525.Az

“Ağ göl”ün roman iqlimi və ya Pircahanın tanış hekayəsi


 

“Ağ göl”ün roman iqlimi <b style="color:red">və ya Pircahanın tanış hekayəsi</b>

Bəzi kənd romanları şəhər romanlarının yazılmasına zəmin yaradır, hətta bəzən hər hansı bir şəhər romanında kənd romançısının detallarına, üslub texnikalarına, mövzu rənglərinə rast gəlmək olur. Bu növ kənd romanları ötən əsrdə Türkiyə romanında postmodern dövrün başlanmasına stimul vermişdi. Sonrakı illərdə Azərbaycan ədəbiyyatında da bunu müşahidə edəcəkdik (Mirzə İbrahimovun “Gələcək gün” romanıyla, məsələn).

Haqqında qısaca fikirlərimi yazmaq istədiyim, yuxarıda qeyd etdiyim kənd romanlarından biri və bəlkə də çağdaş ədəbiyyatımızda metafizik, magik-realist romanlar içində birinci kimi qiymətləndirə biləcəyimiz, Şərif Ağayarın hələlik sonbeşiyi olan “Ağ göl” romanı da kənddə baş verən şəhər hadisələrindən ibarətdir... Romanı oxuyandan sonra çantamı belimə alıb kəndimizə - romanın baş qəhrəmanını və yazıçı bir dostumun da dediyi kimi - milli Qreqor Zamzamız olan Camal atanı axtarmağa getdim. Bilmirəm, romanınmı təsirindən, yoxsa məqsədimin yazı olmasındanmı kəndimiz mənə Pircahanı, kəndimizdəki adsız göl isə Ağ gölü dayanmadan xatırlatdı. Nədir bu romanda məni cəlb edən?

Təsvirlər...

İlk öncə onu deyim ki, “Ağ göl” uzun hekayəsi (bundan sonra uzun hekayə yazacağam) qısa, sadə, bir o qədər solğun rənglərdən ibarət və magik təsirli, metafizik təsvirlərdən ibarətdir. Qoyun və quzuların eyni çəməndə gəzişmə təsviri, iydə ağacları, kəndin ümumi portreti, Camal atanın fiziologiyası, digər obrazların istər yumorla, istər tamamilə yazıçıya xas bir ciddiliklə vurğulanması təhkiyəni uğurlu edir. Göl və müqəddəslərin qəbirlərinin ilk göstərilməsi, daha sonra dəfələrlə oxucunun hafizəsinə bu qəbirlərin salınması, Camal atanın xarakteri bu uzun hekayədə sehirli bir təsir yaradır, vahimələndirir (gecələr Ağ gölün suyunun təsviri, məsələn). Bu isə mənim mütaliə xatirəmdə Salman Rüşdinin romanlarındakı təsvir və göndərmələri oyandırır. Müəllif mistik bir roman yazmaq istəməyib, amma bu onda alına bilərdi. Kəndin yanması zamanı alovu hiss etdirə bilən yazıçı, mənə kənd camaatının təlaşını tam yaşada bilmədi. Əsas məsələ Camal atanın təsvirində başlayır. Hörümçəyə bənzəyən (qolları uzun idi, barmaqları isə hörümçək tutquclarına bənzəyirdi, beli əyri idi) Camal ata hekayənin əvvəlindən sonadək danışmır. Bu, oxuduğum romanların içində ilk idi. Dili var, düşünə bilir, ancaq danışmır. Bu, postinsan əlamətləridir (danışığından şüurlu şəkildə imtina edir). Bütün günü qaratikan kollarından çəpər hörən, bəzən balıqçılara kömək edən Camal atanın xarakteri bir az bizə yaddır. Daha çox ibtidai insanı yadımıza salan müəllifin sanki özü də bu obrazı yaradanda bir az tədirginlik çəkib. Lakin Camal ata çağdaş ədəbiyyatın ən maraqlı obrazı olaraq yaddaşımın bir qaratikan kolunda ilişib qaldı.

Hadisə təsvirlərinin - məsələn, Ağ gölün hasara alınması, Camal atanın oğlunun göldə itməsi, Maarif müəllimlə Hacı Mikayılın mübahisələrindəki üstüörtülü, ya da üstüaçıq məqamlar digər romanlarındakı təsvirlərdən daha yaraşıqlı görünürdü.

Camal atanın xoşbəxtliyi sarı rəngdə görməsi fikri isə yazıçının özünəxas ideyadı. Burada Xeyir (xoşbəxtlik daha çox çəhrayi rənglə ifadə olunur) və Şərin (sarı daha çox ayrılığın, həsrətin rəngi kimi qələmə verilir) eyni anda eyni insanda təzahür edə biləcəyi fikri ilə çıxış edir müəllif. Daha altşüurlarda isə “Xeyir və Şər qardaşdır” (Avesta) aksiomu durur.

“Ağ göl”, yoxsa Laçın?..

“Ağ göl” uzun hekayəsində gölün xarici bir alman şirkəti tərəfindən hasara alınaraq Pircahan qəsəbəsindən ayrılması bizim Qarabağ problemimizə göndərmədir. Bundan bir roman əvvəlki “Gülüstan” romanında müəllif yuxarıda qeyd etdiyim mövzuya daha aydın toxunsa da, bu romanda da üstündən keçə bilməyib. Onun özünün də şüurlu şəkildə bu mövzuya dayanmadan toxunması müəllifin coğrafiyasının nəyə görə hələ də urbanizasiya prosesini aşmadığı sualına konkret cavab verir: Şərif Ağayar şəhərli olmaq istəmir, Laçını istəyir. Bəlkə də Camal atanın finalda yanan kəndə yenə də səssiz baxması elə yazıçının iç səsidi. Camal atanın hekayənin sonlarını oxuyarkən diqqətimizi çəkəcək olan üç kəlməni demək üçün holdinqdən bir nəfəri axtarması və tapmaması siyasi problemə daha bir göndərmədir.

“Mamırlı yazılar” və Maarif müəllimlə Hacı Mikayılın mübahisələri...

Ən maraqlı hissə. Və bəlkə də Şərqlə Qərbin qarşı-qarşıya dayandığı şəhərləri çox sadə bir neçə dialoqda göstərə bilən detallar. Pircahan camaatı öz talelərini iydə ağaclarının altındakı müqəddəslərin baş daşlarına yazılmış mətnlərlə müəyyən edir, onlara bütün məsumluqları ilə inanırlar. Bircə nəfərdən başqa - Maarif müəllimdən başqa. Maarif müəllim Pircahanın avropa adamıdı. O, elmə inanır. Onun inandıqlarında müqəddəs yazılara inanmaq kimi utopiyalar, nağıllar, Ağ baba əfsanələri yoxdu. Hacı Mikayılla da məhz bu səbəbdən hər qarşılaşanda mübahisələri düşür. Hacı Mikayıl həm müsəlman Şərqini, həm də “Min bir gecə” nağıllarındakı şərqliləri xatırladır (“Mamırlı yazılar” haqqında bəzən özü mistik əhvalatlar uydururdu). Müəllif, deyərdim ki, ustalıqla böyük şəhər romanlarında tez-tez oxuduğumuz, ümumiyyətlə, 21-ci əsr ədəbiyyatının əsas mövzularından birinə çevrilən Şərq-Qərb müzakirəsini yazdığı məlum uzun hekayədə oxucuya sadə, anlaşıla bilən dillə göstərir. Bu artıq uğurdur. Amma dialoqlarda müəllifin Maarif müəllimi digər obrazlar tərəfindən təkləməsini göstərməsi bir qədər obyektivlikdən uzaq olur.

Pircahan qəsəbəsinin camaatının Cahan ana ilə Maarif müəllim arasında gizli sevgi münasibətinin yaşanmasını düşünmələri də romana xüsusi rəng qatır. Maarif müəllimi nə qədər vicdanlı biri kimi göstərsə də müəllif, bu mövzunu çox davam etdirmir və sanki bundan çəkinir də.

Bunlar və digərləri kimi xırda, eyni zamanda, maraqlı detallarla yadda qalan “Ağ göl”də postmodern bir hissəni vurğulayıb final etmək istəyirəm.

“Bircə mən şahidəm ki, Camal ata yalan danışmırdı!”

“Bircə mən şahidəm ki, Ağ baba pirinin əhvalatını heç bir pircahanlı unutmurdu”.

Burada çox güman ki “mən” müəllifin özüdür. Belə olmasa da, yazıçı bu hissədə postmodern atmosferi qura bilir.

Roman ədəbi mühitdə rəğbətlə qarşılansa da, oxucu kütləsinə arzulanan şəkildə çatmadı. Bunda günahkar isə Camal atanın taleyini piar etmək istəməyən Şərif Ağayar oldu.

Ümid edirəm ki, bundan sonra yazdığınız bütün romanlar Ağ gölün dümağ suları saflığında olacaq, əziz müəllif.

 





26.08.2018    çap et  çap et