525.Az

"Od tutub su da yandı..."


 

SİNƏSİ OĞUL DAĞLI ANAYA

"Od tutub su da yandı..."<b style="color:red"></b>

Hərənin bir əcəl yazısı var, deyiblər. Və mənə elə gəlib ki, həyatlarını sularda qərq edib sular qoynunda öz haqq dünyalarına qovuşanlar elə o sular kimi pak, saf insanlardır.

Bizim Şabrandan xeyli uzaqda, Lerikin Zövnə adlı bir kəndində vaxtsız, faciəli, qəfil bir ölümə tuş gələn oğul dağlı bir ana - yuxusu ərşə çəkilən dostumun bacısı bəlkə oğlunun bu hüznlü günlərində gözlərinin ağrı-acısını ovutmaq üçün bir hovur çimir etmək istəyib, di gəl, o bir hovurluq yuxusundan elə öz hayına-harayına hövlnak ayılıb: 

Araz axar lil ilən,
Dibi dolmaz gil ilən,
Səni necə ağlayım,
Bu qurumuş dil ilən... 

O ananın oğlu da suların qurbanı oldu. Ancaq... Ancaq Arazın yox, insanların öz əli ilə çəkib su ilə doldurduqları bir kanalın.

Adı Daşqın idi. 27 yaşlı növcavan oğlan bu yaşda niyə belə daşdı, coşdu?..

Daşqını qoynuna alan o daşqın sular bəlkə də əsən bir xəfif mehdən ləpə-ləpə qırcınlaşacaqlar, bəzən də rüzgarın dəli küləklərindən şahə qalxıb daşıb coşacaqlar...

Ancaq... Ancaq istər xəfif mehdən ləpələnən, dəli küləkdən şahə qalxan sular xəcalətdən öz qoynunda qərq etdikləri qurbanlarına - Daşqın adlı o nakam cavana öz şırıltılı dilləri ilə doğmaca ana kimi layla çalacaqlar, qoy bu əbədi yuxusu şirin olsun:

Hay-hayına düşdüm mən,
Qəm çayına düşdüm mən.
Əzrayıl ova çıxdı,
İlk payına düşdüm mən.

Daşqının hüzr məclisinin yeddisində dostumuzun kədərinə şərik olmaq, övlad nisgilli bacısına - anaya başsağlığı, təsəlli vermək, Zövnə qəbiristanlığında uyuyan nakam Daşqının məzarını ziyarət etmək üçün sübh erkən ovudası o çətin dərd-ələmə şərik olan dostumuza qəlbən yaxın adamlarla Şabrandan Lerikə yola düşdüm. Yola düşdüyümüz o gün - avqustun 12-dən bir gün qabaq elə bizim Şabranda da qəfildən yaman yağış yağmışdı. Masallıya çatanda qəfil zəng bizi əylənməyə məcbur etdi. Demə, Lerikə ötən axşamdan daha möhkəm yağış yağıb, Yardımlıdan Zövnəyə gedən yolda gediş-gəliş çətinləşərək, az qala kəsilib. Və dostumuz da bizi təhlükə ilə üzləşməyək deyə telefonda məcbur edib yoldan geri qaytardı. Biz ana ilə üzbəüz gəlib ona başsağlığı verə bilmədik.

Subay-salıq idi Daşqın. Yəqin ki, bir qıza könül vermiş olardı...

Kim bilir, bəlkə də o "isti-pünhan" yolun-rizin, gediş-gəlişin çətinliyinə məhəl qoymayıb, bizlərdən etibarlı çıxaraq uzaq mənzili yaxın edib, xəlvətcə o kənd qəbiristanında Daşqının məzarı üstünə bir dəstə gül də qoyub...

O məzar üstdə o ismətli qız ürəyindən nələr keçirib, nələr pıçıldayıb?..

Nə deyəcək, nə söyləyəcək?.. Kim bilir?..

Bəlkə də dilinin bayatısı gözlərinin yaşına qarışıb:

Dağ döşü tala yeri,
Bürc yeri, qala yeri,
Bundan pis gün olarmı,
Yar ölə, qala yeri... 

Sularda bata-bata oğlunun son nəfəsdə nə dediyini, nə harayladığını ana haradan bilsin? Bəlkə də Daşqın kəmfürsət ölümün əlindən macal tapıb bircə kəlmə də olsa bir söz deyə bilməyib. Sularla da dərdləşərlər...

Ancaq... Ancaq oğlunu qərq edən o sulara ana ərzi-hal edib dərdini desə, heç şübhəsiz ki, o sular da od tutub yanar...

 





29.08.2018    çap et  çap et