525.Az

Əsgər atası


 

Əsgər atası <b style="color:red"></b>

Rəngin səbəbi

Bazar günləri yorğunluğu azaltmaq, iş həftəsinin  stressini atmaq üçün hansısa kitabı vərəqləmək, ənənəvilikdən kənar olan yaradıcı insanların əsərlərinə baxmaq istəyirəm.

Bu dəfə "Kaspi" qəzetinin artkaspi.az əlavəsində mərhum şair, tərcüməçi və rəssam Adil Mirseyidin rəngkarlıq əsərlərinə rast gəldim. Təqdim olunan 29 əsərin hərəsində bir məzmun, mövzu, fəlsəfə olsa da, hamısı soyuq, solğun, boz rənglərlə işlənilmişdi.

Çox qəribədir. Heyrətlənməyə bilmirsən. Şəkillərə baxanda adam az qala üşüyür. Ağaclar, otlar, daşlar, buludlar arasında can verirmiş kimi öləziyən Günəş, yarpaqları tökülməkdə olan insan fiquru, soyuq  biyabandakı tənha tikili, donmuş sahildəki köhnə qayıq, elektrik sobasındakı xırda balıqlar, köhnədən də köhnə görünən "üçmərtəbələr", hətta, insan sifətləri belə bomboz, solğun və buz kimi soyuqdur.

Adil Mirseyid  ədəbiyyatda olduğu kimi, rəssamlıqda da təsadüfi adam deyil. Deməli, onun rəsm əsərlərindəki soyuqluğun xüsusi mənası var. Həmin mənanın nədən ibarət olduğunu rəssam dostum Hüseyn Hacıyevdən soruşdum. Hüseyn müəllim dedi ki, hər bir rəssam həyatın ona bəxş etdiyi rənglərin inikasını yaradır: "Həyat Adilə nə qədər boz sifət göstərmişdi, nə  qədər soyuq münasibət bəsləmişdisə, dəqiq bilmirəm. Dəqiq bildiyim odur ki, müəllif öz əsərlərində həmin soyuq münasibətin də, boz sifətin də çoxsaylı obrazlarını yaradıb. Özü də, ustalıqla. Bütün rəssamlar, yaradıcı adamlar belədir". 

İlqar Musaoğlu "brendi" 

İndi tələskən oxucu soruşa bilər ki, yayın bu cırha-cırında donmuş sahildəki köhnə qayığın təsvirini yada salmağın yeridirmi? Yaxud, nikbinliyi nümunə, həyat sevgisi İlqar Musaoğlu "brendi" kimi tanınan, istənilən çətin məqamda, gərgin anlarda yaranmış vəziyyətə təbəssüm qatmağı bacaran, həm də  "altmışın bir addımlığına çatan" İlqar Həsənov haqqında qələmə alınmış sətirlərin əvvəlində solğun rəng, soyuq münasibət, boz sifət kimi ifadələrin işlənməsi nə dərəcədə məqbuldur? Kimin nə düşünməsindən, nəyi soruşmasından asılı olmayaraq, bildirirəm ki, həmin solğun rəng, soyuq münasibət və boz sifət  ifadələrinin  bu yazıya çox böyük dəxli var.

… Belə ki, İlqar Həsənov yaradıcı adamdır. Onun təkcə jurnalistikada yox, həm də insani münasibətlərin tənzimlənməsində, vətəndaşlıq məsuliyyətinin dərkində, kollektiv üzvü kimi üzərinə düşən vəzifələrin yerinə yetirilməsində və hətta, adicə yol yoldaşlığında da yaradıcılıq imkanları var. Təbii ki, bizim hamımız həmin məsələlərin reallaşdırılmasna çalışırıq. Ancaq İlqar Musaoğlu reallaşdırdığı istənilən məqama yaradıcılıqla yanaşır və mütləq nəyəsə nail olur. Bilirsiniz niyə?

Çünki həyat onun  ömrünü daim çoxrəngli palitranın əlvan, parlaq çalarları ilə əhatələyib. Dünyaya göz açanda ziyalı ailəsinə gəlib. Ailədə bir neçə müəllimin olması, Gəncə kimi mədəni mühitdə böyüməsi, Bakı Dövlət Universitetinin ən çal-çağırlı dövründə təhsil alması, "Bakı" qəzetində Nəsir İmanquliyev, Şamil Şahməmmədov kimi jurnalistlərin rəhbərliyi altında işləməsi, jurnalistikadan ayrıldığı bir neçə ildə ölkənin ictimai-siyasi həyatının qaynar mühitində yaşaması, saysız qədər görkəmli ziyalılarla tanışlığı, təmasları, ünsiyyəti onun əsərlərinin - təkcə yazılarının deyil, müxtəlif məclislərdəki çıxış, söhbət və mülahizələrinin də - məhz əhatə olunduğu mühitin  palitrasından rəng almasını təmin etmişdir.

Mən bir dəfə onunla birlikdə, canlı yayımlan  televiziya verilişində iştirak etmişəm. Əvvəlcə verilişin aparıcısı Qulu Ağsəs və mən, sonra isə tamaşaçılar, hamımız birlikdə İlqar Həsənovun gündəlikdəki məsələyə münasibət bildirərkən, cavan jurnalistlər demiş, sərgilədiyi yaradıcı yanaşmaya heyran olmuşduq. Təbii ki,  verilişin aparıcısının öz məqsədi və mövqeyi vardı. Mən də özüm üçün məqbul saydığım məcradan kənara çıxmağı sevmirəm və çıxmıram. İlqar Həsənov isə özünün obrazlı ifadələri, "çoxmərtəbəli" arqumentləri və qətiyyən gülümsəmədən dilə gətirdiyi "maraqlı" təklifləri ilə əvvəlcə verilişin aparıcısının da, mənim də mövqelərimizdə "gəzişdi" və bir andaca söhbəti dəyişib tamaşaçıların hamısının - bəli, məhz hamısının - bəyənəcəyi məntiqlə zənginləşdirdi. Sonda isə  İlqarın yaradıcı yanaşması üzündən öz məqsədinə nail ola bilməyən aparıcı da məmnun idi, dediklərimin yarısının üstündən xətt çəkilməsinə baxmayaraq, mən də, tamaşaçılar da.

Dərs başqa, fərasət başqa

Həyat İlqar Həsənova sözünün kəsərinə, şəxsiyyətinin sanbalına görə öz dövrünün bütün jurnalistlərinə nümunə olan Əli İldırımoğludan da dərs almaq şansı verib, "Kommunist"in bölgə müxbiri vəzifəsinin urvatını ən yüksək səviyyədə qorumağı bacaran Əhməd İsayevdən də, öz prinsipiallığı ilə dillər əzbəri olmuş Tofiq Həsənovdan da, qəzetçiliyin bütün detallarının bilicisi kimi tanınan Telman Heydərovdan da.

 Həmin jurnalistlər Azərbaycan mətbuatına üz ağlığı gətirəndə İlqar Həsənov çox gənc idi. Hətta onların bəziləri ilə işləməmişdi. Amma İlqarın hünəri onda  idi ki,  digər həmkarlarından fərqli olaraq, o, öyrənilməli təcrübələrdən fərasətlə bəhrələnirdi. Yəni həyat ona adını çəkdiyimiz görkəmli qələm sahiblərinin bir-birinə oxşamayan, rəngbərəng keyfiyyətlərindən öyrənmək şansı vermişdi. O isə heç zaman şansı əldən vermək istədiyi kimi, öyrənmək məsələsində də gecikməmişdi. Elə ona görə də İlqarın yazılarında bozluq, solğunluq yoxdur.   

Bu yay ... və gələn yay 

Onun gündəlik həyatı da yazıları kimi çoxçalarlı, rəngbərəng hadisələrlə zəngindir. Yeri gəlmişkən, 2018-ci ilin yayı İlqar Həsənov üçün xüsusilə maraqlı keçdi. Belə ki, ötən yazılarımızın hansındasa qeyd etdiyimiz kimi, o,  qol vurmuş futbolçunun sevincini görəndə iki gün xoş əhval-ruhiyyədə olur. Bu yay keçirilən futbol üzrə dünya çempionatında isə qol vurmuş oyunçuların öz sevincini azarkeşlərlə paylaşmasının az qala yüz rəngini gördük. Müxtəlif ölkələri təmsil edən futbolçular qol sevincini necə də fərqli şəkildə ifadə edirdilər. İlqar  Həsənov həmin fərqli sevinc ifadələrinin hamısının anadangəlmə tərcümanı idi. Tərcümə etdikcə də bəxtəvər olurdu.

Gələn yay isə, bu gün 59 yaşı tamam olan İlqar Həsənovun 60 yaşının sevincinə toplaşacağıq. Dostlarının dediyinə görə, onun bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bir şəhərdə və bir rayonda gözlənilən  60 illiyə indidən hazırlaşırlar. Sağ olsunlar. Xalqımız qədirbilən xalqdır.

Yeni statusda

İnsan həyata gələndə  ilk statusu "övlad-körpə"  olur. Sonra hamının çiyinlərinə şagird, tələbə, əsgər, briqadir, "çerçeniya müəllimi", sürücü,  bölgə müxbiri, ailə başçısı, ata statusları "yüklənir" və belimizin deformasiyaya uğradığı bir vaxtda tanrı hər kəsə fəxrlə daşıyacağı baba, nənə statuslarını da bəxş edir. Şəxsən mən elə bilirdim ki, kişi üçün baba statusundan üstün bir dəyər ola bilməz. Ancaq övladımız Natiq Şahbuza - hərbi xidmətə gedəndə bildim ki, əsgər atası olmaq ayrı xoşbəxtlikdir.

İlqar Musa oğlu da baba olanda, ata olanda sevindiyindən qat-qat çox sevinmişdi. Çox qürrələnirdi. Bu yay oğlu İbrahim Həsənli Universiteti bitirib əsgərliyə gedəndə isə dostumuz İlqarda qürrələnməkdən də üstün bir keyfiyyət yarandığının şahidinə çevrildik. Ona elə gəlir ki, işğalda olan torpaqlarımız məhz İbrahimin əsgərlikdə olduğu müddətdə azad ediləcək. Təki olsun.

Eşitdiyimizə görə, torpaqlarımız işğaldan azad edilənədək  İlqar Həsənov "Əsgər atası" adlı qeyri-hökumət təşkilatı yaratmaq istəyir. Niyə də olmasın? Hər ölkədə bir neçə "Əsgər anası"  təşkilatı varsa, o təşkilat niyə olmasın? Hər halda, o da gələn yayın planlarına daxildir. Yeni statusda 60 illiyin qeyd edilməsi isə ayrı aləm olacaq. İnşallah!

Hələlik isə, 59-un mübarək, əziz dost! - deməklə, yazıya nöqtə qoyuruq.

18 iyul, 2018-ci il

 





22.08.2018    çap et  çap et