlobal iqtisadiyyatda öz mövqelərinin bir hissəsini sürətlə inkişaf edən ölkələr qrupuna, ilk növbədə BRİKS-ə güzəştə getmək fikrində deyil'' (bax: Тайное объединение. ЕС и США ведут секретные переговоры о новом торгово-экономическом союзе, www.vz.ru, 27 dekabr 2012). Bunun fonunda başqa bir faktoru ABŞ diqqətə alır.

Söhbət ABŞ Milli Kəşfiyyat Şurasının son hesabatlarında ifadə edilən bir fikirdən gedir. Bu qurum 2025-ci ilə qədər dünya maliyyə-iqtisadi sistemində ciddi dəyişikliklərin olacağını proqnozlaşdırır. Onların gəldikləri nəticəyə görə, həmin müddətdə dollar vahid dominant valyuta statusunu itirəcək. Əvəzində, bir neçə pul vahidi eyni dərəcədə aparıcı olacaq. Həmin proses isə ABŞ-ın maliyyə sabitliyini xarici mənbələrdən asılı hala sala bilər (bax: Мир после кризиса. Глобальные тенденции – 2025: меняющийся мир. Доклад Национального разведывательного совета США. М., 2009. С.175.). Bununla Vaşinqtonun manevr imkanları məhdudlaşar. Yəni Amerika əsasən geosiyasi aspektdə liderliyinə xələl gətirə bilən məqamların 2025-ci ildə daha çox ola biləcəyindən çəkinir. Bunun qarşısını almaq üçün Avroatlantika məkanında maliyyə-iqtisadi inteqrasiyaya nail olmaq istəyir – təbii ki, amerikan ssenarisi üzrə.

Bunlar ABŞ-Aİ azad ticarət zonasının yaradılmasının geosiyasi proseslərlə birbaşa bağlı olduğunu göstərir. Qərb dünyanın müxtəlif regionlarında sosial, siyasi, iqtisadi və s. problemlər yaratmaqla yanaşı, Avropa ilə birlikdə daha güclü maliyyə-iqtisadi sistem formalaşdırmaqla da məşğuldur. Onun daha çox BRİKS və inkişaf edən müsəlman dövlətlərindən ehtiyatlandığı hiss edilir.

Bu müstəvidə müasir dünyada baş verən proseslərə nəzər salanda real inteqrasiya ilə geosiyasi maraqların nisbəti üzərində bir daha düşünmək lazım gəlir. Əgər bu tendensiya davam edəcəksə, dünyada sabitliyə nail olmaq şansının minimum olacağı düşüncəsindəyik. Bunu təkzib edə biləcək bir prosesin getdiyi müşahidə edilmir. Mümkündür ki, böyük dövlətlərin indi yaratdıqları azad iqtisadi zonalar milyonlarla günahsız insanın taleyinə zərbə vursun.

Newtimes.az

 





30.07.2013    çap et  çap et