525.Az

Ruhumuzu təmirə bağlayaq?!


 

Ruhumuzu təmirə bağlayaq?!<b style="color:red"></b>

Bəzən o qədər yoruluruq ki, vücudumuzu köhnə binaların fasadı kimi yeniləmək, ruhumuzu dərisi soyulan ilan kimi qabıqdan çıxartmaq, parçalanmış ürəyimizə yeni çəkilən yol örtüyü kimi beton döşəmək istəyirik.
 
Ətrafa geniş sədd çəkib, üstünə bildiriş yazıb asmaq da keçir könlümüzdən; “Hazırda burada arınma işləri gedir. Bizdən keçmək qadağandır, özümüzü təmir etməklə məşğuluq, verdiyimiz narahatlıq üçün üzr istəmirik” deyərək, qat-qat yığılmış kirimizdən, vulkan kimi püskürən hirsimizdən, qaysaqlanan amma hər dəfə qanayan yaramızdan, içimizdə bəslədiyimiz və fürsət düşən kimi bütün gücüylə nümayiş etdirəcəyimiz qəddarlıqdan qurtulmağı arzulayacaq qədər çarəsiz oluruq. Bizi bu ümidsizliyə itələyən isə insandır, insanoğludur!

Bir kəsim insan var ki, dünyasına ayaq basanda beyninin içində qalxan tozanaqdan, ruhuna çökən dumandan göz-gözü görmür. Dayanmadan şikayətlənirlər. Dedi-qodularının, qarayaxmalarının ardı-arası kəsilmir. Cənnəti önünə sərsən, “cəhənnəmdir” deyir, dünyasını nə qədər al-əlvan boyasan da, bozdan başqa rəng görmür. Hamını öz arşını ilə ölçür. Heç kimi bəyənmir. Sirkə küpü kimi gəzir. Dili zəhər, sözü xəncər olur. Dodaqlarının kənarında illərlə tökdüyü zəhrimardan, gözlərinin ətrafında hiyləgərcəsinə qıyıb baxmaqdan yaranan dərin cizgilər daşıyır. Həyatımızın mərkəzində elə kök salırlar ki, adam qurtulmaq üçün özünü Yer üzündən aşağı atmaq istəyir.

Amma alınmır, qaçmaq, özünü dünyadan tullamaq belə asan olmur. Çünki bu insanlar bəzən canımızdan qanımızdan olur; atamız, qardaşımız, sevərək evləndiyimiz, lakin, vaxt axıb getdikcə ruhumuzun uzaq düşdüyü həyat yoldaşımız... Bəzən isə nələrinsə naminə susduğumuz, sözlərini udduğumuz, çox vaxt uda bilməyib yumruq kimi boğazımızın ortasında saxladığımız, qussaq hamının üstünü, udsaq öz içimizi bərbad edəcəyimiz “üstün” kimsələr olur. Susuruq! Dözürük! Ertələyirik! Bəzən bu təxirə salmalar ömür boyu davam edir. Nəfəs aldıqca içimizə dolan hava çiyərlərimizi sızıldadır, baxanda gördüklərimizdən gözlərimizin kökü ağrıyır. Reallıqla üzləşməyə cəsarətimiz çatmır. Dürüstcə tənqid edə bilmədiyimizə görə,yığıb saxladıqlarımız qurd kimi ciyərimizə darışır, yeyir, gəmirir, didir, parçalayır. Nə uzaqlaşmaq, nə qatlanmaq mümkün olur. Olduqları kimi sevə bilmirik, heç silib atmağı da bacarmırıq. Elə bir məqam yetişir ki, həyatımızda tör-töküntüdən fərqi olmayan, vaxtı ilə qurtula bilmədiyimiz insanların ruhundakı irin artıq ürəyimizə sirayət etməyə başlayır. Xərçəng xəstəliyi kimi xəbisliklə vücudumuzda necə peyda olursa, heç ruhumuz da incimir. Bir də baxırıq ki, onlar kimi danışır, hadisələrə onlar kimi yanaşırıq. İçimizdəki nəşə qartal qanadına bağlanmış kimi bir göz qırpımında şığıyıb gedir. Ömrümüzün baharı quru ayaza qalır.

Bir səhər aynanın qarşısına keçəndə dəhşət canımızı bürüyür, illərdir dözdüyümüz insanlara bənzədiyimizi, onlar kimi bozlaşdığımızı, davamlı çatılmaqdan qaşlarımızın arasında yaranan düyün yarandığını görürük. Öz-özümüzə:”Mən nə vaxt belə oldum? Özümü harada itirdim, xoş məramım hayana uçub getdi? Şuxluğum, təravətim nə cür yox oldu ki, özüm də bilmədim?!” - deyirik.

Yaxşı və ya pis, fərqi yoxdur, insanın digər insana enerjisi günbəgün, aybaay, ilbəil təsir edir və onu ağuşuna alır.

Zülmət kimi adamlar çoxdur, amma həyatımızı aydınladanlar da az deyil. Bəzi insanlar var ki, onlarla tez-tez görüşmək istəyirsən. Söhbətindən həzz alırsan, sözləri ilə aclığını doyurur, səsi ilə susuzluğunu yatırırsan. Danışığı ilə ilhamlandırır, ruhunu oxşayır, özün də hiss etmədən çox şey öyrənirsən.  Hətta yanından ayrılanda özünü dopdolu, dinc hiss edirsən. Adama elə gəlir ki, içini-çölünü kənd yerlərində gül ağacı olmaqdan çıxıb baxımsızlıqdan kola dönən, amma yenə də gözəlliyi ilə göz oxşayan, canlılığını itirməyən, inadla işıq saçan, qoxusu ilə dəli edən, mürəbbə bişirmək üçün açan qızılgüllərin ətri bürüyür. Yanından keçəndə ayaq saxlamalı olursan. Toxunmadan, qoxusunu içinə çəkmədən keçib gedə bilmirsən. Həmin insanlar da qarşısındakında bu cür ovqat yaradır. Bu məqamda həyatının həndəvərində addımlayanlar ayaq saxlayır: qızılgül kolunun yanından keçənlər kimi...

Belə insanlar yormur, tükətmir səni. Özünü quş kimi yüngül hiss edirsən! Ucsuz-bucaqsız, sahili görünməyən dəniz kimidir onlar: ruhunun dərinliyinə dalıb, dibə qədər enmək istəyirsən.  İnanırsan ki, nə qədər aşağılara doğru üzsən də, boğulmayacaqsan. Bu cür insanlar o qədər azdır ki, tapan kimi alın yazına çevrilməsini istəyirsən, ömür boyu həyatının bir hissəsi olsun deyə.Gözəlliyi axtaran mürid kimi, söhbətə susamış zahid kimi, oda həsrət pərvanə kimi ətrafında olmağı arzulayırsan...

Dünyanın pislərlə dolu olduğunu düşünüb küsməyək, amma hər kəsin yaxşı olduğunu da fikirləşməyək ki, xəyal qırıqlığımız dərin olmasın. Özümüzü insanlardan qoruyaq, geri qalan hər cür fəlakətlərdən bizi görünməyən güc hifz edəcək. Əgər bütün bunlar da işə yaramasa, onda bəlkə ruhumuzu müvəqqəti olaraq təmirə bağlayaq?!

 





25.08.2018    çap et  çap et