525.Az

Türkiyə maliyyə şantajını inamla dəf edir


 

Türkiyə maliyyə şantajını inamla dəf edir <b style="color:red"></b>

Avqust ayının 5-dən başlayaraq Türkiyə iqtisadiyyatında baş verən dəyişikliklər, maliyyə sektorunda gərginliyə gətirib çıxarmış “dollar-lirə qarşıdurması” təkcə bu ölkənin deyil, digər dövlətlərin də diqqətlə izlədiyi ən həssas mövzulardandır.

Türkiyənin milli valyutasının ucuzlaşmasında ABŞ-ın məqsədli şəkildə yürütdüyü dollar ekspansiyası siyasətinin başlıca rol oynadığı da heç kimə sirr deyil. Qardaş ölkənin maliyyə və iqtisadi sektorunda baş verən proseslərdə ABŞ-ın spekulyativ oyunlarının təsiri açıq-aşkar hissi olunur.

Hazırkı vəziyyəti 2 il əvvəl baş vermiş 15 iyul hərbi çevrilişinə çəhdin növbəti ssenarisi kimi qiymətləndirmək də mümkündür. Türkiyə cəmiyyəti baş verənləri haqlı olaraq iqtisadiyyata 15 iyul zərbəsi kimi qiymətləndirirlər.

ABŞ hökuməti Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsinə 15 iyul dövlət çevrilişinə cəhddə iştiraka görə həbs olunmuş keşiş Endryu Branson daxil olmaqla, 20 nəfərin azad edilməməsini bəhanə gətirir. Türkiyə məhkəməsi E.Bransonun səhhətindəki problemləri nəzərə alaraq, həbs cəzasını ev dustaqlığı ilə əvəz edib. Türkiyədəki kürd terror qrupları ilə əlaqələri olan, türklərlə kürdlər arasında ayrı-seçkilik yaradan keşişin azad edilməsi isə ən azından hüquq normalarına ziddir.  

Terrorçu keşişin arxasında gizlənən sirrlər... 

Ağ Ev E.Branson və digər 20 nəfərin azad olunacağı təqdirdə sanksiyaların dayandırılacağını, Türkiyə iqtisadiyyatına sərmayə qoyan xarici investorların qarşısını kəsən baryerlərin aradan qaldırılacağını bəyan edir. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin keşiş azad edilmədiyi halda, Birləşmiş Ştatların Türkiyəyə əlavə sanksiyalar tətbiq etməyə hazırlaşdığını vurğulayıb. Ankara isə sərt şəkildə Donald Tramp hökumətinin tələblərini rədd etməklə, onunla diqtə və ultimatum dilində danışmağın keşmişdə qaldığını xatırladıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya tək qütbdən baxan ABŞ-ın bu cür təzyiq və iltumatumla danışmaq və Türkiyənin daxili işlərinə qarışmaq haqqının olmadığını bəyan edib: “İqtisadi sahədə manipulyasiya etmək və terrorçuları fəallaşdırmaqla Ankaranın iradəsini qırmaq və onu öz milli maraqlarının müdafiəsindən imtinaya məcbur etmək istəyirlər. Özünü dünyanın hökmdarı hesab edən dövlətlərin Türkiyəyə baha başa gələn nailiyyətlərə təcavüz etmək haqqı yoxdur. Türkiyənin sağlam və güclü iqtisadiyyatı var. Türkiyəyə qarşı spekulyasiyalarda iştirak edən xəyanətkarlar şəbəkəsi öz əməllərinə görə cavab verəcəklər”.

Türkiyə siyasi tarixində ilk dəfə olaraq Amerika və Qərbin iqtisadi oyunlarında vasitə olmadığını nümayiş etdirdi. Ərdoğan Türkiyənin milli maraqlarının hər şeydən öndə olduğunu, əl qana və terrora bulaşmış keşişə görə ən yaxın strateji müttəfiqinə belə güzəştə getməyəcəyini bəyan etməklə böyüklüyünü, müstəqil dövlət kimi əyilməzliyini nümayiş etdirdi. Ərdoğanın xarizmatik lider kimi dik duruşu, qətiyyəti və əzmkarlığı türk xalqında dərin rəğbət doğurdu və xalqın Amerikanın haqsız hücumlarına qarşı təpkisi artdı. Ərdoğanın çağırışından sonra ölkə vətəndaşlarının böyük bir qrupu səfərbər olaraq yığım olaraq saxladıqları dollar əskinasları lirəyə çevirməyə başladılr. Türkiyənin valyutadəyişmə məntəqələri və bankları qarşısında yaşanan izdiham xalqın milli puluna dərin məhəbbətini, iqtidar-xalq birliyinin təntənəsini nümayiş etdirdi. Hamı bir olaraq Amerikanın dollarla qarışıqlıq yaratmaq və Türkiyə iqtisadiyyatını böhran vəziyyətinə gətirmək oyununu pozdu. Bu prosesdə iri biznes dairələrinin və investorların fəal iştirakı da diqqətdən yayınmadı. Türkiyənin milli simvollarından olan “Turkish Airlines” beynəlxalq avişirkəti sanksiyalara cavab olaraq Amerika şirkətlərinin reklamlarından imtina etdi.  

Türk xalqının “dollar oyunu”na sərt silləsi... 

ABŞ-ın sanksiyalarına cavab olaraq Türkiyə bu ölkənin məhsullarına idxal rüsumunu artırdı. Maliyyə və xəzinə naziri Bərat Albayrağın ölkədə və xaricdə çalışan iş adamları ilə görüşərək onları Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarını artırmağa dəvət etməsi də prosesə mühüm təsirini göstərdi. Türkiyə şirkətləri ABŞ-ın valyuta spekulyasiyasına cavab olaraq müxtəlif təsirli addımlar atır. Ölkənin tikinti şirkətləri ABŞ istehsalı olan tikinti materiallarından istifadə edilməməsinə qərar veriblər. Amerika məhsularının boykot edilməsi prosesi ticarət və xidmət sahələrində də genişlənib. Türklər ABŞ istehsalı texnoloji markalardan imtina etməyə başlayıblar. Bütün bu addımlar Türkiyənin valyuta bazarında və birjalarında gərginliyin qarşısını alıb, hazırda Türkiyə lirəsi sabitliyini bərpa edib.

Amerikanın ədalətsiz və əsassız iqtisadi təxribatlarına dünyanın bir çox ölkəsindan sərt təpki gəldi və onlar Türkiyə ilə həmrəylik nümayiş etdirdilər. Çin, Rusiya, İran, Almaniya, İtaliya, Venesuela, Pakistan, Livan, Qətər və digər ölkələr ABŞ-ın çirkin valyuta siyasətinə qarşı yeni etibarlı və sabit maliyyə sisteminin yaradılması təklifi ilə çıxış etdilər. Almaniyanın baş naziri Angela Merkel Berlində keçirilən mətbuat konfransında Türkiyədəki iqtisadi vəziyyət barədə suallara cavab verərkən “Türkiyədəki iqtisadi qeyri-sabitlik heç kim üçün faydalı deyil. Almaniya Türkiyəni iqtisadi rifah içərisində görmək istəyir. Bu, bizim xeyrimizədir. Ətrafımızdakı ölkələrdə sabitlik olması həmişə Avropa İttifaqının da mənafeyinə uyğun olub”.

ABŞ-Türkiyə qarşıdurması Ankaranın Avropa İttifaqı ilə əlaqələri normallaşdırması baxımından da fürsət yaradıb. Sanksiyalardan sonra Türkiyə ABŞ-a göndərdiyi 550 milyon dollarlıq ixrac malını alternativ bazarlara çıxarmağı düşünür və bu da Avropa bazarları ola bilər. Avropa və Asiyada polad və alüminiuma ehtiyacın olması ixracın səmtini dəyişmək üçün yaxşı imkan yaradır.

Qətər isə Türkiyə iqtisadiyyatının sağlamlaşdırılmasında öz sərmayələrini əsirgəməyəcəyini bəyan edib. Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Saninin Türkiyəyə səfəri baş verənlərdə seyirçi mövqe tutan ərəb ölkələrinə qarşı sanki tərs sillə olub. Avqustun 20-də Türkiyə Mərkəzi Bankı ilə Qətər Mərkəzi Bankı arasında Dohada Valyuta mübadiləsi sazişinin imzalanması konkret əməli işlərin başlandığını təsdiqlədi. Saziş iki ölkə arasında yerli pul vahidləri ilə aparılan ticarətin asanlaşdırılması və maliyyə sabitliyinin dəstəklənməsi məqsədini güdür. Qətər artıq Türkiyədə 15 milyard dollarlıq investisiya paketini də həyata keçirməyə başlayıb.  

Türkiyənin suverenliyi və müstəqilliyi təhdid altına alına bilməz 

Əslində, baş verənlərin E.Bronson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfərin azad edilməsi tələbi ilə bağlı olmadığı məlumdur. Hadisələrin alt qatında ABŞ-ın illərdir ki, Yaxın və Orta Şərq layihəsinin mühüm  hissəsi olan Türkiyənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş imperialist siyasəti dayanır.

Anadolu Aydınlar Ocağının sədri professor İbrahim Öztək bildirir ki, rahib Branson əslində bir oyundur:“Türkiyə ilə heç kim Yaxın Şərq ölkəsi kimi davrana bilməz. Birləşmiş Ştatlar bunun qarşılığını artıqlaması ilə ödəyəcək və bu, ABŞ-ın ziyanına olacaq".

Amerika rəsmi Ankaranı İrana qarşı sanksiyalara qoşulmağa, Rusiyadan “S-400" havadan müdafiə sisteminin alınmasından imtinaya, Qüds siyasətinə yenidən baxmağa, Kipr adası ətrafında qaz və neft axtarışından çəkinməyə, Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamağa, Türkiyənin sahib olduğu strateji mədən yataqlarındakı lisenziyaları ABŞ şirkətlərinə verməyə məcbur etmək istəyir. Bunlar isə Türkiyənin milli maraqlarına, müstəqil xarici siyasət kursuna və türk xalqının milli qüruruna ziddir. Türkiyənin suverenliyni və müstəqilliyini təhdid altına alan müddəalardır.

Türkiyənin geosiyasi tədqiqat və strateji analitik beyin mərkəzlərinin mütəxəssislərinin sanballı və praqmatik təhlillərinə əsasən, Amerika Cümhuriyyət tarixində heç vaxt belə müstəqil siyasət yürütməmiş və hücum diplomatiyası ortaya qoymamış, real güc mərkəzinə çevrilmiş Türkiyə hökumətinin varlığından narahatlıq keçirir. Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə artıq qlobal güclər arasında özünün layiqli yerini tutmağa başlayıb, dünya gücləri Ankara ilə danışarkən siyasətlərinə diqqət yetirməlidir. Eyni zamanda, Türkiyə digər ölkələrlə strateji müttəfiqliyi qurarkən ABŞ-la razılaşdırmaq öhdəliyi götürməyib, Rusiya və İranla Vaşinqtonun problemlərinin də Türkiyəyə aidiyyatı yoxdur. Rəsmi Ankara tərəf tutmaq siyasəti ilə vidalaşıb, balanslı və tarazlı siyasət yürüdür.

Amerika-Türkiyə münasibətlərini gərginləşdirən səbəblər içərisində Suriyadakı terror qruplarına ölümcül zərbə vuran Türk Silahlı Qüvvələrinin əzmkarlığı da öz təsirini göstərib. Amerika Yaxın Şərqdə açıq-aşkar Türkiyəyə qarşı olan terror qruplarını dəstəkləyir.  

AKP və Türkiyənin həyatında yeni səhifə açılır...   

ABŞ-ın çirkli oyunlarının davam etdiyi bir vaxtda Türkiyənin ictimai-siyasi tarixində olduqca mühüm hadisə baş verib: Ədalət və İnkişaf Partiyasının (AKP) avqustun 18-də Ankarada keçirilən növbədənkənar VI qurultayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim partiyanın Sədri seçilib. Qurultayda Ərdoğanın verdiyi mesajlar Türkiyə cəmiyyətinin monolitliyininin, Xalq-İqtidar birliyinin möhkəmlənməsinə, Amerikanın çirkin kampaniyalarına qarşı daha yekdil olmasına stimul verib.

Ərdoğan Türkiyəyə qarşı ədalətsiz iqtisadi hücumların artmasına baxmayaraq ölkəsinin alnıaçıq və dik duruşu ilə bütün çətinlikləri geridə qoyaraq nikbin əhvla-ruhiyyə ilə yeni hədəflərə doğru addımladığını bəyan edib: “Biz ölkəmizin və millətimizin şərəfini qoruyuruq. Millətimizlə birlikdə 16 ildir ki, qarşımıza çıxan bir çox çətinliyə, maneəyə, təxribatlara etiraz edərək qalib gəldik. Bu gün biriləri bizi valyuta oyunları və inflyasiya hədəsi ilə təhdid edir. Biz bu oyunları gördük. İman varsa, imkan da var. Millətimiz nə qədər xəyanətləri, qurulmuş tələləri həmişə imanı ilə boğub. Bu gün də imanımızla mübarizəmizi aparırıq. Həm cəsarət, həm də ağlı olan bu millətin qarşısında heç bir güc tanımırıq. Heç kim bu millətlə, bu ölkə ilə oyun oynamasın. Çünki biz Türkiyə, çünki biz müsəlmanıq, insanlığın ortaq səsi və vicdanıyıq".

Türkiyənin siyasi lideri dünyanın diqqət mərkəzində olan regionun ən nəhəng dəniz tranzitlərindən birinin – “İstanbul” kanalının tikintisinin davam etdirildiyini və yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib. "Bosfor" boğazına alternativ olacaq "İstanbul" kanalı Türkiyənin dənizlərdə iqtisadi üstünlüyünü, yük daşınmalarında  strateji nüfuz sahibi olmasını təmin edəcək.

Ərdoğan AKP-nin qarşıdakı illərdə yeni iqtisadi və sosial layihələr həyata keçirməklə Türkiyənin güclü inkişafını təmin edəcəklərini diqqətə çatdırıb. ABŞ və digər dövlətlərin yaratdığı maneələrə baxmayaraq, hədəflərə uğurla çatacaqlarını əminliklə bəyan edib. Türkiyə xalqı və dövləti möhtəşəm birlik və inamla AKP-nin davam etdirdiyi siyasətə dəstək verir.

 





21.08.2018    çap et  çap et