525.Az

Kay Vegener: “Ermənistan öz qoşunlarını çıxarmalıdır”


 

Kay Vegener: “Ermənistan öz qoşunlarını çıxarmalıdır”<b style="color:red"></b>

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini davam etdirməyə hazırdır”

“Almaniya BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri dəstəkləyir. Odur ki, Ermənistan Azərbaycanın işğal altındakı ərazilərindən öz qoşunlarını çıxarmalıdır. İyirmi ildir ki, BMT bunu tələb edir”. Bu fikirləri Almaniya Parlamentinn Xristian Demokrat İttifaqı / Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü, millət vəkili Kay Vegener Avropa Azərbaycan Cəmyyətinin (AAC) Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib.
 
AAC-dan 525.az-a verilən məlumata görə, cənab Vegener qeyd edib ki, Avropa İttifaqı da bu mövqedən çıxış edir: “Ötən il, işğal altında olan Dağlıq Qarabağda “prezident seçkiləri” keçiriləndə, Avropa İttifaqının  Ali Komissarı xanım Ketrin Eşton aydın  şəkildə bəyan etdi ki, Avropa seçkinin nəticələrini tanımır. Məcburi köçkünlərin öz torpaqlarına repatriasiya hüququ BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb. Azərbaycan ərazilərinin işğalına son qoyulsa, məcburi köçkünlər geri qayıda biləcəklər.
 
Dağlıq Qarabağ münaqişəsinin və işğal edilmiş torpaqlar məsələsinin həlli bütün Qafqaz regionunda təhlükəsizlik və sabitlik istiqamətində böyük addım olardı. Almaniya Azərbaycanın regiondakı rolunun artmasında çox maraqlıdır  və Avropa İttifaqı, NATO kimi qurumlarda onu təşviq edir. Azərbaycan bizim tərəfdaşımız olan İsraillə də yaxşı münasibətlər qurur.
 
Almaniya münaqişənin həllində öz səylərini davam etdirməyə hazırdır. Bu, Aİ və ATƏT-lə xarici siyasətə dair əməkdaşlıq kontekstinə də şamil ediləcək. Lakin ilk addımı münaqişə tərəfi olan ölkələrin özü atmalıdır. Onlar uğurlu danışıqlar aparmaq üçün əlverişli mühit yaratmalıdır. Ən ümdə məsələ isə, Ermənistanın əvvəl-axır Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməsidir. Lakin Dağlıq Qarabağda Xocalı hava limanının açılması kimi birtərəfli tədbirlər münaqişəni kəskinləşdirməkdə davam edərsə, buna nail olmaq çətin olacaq”.

 





30.07.2013    çap et  çap et